Mərkəzləşdirilmiş buraxılış imtahanları: reallıqlar və nəticələr

Son vaxtlar respublika ictimaiyyəti arasında təhsillə bağlı müxtəlif səviyyələrdə geniş müzakirə olunan məsələlərdən biri ümumi orta və tam orta təhsil kursları üzrə buraxılış imtahanlarının mərkəzləşdirilimiş qaydada aparılması ilə bağlıdır. Bu cür müzakirələr, hər şeydən əvvəl, təhsilin dövlət və cəmiyyət üçün sosial tələbə çevrilməsindən xəbər verir. 
Uzun illər pedaqoji sahədə çalışan bir təhsil işçisi kimi, Valideyn - Müəllim Assosiasiyası üzvlərinin əksəriyyətinin fikirlərini ifadə edərək və təhsilin keyfiyyətindəki irəliləyişi əsas tutaraq, buraxılış imtahanlarının bu qaydada aparılmasını müdafiə edir və əks qütbdə duranların əsassız arqumentlərini, xüsusilə, son illər təhsil sahəsində yüksəlişə kölgə salmaq istəyənləri cavablandırmaq istəyirik. Təəssüf doğuran hal budur ki, bəzən qərəzli, birtərəfli populist çıxışlar insanlarda çaşqınlıq yaradır, onlarda yanlış fikir formalaşdırır. Ölkə miqyasında xüsusi əhəmiyyət kəsb edən, gələcəyə hədəflənmiş təhsil quruculuğunda xırda qüsur və çatışmazlıqları şişirtmək əvəzinə, ümummilli maraqlar üstün tutulmalıdır, Azərbaycanın gələcək inkişaf modelini formalaşdıran başlıca amil olaraq təhsilə baxış bucağı yaxşını görməyə yönəlməlidir.
Təhsilimizin durmadan artan keyfiyyət səviyyəsi ilə bağlı yersiz qarayaxmaların formalaşdırılması cəhdlərinin bir səbəbi də, heç şübhəsiz, Azərbaycan təhsilində baş verən yeniliklərin və aparılan islahatların nəticələrini biz müəllimlərin geniş ictimaiyyətə lazımınca çatdıra bilməməyimizdir. Təhsil Nazirliyinin xətti ilə, eləcə də təhsil sahəsinin nümayəndələri tərəfindən "Azərbaycan müəllimi", "Təhsil və zaman", "Təhsil problemləri" qəzetləri, "Kurikulum", "Azərbaycan məktəbi" "Təhsil" jurnalları, www.edu.gov.az və www.kurikulum.az portallarında, həmçinin təhsil üzrə digər sahə qəzet və jurnallarında, İctimai Televiziyanın "Açıq dərs" tok - şousunda və s. yeni təhsil siyasətinə uyğun görülmüş işlər barədə geniş ictimaiyyətin məlumatlandırılması və maarifləndirilməsi istiqamətində əhəmiyyətli işlər görülsə də, görünür, bu, hələ azdır.
Məsələnin qiymətləndirilməsinə gəldikdə isə etiraf edilməli reallıq budur ki, uğurla aparılan islahat proqramları nəticəsində Azərbaycan təhsili yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Təhsil sahəsində icra edilən dövlət proqramları nəticəsində bütövlükdə təhsil infrastrukturunun və təhsilin məzmununun yeniləşdirilməsi istiqamətində mühüm nailiyyətlər əldə edilmişdir. Dövlət siyasətinin əsas prinsiplərindən biri kimi Azərbaycan təhsili milli-mənəvi və ümumbəşəri dəyərlərin prioritetliyi əsasında dünya təhsil sisteminə daha geniş mənada inteqrasiya olunaraq inkişaf etməkdədir.
