Avropa Şurası Parlament Assambleyası son illərdə təhsilin inkişaf problemləri ilə bağlı mövzulara diqqəti artırmışdır. Avropada təhsilin ayrı-ayrı problemləri ilə bağlı məsələlər əvvəllər də bu mötəbər təşkilatın gündəliyinə daxil edilirdisə, indi bunlar xeyli intensivləşmişdir. Təsadüfi deyildir ki, hazırda AŞPA-nın mədəniyyət, elm, təhsil və mətbuat komitəsində paralel olaraq təhsilin müxtəlif tərəfləri ilə əlaqədar 5 məruzə hazırlanmaqdadır.
Azərbaycan nümayəndə heyətinin üzvü deputat Rafael Hüseynov komitənin xətti ilə indiyədək mədəni irs, kütləvi informasiya vasitələrinin Avropada gələcək inkişafı, Şərq-Qərb mədəniyyətlərinin dialoqu, o cümlədən təhsil problemləri ilə bağlı məruzələr hazırlamışdır. Onun bu qəbildən olan "Qaçqınların və məcburi köçkünlərin təhsil problemləri", "Jurnalistika təhsilinin gələcəyi - Avropa jurnalistika universiteti kimi" hesabatları Assambleyada xüsusi rəğbətlə qarşılanmışdır. Azərbaycanlı deputatın hazırda üzərində işlədiyi "Avropa Ali Təhsil Məkanının birliyi və beynəlxalq açıqlığı" adlı məruzə isə daha artıq diqqət doğurur. Avropa Şurasının bu problemə ciddi əhəmiyyət verməsinin əsas göstəricilərindən biri də budur ki, UNESCO-da martın 5-də təşkil edilmiş dinləmələrdə həmin məruzə başlıca müzakirə hədəfi olmuşdur.
AŞPA-nın mədəniyyət, elm, təhsil və mətbuat komitəsinin təşkil etdiyi dinləmələr "Avropada təhsil siyasəti" adlanırdı və bu müzakirələrə komitə üzvlərindən savayı UNESCO təmsilçiləri, dünyanın müxtəlif universitetləri və təhsil mərkəzlərindən görkəmli mütəxəssislər də dəvət edilmişdilər. UNESCO-nun baş katibi İrina Bokova dinləmələrin başlanğıcında çıxış edərək, Avropa Şurasının təhsil problemlərinə bu cür diqqəti yüksək dəyərləndirmişdir. Avropa Şurası Nazirlər Komitəsinin təhsil, mədəniyyət, idman, gənclik və Ətraf Mühit üzrə Məruzəçilər Qrupunun rəhbəri, Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəliyinin rəhbəri, səfir Arif Məmmədov təmsil etdiyi qurumun təhsil siyasətinin parametrləri ilə bağlı məlumat verdi, UNESCO ilə birgə keçirilən belə müştərək dinləmələrin xüsusi əhəmiyyətini vurğuladı.
Məruzəsini təqdim edən Rafael Hüseynov əslində təhsildə inteqrasiya proseslərinin qədim tarixə malik olduğundan bəhs edərək demişdir: "Həqiqətən biz bu gün son dərəcə əhəmiyyətli, vacib, həm də tarixi mənası olan müzakirələrin axarındayıq. Orta əsrlər insanının təsəvvürlərində Çin ən uzaq ölkə sayılırdı və o zaman Şərqdə təhsildəki inteqrasiya prosesləri ilə bağlı bəlkə də dünyada ilk olan belə bir aforizm yaranmışdı: "Biliyin ardınca gedin, o, hətta Çində olsa da". İndi insanlar biliyin, təhsilin ardınca ölkələrdən ölkələrə getməyə adət ediblər və bu get-gəllər istər-istəməz təhsil məkanının vahidləşməsi, bütövləşməsi, müştərəkləşməsi üçün əlverişli şərait yaradıb. Elə bizi bu gün düşüncə bölüşməyə sövq edən də həmin vahid təhsil məkanının daha da mükəmməlləşməsi üçün modellər və təkan vermək istəyidir.
Zahirən söhbət təhsildən gedirsə də, fəlsəfəsinə görə bu, Avropanın və dünyanın gələcəyi haqqında mülahizələr deməkdir. Sabah dünyamızın və insanın necə olacağı təhsillə bilavasitə bağlıdır. On illərdir ki, AŞPA-nın da, UNESCO-nun da və bir çox mühüm Avropa və dünya təşkilatlarının apardığı mübarizələrin, yürütdüyü siyasətin başlıca ideyası eynidir - intellektual baxımdan daha sağlam dünya, daha konsalidə olunmuş beynəlxalq mühit, baxışları, yanaşmaları, düşüncə tərzi ilə ortaq dəyərlərə xidmət edən daha mükəmməl cəmiyyət formalaşdırmaq. Bu böyük niyyətə doğru aparan yollar, ideyanı reallaşdırmaq üçün üsullar, vasitələr çox olsa da, bu istiqamətdə adətən ənənəvi olaraq üstünlük siyasi amillərə verilsə də, zənnimcə, bu sahədə təhsilin verə biləcəyi töhfələr daha təsirli, daha əhəmiyyətli, daha səmərəli ola bilər. Bu fikrə artıq Avropada və dünyada şərik olanların sayının get-gedə artmasının nəticəsidir ki, "Avropa Ali Təhsil Məkanı" ideyası yaranmış, ildən-ilə də hüdudlarını, təsir dairəsini genişləndirməkdədir. Elə mənim hazırladığım "Avropa Ali Təhsil Məkanının birliyi və beynəlxalq açıqlığı" adlı məruzə də həmin problemlə bağlıdır və Assambleyanın bu proseslərin intensivləşdirilməsi və dərinləşdirilməsinə edə biləcəyi müsbət təsirləri hədəf götürür".
Daha sonra deputat R.Hüseynov hazırladığı məruzənin əsas məqamları üzərində dayanmış və Avropada, eləcə də Avropanın vasitəçiliyi ilə dünyada təhsil məkanının keyfiyyətcə daha da inkişaf etməsi və bütövləşməsi istiqamətində görülməsi tələb olunan işlərdən söhbət açmış, bu problemlərin uğurlu həlli üçün yollar təklif etmişdir. Müzakirələrə qatılan 20-yə yaxın ekspert azərbaycanlı deputatın ingilis və fransız dillərində qabaqcadan nəşr edilərək yayılmış məruzə layihəsi və R.Hüseynovun təqdimat mərasimindəki çıxışında ortaya qoyduğu ideyalar ətrafında gün ərzində geniş təhlillər, müfəssəl müzakirələr aparmışlar. UNESCO-nun ali təhsil üzrə proqram mütəxəssisi Anna Qlas, Rumıniyanın Boloniya prosesi üzrə qrupunun əlaqələndiricisi Licia Deka, Avropa Komissiyasının Ali Təhsil problemləri üzrə məsul təmsilçisi Frank Petrovski, Lyublyana Universitetinin professoru, Ali Təhsil Siyasəti Mərkəzinin direktoru Pavel Zqala və digərləri çıxış edərək R.Hüseynovun məruzəsinin vacibliyini, təklif etdiyi irəliləyiş istiqamətlərinin əhəmiyyətini qeyd etmişlər. Böyük Britaniyadan olan deputatlar, komitə üzvləri Maykl Konnarti, Rocer Geyl R.Hüseynovun hazırladığı hesabatın Avropada təhsilin gələcək inkişafına layiqli töhfə olduğunu bəyan etmişlər.
Azərbaycanın Avropa təhsil məkanına inteqrasiyası və bu məkanın genişləndirilib inkişaf etdirilməsi prosesində roluna da toxunan R.Hüseynov demişdir: "Mənim ölkəm Azərbaycan da Avropa ali təhsil məkanına inteqrasiya proseslərində fəal iştirak edən dövlətlərdəndir. Bir çox başqa ölkələr kimi, Azərbaycan da getdikcə daha geniş miqyasda qatıldığı bu proseslərdə həm mövcud təcrübəni öyrənir, həm də öz uğurlu nəticələrini tərəfdaşlarına təklif edir. Burada mən bir vacib məqama xüsusi diqqət yönəltmək istərdim. Azərbaycan coğrafi yerləşməsinə, tarixi təcrübəsinə, mənəvi keyfiyyətləri və ənənələrinə görə nadir bir ölkədir. Azərbaycan özündə həm Şərq, həm Qərb dəyərlərini birləşdirir, Azərbaycan həm Asiyaya, həm Avropaya aiddir və söhbət təhsildən gedərkən də bu cəhətlər müəyyən əlamətləri ilə təzahür etməkdədir. Orta əsrlərdən Azərbaycanda klassik Şərq təhsil sisteminin modelləri işləsə də, XIX -XX əsrlərdə Azərbaycanda bütünlüklə Avropa təhsil sistemi tətbiq edilmişdir. Lakin tarixən mövcud olmuş təhsil ənənələri də yeni təhsil modelləri ilə üzvi şəkildə qaynayıb-qarışmışdır. Ona görə də söhbət bu gün Avropa ali təhsil məkanının genişləndirilməsindən, həm də yalnız Avropaya deyil, dünyaya doğru açıqlığından gedirsə, burada Azərbaycan misilsiz töhfələr verə bilər. Məhz yeniliyin və ənənəviliyin mütərəqqi xüsusiyyətlərini özündə qovuşdurduğundan Azərbaycan Avropa ali təhsil məkanına qoşulan bir sıra ölkələrin, xüsusən Mərkəzi Asiya dövlətlərinin prosesə daha rəvan qatılması üçün son dərəcə münasib körpü olmaq imkanındadır. Nəzərə alsaq ki, bu ildən Azərbaycan həm də Avropa ali təhsil məkanında həmsədr ölkə olacaqdır, deməli, bu istiqamətdə konkret işlər həyata keçirməkdən ötrü əlverişli fürsət də yaranacaqdır".
Avropa Şurasının UNESCO ilə birgə təşkil etdiyi "Avropada təhsil siyasəti" adlı bu dinləmələr iştirakçıların və qonaqların yekdil rəyinə görə yüksək elmi səviyyəsi ilə seçilmişdir. Müzakirələrin stenoqramının ayrıca kitab halında nəşr edilməsi nəzərdə tutulur.
{nl}
Əsgər ƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Paris
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.