"Ana dilimizi sevək, sevdirək!"

Beynəlxalq Ana Dili Günü ərəfəsində Təhsil Nazirliyinin və "Çağ" Öyrətim İşlətmələri Şirkətinin keçirdiyi IX "Ana dilimizi sevək, sevdirək" respublika müsabiqəsinə yekun vuruldu. 
Bu münasibətlə Akademik Milli Dram Teatrında təntənəli mərasim oldu. Gecədə "Dilimiz varlığımızdır" çağırışı ilə keçirilmiş yarışmanın son mərhələsinə çıxmış məktəblilər məharətlərini sərgilədilər. Münsiflərin müəyyənləşdirdiyi qaliblər mükafatlandırıldı.
Müsabiqənin təşkilat komitəsinin sədri, Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömləksiz belə bir tədbirin keçirilməsinin əhəmiyyətindən söz açaraq bildirdi ki, dilimiz... analarımızın laylası, Füzuli, Nəsimi, Vurğun, Üzeyir dünyası ilə qanımıza, canımıza hopub. Ana dilimiz bizi keçmişimizə bağlayan, gələcəyə səsləyən mənəvi xəzinəmizdir. Yaxşı deyiblər ki, bir millətin malını, dövlətini əlindən alsan, ölüb-itməz, amma dilini alsan, ondan bir nişan qalmaz. Bu mənada, ana dilimizi sevmək, sevdirmək hər birimizin müqəddəs borcudur. Artıq on ilə yaxındır ki, "Çağ" Öyrətim İşlətmələri Şirkəti məktəblilər arasında "Ana dilimizi sevək, sevdirək" müsabiqəsi keçirməklə bu missiyanı daha geniş bir formada həyata keçirir.
Bu müsabiqələrdə iştirak edən yüzlərlə şagird xalqımızın varlığının təzahürü, qan yaddaşımız olan dilimizi sevə-sevə təbliğ etməklə yanaşı, minlərlə insana da sevdirməyə nail olur. Hər bir dövlətin öz varlığını qoruyub saxlaması, ilk növbədə, onun öz dilinə və mənəvi sərvətlərinə sahib çıxması, qoruması, özündən sonrakı nəsillərə təhvil verməsi ilə mümkün olur.
Arif Gömləksiz müsabiqə barədə məlumat verərək dedi ki, dörd mərhələdən ibarət (məktəbdaxili, rayon-şəhər, yarımfinal və respublika) bilik yarışı qrammatika, inşa, internet səhifəsinin hazırlanması, şeir və mahnı kateqoriyaları üzrə keçirilir. İlk üç kateqoriya üzrə yarışlara artıq yekun vurulub və qaliblər müəyyənləşdirilib.
Sonra mahnı və şeir nominasiyası üzrə iştirakçılar səhnəyə dəvət olundular. 9 nəfərdən ibarət münsiflər heyətinin qərarı ilə şeir kateqoriyasında Gəncə şəhəri 39 saylı orta məktəbin şagirdi Tünzalə Allahverdiyevanın söylədiyi Mirvarid Dilbazinin "Azərbaycan" şeiri birinci yerə layiq görüldü. Mahnı kateqoriyasında isə Bəhram Nəsibovun "Qal, sənə qurban" mahnısı ilə salonu coşduran Ağdaş rayon Tofiqi kənd orta məktəbinin şagirdi İsmayıl İsgəndərov qalib seçildi. Şeir kateqoriyası üzrə İlham Quliyev (Sumqayıt) II, Nigar Bayramova (Mingəçevir) III, mahnı kateqoriyası üzrə Əli Əliyev (Bakı) II, Zeynəb Abdullayeva (Gəncə) III oldular. Müsabiqə qaliblərinə qızıl, gümüş, bürünc medallarla yanaşı, pul mükafatı və təşkilat komitəsinin xüsusi sertifikatı və başqa hədiyyələr də verildi.
Tədbirdə çıxış edən təhsil nazirinin müavini Qulu Novruzov qalibləri alqışlayaraq dedi ki, ana dilini sevmək azdır, onu sevdirməyi də bacarmaq lazımdır. Bu sırada ulu öndər Heydər Əliyevin rolu misilsizdir. Ana dilimiz məhz onun sayəsində bütün dünyada tanınıb, hər cür qayğı ilə əhatə olunub. "Çağ"ın bu ənənəni yaşatması qürur doğurur. Səhiyyə nazirinin müavini Elsevər Ağayev də müsabiqənin qaliblərini təbrik etdi.
"Çağ" Öyrətim İşlətmələri Şirkətinin prezidenti Ənvər Özərən bildirdi ki, ana dili insanı keçmişinə bağlayan, gələcəyə səsləyən mənəvi xəzinədir. Dil xalqın varlığının təzahürü, qan yaddaşıdır. Türk dilləri mahnı, şeir qanadlarında daha çox sərhədlər aşmağa qadirdir. Hansı ölkədə olmağımızdan asılı olmayaraq, dilimizi yaşatmalı, onu dünyaya sevdirməliyik. Bu yöndə "Ana dilimizi sevək, sevdirək" müsabiqəsi öz sözünü deyə bilir. Bu yarışmanın qalibləri hər il Türkiyədə keçirilən Türkcə Olimpiadası çərçivəsində ölkəmizin mənəvi dəyərlərini dünyaya təqdim edirlər.

{nl}

R.TAHİR, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında