Şriftin ölçüsü:
25.02.2012 11:21 | Oxunma sayı: 766
Dünən Azərbaycan Dövlət Neft Akademiyasında Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı anım mərasimi keçirildi. Tədbiri giriş sözü ilə açan akademiyanın prorektoru Qasım Məmmədov Xocalı faciəsinin ermənilərin mifik "Böyük Ermənistan" ideyasından doğduğunu, bu ideyanın həyata keçirilməsi istiqamətində Azərbaycan xalqına qarşı törədilmiş dəhşətli soyqırım aktlarından ən faciəlisi olduğunu qeyd etdi.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı soyqırımının iyirminci əsrin ən dəhşətli və qəddar faciələrindən biri olduğunu, tarixdə məlum olan Babiyar, Xatın, Liditse, Sonqmi kimi faciələrlə eyni səviyyədə dayandığını bildirən ADNA rektoru, akademik Siyavuş Qarayev əlavə etdi ki, bu faciəni törətməklə erməni şovinist-millətçiləri və ideoloqlarının məqsədi Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq olub. Cinayətkar erməni hərbi birləşmələrinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının iştirakı ilə vəhşicəsinə həyata keçirdiyi soyqırımı nəticəsində dinc Xocalı sakinlərindən 613 nəfəri şəhid, 487 nəfər şikəst olub, 1275 nəfər, o cümlədən qocalar, uşaqlar və qadınlar əsir götürülərək ağlasığmaz zülmə və təhqirə məruz qalıb. Şəhid olanlardan 106 nəfəri qadın, 63 nəfəri azyaşlı uşaq olub. Hadisədən 20 il keçməsinə baxmayaraq, 155 nəfərin taleyi hələ də məlum deyil. Qanlı terror nəticəsində 8 ailə bütövlükdə məhv edilib, 24 uşaq hər iki valideynini, 130 azyaşlı uşaq isə valideynlərindən birini itirib.
Rektorun sözlərinə görə, günahsız Xocalı sakinlərindən 56 nəfəri xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirilib. Onlar diri-diri yandırılıb, başları kəsilib, dəriləri soyulub, körpə uşaqların gözləri çıxarılıb, süngü ilə hamilə qadınların qarınları yarılıb. Meyitlər üzərində dilə gətirilməsi mümkün olmayan təhqiramiz hərəkətlər edilib.
Siyavuş Qarayev onu da xüsusilə qeyd etdi ki, faciənin törədilməsində 366-cı alayın şəxsi heyəti də yaxından iştirak edib və ən müasir hərbi texnikalarından istifadə olunub. Hücum zamanı qadağan olmuş döyüş sursatlarından və kimyəvi silahlardan da istifadə olunub. Nəticədə 10 min nəfər əhalisi olan Xocalı şəhəri yerlə-yeksan edilib. "Təəssüf ki, Azərbaycanın o zamankı rəhbərləri Xocalı soyqırımını tərəqqipərvər bəşəriyyətə çatdırmaq üçün özündə cəsarət tapmadı, faciəyə siyasi-hüquqi qiymət verilməsinə səy göstərmədi. Yalnız ümummilli liderimiz, türk dünyasının böyük oğlu Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına hüquqi-siyasi qiymət verildi. Prezident İlham Əliyev isə bu qanlı faciəni törədənlərin cəzalarına çatacaqlarına əminliyini ifadə edərək demişdir: "Mən əminəm ki, gün gələcək, Xocalı faciəsini törədən, dinc əhaliyə qarşı qəddarlıq göstərən, dinc əhalini məhv edən erməni cinayətkarları məhkəmə qarşısında cavab verəcəklər". Biz isə bu faciənin gənc nəslin yaddaşında yaşaması üçün hər şeyi etməliyik", - deyə akademik bildirdi.
Akademiyanın ictimai fənlər kafedrasının müdiri, professor İmran Cəfərov isə strateji əhəmiyyətli mövqedə-Ağdam-Şuşa və Əsgəran-Xankəndi yolunun üstündə yerləşən Xocalının işğalında ermənilərin hərbi birləşmələri ilə birgə 366-cı alayın da fəal iştirak etdiyini, şəhərin 4 saat ərzində yer üzündən silindiyini, dinc insanlara qarşı görünməmiş cəza tədbirləri həyata keçirildiyini xatırlatdı, faciə nəticəsində itkin düşənlərlə birgə ümumilikdə 2500 nəfərin məhv edildiyini, tarixi abidə, mədəniyyət və digər obyektlərin dağıdıldığını qeyd etdi. Natiq vurğuladı ki, Prezident İlham Əliyevin Xocalı soyqırımının tanıdılması istiqamətində ardıcıl surətdə həyata keçirdiyi siyasət Azərbaycan xalqı tərəfindən dəstəklənir, ictimaiyyətimiz dünya ölkələrinə və beynəlxalq təşkilatlara müraciətlər göndərir. Artıq bir çox ölkələr Xocalı hadisəsini soyqırımı kimi tanıyıb. Bu məsələdə Azərbaycanın hər bir vətəndaşı fəal iştirak etməlidir.
Sonda "Xocalı soyqırımı" adlı sənədli film nümayiş etdirildi.
{nl}
Paşa ƏMİRCANOV, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.