Heç kim təkzib edə bilməz ki, qısa zaman kəsiyində təhsil müəssisələrinin maddi-texniki və tədris bazası nəzərəçarpacaq dərəcədə möhkəmləndirilmiş, məktəblərimizin informasiya-kommunikasiya texnologiyaları ilə təminatının əhatə dairəsi genişləndirilmişdir. Azərbaycan məktəbinin laboratoriyaları dünya standartları səviyyəsində müasir avadanlıqlarla, tədris-əyani vəsaitlərlə, audio-vizual materiallarla zənginləşdirilmişdir. Pedaqoji kadr təminatı üzrə inkişaf proqramına uyğun olaraq, müəllim kadrlarının seçimi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilməkdədir.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş islahat proqramlarını Prezident İlham Əliyev uğurla davam etdirir. Təhsilimizə, təhsil işçilərinə göstərdiyi diqqət və qayğını təsdiqləmək üçün istənilən sayda misal çəkmək mümkündür. Ölkədə fəaliyyət göstərən 4500-dən çox ümumtəhsil məktəbi şəbəkəsinin az qala yarısı təzələnmiş - 2161 yeni məktəb binası tikilib istifadəyə verilmişdir. Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı yekun nitqində Prezident İlham Əliyev söyləmişdi: "Mən hesab edirəm ki, Azərbaycanda pis vəziyyətdə məktəb olmamalıdır. Bunu ya qəzalı adlandırmaq, yaxud da ki, pis vəziyyətdə olan məktəb kimi qələmə vermək olar. Ancaq bütün məktəblər yaxşı vəziyyətdə olmalıdır. Harada ki yenidən qurulmalıdır onu edəcəyik, harada ki təmirə ehtiyac var əlbəttə ki, onlar təmir olunacaqdır". Həmin çıxışdan sonra 2011/2012-ci tədris ili ərəfəsində respublika üzrə 130 məktəb yenidən qurulmuş, lazımi avadanlıqarla təchiz edilmişdir.
2006-cı ildə Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş "Ümumi təhsilin konsepsiyası (Milli Kurikulum)" sahəsində davamlı islahat proqramı növbəti dərs ilindən yeni mərhələyə qədəm qoyacaqdır. Belə ki, milli kurikulum əsasında təhsil almış IV sinif şagirdləri 2012/2013-cü tədris ilindən ümumi orta təhsil pilləsində oxuyacaqlar. Bu, özlüyündə V-IX sinif şagirdləri üçün on milyonlarla nüsxədən ibarət yeni nəsil dərslik komplektləri, müəllimlər üçün vəsaitlər, kurikulum tələblərinin tətbiq ediləcəyi siniflərdə müəllimlərin xüsusi təlimlərdən keçməsi deməkdir.
Prezident İlham Əliyevin 16 aprel 2007-ci il tarixli 2090 saylı sərəncamı ilə təsdiq etdiyi "2007/2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 5000 gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi nəzərdə tutulmuşdur. İndiyə kimi 1204 nəfər ölkəmizin ehtiyac duyduğu sahələr üzrə müxtəlif təhsil səviyyələrində təhsil almaq üçün dünyanın qabaqcıl universitetlərinə göndərilmişdir. Hazırda dünyanın 23 ölkəsinin 200-dək nüfuzlu ali məktəblərində 853 nəfər soydaşımız təhsil alır.
Təhsil tarixmizdə ilk dəfə olaraq 20-yə yaxın inkişafyönümlü dövlət proqramı təsdiq olunmuş və uğurla həyata keçirilməkdədir. Məhz bu reallıqların nəticəsidir ki, təhsil sahəsində aparılan islahatları yüksək qiymətləndirən ölkə başçısı İlham Əliyev demişdir: "Təhsil Nazirliyində düşünülmüş proqram, konsepsiya vardır". Göründüyü kimi, qarşıda informasiya cəmiyyətində yaşayıb fəaliyyət göstərməyi bacaran, rəqabət qabiliyyətli, müasir tələblərə və şəraitə uyğun, yeni təfəkkürlü, yüksək intellektual səviyyəli, mütərəqqi texnologiyalara yiyələnmiş vətəndaş və şəxsiyyət yetişdirmək üçün ölkədə real zəmin yaradılmışdır. Başqa sözlə, milli təhsil sisteminin formalaşdırılması yolunda atılan addımlar, yaradılan şərait onu deməyə əsas verir ki, ölkənin artmaqda olan iqtisadi potensialının intellekt potensialına çevrilməsi günün reallığıdır.
Milli təhsil sisteminin yeni inkişaf dövrünün bir reallığı da təhsil sahəsində dövlət siyasətinin prinsipləri əsasında dönmədən yeni məqsəd və vəzifələrin müəyyənləşdirilməsidir. Pedaqoji ictimaiyyət bu mənada əmindir ki, Prezident İlham Əliyevin sərəncamı ilə hazırlanmaqda olan "2011/2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya" təhsil sahəsində yeni siyasəti reallaşdıracaq, cəmiyyətin bütün təbəqələrini əhatə edəcək səviyyədə inkişafa imkan yaradacaq, gələcək uğurlara yol açacaqdır.
Azərbaycanda vətəndaş cəmiyyətinin yaradılması yolunda atılan bu kimi addımlar, eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2009-cu il tarixli, 9 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ümumtəhsil sistemində Qiymətləndirmə Konsepsiyası" ümumtəhsil məktəbləri şagirdlərinin bilik, bacarıq və vərdişlərinin səviyyəsini müəyyənləşdirmək məqsədilə yeni qiymətləndirmə sisteminin tətbiqini zəruri etmişdir. Nəticədə, 2008/2009-cu tədris ilindən ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada aparılmasına başlanmışdır.
Sual olunur: buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada aparılmasına lüzum varmı? Biz qəti şəkildə deyirik: var! Bu qənaətə gəlməyimizin səbəblərini üç ilin təcrübəsi əsasında aşağıdakı kimi qruplaşdırmaq istərdik:
Ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada aparılması, bütövlükdə, təhsil sistemimizin inkişafına xidmət edir, təlim keyfiyyətinə müsbət mənada mühüm təsir göstərir. Təhsil Nazirliyinin son 3 dərs ilində tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələri ilə bağlı apardığı müqayisəli təhlilə diqqət yetirək. Aydın olur ki, 0-20 və 20-40 faiz nəticə göstərən rayonların sayı ilbəil azalmış, əksinə, 60-80 və 80-100 faiz nəticə göstərənlərin sayı artmışdır.
2004, 2010 və 2011-ci illər üzrə əlaçı məzunların tələbə qəbulundakı nəticələrinin müqayisəli təhlili də maraq doğurur. 2004-cü ildə, yəni buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada deyil, məktəblər tərəfindən aparıldığı vaxtlar əlaçı məzunların 10,6 faizi 0-100 bal toplayırdısa, 2010-cu ildə bu rəqəm 0,6 faizə, 2011-ci ildə isə 0,5 faizə enmişdir. 2004-cü ildə əlaçı məzunların 19,5 faizi 500-700 arası bal toplayırdısa, 2010 və 2011-ci illərdə bu rəqəmlər müvafiq olaraq 63,6 və 73,4 faizə qədər yüksəlmişdir.
Sirr deyil ki, şagirdlər əvvəllər yalnız ali məktəbə qəbul zamanı seçdikləri qrup üzrə nəzərdə tutulan fənləri oxuyur, digər fənlərə ögey münasibət bəsləyirdilər. Bu da "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda təsbit olunmuş təhsilin əsas məqsədinin və təhsil sahəsində dövlət standartlarının həyata keçirilməsinə əngəllər törədirdi. Mərkəzləşdirilmiş imtahanlar şagirdlərin əsas təlim fənlərinə münasibətini dəyişmiş, məsuliyyətini artırmışdır. Eyni zamanda, müəllim və valideynlərin sıx əməkdaşlığına, faydalı ünsiyyət mühitinin yaradılmasına, X-XI siniflərdə davamiyyətin yaxşılaşmasına, cəmiyyəti narahat edən neqativ halların aradan qaldırılmasına səbəb olmuşdur. Yeni qayda təlim prosesinin təkmilləşdirilməsinə diqqəti artırmış, həmçinin cəmiyyətdə müəllimin statusunun və nüfuzunun yüksəldilməsinə təkan verən amilə çevrilmişdir. Bütün məktəblərdən 100 faiz mənimsəmə tələb etmək, oxudu-oxumadı hamıya attestat vermək kimi keçmiş SSRİ-dən qalma sterotiplərə son qoyulmuşdur. İndi həm şagirdlərə, həm də valideynlərə aydındır ki, tam orta təhsil haqqında attestat almaq üçün yeganə meyar bilikdir. Bütün bu deyilənlərlə yanaşı, mərkəzləşdirilmiş buraxılış imtahanları cəmiyyətdə sosial ədalət prinsipinin bərqərar olmasına, əhalinin savadlılıq səviyyəsinin yüksəldilməsinə, şagirdlərin özünürealizə imkanlarını təmin etməyə yönəlir, ölkəmizdə vətəndaş cəmiyyətinin qurulmasında məktəbin rolunu artırır, yüksək bilikli kadrların hazırlığına zəmin yaradır və s.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul imtahanlarında məzunların 2010 və 2011-ci illərdə mümkün olan maksimum 700 bal toplaması, istedadlı gənclərimizin büynəlxalq bilik yarışlarında və dünya fənn olimpiadalarında 10 qızıl, 27 gümüş və 53 bürünc olmaqla - 90 medal qazanması şagird nailiyyətlərinin qiymətləndirilməsi sahəsində həyata keçirilən tədbirlərlə bağlıdır. Birinci hal ali məktəblərə hazırlıq səviyyəsinin yüksəlməsindən xəbər verirsə, ikinci hal "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı" nın icrası üzrə məqsədyönlü işin nəticəsidir.
Əlbəttə, mərkəzləşdirilmiş buraxılış imtahanlarının üstünlükləri danılmazdır. Buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada aparılması artıq özünü nəinki doğrultmuş, zərurətə çevrilmişdir. Digər tərəfdən, bu mütərəqqi addımın dünyada Azərbaycan vətəndaşlarının savadlılıq indeksi üzrə göstəricilərinin formalaşdırılması yolunda Prezident İlham Əliyevin həyata keçirməkdə olduğu strateji kursa uyğundur.
Dövlətimizin başçısı ölkənin tərəqqisində təhsilin rolu ilə bağlı son nitqlərindən birində demişdir: "İndiki zamanda yaxşı təhsil almaq çox önəmlidir. Bu o deməkdir ki, gələcəkdə uşaqlar, gənclər həyatda özlərinə layiq yer tutacaqlar. İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, o ölkələr inkişaf edir ki, orada təhsil yüksək səviyyədədir, yeni texnologiyalar tətbiq olunur. Ümumiyyətlə, dünyada gedən tərəqqinin əsas əlaməti və səbəbi bilikdir, savaddır. Ona görə də Azərbaycanda yeni gənc nəslin yetişdirilməsi və tərbiyə olunmasında təhsilin, məktəbin çox böyük əhəmiyyəti var".
Beləliklə, təhsil sistemində qarşıya qoyulan məqsədlərə çatmaq üçün mövcud reallıqlar və onların nəticələri deməyə əsas verir ki, yaxın gələcəkdə Azərbaycanın təhsili dünyada məhz bu meyarlarla ölçülən daha yeni uğurlara imza atacaqdır.

{nl}

Mayıl İSMAYILOV, Mingəçevir Şəhər Təbiət- Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseyin direktoru, filologiya üzrə fəlsəfə doktoru, əməkdar müəllim

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında