AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Asif Rüstəmlinin Türkiyənin nüfuzlu nəşriyyatlarından olan "Manas Yayıncılık"da yenicə işıq üzü görmüş "Cəfər Cabbarlı: həyatı, sənəti və mücadiləsi" monoqrafiyası oxuculara bu ölkənin Elazığ şəhərində təqdim olunmuşdur.
Elazığ Valiliyinin, Bələdiyyə Başkanlığının, Xaricdə Yaşayan Türklər və Qohum Toplular Başkanlığının, Avrasiya Yazarlar Birliyinin, Türk Ədəbiyyatı Vaqfının və Fırat Universitetinin Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə "Elazığ - Bakı: mədəniyyət və incənsənət görüşləri" adlı layihə çərçivəsində keçirdikləri tədbir Fırat Televiziyasının toplantı salonunda Bakı-Elazığ ədəbi-mədəni əlaqələrindən bəhs edən sənədli filmin nümayişi ilə başladı. Təqdimat mərasiminin aparıcıları - Fırat Universitetinin müəllimi, dosent-doktor Əhməd Tofiq Ozan və Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid ölkələrimiz arasında çağdaş ədəbi əlaqələrdən, Asif Rüstəmlinin "Cəfər Cabbarlı: həyatı, sənəti və mücadiləsi" monoqrafiyasının elmi-ədəbi məziyyətlərindən tədbiri canlı izləyən Türkiyə tamaşaçılarına ətraflı məlumat verdilər. Qeyd olundu ki, əsər giriş, müqəddimə, 17 fəsil və yarımfəsildən ibarətdir. Kitab 1000 tirajla (birinci nəşr) Ankaranın "Sistem Ofset ve Matbaacılık" mətbəəsində çap edilmiş, əsərin sonunda müəllif və tərcüməçi haqqında qısa bioqrafiq məlumat verilmişdir.
Kitaba "Giriş sözü" yazmış Fırat Universitetinin türk dili və ədəbiyyatı bölümünün müdiri, professor Əhməd Buran çıxışında böyük Azərbaycan sənətkarı Cəfər Cabbarlının yaşadığı dövrə, mühitə yaxşı bələd olduğunu, xüsusilə sovet dönəmi haqqında özünün "Kurşunlanan türkoloji" əsərində yer ayırdığını bildirərək dedi: "Türk dünyasında yaşanan olayları və çəkilən acıları dilə gətirən tək əsər, əlbəttə, bizimki deyildir. Bu mövzuda müxtəlif yazarlar, araşdırmaçılar və elm adamları bir çox əsərlər yazmışlar. Bunlardan biri də dəyərli dostum və məsləkdaşım doktor Asif Rüstəmlinin Azərbaycanın önəmli yazarlarından biri olan Cəfər Cabbarlı haqqındakı "Cəfər Cabbarlı: həyatı, sənəti və mücadiləsi" adlı əsəridir.
Natiq bir daha bildirdi ki, Sovetlər Birliyi dönəmində qurulan "ədəbi məhkəmə"lərdə necə gözdən salındığını anlatdığımız Cəfər Cabbarlını doktor Asif Rüstəmli bütün yönləriylə tədqiq etmiş və dəyərləndirmişdir. Müəllif Cəfər Cabbarlının hayatını, əzablı mücadiləsini, əsərlərini və o dönəmin siyasi və sosial-mədəni mühitini də ortaya qoymağa çalışmışdır. Bu kitab, sadəcə, bir nəfərin tanıtımı, bir bioqrafiq əsər deyil, eyni zamanda, Azərbaycanın müstəqillik mücadiləsinin tarixi dönəmlərini və mərhələlərini anladan bir əsərdir.
Professor Əhməd Buran çıxışın sonunda Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişafında böyük payı olan, milliyyətçi və vətənsevər türk aydını Cəfər Cabbarlının Türkiyədə tanıdılmasında xidmət göstərmiş Asif Rüstəmliyə, əsəri Türkiyə türkcəsinə çevirmiş doktor Süleyman Kaan Yalçına və "Manas Yayıncılık" nəşriyyatına təşəkkürlərini bildirmişdir.
Kitaba geniş ön söz yazan Fırat Universitetinin müəllimi, doktor Süleyman Kaan Yalçın dedi: "Millətləri millət edən, onların tarix səhnəsindəki mücadilələridir. Azərbaycan türklərinin Azərbaycanı vətənləşdirmə, ona bağımsızlığını qazandırma cəhdləri ibrətamiz tarixi hadisələrlə zəngindir. Bu mücadilə mərhələlərindən birini də Azərbaycanın ünlü yazarı Cəfər Cabbarlının ətrafında təşəkkül tapan müqavimət və istiqlal mücadiləsi hərəkatı təşkil etməkdədir... Bu əsər, tarixin uzun yüzillərindən bəri müxtəlif sahələrdə tale ortaqlığı yaşamış Azərbaycan və Türkiyə dövlətləri arasındakı sosial, ədəbi, siyasi və mədəni bağları gücləndirəcək bir körpü vəzifəsi də daşımaqdadır".
Türk Ədəbiyyatı Vakfının rəhbəri Sərvət Kabaklı, Fırat Universitetinin dosenti, doktor Ercan Alkaya, "Manas Yayıncılık" nəşriyyatının məsul əməkdaşı Bədrəddin Keliştimur və b. A.Rüstəmlinin "Cəfər Cabbarlı: həyatı, sənəti və mücadiləsi" əsərinin böyük sənətkarın Türkiyədə tanınmasında mühüm rol oynayacağına əminliklərini bildirdilər.
Monoqrafiyanın müəllifi, doktor Asif Rüstəmli yeni arxiv materialları əsasında "Böyük Azərbaycan dramaturqu Cəfər Cabbarlının yaradıcılığında Türkiyə" mövzusunda geniş məlumat verdi, onun "Böyük türk şairi Tofiq Fikrətə", "Turan ellərinə salam söyləyin" şeirlərini, "Trablis müharibəsi", "Ədirnə fəthi", "Bakı müharibəsi" tarixi dramlarını yazdığını vurğuladı. Çıxışının sonunda A.Rüstəmli monoqrafiyasının nəşr edilməsində və geniş təqdimat mərasiminin keçirilməsində Elazığ valisi Muəmmar Erola, bələdiyyə başqanı Süleyman Salmanoğluna, "Manas Yayıncılık" nəşriyyatına və digər zəhməti keçənlərə səmimi duyğularını bildirdi.
Dramaturqun nəvəsi Qəmər Seyfəddinqızı babası haqqında Türkiyədə ilk dəfə kitab nəşr olunduğuna görə Cabbarlı ailəsi adından bütün zəhmətçəkənlərə razılığını çatdırdı, əsərin işıq üzü gərməsində xüsusi xidmətləri olan Əhməd Burana, Süleynman Kaan Yalçına və Şener Buluda "Cəfər Cabbarlı mükafatı"nı təqdim etdi.
{nl}
İsmət SƏMƏDQIZI, AMEA-nın Nizami adına Ədəbiyyat İnsitutunun əməkdaşı
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.