Elm həyatın zinətidir

Azərbaycan Dövlət İqtisad Universitetinin tarixində öz vəzifə borcunu ləyaqətlə yerinə yetirən, fəaliyyətini bütünlüklə tələbə-gənclərin təhsilinin, elminin inkişafına yönəldən, bu elm ocağının ənənələrini yaşadan bacarıqlı və təvazökar alim və pedaqoqlardan biri də professor Qəhrəman Rzayevdir. Gənclər onun seminar dərslərinə və mühazirələrinə həmişə xüsusi diqqət və maraqla yanaşmışlar. Görkəmli alim isə tələbələrə müəllimliklə yanaşı, atalıq qayğısı da göstərmiş, onların üzləşdikləri çətinliklərin aradan qaldırılmasına daim kömək etmişdir. Onun təhsil, elm və istehsalat uğurları ictimai mühitdə daim maraq doğurmuşdur. 
Qəhrəman Rəsul oğlu Rzayev 1932-ci il fevral ayının 10-da Naxçıvan MR-in Ordubad rayonunun Əndəmic kəndində anadan olmuşdur. Orta təhsilini Ordubad şəhərində alaraq, 1950-ci ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun uçot-iqtisad fakültəsinə daxil olmuş və 1954-cü ildə "fərqlənmə" diplomu ilə bitirmişdir. Daha sonra Leninqrad Maliyyə-İqtisad İnstitutu yanında müəllimlər hazırlayan məktəbdə təhsil almışdır. 40 ildən artıq öz ixtisası üzrə istehsalatda müxtəlif vəzifələrdə çalışmış Q.Rzayev Binəqədi boru təmiri zavodunda baş mühasib müavini, Volodarski adına maşınqayırma zavodunda baş mühasib, Dövlət Plan Komitəsində aparıcı iqtisadçı, Azərbaycan KP MK-nın maliyyə-plan və ticarət orqanları şöbəsində təlimatçı, Ticarət Nazirliyi Nəzarət-Təftiş İdarəsinin rəisi, Heyvandarlıq Və Baqqaliyyə Malları Topdansatışı İdarəsinin baş direktoru və digər rəhbər vəzifələrdə işləmişdir. O, dövlət ticarətinin inkişafındakı müvəffəqiyyətlərinə görə "Sovet ticarəti əlaçısı" nişanı ilə təltif edilmişdir.
ADİU-nin mühasibat uçotu kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor S.Səbzəliyev bildirir ki, mühasibat uçotu qarşısında qoyulan mühüm məsələlərdən biri müəssisələrdə mövcud olan əmlakın qorunub saxlanması ilə əlaqədar profilaktik metodiki tədbirlərin həyata keçirilməsidir. Q.Rzayevin hələ 1977-1981-ci illərdə Azərbaycan Respublikasının Ticarət Nazirliyi nəzarət-təftiş idarəsinin rəisi vəzifəsində işlədiyi dövrdə əmlakın qorunması və saxlanması ilə əlaqədar hazırladığı təcrübi-metodiki tədbirlər kompleksi keçmiş SSRİ Ticarət Nazirliyinin 1978-ci ildə Latviyanın paytaxtı Riqa şəhərində keçirdiyi nəzarət-təftiş işçilərinin Ümumittifaq elmi-texniki seminarında bəyənilmiş və nazirliyin Mərkəzi Elmi-Tədqiqat İnstitutu tərəfindən bütün respublikalarda həyata keçirilməsi tövsiyə olunmuşdur.
Qəhrəman Rzayev istehsalatda işlədiyi dövrlərdə elmi-pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. O, 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin aspiranturasını bitirmiş və dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi adı almışdır. Azərbaycan Dövlət İqtisad İnstitutunda əvəzçiliklə müəllim vəzifəsində çalışmış və bir neçə il buraxılış imtahanları üzrə Dövlət İmtahan Komissiyasının sədri olmuşdur.
Alimin mühasibat uçotu və Azərbaycan Respublikası iqtisadiyyatının inkişafı ilə əlaqədar iki monoqrafiyası və bir sıra elmi-metodiki məqalələri nəşr olunmuşdur. 1998-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin uçot-iqtisad fakültəsinin mühasibat uçotu və audit kafedrasında baş müəllim işləyən Qəhrəman Rzayevə 2001-ci ildə dosent elmi adı verilmişdir. O, hazırda universitetin professorudur. 2005-ci ildə ADİU-nun uçot-iqtisad fakültəsinin dekanı vəzifəsini icra etmişdir.
İqtisad Universiteti statistika kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor S.Yaqubov həmkarı haqqında deyir:
- Universitetdə işlədiyi dövrdə Q.Rzayev daha intensiv elmi-pedaqoji fəaliyyət göstərmişdir. Hazırda respublikamızın iqtisadiyyatının sərbəst bazar iqtisadiyyatı prinsipləri üzrə inkişafı ilə əlaqədar idarəetmənin yeni tələblər səviyyəsində qurulması, mühasibat uçotu prinsiplərinin beynəlxalq standartlara uyğunlaşdırılması kadr hazırlanması keyfiyyətinin daha da yüksəlməsini tələb edir. İnkişaf etmiş ölkələrin mütəxəssislərinin araşdırmaları göstərir ki, iqtisadiyyatının idarəetmə sistemində istifadə olunan informasiyaların 70 faizindən çoxu mühasibat uçotu məlumatları əsasında hazırlanır.
Bütün göstərilənləri nəzərə alaraq Q.Rzayev son illərdə mühasibat uçotu və audit üzrə vəsaitlər, dərsliklər və tədris proqramlarının hazırlanmasına xüsusi diqqət vermişdir. Q.Rzayev Azərbaycan Dövlət İqtisad Universitetində tədris olunan "Beynəlxalq mühasibat uçotu və audit", "Beynəlxalq mühasibat uçotunun standartları və maliyyə hesabatı", "Mühasibat nəzarəti və daxili auditin metodiki prinsipləri", "Mühasibat uçotu və audit" dərslik və vəsaitləri çap olunmuşdur. Həmin dərslik və dərs vəsaitləri üzrə tədris proqramları da nəşr olunmuşdur. Q.Rzayev 2005-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının kriminalistika kafedrasının əməkdaşı ilə "Məhkəmə mühasibatı" kitabını hazırlayıb çap etdirmişdir. O, "Mühasibat uçotu və audit" adlı yeni dərsliyin də müəllifidir.
Q.Rzayev respublika mətbuatında, elmi jurnallarda daim elmi-metodiki məqalələrlə çıxış edir. Mühasibat uçotu və onun konseptual prinsiplərinə aid 90-dan artıq monoqrafiya, dərslik, dərs vəsaiti və elmi-metodiki məqalənin müəllifidir.
Qəhrəman müəllim pedaqoji fəaliyyəti dövründə "Mühasibat uçotu və audit", "Beynəlxalq iqtisadi münasibətlər", "Maliyyə" ixtisasları üzrə təhsil alan, "Magistr hazırlığı" qruplarında "Uçot və hesabatın beynəlxalq standartları", "Beynəlxalq mühasibat uçotu və audit", "Audit işinin təşkili" fənlərini yüksək elmi-pedaqoji səviyyədə tədris etməkdədir. O, eyni zamanda göstərilən fənlər üzrə əməli-metodiki məşğələlər aparır, tələbələrin buraxılış işlərinə, magistr və dissertasiya işlərinə rəhbərlik edir. Professor Q.Rzayevin fundamental əsərlərinin bir qismi Moskvanın elmi nəşrlərində işıq üzü görmüşdür. Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri ilə "Mühasibat uçotu və audit" kitabı bu ixtisas üzrə təhsil alan tələbələr, magistrlər üçün dərslik kimi təsdiq olunmuşdur.
Professor Q.Rzayev universitetin ictimai işlərində fəal iştirak edir. Professor-müəllim heyəti arasında yüksək nüfuzu olan alim işlədiyi müddət ərzində özünü savadlı, bacarıqlı və işgüzar bir mütəxəssis kimi göstərmişdir. O, universitetin uçot-iqtisad fakültəsinin elmi şurasının üzvüdür.
Az.DİU-nun Elmi Şurasının qərarı və rektorun əmri ilə kafedra müdiri və fakültə dekanı vəzifələrinin seçilməsinin şəffaf və obyektiv aparılmasını təmin etmək üçün komissiya yaradılmış və professor Q. Rzayev sədr təyin olunmuşdur.
Q.Rzayev "1941-1945-ci illər Böyük Vətən müharibəsi illərində Əməkdə fərqlənməyə görə" medalı, Qələbənin 60 illiyi və 65 illiyi yubiley medalları və "Tərəqqi" medalı ilə təltif edilmişdir. Görkəmli iqitisadçı alim, təcrübəli təşkilatçı, professor Qəhrəman Rzayevə cansağlığı, uzun ömür və yeni yaradıcılıq uğurları arzulayırıq.

{nl}

Namiq QƏDİMOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında