Hikmət xəzinəsinə yeni töhfə

Bu günlərdə Moskvanın "Alfa-M" nəşriyyatında Azərbaycan filosofu, professor Səlahəddin Xəlilovun tərtib etdiyi "Seçilmişlərdən seçilmişlər" adlı yeni aforizmlər kitabı ("Kniqa aforizmov. İzbrannoe iz izbrannıx" - M.: Alfa-M, 2012.-288 s.) çapdan çıxmışdır. Rusiya Fəlsəfə Cəmiyyətinin birinci vitse-prezidenti, RF Prezidenti yanında Maliyyə Akademiyasının fəlsəfə kafedrasının müdiri, professor A.N.Çumakov kitaba geniş ön söz yazmış və onun Rusiyada çıxan ənənəvi "Aforizm" kitablarından fərqli cəhətlərini izah etmişdir. 
Onun fikrinə görə, bu kitab tanınmış bir filosofun tələbkar münasibəti və ciddi meyarları əsasında tərtib olunmuş, minlərlə aforizmdən yalnız ən dənyərliləri seçilmişdir. Kitabda imkan daxilində ancaq pozıtiv yönlü aforizmlər toplanmış, ənənəvi "Atalar sözləri" və "Afonrizm" kitablarında yer alan ikimənalı, neqativ yozumlu fikirlər mətnə daxil edilməmişdir.
Kitabda toplanmış aforizmlərin yarıdan çoxu rusiyalı oxuculara ilk dəfədir ki, təqdim olunmuşdur. Əlamətdar haldır ki, dünyanın tanınmış yazıçı və filosofları Konfutsi, Aristotel, Nizami, Mövlana, Sədi, Şekspir, Kant, Volter, Göte, Tolstoy və digərləri ilə yanaşı, kitabda Qərb və rus oxucularına nisbətən az məlum olan Ş.Sührəvərdi, E.Miyanəçi, Y.Balasaqunlu, Əbu Turxan kimi türk filosoflarının aforizmlərinə də geniş yer verilmişdir. Professor A.Çumakovun yazdığına görə, Əbu Turxanın "Aforizm - fikrin qönçəsidir" kəlamı bütün kitabın leytmotivi hesab oluna bilər.
Kitabın üstün cəhətlərindən biri də bundan ibarətdir ki, burada şəxsi həyat, məişət mövzularından daha çox, dövlətçilik, vətən, millət, şəxsiyyət və cəmiyyət məsələləri önə çəkilmişdir. Böyük dövlət xadimləri Mark Avreli, Siseron, Napoleon, Ruzvelt, Çörçill və digərlərinin fikirləri ilə yanaşı, ulu öndər Heydər Əliyevin 30-a yaxın müdrik fikrinin də kitaba daxil edilməsi kitabın sanbalını daha da artırmışdır. Professor S.Xəlilov hələ Heydər Əliyevin sağlığında onun fikirlərinin seçilib aforizm kimi çap edilməsinə nail olmuşdur. İndi isə bu fikirlər dünyanın ən böyük mütəfəkkirlərinin aforizmləri ilə bir sırada daha böyük oxucu məkanına təqdim olunur. Tərtibçinin fikrinə görə, "Ağıl olan yerdə zora ehtiyac yoxdur"; "Böyük siyasəti kiçik hisslərə bağlamaq olmaz"; "Dövlətçilik hər bir şəxsin qəlbində olmalıdır" kimi lakonik olduğu qədər də ağır məna yükü daşıyan kəlamlar ölkəmizin sərhədini keçərək bütün dünyanın fikir fəzasını zənginləşdirməyə layiqdir.
Yeni dövr və şəraitlə bağlı söylənən fikirlər kitabı daha da aktuallaşdırmış və müasirləşdirmişdir. Azərbaycanın XX əsrdə yaşamış digər görkəmli şəxslərinin - Hüseyn Cavidin, Səməd Vurğunun, habelə ən yaxın keçmişimizi təmsil edən Xudu Məmmədovun, Aida İmanquliyevanın, Yaşar Qarayevin də fikirləri kitaba daxil edilmişdir ki, bunlar Azərbaycan xalqının düşüncə tərzində hikmətə bağlılığın indi də davam etdiyini sübuta yetirir.
Ən önəmli cəhətlərdən biri də Azərbaycan şifahi xalq ədəbiyyatından, atalar sözlərindən geniş şəkildə istifadə olunmasıdır. Bizim milli fəlsəfi fikrimizin qaynaqlarını təşkil edən atalar sözlərimiz dünya xalqlarının ən gözəl deyimləri sırasında özünəməxsus yer tutur. Oxuculara təqdim olunan "Aforizmlər kitabı"nda məhz belə bir mənzərə canlanır. Min illər boyu bütün bəşəriyyətin ən böyük şəxsiyyətləri tərəfindən söylənmiş say-seçmə aforizmlər sırasında Azərbaycan xalq deyimləri və bizim görkəmli şəxsiyyətlərin, alimlərin, yazıçıların söylədiyi dərin məzmunlu fikirlər öz yığcamlığı, fəlsəfi dəyəri, bədiiliyi və pozitiv aurası ilə seçilir.
Dünyada qüvvələr nisbəti dəyişdikcə, tarix də yenidən yazılır, qarşılıqlı əlaqə və dialoq sayəsində müxtəlif millətlər öz mədəniyyətlərini daha da zənginləşdirirlər. Dünya xalqlarının fəlsəfi və intellektual dəyərləri də vaxtaşırı olaraq toplanıb yenidən bölünür. Bu kitab da Azərbaycan mütəfəkkirlərinə məxsus fikir incilərinin dünyanın hikmət xəzinəsinə daxil edilməsi işində mühüm addımlardan biridir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında