"Şirvan şəhəri"

"Müəllim" nəşriyyatı Eldar Qəmərlinin "Şirvan şəhəri" adlı kitabını nəşr etmişdir. Kitabda müasir Şirvan şəhərinin yerləşdiyi ərazi haqqında ən qədim dövrlərdən 1920-ci ilə qədər olan dövrü əks etdirən tarix-diyarşünaslıq oçerkləri toplanmışdır.
Müasir Şirvan şəhərinin yerləşdiyi ərazinin keçmişi haqqında geniş oxucu kütləsinə, demək olar ki, heç nə məlum deyildir. Respublika əhalisinin əksəriyyətində belə bir fikir formalaşmışdır ki, "sosialist şəhəri" adlandırılan Əli Bayramlının formalaşdığı XX əsrə qədər bu ərazidə diqqətəlayiq heç nə olmamışdır. Eldar Qəmərli "Şirvan şəhəri" kitabında bunun tam əksini sübut edir.
Kitab 320 milyon il əvvəl yaranmış və milyon illər müddətində mövcudluğunu saxlamış Tetis okeanı haqqında məlumatla başlayır. Daha sonra Tetis okeanından qalmış dənizlər, əsrlər boyu dəfələrlə təkrarlanan reqressiya və transqressiya hadisələri (dənizin quruya doğru irəliləməsi və geriyə çəkilməsi) haqqında məlumat verilir. Aydın olur ki, müasir Şirvan şəhərinin ərazisi bir zamanlar Xəzər dənizindən şimal-qərbə doğru dil şəklində uzanmış körfəz suları altında qalmışdır. Şirvan şəhəri dənizin nisbətən gec çəkildiyi ərazidə yerləşir. Bu ərazidə bir vaxtlar mövcud olmuş dənizin qalıqlarını indi də görmək mümkündür.
Kitabda belə maraqlı faktlar çoxdur. Ən maraqlı faktlardan biri budur ki, müəllif müasir Şirvan şəhəri ərazisində hələ ibtidai icma quruluşu dövründə məskunlaşma olduğunu iddia edir. O, bu fikrini Kürovdağdakı mağaralarla əsaslandırır. Çünki ibtidai insanların yaşayış məskəni kimi mağaralardan istifadə etdiyi tarix elmindən məlumdur. Əvvəllər Kürovdağda belə mağaraların sayı çox olmuşdur. Lakin zaman keçdikcə onlardan bir çoxu uçmuş, günümüzədək yalnız bir neçəsi gəlib çıxmışdır.
Kürovdağda mövcud olan mağaralardan biri yerli əhali, eləcə də bəzi digər bölgələrin əhalisi arasında xüsusilə məşhurdur. Vağam adlanan bu mağaranı məşhur edən X-XI əsrlərdə yaşamış, şərqdə səyyah, böyük şair, filosof kimi tanınmış, hələ sağlığında müqəddəslik zirvəsinə ucalmış Şeyx Məhəmmədəli Baba Kuhinin bir müddət bu mağarada məskunlaşmasıdır. Məhz buna görə Vağam Şirvan sakinləri üçün, eləcə də bir sıra bölgələrin əhalisi üçün müqəddəs ziyarətgah sayılır.
Kitabın müəllifi qarşısına qoyduğu məsələyə kompleks şəkildə yanaşmışdır. O, təkcə Şirvan şəhərinin ərazisi haqqında deyil, həm də ona bitişik ərazilər haqqında söhbət açmışdır. Məlumdur ki, bütövlükdə Cənub-Şərqi Şirvan düzü adlanan bu ərazidə Güştəsbi, Yunanşəhr, Mahmudabad, Qırxçıraq adlı tarixi şəhərlər olmuşdur. Kürsəngi yaşayış sahəsi də bu ərazidədir. Keçən ilin sonlarında Ələt-Astara yolunun çəkilişi zamanı Babazənən dağında aşkar edilmiş qədim yaşayış məskəni də Cənub-Şərqi Şirvan düzündədir. Şirvan şəhərinin 1-2 kilometrliyində ilkin arxeoloji tədqiqatlar zamanı şəhər qalıqları və dulus kürələri aşkar edilmişdir. Bütün bu faktlara əsaslanan müəllif sübut edir ki, Şirvan şəhərinin ərazisi tarix üçün ağ vərəq deyil. Sadəcə reqressiya və transqressiya prosesləri zamanı maddi-mədəniyyət abidələri torpağın dərin qatları altında qalmışdır.
Müəllifin fikrincə, müasir Şirvan şəhərinin ərazisində tarix boyu müəyyən fasilələrlə bir neçə dəfə məskunlaşma olmuşdur. Sonuncu məskunlaşmanın tarixi 1880-ci ildən başlayır. Həmin ildə ərazidə yarımköçəri həyat tərzi keçirən tayfalardan biri-Ərəbşahverdi tayfası burada oturaq həyat tərzinə keçmişdir. Bu kiçik kənd sonralar inkişaf edərək müasir Şirvan şəhərinə çevrilmişdir.
"Şirvan şəhəri" kitabında oxucuların marağına səbəb ola biləcək fakt və məlumatlar çoxdur. Müəllif Vağam adlı mağara, min il əvvəl orada yaşamış Şeyx Məhəmmədəli Baba Kuhi, general Zubovun bu ərazidə qışlaması, dövrün varlı feodalı Hacı Ağa Qasım haqqında ətraflı söhbət açır. Bunlardan əlavə Kür çayı, ərazinin təbiəti, iqlimi, əhalinin iqtisadiyyatı və məişəti, yerli toponimlər haqqında maraqlı məlumatlar verilir.
Müəllif kitabı yazarkən azərbaycan və rus dillərində olan çoxsaylı elmi və elmi-kütləvi ədəbiyyatdan istifadə etmişdir. Lakin o, mənbələrin verdiyi məlumatlara passiv şəkildə istinad etməmiş, hər bir məsələyə öz münasibətini bildirmiş, yeri gələndə elmi mülahizələr də irəli sürmüşdür.
Kitabın sonunda mətnlərdəki məlumat və faktları tamamlamaq üçün müxtəlif nəşrlərdən və internetdən götürülmüş xəritələr, xəritə-sxemlər, həmçinin müəllifin özünün çəkdirdiyi fotoşəkillər verilmişdir.
Müəllif tərəfindən yazılmış ön sözdə bildirilir ki, "Şirvan şəhəri" kitabı üç cilddən ibarət olacaqdır. Müəllif oxuculara təqdim etdiyi birinci cilddən sonra sovet dövrünü əhatə edəcək ikinci, daha sonra isə müstəqillik illərini əks etdirən üçüncü cildi yazmağı nəzərdə tutur.

{nl}

Mehdi MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında