Məmməd ASLAN: Yaşamağa çəm tapmışam sözümdə...

Ağsaqqal şairimizin yenicə çapdan çıxmış ikicildlik "Varlıqla yoxluq arasında" kitabının üz qabığına çəkilmiş rəsminə baxan kimi nədənsə İstanbulun məşhur Gülhanə parkında gördüyüm Aşıq Veysəli xatırladım. Ulu ozanın qocaman ağacların çətiri altda, sazı ilə birgə oturaq halda yapılmış heykəlinə çox bənzətdim onu. Şairin öz misraları düşdü yadıma:
Kor olan göz var ki,bir elə işıq
Gətir xəyalına qoca Veysəli.
Dünya işığına tamarzı aşıq
İşığa çıxarıb böyük bir eli.

{nl}

Məmməd Aslan ürəyində ilk ilham közərtisi görünən gənclik çağlarından "ömrü söz uğrunda girov qoyaraq" bir şair, publisist, türkoloq və folklorçu kimi çoxyönlü çalışmağındadır. Onlarca kitabı işıq üzü görüb, on minlərcə oxucusunun ürəyinə mənəviyyat işığı salıb. Lap Aşıq Veysəl kimi...
Mənim də uşaq yaşlarımdan yaradıcılığına bir doğmalıq duyduğum, poetik uğurlarını sevə-sevə izlədiyim, həm də illərdən bəri qürrə ilə dostluq, qəmxarlıq etdiyim ünlü bir şəxsiyyətdir Məmməd Aslan! 1969-cu ildə "Gənc şairin ilk kitabı" seriyasından buraxılmış "Dağ ürəyi"ndən üzübəri bütün kitablarını zaman-zaman təşnə-təşnə oxuyub öyrənmişəm. "Dağ ürəyi"ndə cəmi 22 şeiri yer alıb. Çox sanballı "Varlıqla yoxluq arasında" isə özünün yazdığı 630 və haqqında yazılmış 22 şeir toplanıb. Bundan başqa, xeyli sayda rəngli-rəngsiz xatirə fotolar da dərc olunub son kitabda.
Filologiya üzrə fəlsəfə doktoru İlham Məmmədli ikicildlik üçün yazdığı məqaləsində Azərbaycan ədəbiyyatı tarixinə 60-cılar adı ilə daxil olmuş ədəbi nəslin qaymaq təmsilçilərindən olan, hələ ilk qələm təcrübələrindən öz yolunu, poetik mənini uğurla təsdiq edən şairin həyat və yaradıcılığından ətraflı söhbət açır: "Məmməd Aslan əlinə qələm aldığı gündən sözə Tanrı kimi tapınıb, ona dəyər verməyi bacaran şairdir. Məncə, onu sadəcə söz adamı, sözün böyük cəfakeşi adlandırmaq daha düzgün olar. Şairin söz yolunda bugünəcən qatlaşdığı zəhmətləri, əzabları, bu amal uğrunda keçib gəldiyi ömür yolunu mübaliğəsiz olaraq səməndər quşunun həyatına bənzətmək olar."
Elə şair özü də illər öncəsi yazdığı bir şeirində həyat amalını, ədəbi məqsədini, sözə bağlılığını aydın şəkildə ortaya qoyub:

{nl}

Bu yolu seçdim ki, yanam, tutuşam,
Alovlar içində qovrulan quşam.
Ömrü söz uğrunda girov qoymuşam,
Başqa sənətim yox, ayrı işim yox...
Tanıtsa, bir misram tanıdar məni,
Ayrı sənədim yox, arayışım yox!..

{nl}

Təvazökarlıqla deyilmiş bu misraların müəllifi, əslində yüzlərlə şeiri, minlərlə misrası ilə tanınmış söz cəngavəridir. Milli-mənəvi dəyərlərimizlə baş-başa yaşayan şairin lirik düşüncələri, Vətənlə və əsrarəngiz təbiətimizlə bağlı öygüləri, klassik ədəbiyyatımızın böyük yaradıcılarına hədsiz hüsn-rəğbəti, mənəvi qozbellərə qarşı barışmaz cəngi-cadalı özəl örnəklər kimi çoxdan "ağızlar dadı"na çevrilmişdir.

{nl}

Ürəyimi dağ üstündə dəfn elə:
Bəlkə bu dünyada bir qalam qala!

{nl}

Və yaxud:

{nl}

Vətən gözdür, biz kirpik,
Gözümüzün keşiyini çəkirik.

{nl}

Məmməd Aslanın ən qısa şeirlərindən biri də "Vasitə" adlanır. Cəmi iki misrada çox böyük həyat həqiqəti əksini tapıb:

{nl}

Balıqçıya gərəklidir soxulcan -
Sudan balıq tutuluncan!

Bu kimi nümunələr əsl zərb-məsələ çevrilmək gücündədir:

{nl}

İl - qanadlı, ömür - süvar,
İllər bir-bir ömrü sovar...

{nl}

Onda ki içində bərkidi şeytan,
Yonar varlığını: kərkidi şeytan...

{nl}

Dərdimi götürüb Ağrıya getdim,
Ağrıya ağrıya-ağrıya getdim...

{nl}

Dərd çəkmə, arzuna mənzil uzaqsa,
Yetər ki, taleyin köhlən at olsun...

{nl}

"Şeir dediyimiz şey şair ömrünün poetik közərmələrinin yaddaşıdır. Biz, əslində, ancaq həmin məqamda, həmin "bəhrəvermə" ovqatında şair oluruq. Poetik yaddaşımız olmayan ömrümüz şair ömrü sayılmaz". - Sitat Məmməd Aslandandır.
Sözügedən kitabın ayrı-ayrı fəsilləri özəl maraq doğurur: "Təbriz gözəlləməsi", "Sözün və sazın səngərində", "Onu sanki qələm çəkib", "Zirvədə qalan ömürlər", "Anadolu dəftəri", "Çevrə-çevrə nur", "Suri-qiyamətdən öncə", "Dünyamızın Krım dərdi", "Əlüstü misralar", "Gah nala döy, gah da mıxa" bu sıradandır. Adlarından da göründüyü kimi, şeirlərin bir qismi səfər dəftərlərinin bəhrələridir. Təbrizə, Əhərə, İstanbula, Boluya, Qarsa, Yaltaya, lap elə Yardımlıya, Zaqatalaya, Qusara səfər edən şair restoranları deyil, milli qədimlik ünvanlarımızı, dağları, kəndləri, muzeyləri gəzib tarixi vərəqləyir, işıqlı şəxsiyyətlərlə, qərib soydaşlarımızla görüşüb dərdləşir. Geriyə dönəndə isə bir qayda olaraq qucaq-qucaq şeirlərlə qayıdır.
Bir məsələ də var ki, Məmməd əmi harada gecələsə də, yuxusunda itirdiyi Kəlbəcəri görür. Xalq şairi Sabir Rüstəmxanlıgildə də o cür olub:

{nl}

...Gedib-gedib ta zirvəyə çatmışdım,
Dağ başında bəxtə kəmənd atmışdım,
Kəlbəcərdə gül-çiçəyə batmışdım,
Ayıldım ki, Yardımlıdır gördüyüm.

{nl}

İkicildlikdə toplanan şeirlər arasında Məmməd Araz, Məmməd İsmayıl, Zəlimxan Yaqub, Ənvər Rza, Telli Pənahqızı, Barat Vüsal , Adil Cəmil və başqa şairlərin Məmməd Aslana həsr etdikləri, sevə-sevə qələmə aldıqları nümunələr də var:

{nl}

Qardaş, düzümünün əsiri oldum,
Xəbərim olmadı özümdən mənim.
Sənin çiçəyinə, gülünə baxdım,
Min yarpaq töküldü sözümdən mənim.
(Məmməd Araz)

{nl}

"Bənövşədən, nərgizdən söz yoğurub çələng hörən", "həcvləri qəfil ildırım olan", "sözlərindən göy üzü ulduzlanan", hara getsə,"bulaqla, cığırla ülfət eyləyən", "ruhumuzu qoruyan dərviş, pir Məmməd Aslan" yenə də zirvələrə yoldaş olmağında, haqqı qiblə bilməyində, zülmətlərdə nur gəzməyində və tapıb da bizlərlə paylaşmağındadır. Amma sinninin yetmişi keçən bu çağında hərdən-hərdən qəhərlənib-kövrəlməyi də olur ustadın. Elə xeyirxah eloğlularının yardımı ilə əlində-ovcunda olanları dəclədiyi bu kitabının adı, kitaba yazdığı ön və son sözlər, "Keçib", "Məndən sonra", "Bu, elə bir dərddi ki...", "Yolların sonunda" , "Öz əlim - öz yaxam" kimi şeirləri qəribə bir xiffətə köklənib. Amma nahaq yerə. Nədən? Bunu şair dostu Cabir Umud yaxşı açıqlayıb: "Tanrı tərəfindən seçilən kəslərin ömrü nə vaxta hesablanıb, nə meydana. O kəslərin ömrü dünyanın var olduğu zaman, meydanı isə Yaradanın mehrindən ürəklərdə qərarlaşan və heç bir ölçüyə sığışmayan irfani bir məkandır. O kəslərdən biri də türk dünyasının ləngərli şairlərindən olan Məmməd Aslandır".
Sonda mən də şairə xatırlatmaq istərdim ki, 25 il öncə, 47 yaşında çap etdirdiyi növbəti kitabını "Ömrün yarı yaşında" adlandırmışdı. Bu hesabla o, hələ uzun illər bundan sonra da bizləri yeni əsərləri ilə sevindirməyə borcludur.
Hesabat verməyə tələsmə, ustad!

{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında