Xalqımızın bütövlükdə uğurla yola saldığı 2011-ci il Azərbaycan pedaqoji ictimaiyyəti üçün də uğurlu olmuşdur. Keçən ilin sonlarında respublikanın pedaqoji ictimaiyyətinə Moskvadan yeni bir şad xəbər gəldi: Azərbaycan alimi, pedaqogikanın ağsaqqalarından Hüseyn Əhmədov Rusiya Təhsil Akademiyasının "Qızıl medal"ına layiq görülmüşdür. AzərTAc-ın məlumatında deyilir.
"Rusiya Təhsil Akademiyasının (RTA) dekabrın 19-da keçirilmiş illik yığıncağında tanınmış Azərbaycan alimi, keçmiş SSRİ Pedaqoji Elmlər Akademiyasının müxbir üzvü, Rusiya Təhsil Akademiyasının xarici üzvü, akademik Hüseyn Əhmədova elmdə qazandığı nailiyyətlərə görə RTA-nın "Qızıl medal"ı təqdim olunmuşdur. H.Əhmədov bu yüksək mükafata layiq görülmüş ilk azərbaycanlı alimdir. Yığıncaqda rusiyalı həmkarları azərbaycanlı alimi anadan olmasının 85 illiyi münasibətilə təbrik etmişlər".
Hüseyn Mustafa oğlu Əhmədov 17 iyul 1926-cı ildə Qərbi Azərbaycanda, Göyçə mahalının Toxluca kəndində anadan olmuşdur. 1947-ci ildə Gəncə pedqoji texnikumunu, 1951-ci ildə H.Zərdabi adına Pedaqoji İnstitutunu, 1955-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasını və 1970-ci ildə doktoranturanı bitirib. Pedaqoji elmlər doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar ali məktəb işçisi, qabaqcıl maarif xadimi, SSRİ-nin təhsil əlaçısıdır. 1977-ci ildən bu günə qədər tam 35 ildir ki, ADPU-nun ümumi pedaqogika kafedrasının müdiridir. 1990-cı ildə SSRİ PEA-nın müxbir üzvü, 1996-cı ildə Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki, 1999-cu ildə isə Rusiya Təhsil Akademiyasının xarici üzvü seçilib. 500-dən artıq elmi-pedaqoji əsərin müəllifidir.
H.Əhmədovun "XIX əsr Azərbaycan məktəbi", "Nəriman Nərimanov" monoqrafiyaları, "Azərbaycan məktəb və pedaqoji fikir tarixi" adlı dərsliyi Azərbaycan pedaqoji elminin qızıl fonduna daxil olmuşdur. Əsərlərinin on beş cildlik külliyyatı nəşr olunmuşdur. Azərbaycan Rusiya elmi-pedaqoji əlaqələrinin inkişafındakı xidmətlərinə görə Rusiya Federasiyası Təhsil və elm naziri A.Fursenkonun əmri ilə K.D.Uşinski adına medala layiq görülmüşdür. Prezident təqaüdçüsüdür. Müharibə və əmək veteranıdır.
Həyatının 85-ci ilini arxada qoyan Hüseyn müəllim 2012-ci ilə də uğurla başladı. O yenicə çapdan çıxmış "Azərbaycan Pedaqoji Antologiyası" adlı iri həcmli kitabı ilə oxucularının görüşünə gəlmişdir.
Antologiya müəyyən sahəyə aid əsərlərin, axtarışların toplusu olmaqla çox mühüm əhəmiyyət kəsb edir. Pedaqoji antologiya tanınmış filosof, maarifçi, pedaqoq və təhsil işçilərinin yaradıcılığında təhsilimizin pedaqogika tarixi və nəzəriyyəsinin inkişafını əks etdirən faktlardan ibarət dəyərli əsər hesab olunur.
Azərbaycan pedaqoji fikrinə həsr olunmuş ilk antologiya keçən əsrin 90-cı illərində Azərbaycan Pedaqoji Elmlər İnstitutunda tanınmış pedaqoqlar Əliheydər Həşimov, Əjdər Ağayev, Hüseyn Əhmədov, Yəhya Kərimov və Zahid Qaralov tərəfindən hazırlanmış, 1989-cu ildə Moskvada "Pedaqogika" nəşriyyatı tərəfindən çap edilmişdir. Həmin dövrdə Azərbaycanda pedaqoji fikrin, təhsilin inkişaf yollarını, onun məzmununu və bu prosesin mərkəzində olan şəxsiyyətlərin elmi-pedaqoji fəaliyyətini müəllimlərə, pedaqoji ictimaiyyətə çatdırmaq məqsədilə üçcildlik pedaqoji antologiyanın yaranması fikri meydana gəldi. Lakin ötən əsrin axırlarında baş verən hadisələr bu tədqiqatın aparılmasına imkan vermədi. Lakin son illərdə respublikamızda yaranan əlverişli elmi-pedaqoji və psixoloji şərait professor Hüseyn Əhmədovun üçcildlik pedaqoji antologiyasının 34 çap vərəqi həcmində olan II cildini yazaraq çap etdirməsinə imkan yaratmışdır. Hazırda müəllif 3-cü cild üzərində işləyir. Hüseyn müəllimin bu sahədə yaradıcılığının spesifik cəhəti təhsil və pedaqoji fikir tariximiz haqqında əldə olan əsərlərlə özündən əvvəlki tədqiqatçıların yazdıqları ilə, Bakının zəngin arxivlərinin materialları ilə kifayətlənmədən Moskva, Sankt-Peterburq, Tiflis, İrəvan və Həştərxan arxivlərində, təhsilin tarixi muzeyində davamlı, sistemli axtarışlar aparmasındadır. Onun bir faktı dəqiq öyrənmək üçün aylarla arxivdə necə səylə işləməsinin şahidi olmuşam.
Azərbaycan pedaqoji fikir və təhsil tarixinin mahir bilicisi Hüseyn Əhmədovun uzunmüddətli peşəkar tədqiqatı nəticəsində meydana çıxan bu kitab xüsusi əhəmiyyət kəsb edir. Bu ilk növbədə onun pedaqoji fikir və təhsil tariximizin çox maraqlı hadisələrlə, yeniliklərlə zəngin bir dövrünü oxuculara çatdırması ilə bağlıdır. Elə bir dövr ki, bu dövrdə maarifşünaslar, yazıçılar, dövlət xadimləri təhsilimizin tarixi, məktəbimizin inkişafı haqqında qiymətli fikirlər söyləmiş, pedaqogika tarixi bir elm kimi formalaşmışdır.
Antologiyanın bu cildinin dəyərliliyi, həm də, ondadır ki, müəllif XIX-XX əsrlərdə fəaliyyət göstərmiş pedaqoji fikrin, təhsilimizin inkişafı naminə böyük işlər görmüş A.Bakıxanov, M.Ş.Vazeh, M.F.Axundov, S.Ə.Şirvani, C.Məmmədquluzadə, M.Ə.Sabir, S.S.Axundov, A.Səhhət, A.Şaiq kimi maarifpərvər yazıçı və şairlər, Mirzə Kazımbəy, H.B.Zərdabi, M.H.Rüşdiyyə, A.O.Çernyayevski, R.Əfəndiyev, M.T.Sidqi, M.M.Nəvvab, F.Köçərli, S.M.Qənizadə, F.Ağazadə kimi alim, jurnalist, müəllim, Ü.Hacıbəyov kimi dahi bəstəkar, Aşıq Ələsgər kimi saz və söz ustası, N.Nərimanov, M.Ə.Rəsulzadə kimi dövlət xadimləri ilə yanaşı, indiyədək o qədər də tanınmamış şəxslər haqqında kitaba maraqlı oçerklər daxil etmişdir. O cümlədən İrəvan gimnaziyasının Azərbaycan dili müəllimi, "Vətən dili " adlı ilk ana dili dərsliyimizin müəllifi Mirzə Ələkbər Elxanov, Lənkəran "Müsəlman məktəbinin" rus dili müəllimi, XIX əsrin 50-ci illərində Tiflisdə nəşr olunan "Zaqafqazski vestnik" adlı qəzetin səhifələrində "Lənkərandan məktublar" başlığı altında dərc edilən hekayələrin müəllifi Mirzə Məmmədəli Səfiyev, İrəvan və Naxçıvan ziyalılarından olan məktəbdarlar - Mirzə Kazım, Mirzə İsmayıl, Axund Mirzə Əli, Cabbar Baxcabani, Hacı Məhəmməd Naxçıvani, Təbrizdə yeni üsullu ana dili məktəbinin banisi və "Vətən dili" adlı dərsliyin müəllifi Mirzə Həsən Rüşdiyyə, Səmərqənddə özbək-tacik dillərində tədris kitablarının müəllifi Səid Rza Əlizadə, Gəncə "Rus-Azərbaycan" məktəbinin və Gəncə ali ibtidai məktəbinin ana dili və şəriət müəllimi, ardıcıl olaraq 8 dəfə nəşr olunan "Şəriət dərsi" və "Əlifba" adlı kitabların müəllifi, "Əlifba tədrisi sahəsində tayı-bərabəri olmayan" (Əhməd Cavad) Mirzə Abbas Abbaszadə, Azərbaycanda elmi-pedaqoji və ictimai fikrin inkişafında böyük rol oynayan, Gəncə Gimnaziyasının müəllimi, "Sərfi-türki" adlı dərsliyin müəllifi, tanınmış publisist, tərcüməçi Mirzə Məhəmməd Axundzadə, İrəvan Müəllimlər Seminariyasının məzunu, 55 il Qutqaşen (indiki Qəbələ) məktəbində uğurla işləmiş, 1941-ci ildə "Əmək Qəhrəmanı" adına layiq bilinmiş Vahidbəy Musabəyov, Azərbaycan maarifçiliyinin inkişafında böyük xidmətləri olan, Qax rayonundakı İlisu kənd məktəbinin və Zaqatala Pedaqoji Məktəbinin müəllimi Həmzət bəy Əfəndiyev və başqalarının axtarılıb tapılması Hüseyn Əhmədovun xidmətidir.
543 səhifəlik bu kitab "Ön söz" və dörd hissədən ibarətdir. "Ön söz"ün müəllifləri respublikanın təhsil naziri, fizika-riyaziyyat elmlər doktoru, Əməkdar elm xadimi, professor Misir Mərdanov və Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, fizika-riyaziyyat elmlər doktoru, Əməkdar elm xadimi, Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Yusif Məmmədovdur. Kitabın rəyçiləri, pedaqoji elmlər doktorları-professorlar Yəhya Kərimov ilə Fərrux Rüstəmovdur. Kitabın elmi redaktoru pedaqoji elmlər doktoru Zahid Qaralovdur.
Əsər Azərbaycan Dövlət Pedaqoji Universitetinin yaradılmasının 90 illik yubileyinə həsr edilmişdir. Kitab ümummilli liderimiz Heydər Əliyevin bu sözləri ilə açılır: "V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu böyük və şanlı yol keçmişdir. İnstitutun tarixi Sovet Azərbaycanında xalq maarifinin təşəkkülü və inkişafı, onun sosialist mədəniyyətinin tərəqqisi tarixindən ayrılmazdır. Onun kollektivi Azərbaycanda ümumtəhsil məktəbinin inkişafına böyük xidmət göstərmiş, xalq maarifi üçün yüksək ixtisaslı kadr ocağına çevrilmişdir".
Nazir M.Mərdanov kitabın əhəmiyyətini belə dəyərləndirir: "Azərbaycan Respublikasının yaradılmasının ikinci onilliyi ərəfəsində oxuculara təqdim edilən bu kitab Azərbaycan pedaqoji elminin son və uğurlu nəticəsi kimi çox dəyərlidir...
...Fikirimizcə bu kitabın elmi-pedaqoji dəyəri ondadır ki, mübaliğəsiz demək olar Azərbaycan məktəb təhsili və pedaqoji fikrinin son 200 illik tarixi məhz bu kitabın müəllifi ilə birbaşa əlaqədardır. Belə ki, professor H.Əhmədov XIX əsr Azərbaycan məktəb tarixini tədqiq etmiş, XX əsri isə yaşamışdır. Onun elmi-pedaqoji fəaliyyət dövrü artıq 70 ilə çatır. Onun yüzlərlə qəzet və jurnal məqaləsi, monoqrafiya və kitabları, icad etdiyi "Azərbaycan məktəb və pedaqoji fikir tarixi" adlı xüsusi fənn, bu fənn üzrə ilk proqram, bu fənnə aid Azərbaycan və rus dillərində yazdığı dərs vəsaitləri, nəhayət 15 cilddən ibarət nəşr edilmiş "Seçilmiş pedaqoji əsərləri" "Azərbaycan pedaqoji antologiyası"(II cild) adlanan bu əsərin qısa müddət ərzində yazılıb, ərsəyə gəlməsinə əlverişli zəmin yaratmışdır".
Ömrünün 85-ci ilində akademik Hüseyn Əhmədovun belə bir məsuliyyətli işə girişməsi və onu böyük uğurla yerinə yetirməsi, zənnimizcə, oxucular tərəfindən rəğbətlə qarşılanacaq və yüksək qiymətləndiriləcəkdir.
Əsər 4 hissədən ibarətdir: 1. XIX əsrin maarifçiləri; 2. XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan pedaqoji fikrinin inkişafı; 3. Azərbaycan Xalq Cümhuriyyətinin təhsil siyasəti; 4. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (Universitetinin) orta sütunları.
Müəllif bir qədər sərhədləri aşaraq Azərbaycanın Dövlət Pedaqoji Universiteti və onun görkəmli nümayəndələri haqqında yazıları da burada vermişdir. Şübhəsiz bu şəxsiyyətlərin hər birinə sonrakı cilddə yer vermək və daha sonra ətraflı yazmaq mümkün idi. Lakin müəllif antologiyanı Azərbaycan Dövlət Pedaqoji Universitetinin 90 illiyinə həsr etdiyindən ona IV hissənin əlavə olunmasını lazım bilmişdir.
Antologiyada Firidun bəy Köçərlinin dilimiz və onun tədrisi ilə bağlı sözləri diqqəti cəlb edir: "... Hər millətin özünəməxsus ana dili var ki, onun məxsusi malıdır. Ana dili millətin mənəvi diriliyidir, həyatının mayəsi mənziləsindədir. Ananın südü bədənin mayəsi olduğu kimi, ananın dili də ruhun qidasıdır. Hər kəs öz anasını və vətənini sevdiyi kimi, ana dilini də sevir... Ana dilini öyrənmək üçün yazılan təlim kitablarımız elə bir çətin dildə yazılır ki, onların vasitəsilə ana dilini ancaq unutmaq olar".
Kitabda Abbas Səhhətin "Məktəbdə ana dili" başlığı altında yazısı verilmişdir. O yazır: "...Lazımınca öz ana dilini bilməyən bir cocuq hökumət dilini öyrənə bilməz. Ana dilini ciddi və əsaslı bir qayda üzrə qoymalı və məcburi dərslər zümrəsinə daxil edilməlidir".
Kitabda ana dili problemi ilə əlaqədar digər yazıçı və maarifpərvərlərin də qiymətli fikirləri verilib. Görkəmli dövlət xadimi Nəriman Nərimanovun Azərbaycan Pedaqoji İnstitutunun ilk məzunlarına (1924) təbrikində dediyi və kitabın əvvəllərində özünə yer tutan sözlər "...Qeyrisinin lisanı (dili) altında qalmaq bütün işimizi təxirə salar. Bu səbəblərə görə dilimizi müstəqil bir şəklə salmaqla ən çox siz müəllimlərə ümid bağlayıb, məktəbi bitirməyiniz münasibətilə bir daha səmimi qəlbdən təbrik edirəm" sözləri böyük əhəmiyyət kəsb edir.
Antologiya ilə tanış olan oxucu, xüsusilə sinif müəllimi ana dili tədrisinin tarixən mühüm bir problem kimi qoyulmasının şahidi olur və onun tədrisi keyfiyyətini yüksəltməyə səy göstərir.
Biz bir problemin antologiyada tam olmayan mənzərəsini nəzərdən keçirdik. Ona daxil edilmiş şəxsiyyətlər milli məktəblərin yaranması, qızların təhsilə cəlb olunması, ucqar kəndlərdə təhsilin təşkili, təhsil sistemi, ayrı-ayrı fənlərin metodikası, təhsilin məzmunu, proqram, dərslik, dərs vəsaitləri, gənc nəslin əxlaq tərbiyəsi, vətənpərvərlik, valideynin övlada münasibəti, estetik tərbiyə, dini tərbiyə, əmək tərbiyəsi, ailə tərbiyəsi, şəxsiyyətin formalaşması, psixoloji yetkinlik, pedaqoji kadrların hazırlanması, təhsil prosesinə rəhbərlik və onlarla başqa mövzulardan bəhs etmişlər. Bir sözlə kitabda pedaqogika, psixologiya və metodikanın çox müxtəlif sahələrindən bəhs olunmuşdur. Onun müəllifi geniş çəmənlikdən ətirli çiçəkləri toplayıb, oxuculara təqdim etmiş, qədim yunanların dedikləri kimi çiçək buketi-antologiya yaratmışdır.
"Azərbaycan pedaqoji antologiyası"nı oxunaqlı edən cəhətlərdən biri də kitabın sonunda özünə yer tutan izahlar və şərhlərdir. Mübaliğəsiz demək olar ki, bu izah və şərhlərin zərgər dəqiqliyi ilə seçilib kitaba daxil edilməsi bəlkə də bir elmi-tədqiqat institutunun bir şöbəsinin işidir. Halbuki, bütün bunlar, əlavə olaraq həm də kitaba daxil edilmiş şəxs adlarının göstəricisi 85 yaşlı bu ağsaqqal tədqiqatçının təkbaşına qələminin məhsuludur.
Kitabın daha bir üstün cəhəti, həm də budur ki, buraya bir sıra dəyərli arxiv sənədlərinin surəti, dərsliklərin üz qabıqları, ilk ana dili proqramları daxil edilmişdir.
Bütün bunlar antologiyanın pedaqoji təmayüllü ali və orta ixtisas məktəblərinin tələbələri tərəfindən adicə ensiklopedik məlumat kitabı deyil, çox faydalı dərs vəsaiti kimi qəbul olunmasına imkan verir. Pedaqogikanın tarixi, nəzəriyyəsi, hətta xüsusi metodiklər sahəsində tədqiqat aparanlar, alim olmaq istəyənlər üçün isə bu antologiya zəngin və dəyərli mənbə hesab edilə bilər.
Azərbaycan pedaqoji elminin öncüllərindən olan akademik Hüseyn Əhmədovun bu kitabı 85 illik ömrünün 60 ilini divarları arasında keçirdiyi Azərbaycan Dövlət Pedaqoji Universitetinin yaradılmasının 90 illik yubileyinə ən layiqli töhfədir. Azərbaycan pedaqoji elminin son nailiyyətlərindən biri kimi uğurludur və qiymətlidir.
{nl}
Yəhya KƏRİMOV, pedaqoji elmlər doktoru, professor
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.