Azərbaycan Prezidenti cənab İlham Əliyevin 11 iyul 2011-ci il tarixli müvafiq sərəncamına əsasən "2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya"nın hazırlanaması ilə bağlı dövlət komissiyası yaradılmışdır. Bu, ölkəmizin ictimai-siyasi və sosial həyatında ən mühüm, əhəmiyyətli hadisə olmuşdur. Müstəqil Azərbaycanda yeni təhsil modelinin qurulmasını təmin edəcək Milli Strategiyanın hazırlanması təhsilin inkişafının dövlət siyasəti səviyyəsində prioritet istiqamət kimi nəzərdə tutulmasına və ölkə Prezidentinin təhsil sahəsinə göstərdiyi diqqət və qayğıya əyani sübutdur. Bu, eyni zamanda ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə başlanılmış təhsil islahatlarının sistemli şəkildə davam və inkişaf etdiyini göstərir.
Ölkədə təhsilin inkişafına göstərilən qayğını Göygöl rayonunun timsalında da aydın görə bilərik. Xatırladaq ki, rayonda 39 tam orta, 10 ümumi orta, 1 ibtidai məktəb, 4 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Rayonun ümumtəhsil məktəblərində 8880 nəfər şagirdin təlim-tərbiyəsi ilə 1481 nəfər müəllim məşğul olur. 2011-ci ildə orta məktəbi bitirən 712 nəfər şagirddən 543-ü orta təhsil haqqında attestat almışdır. Ali məktəblərə sənəd verən 410 nəfər şagirddən 130-u respublikanın müxtəlif ali məktəblərinə qəbul olmuşdur. Onların 20-si 500-dən, 5-i isə 600-dən çox bal toplamışdır. Məzunlardan Röyal Mehdiyev Ankara Gülhanə Tibb Akademiyasında, Qoşun Nəsirov Kipr Beynəlxalq Universitetində təhsil alır. Şəhər 3 saylı tam orta məktəbin məzunu, Qafqaz Universitetinin tələbəsi Elnur Hacıyev Prezident təqaüdünə layiq görülmüşdür.
Rayonda məktəb tikintisi sürətlə davam etdirilir. Tədris ilinin əvvəlində 320 şagird yerlik Yeni Qızılca kənd tam orta məktəbi yüksək keyfiyyətlə tikilərək, lazımi inventar və avadanlıqlarla birlikdə istifadəyə verilmişdir. Zurnaabad, Quşqara və Qızılca kənd orta məktəbləri üçün yeni tədris binalarının tikintisi hazırda davam etdirilir. Firuzabad qəsəbə tam orta məktəbi üçün yeni tədris binasının tikintisinə hazırlıq işlərinə başlanılmışdır. Ümumiyyətlə, son illər ərzində rayon üzrə 50 ümumtəhsil məktəb binasının 14-ü yenidən tikilmiş. 26 əlavə sinif otağı inşa edilmiş, 15 məktəb binası isə əsaslı şəkildə yenidən qurulmuşdur.
"Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqrammı"na uyğun olaraq rayonda bir sıra işlər görülmüşdür. Təhsil şöbəsində "Olimpiadalara hazırlıq mərkəzi" il ərzində fəaliyyət göstərir. Hər bir orta məktəbdə də belə hazırlıq mərkəzi yaradılmışdır. Ötən tədris ilində respublika turunda yalnız bir nəfər şagirdimizin qalib olması bizi ciddi şəkildə düşünməyə vadar etmişdir. Bu tədris ilində olimpiadanın respublika turunuda şagirdlərimizin daha yaxşı yer tutmaları üçün hazırlıq işləri davam etdirilir.
Təhsil sektorunun inkişafı üzrə ikinci layihənin məktəbə hazırlığın inkişaf etdirilməsi komponentində məktəbə hazırlıq və valideynlərin maarifləndirilməsi proqramlarının həyata keçirlməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə seçilən 6 pilot rayonundan biri də bizim rayondur. Rayon üzrə 3 uşaq bağçasında və 4 ümumtəhsil məktəbində adı çəkilən pilot layihə reallaşdırılmış, 5 yaşlı uşaqlar hazırlıq siniflərində təhsilə cəlb edilmişlər.
Şəhər 6 saylı tam orta məktəbin ən yaxşı tədris-maddi bazası, yüksək səviyyəli pedaqoci kollektivi vardır. 504 şagird yerlik məktəb binası 2008-ci ildə tikilib istifadəyə verilmişdir. Tədris ocağında müasir tələblərə cavab verən idman zalı, eyni zamanda, idman meydançası şagirdlərin istifadəsindədir. Məktəbdə həmçinin 2 kompyuter sinfi, 2 fənn laboratoriyası (fizika və kimya) fəaliyyət göstərir. Bundan başqa, sözügedən tədris ocağının kitabxanası və 40 yerlik oxu zalı var. Müxtəlif tədbirlərin keçirilməsi üçün akt zalından istifadə edilir. Tədris müəssisəsi internetə qoşulmuşdur. Məktəb müasir istilik sistemi ilə qızdırılır. Həyətyanı sahədə 700-dən çox müxtəlif meyvə ağacı və gül kolu əkilmişdir.
Hazırda məktəbdə 375 nəfər şagirdin təlim-tərbiyəsi ilə 39 nəfər müəllim məşğul olur. Tədris ocağı 2006-cı, 2008-ci və 2009-cu illərdə respublika üzrə göstəricisi yaxşı olan məktəblər sırasına daxil edilmişdir. Tələblərdə vahidlik prinsipinə əməl edilməsi uğurların qazanılmasında rol oynayan amillərdən biridir.
Adı çəkilən tam orta məktəbin qazandığı uğurların əldə edilməsində məktəbin direktoru Kərim Kərimovun böyük rolu danılmazdır. K.Kərimov riyaziyyat fənninin şagirdlərə öyrədilməsində göstərdiyi səmərəli fəaliyyətinə görə 1989-cu ildə "Metodist müəllim", 1994-cü ildə isə "Ali kateqoriyalı müəllim" dərəcələrinə layiq görülmüşdür. O, 1996-cı ildən məktəbin direktoru kimi fəaliyyət göstərir. Həmin vaxtdan etibarən onun təşkilatçılıq və rəhbərlik qabiliyyəti də üzə çıxmağa başlamışdır. Kərim müəllim pedaqoji kollektivi qısa bir zamanda səfərbər etmiş, kollektivin gücünü vahid bir məcraya yönəltməyə nail olmuşdur. Buna görə də məktəbin uğurları ilbəil artmaqdadır. Hazırda şəhər 6 saylı tam orta məktəbinin xoş sorağı ali məktəbə qəbulun nəticələrinə, yüksək bal toplayan abituriyentlərin sayına, olimpiada, müsabiqə və yarışlarda iştirakına görə yalnız rayondan, bölgədən deyil, respublikamızın hər yerindən, hətta xarici ölkələrdən gəlir.
Qırıxlı kənd tam orta məktəbi rayonda yaşı 100-ə yaxınlaşan tədris ocaqlarından biridir. Məktəbə Əliqaya Namazov rəhbərlik edir. İxtisasca dil-ədəbiyyat müəllimi olan Ə.Namazov 1994-cü ildə savadı, iş qabiliyyəti və təşkilatçılığı nəzərə alınaraq adı çəkilən tədris ocağına direktor təyin edilmişdir. Ötən müddətdə məktəb bir sıra uğurlar qazanmışdır. Burada "İstedad bankı" yaradılmışdır. Ayrı-ayrı sahələr üzrə istedadlı uşaqlara müntəzəm olaraq əlavə məşğələlər keçirilir, şagirdlərin meyl və qabiliyyətləri düzgün istiqamətə yönəldilir. Buna görə də məktəbin şagirdləri müxtəlif illərdə olimpiada, müsabiqə və yarışlarda iştirak etmiş və layiqli yerlər qazanmışlar.
Fənn müəllimləri interaktiv təlim üsullarından və müasir texnologiyalardan maksimum səviyyədə istifadə etməyə çalışırlar. Pedaqoji kollektiv Balçılı kəndindəki 2 saylı tam orta məktəbdə yerləşən "Dayaq məntəqəsi"nin işində fəal iştirak edir, proqram və dərsliklər haqqında maraqlı fikirləri həmkarları ilə həvəslə bölüşür. Zona və rayon üzrə keçirilən müxtəlif mövzularda seminarlar da fəal təlim metodlarından istifadəni sürətləndirir.
Orta məktəblərin qarşısında duran əsas vəzifələrdən biri də ali məktəblərə savadlı abituriyentlər yetişdirməkdir. Qırıxlı kənd tam orta məktəbin fəaliyyətində bu məsələyə xüsuis önəm verilir. Məktəbin uğurlarının davamlı olması son 2 tədris ilinin göstəricilərinin TQDK-nın rəsmi statistik rəqəmləri ilə müqayisədə aydın görünür. Belə ki, 2010-cu ildə ali məktəbə sənəd verən 11 məzundan 6-sı müxtəlif ali məktəblərə qəbul olmuşdur. Onlardan 2 nəfəri 500-dən çox bal toplamışdır. 2011-ci ildə isə ali məktəblərə sənəd verən 17 nəfər məzundan 7-si tələbə adını qazanmışdır. Onlardan 1 nəfəri 600-dən çox bal toplamışdır.
Hazırda məktəbdə 235 nəfər şagirdin təlim-tərbiyəsi ilə 34 nəfər müəllim məşğul olur. Müəllim-şagird nisbəti rayon üzrə orta göstəricidən yüksəkdir. Tədris ocağı yüksək göstəricilərinə görə 2010-cu ildə respublika üzrə nümunəvi məktəblərin sırasına daxil edilmişdir.
Uşaq - Gənclər İdman Məktəbi rayonda fəaliyyət göstərən 4 məktəbdənkənar müəssisədən biridir. Sərdar Hüseynovun rəhbərlik etdiyi kollektivin uğurları çoxdur. Burada 3 idman növü (sərbəst güləş, voleybol və futbol) üzrə bölmələr fəaliyyət göstərir. İdman məktəbinin kollektivi rayonun ümumtəhsil məktəbləri şagirdlərinin iştirakı ilə hər il 5 idman növü üzrə spartakiada keçirir. Onlar həmçinin ümumtəhsil məktəblərinin fiziki tərbiyə müəllimlərinə metodik kömək göstərir, fiziki tərbiyə dərsləri üçün dərs proqramlarının və gündəlik dərs icmalının hazırlanmasında yaxından iştirak edirlər.
Məktəbin güləşçiləri 2011-ci ildə Şəmkir şəhərində keçirilən zona birinciliyində iştirak edərək, 46 kiloqram çəkidə I yeri, 38 kiloqram çəkidə III yeri tutmuşlar. Voleybolçular isə Yevlax şəhərində zona birinciliyində qalib adını qazanmış, Bakı şəhərində finalda iştirak etmişlər. Məktəbin futbolçuları AFFA-nın keçirdiyi II region kuboku uğrunda yarışın zona birinciliyində I yeri, Gəncə şəhərində Nizami Gəncəvinin 870 illiyinə həsr edilmiş turnir yarışında isə III yeri tutmuşlar.
Məktəbin kollektivi və idmançıları rayonda keçirilən bütün mədəni-kütləvi tədbirlərdə yaxından iştirak edirlər.
Dilarə Qazıyeva rayonda tanınan, özünəməxsus iş üslubuna və yaradıcılıq metodikasına malik olan müəllimlərdən biridir. Hələ orta məktəbdə oxuyarkən İslam Ələskərov (Aşıq Ələsgərin nəvəsi), Azadxan Haqverdiyev kimi saz-söz ustadları onda ədəbiyyata böyük maraq oyatmışlar. D.Qazıyeva orta məktəbi başa vurduqdan sonra arzularının arxasınca Gəncə şəhərinə gəlmiş və burada Dövlət Pedaqoci İnstitutunun filologiya fakültəsinə qəbul olmuşdur. Ali təhsil alandan sonra - 1988-ci ildən Göygöl şəhər 2 saylı tam orta məktəbində müəllim kimi fəaliyyətə başlamışdır. 1994-1998-ci illərdə isə həmin məktəbdə direktorun tədris işləri üzrə müavini vəzifəsində işləmişdir.
D. Qazıyeva 1998-ci ildən fəaliyyətini şəhər 1 saylı tam orta məktəbdə davam etdirir. 2001-ci ilin aprel ayında respublika pedaqoji mühazirəsində etdiyi məruzəyə görə II dərəcəli diplom almışdır. Həmin ilin may ayında "İlin ən yaxşı müəllimi" müsabiqəsində iştirak etimiş və Təhsil Nazirliyi tərəfindən II dərəcəli diplomla mükafatlandırılmışdır. Dilarə müəllimə müntəzəm olaraq müxtəlif mətbuat orqanlarında dil-ədəbiyyat fənninin tədrisinə, proqram və dərsliklərə aid məqalə, rəy və təkliflərlə çıxış edir. Azərbaycan Prezidentinin 2005-ci il 4 oktyabr tarixli sərəncamı ilə Dilarə Qazıyeva Azərbaycan Respublikasının "Əməkdar müəllimi" fəxri adı ilə təltif edilmişdir. 2008-ci tədris ilində keçirilmiş "Ən yaxşı 100 müəllim" müsabiqəsində mükafatlandırılan müəllimlərdən biri olmuşdur.
D.Qazıyevanın dərs dediyi şagirdlər fənn olimpiadalarında, müxtəlif bilik yarışları və viktorinalarda həvəslə iştirak edir və uğurlar qazanırlar. Sevinc Mustafayeva dil-ədəbiyyat fənni üzrə olimpiadada 3-cü yeri tutmuşdur. İlkin Əşrəfli Heydər Əliyevə həsr olunmuş inşa yazı müsabiqəsində fəxri fərmana layiq görülmüşdür.
500-dən, 600-dən çox bal toplayan şəhər 1 saylı tam orta məktəbinin məzunları sırasında D. Qazıyevanın dərs dediyi şagirdlər çoxdur. Sevindirici haldır ki, bu şagirdlərin bir qismi sevimli müəllimlərinin sənətini seçmişlər. Dilarə müəllimə bu gün onunla həmkar olan gənc müəllimlərlə fəxr edir. Çünki onlara ana dilinin, ədəbiyyatın sirlərini öyrətmişdir.
Lətifə Mirzəyeva Gəncə Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini bitirmişdir. Şəhər 4 saylı tam orta məktəbində işləyən L.Mirzəyeva məktəbdə riyaziyyat fənni üzrə metodiki birləşmənin sədridir. Şəhər 3 saylı tam orta məktəbində fəaliyyət göstərən "Dayaq məntəqəsində" riyaziyyat fənni üzrə maraqlı təkliflərlə çıxış edir. L.Mirzəyeva Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının məktəb üzrə sədri kimi ictimai fəaliyyət də göstərir.
Lətifə müəllimə səmərəli pedaqoji fəaliyyətinə görə "Metodist müəllim" adına layiq görülmüşdür. 1989-cu ildə Gəncə Müəllimləri Təkmilləşdirmə İnstitutunda təşkil edilmiş "Dərsdə texniki vasitələrdən istifadə qaydaları" adlı ixtisasartırma kursuna rəhbərlik etmişdir. Müxtəlif illərdə Göygöl Rayon İcra Hakimiyyəti başçısı, aparatın işçiləri, Təhsil şöbəsinin əməkdaşları L.Mirzəyevanın keçdiyi açıq dərslərdə iştirak etmiş və bu dərsləri yüksək qiymətləndirmişlər. 2007-ci ildə L.Mirzəyeva Təhsil Nazirliyi tərəfindən "Qlobal təhsil işçisi" döş nişanı ilə təltif olunmuşdur. 2008-ci ildən Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Lətifə Mirzəyeva "Əməkdar müəllim" adına layiq görülmüşdür.
Göygöl rayonunda təhsil sahəsində əldə edilən uğurlar barədə çox danışmaq olar. Lakin bir qəzet yazısında bununla bağlı ətraflı söhbət açmaq çətindir. Biz təhsil işçiləri bundan sonra da öhdəmizə düşən işləri daha yüksək səviyyədə icra etməyə, dövlətin təhsil sahəsində siyasətini daha məsuliyyətlə yerinə yetirməyə, fənn kurikulumlarının tələblərinə uyğun olaraq tədrisin keyfiyyətini yüksəltməyə çalışacağıq.
{nl}
Salman BALAKİŞİYEV, Göygöl Rayon Təhsil Şöbəsinin müdir müavini
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.