Ədəbiyyatünas Tərlan Novruzovun "Cəfər Xəndan Hacıyev: həyatı və yaradıcılıq yolu" kitabı "Elm" nəşriyyatında bu günlərdə çapdan çıxmışdır. Alim Cəfər Xəndanın həyatı və yaradıcılıq yolunu ilk dəfə tədqiqat obyekti kimi monoqrafik şəkildə araşdırmışdır.
Əsərdə Azərbaycan sovet ədəbiyyatşünaslığının yaradıcılarından biri olan, bu sahədə böyük elmi-nəzəri, ədəbi-bədii irs qoymuş Cəfər Xəndanın həyat və yaradıcılıq yolu mərhələ-mərhələ tədqiq olunur. O, görkəmli şair, ədəbiyyatşünas, şərqşünas, tərcüməçi və Cənubi Azərbaycan ədəbiyyatının ilk tədqiqatçısı kimi araşdırılır, alimin jurnalistik və müəllimlik fəaliyyətinə işıq salınır. Kitabda alimin həyat və yaradıcılığı üç fəsildə və yeddi yarımbaşlıqlarla öyrənilir.
Birinci fəsildə filologiya elmləri doktoru, professor Tərlan Novruzov Cəfər Xəndanın poeziyasından, onun ədəbiyyata şeirlə gəlməsindən söz açır, təbiət və məhəbbət mövzusunda yazdığı "Bizim dağlar", "Bakı", "Günəş və qaranlıq", "Rus qışı", "Ləzgi qızı", "Mənim eşqim", "Yalnız sən", "Ey Pəri", "Aya baxdım" və s. şeirlərini təhlil edir. Müharibə mövzusunda qələmə alınmış "Döyüşə gedirəm", "Cəbhədən məktub", "Gələcəyəm, gözlə məni", "Dava haçan bitəcək", "Ey Bakı", "Sevgilim" və s. şeirləri faşizmə, işğalçılara qarşı mübarizəyə çağırış, qələbəyə inam, Vətənə məhəbbət hissləri aşılayır. Müəllif Cəfər Xəndanın Qarabağ mövzusunda yazdığı "Qərənfil" poemasını da təhlil edir. Tədqiqatçı düzgün olaraq qeyd edir ki, Cəfər Xəndan yüksək poetik ruhla Qarabağ dərdlərini görmüş, duymuş, onun dağlarını qara dumanların bürüdüyünü bildirmişdi. "Duman göz açmağa aman verməyir", "Sular hamımıza matəm saxlayır", "Vətən övladına yad gəlir Vətən", "Bizi bürümədi çovğun, duman, çən" kimi metaforik deyimlərin ictimai, sosial, siyasi yükü və tutumu çox mətləblərdən xəbər verir. Böyük ictimai həqiqətlərin dərkinə xidmət edir. "Mübarizə yollarında", "Lalə", "Sabir", "Qərənfil" kimi poemaların estetik cəhətdən xalqımızın zövqünün formalaşmasında, mənəvi yetkinləşməsində rolundan da söz açılır.
Cəfər Xəndanın tərcüməçilik fəaliyyətindən bəhs edərək onu yüksək dəyərləndirən alim onun fars dilindən etdiyi tərcümələrin - Nizami Gəncəvinin və M.Heyran xanımın iki qəzəlinin, M.F.Axundovun "Şərq poemasının" zamanında maraqla qarşılandığını bildirir. T.Novruzov qeyd edir ki, Üzeyir Hacıbəyovu Nizami şeirlərinə müsiqi yazmağa ruhlandıran cəhətlərdən biri Cəfər Xəndanın səlis və müsiqili dillə etdiyi tərcümələr olmuşdur.
Cəfər Xəndan yaradıcılığında Sabir mövzusunu bir sabirşünas kimi tədqiq edərək müəllif yazır: "C.Xəndanın yaradıcılığı Sabirlə başlamış, Sabirlə də qurtarmışdır. Sabirin qeyri-adı orijinal yaradıcılığı Cəfər Xəndanı ömrü boyu düşündürüb. O, həm elmi, həm də bədii yaradıcılığında M.Ə.Sabirin nəhəng obrazını məhəbbətlə yarada bilib. Bu cəhətdən onun Sabir haqqında yazdığı "Sabirin həyatı" adlı dəyərli kitab bu gün də maraqla oxunur. Ön sözün müəllifi professor Qəzənfər Kazımov yazır: "Tərlan Novruzovu müəllimi Cəfər Xəndan ilə böyük Sabirin-satirik Mirzə Ələkbər Sabir Tahirzadənin satirik poeziyası birləşdirir. Hər ikisi Sabir poeziya sından mənəvi zövq və ilham almış, hər ikisi Sabir poeziyasına ömür həsr etmiş, hər ikisi Sabir poeziyası haqqında ürəkdolusu danışmışdır".
II fəsildə Cəfər Xəndan yaradıcılığında ədəbi-tənqid məsələləri tədqiqat obyektidir. Ə.Haqverdiyevin, C.Məmmədquluzadənin, M.S.Ordubadinin, S.Rəhimovun, M.C.Paşayevin yaradıcılıqları ilə bağlı alimin məqalələri nəzərdən keçirilir. S.Vurğun, S.Rəhman, A.Şaiq, S.S.Axundov və başqa dramaturqların əsərləri C.Xəndan tədqiqində araşdırılır.
T.Novruzov onun dərslik müəllifi kimi ("Sovet ədəbiyyatı"(həmmüəllif), "XX əsr Azərbaycan ədəbiyyatı", "Ədəbiyyat nəzəriyyəsi") xidmətlərinə də işıq salır.
Tədqiqatçı görkəmli alimin Böyük Vətən müharibəsi illərində Təbriz şəhərinə getməsini, orada "Vətən yolunda" qəzetində məsul vəzifədə çalışmasını, yaradıcılığında Cənubi Azərbaycan ədəbiyyatı mövzusunu inkişaf mərhələsi kimi qiymətləndirir. Tərlan Novruzov Cəfər Xəndanın "Cənubi Azərbaycan ədəbiyyatında milli azadlıq ideyaları" adlı doktorluq dissertasiyasını, Cənubi Azərbaycanın ədəbi şəxsiyyətləri haqqında yazdığı oçerk və məqalələrini geniş tədqiq edir. Bu zaman müəllif alimin Cənubi Azərbaycan ədəbiyyatı yaradıcılığını mərhələlərlə - XV, XVI, XIX, XX əsrlər kontekstində araşdırır. Tərlan Novruzov alimin Cənubi Azərbaycan ədəbiyyatı ilə bağlı apardığı tədqiqatlarından belə nəticəyə gəlir: "Onun Cənubi Azərbaycan ədəbiyyatı haqqında elmi axtarışları, doktorluq dissertasiyası və çoxsaylı məqalələri, habelə orijinal elmi nəticələri və ümumiləşdirmələri ədəbiyyat tarixinin yetərincə öyrənilməsi üçün əvəzsiz qaynaqlardır və dəyərli qaynaqlar olaraq qalacaqdır".
Faydalı axtarışların bəhrəsi olan "Cəfər Xəndan Hacıyev: həyatı və yaradıcılıq yolu" tədqiqat əsəri orta və ali məktəblərin ədəbiyyat müəllimləri, ali məktəblərin humanitar yönümlü fakültələrin tələbələri üçün elmi-nəzəri vəsait, geniş oxucu üçün maraqlı ədəbi-estetik mənbədir.
{nl}
Ramazan QAFARLI, filologiya elmləri doktoru, professor, Pərixanım SOLTANQIZI, fəlsəfə doktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.