Azərbaycan elmi ictimaiyyəti filologiya elmləri doktoru, professor, Milli Elmlər Akademiyasının müxbir üzvü, Dövlət Mükafatı laureatı, əməkdar elm xadimi Ağamusa Ağası oğlu Axundovun anadan olmasının 80 illiyini qədirbilənliklə qeyd edir. Azərbaycan dilçiliyinin zirvələrində seçilən mövqeyi, üslubu, öz məktəbi olan Ağamusa müəllim görkəmli dilçi-alim, ədəbiyyatşünas-tənqidçi, publisist, elm təşkilatçısı, yurdsevər şəxsiyyətdir.
O, "Dil və üslub məsələləri" (1957), "Felin zamanları" (1901), "Dilçiliyə giriş" (1966), "Ümumi dilçilik" (1979), "Riyazi dilçilik" (1979), "Azərbaycan dilinin fonetikası" (1984), "Dilçiliyin tarixi, nəzəriyyəsi və metodları" (1994), "Dil və ədəbiyyat" 2 cilddə (2003), "Azərbaycan dilinin izahlı lüğəti" (2005) kitablarının və bir sıra monoqrafiyanın, dərsliklərin, 500-ə qədər elmi məqalənin müəllifidir. Bu əsərlər dil tarixinin, dilimizin müasir quruluşunun, dil nəzəriyyəsinin, ümumi dilçiliyin aktual problemlərinə həsr olunmuşdur. Belə əsərlər elmin bugününü və gələcəyini düşünən alim narahatçılığının və yorulmaz fəaliyyətin məhsulu kimi ərsəyə gəlmişdir.
Ağamusa Axundov yaradıcılığa ötən əsrin 50-ci illərinin əvvəlindən başlasa da, "60-cılar" hərəkatının görkəmli nümayəndələri kimi şöhrət tapmışdır. Alim geniş diapazonlu fəaliyyəti, zəngin yaradıcılıq irsi ilə Azərbaycan dilçiliyinə, bütövlükdə, türkologiya aləminə fundamental əsərlər bəxş etmişdir. Onun namizədlik və doktorluq dissertasiyalarının hər biri Azərbaycan dilçiliyində yeni cığır açmışdır. Azərbaycan dilçiliyinə ilk dəfə olaraq fəlsəfi və linqvistik yönümdən yanaşmaqla, Ağamusa Axundov göstərmişdir ki, zaman təkcə insan həyatının ölçüsü deyil, həm də onun inkişafı üçün məkandır. Zaman kateqoriyasından söhbət gedəndə ilk olaraq Ağamusa Axundovun "Felin zamanları" (1961) əsəri yada düşür.
1964-cü ildə - 32 yaşında müdafiə etdiyi doktorluq dissertasiyası ilə o, Azərbaycanda Axundov fonoloji məktəbinin əsasını qoymuşdur. "Azərbaycan dilinin fonemlər sistemi (fizioloji, akustik, statistik, fonoloji tədqiqat təcrübəsi)" adlanan bu tədqiqatı təkcə Azərbaycan dilçiliyi üçün deyil, bütövlükdə, türkoloji dilçilik üçün hadisə sayılır. Həmin əsər 1973-cü ildə "Maarif" nəşriyyatında fundamental monoqrafiya şəklində nəşr edilmişdir. Monoqrafiyada Azərbaycan dilinin fonetik və fonoloji qanunauyğunluqları ümumiləşdirilmiş, sait və samitlər fizioloji, akustik, statistik, fonoloji cəhətdən təhlil edilmiş, fonetik və fonematik səs dəyişmələri araşdırılmışdır. Əsərdə fizioloji oppozisiyalar və fərqləndirici əlamətlər adlı prinsiplər ilk dəfə Azərbaycan dili materialı əsasında araşdırılır. Azərbaycan fonologiyası məktəbinin banisi olan Ağamusa Axundov həm də Azərbaycan dilinin sintaqmatik fonetikası sahəsinin yaradıcısıdır.
Alimin fonetika və fonologiya sahəsi ilə bağlı çoxillik səmərəli araşdırmalarının nəticəsi kimi 1984-cü ildə "Azərbaycan dilinin fonetikası" adlı fundamental monoqrafiyası elmi ictimaiyyətə təqdim olunmuşdur. Bu sanballı tədqiqatın elmi dəyərini yüksək qiymətləndirən Azərbaycan dövləti fonetika və fonologiya sahəsinin inkişafındakı xidmətlərinin məntiqi yekunu olaraq Ağamusa Axundovu 1986-cı ildə Azərbaycan Dövlət mükafatına layiq görmüşdür.
"Azərbaycan dilinin tarixi-etimoloji lüğəti" mövzusunda yazdığı silsilə məqalələri ilə alim Azərbaycan dilçiliyində yeni bir istiqamət açmışdır. Ağamusa Axundov dilçilikdə yenilik şəhadətnaməsi olan görkəmli alimdir. Türkoloji dilçilikdə sintaqmatik funksiyaya həsr edilmiş ilk mükəmməl və hərtərəfli tədqiqat Ağamusa Axundov qələminin məhsuludur. O, türk dillərində sıra kateqoriyasının mövcudluğunu əsaslandırmışdır. Digər bir yenilik türk dillərinin məntiqi tipinin yaradılması ideyasıdır.
Ağamusa Axundov dilçilikdə olduğu kimi, ədəbiyyatşünaslıq sahəsində də nüfuzlu şəxsiyyət, dəsti-xətti olan tədqiqatçıdır. Hər iki sahəyə dərindən bələdliyi sahəsində alim şeir vəzninin yazıldığı dilin fonetik quruluşundan asılılığını sübut etmişdir. A.Axundovun yaradıcılığında dünya miqyasında diqqəti cəlb edən ümumi dilçilik və dil nəzəriyyəsi ilə bağlı olan dil və cəmiyyət, dilin coğrafi differensiyası, dil təkamülünün sosioloji istiqamətləri, dil sistemi, "dil səviyyələrinin" aktual problemləri öz həllini tapmışdır. Azərbaycan dilçiliyində ilk dəfə olaraq metod və metodologiya, dilin öyrənilməsinin sosioloji, məntiqi, psixoloji, fizioloji, akustik, distributiv, riyazi, statistik tədqiqat üsulları müəyyənləşdirilmişdir.
Uzun müddət Bakı Dövlət Universitetinin "Ümumi dilçilik" kafedrasında işləmiş Ağamusa müəllimin elmi-pedaqoji fəaliyyətinin nəticəsi kimi "Ümumi dilçilik" kitabı çapdan çıxmışdır. Kitabda linqvistik nəzəriyyələrin qısa tarixi, dünya dilçiliyinin əsas problemləri, dilin fəlsəfi və ictimai məsələləri, dilin daxili sistemi və quruluşu, dilçilik metodları təyin edilmiş, dəqiqləşdirilmişdir. Bununla yanaşı, fonologiya, onun predmet və vəzifələri, fonem, fonemin tədqiqi tarixi, qrammatika, qrammatik kateqoriyaların mahiyyəti, morfologiya və onun əsas vahidi, söz yaradıcılığı, leksikologiya, linqvistik tipologiya məsələləri ilə bağlı bir-birindən maraqlı axtarışlar aparan A.Axundov qrammatik quruluşuna görə dillərin müxtəlif tiplərini kontrastiv, müqayisəli və konseptual istiqamətdə araşdırmış, nəzəri ümumiləşdirmələrlə bu problemlərə aydınlıq gətirmişdir. Xüsusən, alim riyazi dilçilik terminləri ilə bağlı olan təhlil üsullarını, Amerika deskriptiv dilçilik məktəblərində geniş yayılmış distributiv təhlilinin mahiyyəti açıqlamış və bu anlayışı əslində, Azərbaycan dilçiliyinə o gətirmişdir.
Azərbaycan dilçilərinin böyük bir nəsli bu dərslikdən faydalanmış, dilçiliyin əsas tədqiqat metodları, üsulları, dilçilik məktəblərinin spesifik xüsusiyyətləri, elmi istiqamətləri, cərəyanları barədə məlumatı onlar ilk dəfə bu kitablardan almışlar. A.Axundovun "Dilçiliyə giriş", "Ümumi dilçilik" əsərləri ali məktəblərdə uzunömürlü dərslik kimi nadir kitablardandır.
Respublikamızda riyazi dilçilik elminin yaradıcısı da A.Axundovdur. Dilçilik elminin müasir inkişaf meyillərini və perspektivlərini nəzərə alaraq, riyazi dilçilik sahəsində bir sıra tədqiqatların nəticəsi olaraq "Riyazi dilçilik" kitabı nəşr olunmuşdur. Bu kitabda riyazi dilçilik termininin yaranması, inkişafı və dilin tədqiqinə riyazi üsulların tətbiqi kimi məsələlər geniş şərh olunmuş, eləcə də riyazi dilçilik terminləri ilə bağlı anlayışlar Azərbaycan dilçiliyinə gətirilmişdir.
Azərbaycan dilinə müasir dövrümüzdəki münasibət A.Axundovun tədqiqlərində daha geniş əks olunmuşdur. Dövlət dilimizin adı ilə bağlı keçən yüzilliyin 90-cı illərində gedən məlum mübahisələrdə Ağamusa Axundov onun haqlı olaraq "Azərbaycan dili" adlandırılmasının tərəfində durmuşdur: "Dövlət dilimizin adı Azərbaycan dili olmalıdır". Buna görə o, tənqidlərə , böhtanlara hədəf olsa da mövqeyini dəyişməmişdir. Sonda zaman onun və ardıcıllarının doğru yolda olduğunu sübut etdi. Banisi ümummilli liderimiz Heydər Əliyev olan ilk müstəqil Azərbaycan Konstitusiyası layihəsinin müzakirəsi zamanı yenidən ortaya çıxan dövlət dilinin adı məsələsinə qəbul edilən qərar nəticə etibarilə Ağamusa Axundovun rəhbərlik etdiyi AMEA Dilçilik İnstitutu kollektivinin və bütün xalqın ürəyincə oldu.
Dilimizin ən qiymətli və ən böyük sərvəti olan söz ehtiyatlarının toplanıb sistemə salınmasında da alimin mühüm xidmətləri var. A. Axundovun redaktorluğu ilə üçcildlik "Azərbaycan dilinin izahlı lüğəti"nin nəşri 2000-ci ildə başa çatmışdır. A.Axundovun tərtib etdiyi bircildlik "Azərbaycan dilinin izahlı lüğəti" quruluşuna və tərtib prinsipinə görə tamamilə yenidir. Bu bircildlik Azərbaycan dilinin lüğət tərkibini bütünlüklə əhatə edir və əslində, baş sözlərin sayına görə həmin lüğətlərdən daha zəngindir, 1500-ə yaxın söz əlavə edilmişdir.
Yeni qrafıkada orfoqrafiya lüğətinin hazırlanıb çap olunmasına qiymətli töhfə olan "Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndə ön söz müəllifi və redaktor da Ağamusa Axundovdur. Bu lüğət Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 may tarixli fərmanına uyğun olaraq, Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş yeni orfoqrafiya qaydaları əsasında tərtib edilmişdir.
Ağamusa Axundov dilçilik elminin müasir inkişaf meyillərini və perspektivlərini mütəxəssis həssaslığı ilə duyan, dövrün nəbzini tutan alimdir. Onun dilçiliyin ən mühüm problemlərinə, əlifbaya, orfoqrafiyaya, orfoepiyaya, dil quruculuğuna, nitq mədəniyyətinə aid fundamental əsərləri dünyanın görkəmli alimləri tərəfindən də maraqla qarşılanmışdır. Görkəmli tədqiqatçı Türkiyədə, İranda, Misirdə, keçmiş Çexoslovakiyada, Belorusda, Türkmənistanda, Tacikistanda, Başqırdıstanda, keçmiş Yuqosloviyada, Almaniyada məruzələri ilə Azərbaycan dilçilik elmini təmsil etmişdir.
A.Axundov bütün əsərlərində dilə qayğı və həssaslıqla yanaşır. Alimin ədəbiyyatşünas, tərcüməçi və yazıçı kimi fəaliyyəti də diqqəti cəlb edir. Yaradıcılığa hekayələrlə başlamış, bir sıra nəsr əsərləri, oçerklər, felyetonlar yazmış, Ağamusa müəllim renessans dövrü ədəbiyyatından, Bokkaco, Plavt kimi sənətkarlardan tərcümələr etmiş, S.Vurğun, M.Müşfiq, B.Vahabzadə, N.Xəzri və s. ədiblərimizin yaradıcılıq xüsusiyyətləri barədə tədqiqatlar aparmış, vaxtaşırı mətbuatda türkoloji dilçiliyin uğurları barədə ciddi resenziyalarla çıxış etmişdir.
Ümumtəhsil məktəblərini bitirən hər bir gənc ana dilinin sirlərini onun dərsliklərindən öyrənir. Filoloq, şərqşünas, jurnalist kimi yetişən hər bir gənc onun ali məktəb dərslikləri ilə elm və yaradıcılıq aləminə qədəm qoyur. 50 ilə yaxın bir müddətdə pedaqoji fəaliyyətlə məşğul olmuş, Ağamusa müəllim bir müddət BDU-nun filologiya fakültəsinin dekanı, ümumi dilçilik kafedrasının müdiri kimi fəaliyyət göstərmişdir. 1990-cı ildən Ağamusa Axundov AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru vəzifəsinə seçilmişdir. Görkəmli alim uzun müddət elmi şuranın üzvü, müdafiə şurasının sədri, Ali Attestasiya Komissiyasının humanitar elmlər üzrə ekspert şurasının sədri olmuşdur. Onun qayğıkeşliyi və rəhbərliyi ilə bir sıra namizədlik və doktorluq dissertasiyaları müdafiə edilmişdir.
Akademiyanın həqiqi üzvü, bacarıqlı elm təşkilatçısı kimi A.Axundov AMEA ictimai elmlər bölməsinin akademik katibi olmuş, beynəlxalq "Türkologiya" elmi-nəzəri jurnalının baş redaktoru, AMEA-nın "Xəbərlər" (ədəbiyyat, dil, incəsənət) jurnalının baş redaktoru, AMEA Terminologiya Komissiyasının sədr müavini, 2001-ci ildə təşkil olunmuş Dövlət Dil Komissiyasının üzvüdür.
Ağamusa Axundov böyük dilçilər nəslini yetişdirmiş və tərbiyə etmiş ustad bir alim, Azərbaycan dilçiliyinin çağdaş lideridir. Akademik adını şərəflə daşıyan bu zəhmətkeş alimə ömrünün müdriklik çağında cansağlığı, yeni elmi uğurlar arzulayır və 80 illik yubileyini ürəkdən təbrik edirik.
Sayalı SADIQOVA, AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının sədr müavini, professor
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.