Nəbi Xəzri haqqında dəyərli monoqrafiya

Azərbaycan ədəbiyyatı tarixində xüsusi və mühüm bir mərhələni təşkil edən XX əsrin milli ədəbi-mədəni mühitində müstəsna yer tutan, ədəbi-bədii proseslərin istiqamətləndirilməsində və inkişafında əlamətdar rolu olan görkəmli tarixi şəxsiyyətlərdən biri də şair, dramaturq, nasir, publisist kimi çoxcəhətli bir yaradıcılıq yolu keçən, özündən sonra olduqca maraqlı bir irs qoyub gedən Nəbi Xəzridir.
Azərbaycan gerçəkliyinin ictimai-siyasi, mənəvi-psixoloji mənzərəsini, tariximizin bir çox olaylarını, müasirlərimizin duyğu və düşüncələrini əks etdirən N.Xəzri ədəbiyyat və mədəniyyət tariximizdə öz işıqlı düşüncə və əməlləri ilə müasirlərinə və özündən sonrakı nəsillərə əhəmiyyətli dərəcədə təsir etmiş görkəmli sənətkardır. Dövr və mühiti üçün mütərəqqi sayıla biləcək bir çox fikirlərin yer aldığı dəyərli əsərlər müəllifi Nəbi Xəzrinin fəaliyyətinin günümüzədək müxtəlif istiqamətlərdən öyrənilməsinə rəğmən sənətkarın yaradıcılığı tam, sistemli şəkildə araşdırılmamışdır. Xalq şairinin poetik yaradıcılığı, dram əsərləri qismən araşdırılma obyektinə çevrilsə də, nəsri və publisistikasının öyrənilməsinin xüsusi tədqiqə ehtiyacı var. Fəridə Səfiyevanın "Nəbi Xəzrinin sənətkarlığı" adlı monoqrafiyası bu sahədəki boşluğu doldurması ilə əhəmiyyətlidir. Nəbi Xəzrinin yaradıcılıq yolunu tədqiq etmək, şairin söz-sənət dünyasının poetik özünəməxsusluğunu üzə çıxarmaq məqsədilə qələmə alınmış monoqrafiya elmi-nəzəri aktuallıq və maraq kəsb edir. Ədibin əhatəli yaradıcılığını yüksək nəzəri bilik, faktoloji arqumentlər və zəngin materiallar əsasında araşdıran monoqrafiya problemin çoxşaxəli tədqiqi ilə təqdirəlayiqdir.
Monoqrafiyanın elmi strukturu mövzunu geniş tədqiq və tam əhatə etməyə şərait yaradır. Giriş, dörd fəsil, nəticə və istifadə olunmuş ədəbiyyat siyahısından ibarət olan elmi əsərin girişində görkəmli sənətkarın Azərbaycan ədəbiyyatı tarixindəki özünəməxsus mövqeyinə qısaca nəzər salınmış, Nəbi Xəzri yaradıcılığının mühüm keyfiyyətləri dəyərləndirilərək işin elmi yeniliyi, məqsəd və vəzifələri, digər məsələlər şərh olunmuşdur.
Monoqrafiyanın birinci fəsli "Nəbi Xəzrinin yaradıcılığı ədəbi-tənqidi və nəzəri filoloji araşdırmalarda" adlanır. Adından da göründüyü kimi, bu fəsildə N.Xəzri yaradıcılığının, ədibin əsas yaradıcılıq xüsusiyyətlərinin müasirlərindən başlayaraq son dövrlərin tədqiqatlarına qədər öyrənilməsi prosesi izlənilmişdir. Araşdırıcı müxtəlif mənbələrə müraciət edərək təsviri plandan uzaqlaşmış, ayrı-ayrı mülahizələrə öz mövqeyini sərgiləmişdir. Monoqrafiyanın bu hissəsi N.Xəzri irsinə həsr olunan elmi əsərlər içərisində mövcud tədqiqat işinin də istər problematikası, istərsə də araşdırma keyfiyyətləri və əldə edilən nəticələr baxımından əhəmiyyətli yer tutduğundan xəbər verir.
"Nəbi Xəzri yaradıcılığının ideya-estetik qaynaqları" adlı II fəsildə F.Səfiyeva, ilk növbədə, mütəffəkir ədibin həyat yolu və yaradıcılıq prosesinin erkən dövrlərini öyrənmiş, Nəbi Xəzri lirikasının səciyyəvi cəhətlərini ayrı-ayrı mövzu və motivlər üzrə səriştəli ədəbiyyatşünas qələmi ilə incələmiş və qiymətləndirmişdir. Fəridə Səfiyeva tədqiqat işinin sözügedən bölməsində XX əsrin çoxsferalı poeziya dünyası fonunda və ədibin bədii irsini araşdıran filoloji fikirlər çərçivəsində qarşıya qoyduğu məqsədi uğurlu formada reallaşdırmış, yazıçının ilkin yaradıcılıq keyfiyyətlərini üzə çıxarmağa nail olmuşdur.
Fəslin digər bölmələrində Nəbi Xəzrinin poeziyasında lirik qəhrəman konsepsiyası, ədibin lirikasının janr tipologiyasının zənginliyi və milli özünüdərk problemləri analitik təhlilə cəlb olunur. Tədqiqatçı Səməd Vurğun ədəbi məktəbinə diqqət yetirərək, Nəbi Xəzrinin də bu məktəbə biganə qalmadığını, ənənəvi mövzulara yeni çalarlar gətirdiyini göstərir. Sözügedən fəslin uğurlu cəhətlərindən biri də Nəbi Xəzrinin zamanının poeziya tarixində özünəməxsus rolunun tədqiqdir. Onu da qeyd etmək gərəkdir ki, araşdırıcı poetik örnəklərin seçilməsində də düzgün mövqe nümayiş etdirir.
Monoqrafiyanın "Nəbi Xəzrinin epik poeziya yaradıcılığı" adlı üçüncü fəsli isə Nəbi Xəzrinin poemalarının mövzu, janr və ideya-bədii prizmadan öyrənilməsinə həsr olunmuşdur. Məlumdur ki, lirik şeirləri ilə yanaşı, poemaları da şairin yaradıcılığında önəmli yer tutur və elmi əsərdə N.Xəzri bədii irsinin sözügedən istiqamətinin geniş planda təsnif olunaraq tədqiq edilməsi təqdirəlayiqdir. Şairin müharibə mövzusunda yazılmış "Xatirələr", mənəvi-əxlaqi səpkidə qələmə alınmış "Təmiz ürək" adlı ilk poemalarından tutmuş, sonrakı dövrlərin məhsulu olan "Sumqayıt səhifələri", "İki Xəzər", "Ana", "Peyğəmbər", "Atillanın atlıları", "Salatın" kimi son dövrlərin məhsulu olan epik əsərlərinə qədər keçdiyi yaradıcılıq mərhələləri tədqiqatçı tərəfindən yüksək səviyyədə araşdırılmış, N.Xəzri poemalarının janr xüsusiyyətləri və mövzu dairəsi öyrənilmişdir.
N.Xəzrinin dramaturgiya, nəsr və publisistikasına həsr olunan dördüncü, sonuncu fəsil də elmi yeniliyi və dərin filoloji təhlili ilə diqqəti cəlb edir. Fəridə Səfiyeva, haqlı olaraq, ədibin yaradıcılığının ayrı-ayrı sahə və istiqamətləri kimi dramaturji, nəsr və publisistik əsərlərinin də mühüm əhəmiyyət kəsb etdiyini əsaslandırır. Bu fəsildə mövcud zamanda dramaturgiyanın inkişaf dinamikasına uğurlu şəkildə nəzər salınmış, N.Xəzrinin sözü gedən bədii yaradıcılıq növünə müraciət etməsinin səbəbləri məntiqi dəlillərlə şərh edilmişdir. Nəticədə əsas müddəalar ifadə olunmuş, tədqiqat boyu müəyyən edilən qənaətlər əksini tapmışdır.
Bütövlükdə, elmi əsər nəzəri səviyyəsi, faktoloji materialları ilə təqdirəlayiqdir. Fəridə Səfiyeva Nəbi Xəzrinin sənətkarlığına dair yazdığı monoqrafiya ilə nəinki bu sahədəki boşluğu doldurmuş, həm də çoxyönümlü tədqiqatı ilə özünü əsl ədəbiyyatşünas kimi də təsdiqləmişdir.

{nl}

Qorxmaz QULİYEV, filologiya elmləri doktoru, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında