Yeni geosiyasi paradiqmanın formalaşması

Geosiyasət - ictimai anlayış kimi

{nl}


Geosiyasət dövləti coğrafi orqanizm, yaxud məkan fenomeni kimi öyrənən doktrinadır.
Rudolf Çellen İsveç siyasi xadimi, dövlətşünas və coğrafiyaçı
Müasir beynəlxalq münasibətlər və ölkələrin xarici siyasətinin təhlilində "geosiyasət" termininin işlənməməsi mümkün deyil. Bu anlayış isə, öz növbəsində, siyasi lüğətə XX əsrin birinci rübündə daxil olmasına baxmayaraq, yalnız son onilliklərdə geniş istifadə olunmağa başlanıb. Keçmiş Sovet ölkələrinin ictimai və elmi dairələrinin bu anlayışa marağı daha yüksəkdir. Geosiyasi terminologiyaya təkcə sosial fəlsəfə, politologiya, sosiologiya, coğrafiya, tarix üzrə alimlər deyil, həmçinin, dövlət xadimləri, hakimiyyət qurumlarının rəhbərləri və müxalifət nümayəndələri də müraciət edirlər. Azərbaycanın, suveren dövlətin sosial-tarixi seçimi, xarici siyasətdə prioritetlərin müəyyənləşdirilməsi, milli təhlükəsizliyin təmin edilməsi, NATO və Avropa İttifaqı ilə münasibətlərin genişləndirilməsi kimi vacib və mürəkkəb inkişaf problemləri xarakteristikasının müzakirəsi və formalaşması geosiyasi əsaslandırma olmadan mümkün deyil. Qarşıya qoyulmuş məqsədə doğru kortəbii yolla deyil, geosiyasi strategiyadan istifadə etməklə, məqsədyönlü şəkildə irəliləmək ideyası getdikcə daha çox təsdiqini tapır. "Geosiyasət" termini iki yunan sözü - geo - yer, torpaq, politike - siyasət - sözlərinin birləşməsindən əmələ gəlib.
Elmə bu termin ilk dəfə 1916-cı ildə isveçli professor R.Çellenin yaradıcılıq axtarışları nəticəsində daxil olub. O, geosiyasəti (ekosiyasət, demosiyasət, sosiosiyasət və kratosiyasət ilə birgə) siyasət elminin ən vacib bölmələrindən biri kimi qəbul edirdi. O, geosiyasətə "Məkanda təcəssüm etmiş coğrafi orqanizm olan Dövlət haqqında elm" tərifini də verib. Geosiyasətin bu cür elmi təfsiri siyasi nəzəriyyədə coğrafi determinizmdən kənara çıxmırdı. Coğrafi determinizmə əsasən, insanın mədəni və sosial birliklərinin təşkili coğrafi amillər olan iqlim, ərazi və s. ilə müəyyənləşdirilirdi. Burada əsas məqam dövlətin məskunlaşdığı və fəaliyyət göstərdiyi ərazini genişləndirməyə çalışan xüsusi orqanizm kimi təqdim olunmasıdır. Dövlətin əsas atributu isə, məkan, daha dəqiq desək, siyasi məkan qəbul olunur.
Siyasətin coğrafi şərtlənməsinə işarə edən K.Haushofer də geosiyasətə analoji tərif verirdi. Beləliklə, klassik konsepsiyalarda geosiyasət, dövlətin beynəlxalq arenada davranışını coğrafi və məkan-ərazi amilləri əsasında öyrənən elm kimi təqdim olunur.
Elmi biliklərin müasir inkişaf dövründə geosiyasətin müxtəlif cür təriflərinə rast gəlmək olar. Onların bir hissəsi hələ də müəyyən qədər coğrafi determinizmi özündə əks etdirir. Bu halda geosiyasət, beynəlxalq münasibətlər və xarici siyasətin məkan məntiqini öyrənən və eyni zamanda, siyasətin özü kimi coğrafi amillər nəzərə alınmaqla qurulan elm kimi gözdən keçirilir.
Ənənəvi yanaşmalarda geosiyasətin əsas obyekti kimi dövlətlərin siyasi məqsədləri müəyyənləşdirmək və onlara nail olmaq üçün coğrafi və məkan amillərindən istifadə etməsi götürülür.
Geosiyasət haqqında müasir təsəvvürlər son onilliklərdə dünyada baş vermiş dərin dəyişiklikləri nəzərə almaya bilməz. Sivilizasiya inkişafının güclü amilləri olan informasiya texnologiyaları, nəqliyyat və kommunikasiya imkanları və başqaları coğrafi məkan imkanlarının və onların tətbiq etdiyi məhdudiyyətlərin rolunun zəifləməsinə səbəb olub. Nəticədə, XXI əsrin əvvəllərində sivilizasiyanın mövcudluğunun şərtlər məcmusu, fiziki xarakterli tərkib hissələrinə aid edilməyən yeni coğrafiya adlana bilər. Onun ən vacib xüsusiyyətlərindən biri dünya birliyinin səlahiyyətli qərarlarını bütün planetə yayma imkanlarıdır. Bunu nəzərə alaraq, müasir geosiyasət təkcə münaqişələri deyil, həm də sülh və həmrəyliyi yarada bilən qarşılıqlı asılılıq geosiyasəti kimi görünür.
Müasir geosiyasət dünya arenasındakı böyük "oyunçular"ın - böyük və çox böyük dövlətlərin dünyanın bölüşdürülməsi və yenidən bölüşdürülməsi, qlobal proses və ehtiyatlara nəzarət etmək uğrunda qarşılıqlı fəaliyyəti və mübarizəsi haqqında elmdir. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri, professor Novruz Məmmədovun "Geosiyasətə giriş" əsərində təqdim olunmuş böyük və rəngarəng tarixi, müasir materialda əsas geosiyasi ideyaların, konsepsiyaların, nəzəriyyələrin meydana gəlməsi, siyasi doktrinaların yaranması və reallaşdırılması, həmçinin, dünyanı kökündən dəyişdirmiş dahi siyasətçilərin fəaliyyəti təsvir olunur.
Bu nəşr sələflərindən milli geosiyasi məktəblərin ayrıca verilməsi ilə fərqlənir. Bundan başqa, burada təkcə geosiyasətçilər deyil, həm də geostrateqlər və lider siyasətçilərin baxışları təqdim olunur. Tədqiqat, elm kimi geosiyasətin əsasları, yaranma tarixi, qanunları, metod və funksiyalarını özündə birləşdirir. Kitabda siyasi məktəb və baxışların geniş təhlili təsvir olunur və dünya inkişafının ən aktual müasir problemləri gözdən keçirilir. Burada həmçinin, xarici geosiyasətçilərin materiallarından da geniş istifadə olunur. Sintetik elm olan geosiyasət sistemli şəkildə düşünməyi öyrədir, "qitələrlə düşünməyə", bütün dünyanı əhatə etməyə, bir neçə onillik gələcəyə baxmağa və dinamik inkişaf edən dünyada hadisələrin gedişatını kompleks şəkildə dərindən öyrənməyə imkan yaradır.
Kitabda xüsusi diqqət ayrılan məsələlər sırasında qloballaşma, dünyanın qaynar nöqtələrində cərəyan edən proseslər, o cümlədən, Qafqaz və böyük neft-qaz ehtiyatına malik Xəzər hövzəsi ətrafında geosiyasi mübarizələr yer alıb. İnkişafa dair yeni tarixi faktlar və XXI əsrin nəhəng dövlətləri olan ABŞ, Çin, Yaponiyanın inkişafı oxucuların diqqətinə çatdırılır. Burada həmçinin, Rusiyanın dünyanın çoxsaylı ölkələri ilə münasibətlərinin geosiyasi mənzərəsi təhlil olunur, Asiya-Sakit okean regionuna xüsusi diqqət ayrılır. Bundan əlavə, bütün postsovet ölkələri ilə qarşılıqlı münasibətlər və bir çox ölkələrin maraqlarının toqquşduğu Yaxın və Orta Şərq regionundakı vəziyyət gözdən keçirilir.
Kitab 2 cilddən ibarətdir. Birinci cild "Geosiyasətin nəzəri əsasları" adlanır. İlk fəsildə sosial-humanitar elmlər sistemində geosiyasət nəzəriyyəsinin yeri və onun digər elmlərlə qarşılıqlı münasibətləri təsvir olunur. "Geosiyasət", "beynəlxalq münasibətlər", "dünya siyasəti" kimi əsas kateqoriyalar təhlil olunur, beynəlxalq siyasət və müxtəlif ölkələrin xarici siyasəti probleminin öyrənilməsi zamanı tətbiq olunan əsas metodlar xarakterizə edilir. İkinci fəsildə sosial-siyasi fikir tarixində geosiyasət haqqında təsəvvürlərin inkişafı yolu tədqiq olunur. Sun-szı, Herodot, Fukidid, Platon, Aristotel, Əl-Fərabi, İbn Rüşd, N.Tusi, İbn Xəldun, J.Boden, N.Makiavelli, T.Hobbs, Monteskyö, H.Qrosi, J.J.Russo, İ.Kant, G.Hegel, İ.Bentam kimi keçmişin mütəfəkkirlərinin geosiyasi ideyaları ilə yanaşı, geosiyasət elminin banilərinin, o cümlədən R.Çellenin, F.Ratselin, H.Makinderin, habelə K.Haushofer, K.Şmitt, N.Spaykmen, F.Konoye və başqalarının baxışları təhlil olunur. İndiki tələbələrin qarışıq təsəvvürlərə malik olduqları beynəlxalq siyasətdə marksist konsepsiyalarına da diqqət ayrılır. Kitabın üçüncü fəsli isə müasir geosiyasət problemlərinə həsr olunur. Xüsusilə vurğulayaq ki, müəllif geosiyasi konsepsiyaları elə onların formalaşdığı konkret-tarixi şərait kontekstində gözdən keçirir. Müəllif, müasir beynəlxalq geosiyasi münasibətlərin tədqiqi zamanı XIX-XX əsrin birinci yarısı geosiyasət nəzəriyyəçilərinin çıxardıqları nəticələri məhz həmin şəraitə uyğun istifadə etməyin vacibliyini vurğulayır.
Sözügedən fəsildə beynəlxalq münasibətlər nəzəriyyəsinin təşəkkül tapma və inkişaf prosesi təhlil edilib. Burada siyasi realizm məktəbinin yaranması üçün tarixi, sosial-siyasi və nəzəri-metodoloji zəmin gözdən keçirilir, bu məktəbin tanınmış nümayəndələrindən olan, ABŞ-da H.Morgentau və Fransada R.Aronun əsas əsərlərinin və nəzəri konsepsiyalarının xarakteristikası təqdim olunur. Burada həmçinin, 1950-60-cı illərin əvvəllərində modernistlər tərəfindən beynəlxalq münasibətlər nəzəriyyəsinin yenilənməsi cəhdləri təsvir olunur, bu yenilənmənin yekun və nəticələrinə qiymət verilir. Eyni zamanda, müasir beynəlxalq münasibətlər nəzəriyyəsinin 2 əsas istiqaməti olan neorealizm və neoliberalizmin təşəkkül tapma və inkişaf prosesi müqayisəli şəkildə təhlil olunur, beynəlxalq münasibətlər və dünya siyasətinin öyrənilməsinə postmodernist və neomarksist yanaşmanın xüsusiyyəti verilir. Ayrı-ayrı paraqraflarda beynəlxalq inteqrasiyanın müasir konsepsiyaları və "beynəlxalq rejimlər" nəzəriyyəsinin əsas müddəaları gözdən keçirilir.
Kitabda həmçinin, 1980-ci illərin sonlarından XXI əsrin əvvəllərinədək dünya siyasəti və beynəlxalq münasibətlər problemləri üzrə nəzəri müzakirələrin mərkəzində olan konsepsiyalardan söhbət açılır. F.Fukuyamanın "tarixin sonu" və S.Hantinqtonun "sivilizasiyaların toqquşması" konsepsiyaları ilə yanaşı, İ.Vallerstaynın dünya-sistemi təhlili əsasında beynəlxalq münasibətlərdə yaranmış əsas yekun və inkişaf proqnozları gözdən keçirilir. Burada, eyni zamanda, tanınmış ABŞ siyasətşünası Z.Bjezinskinin "soyuq müharibə"nin başa çatmasının geosiyasi fəsadlarına dair baxışları təhlil olunur. Buna əsasən, Qərbin siyasi təfəkküründə müasir dünya və ayrı-ayrı ölkələrin xarici siyasətinə yanlış münasibətin mövcudluğu göstərilir.
Birinci cilddə beynəlxalq münasibətlərin təhlilinə sistemli yanaşmanın əsas müddəaları təqdim olunur, müasir dünyanın iqtisadi və siyasi realiyalarında əksini tapan yeni beynəlxalq münasibətlər sisteminin problemləri və formalaşma perspektivləri gözdən keçirilir. Burada beynəlxalq münasibətlərin öyrənilməsi və həllinə əsas nəzəri yanaşmalardan bəhs olunur.
Kitabın ikinci cildi "Müasir geosiyasi proseslər" adlanır. Bu cilddə müasir dünya siyasətinin əsas problemləri gözdən keçirilir. Xüsusilə, birinci və ikinci fəsillər müasir dünyada qloballaşma prosesləri, qloballaşma şəraitində dünya iqtisadiyyatı və dünya siyasətinin inkişafı tendensiyaları, həmçinin, qloballaşma şəraitində dünyanın müxtəlif ölkələri və regionlarının inkişaf perspektivlərinə həsr edilib.
İkinci cilddə beynəlxalq təhlükəsizliyin təminatının əsas problemlərinə yer ayrılır, ayrı-ayrı ölkələrin və ümumilikdə, dünya birliyinin təhlükəsizliyi ilə bağlı ənənəvi və müasir təhlükələr təhlil olunur, o cümlədən, beynəlxalq terrorizmlə mübarizə problemlərinə xüsusi diqqət yetirilir. Burada beynəlxalq münasibətlərin hüquqi həlli məsələlərinin baxılması zamanı, müasir dünya siyasətində meydana gələn problemlərin həlli prosesində siyasi, hüquqi və mənəvi normaların qarşılıqlı fəaliyyətinin nəzərə alınmalı olduğu vurğulanır. Beynəlxalq hökumət və qeyri-hökumət təşkilatlarının beynəlxalq münasibətlərdə rolu açıqlanır, BMT-nin yenidən formalaşmasının perspektivləri və məqsədləri vurğulanır.
Xarici siyasətin nəzəri konsepsiyalarının, o cümlədən müasir şəraitdə xarici siyasətdə qərar qəbuletmə problemləri və diplomatik fəaliyyətin əsas formalarının gözdən keçirildiyi nəzəri giriş, ABŞ-ın xarici siyasətinin əsas istiqamətlərinin əks olunduğu ikinci cildin ilk fəsli üçün nəzəri-metodoloji zəmin yaradır. Bu, eyni zamanda, cildin digər bölmələri üçün də böyük əhəmiyyət daşıyaraq, müəllifin müxtəlif ölkə və regionların geosiyasəti prizmasından yanaşmaqla, cari dünya siyasətinin əsas vacib problemlərini müzakirə etməsini nümayiş etdirir. Materiallarda Qərbi və Şərqi Avropada, postsovet məkanında, Asiya-Sakit okean regionunda, Orta Şərqdə, Afrika qitəsində, Latın Amerikası ölkələrində və Qafqaz-Mərkəzi Asiya bölgəsində baş verən proseslər təhlil olunur. Əsas diqqət isə, Azərbaycanın geosiyasi maraqlarının təminatı və onun digər ölkələrlə qarşılıqlı münasibətlərinin inkişafı problemlərinə ayrılır. Bundan əlavə, kitabda ali təhsil müəssisələrinin və "beyin mərkəzləri"nin tədqiqatçıları üçün bəşəriyyətin XXI əsrdə inkişaf perspektivləri üzrə geosiyasi proqnozlar verilir.
Əsər gözəl ədəbi dildə yazılıb, tərtibatı göz oxşayır, dünya siyasətinin əsas problemləri geniş oxucu kütləsi üçün, o cümlədən tələbələr üçün aydın və anlaşıqlı formada izah olunub.
Ümumilikdə vurğulayaq ki, professor Novruz Məmmədovun "Geosiyasətə giriş" əsəri siyasətşünas-tələbələr üçün ən yaxşı mənbələrdən biri hesab olunur. Eyni zamanda, əsərin yararlılıq-istifadə dairəsi də çox genişdir. O, həmçinin, "Beynəlxalq münasibətlər nəzəriyyəsinin əsasları" proqramı üzrə tədris kurslarında "Beynəlxalq münasibətlər" və "Regionşünaslıq" ixtisası tələbələri üçün, sosioloq-tələbələr üçün "Beynəlxalq münasibətlərin sosiologiyası" proqramı və "İctimai əlaqələr" (Public relations (PR)) ixtisası tələbələri üçün "Müasir beynəlxalq münasibətlər" proqramı üzrə müasir beynəlxalq münasibətlərin müxtəlif aspektlərinin öyrənilməsində istifadə oluna bilər.

{nl}

Zeynal HƏSƏNALIYEV, tarix elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekanı Kərəm MƏMMƏDOV, siyasi elmlər üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının dosenti

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında