Neft Akademiyasında 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla anıldı

Dünən Azərbaycan Dövlət Neft Akademiyasında 20 Yanvar faciəsinin 22-ci ildönümü ilə bağlı akademiyanın 1990-cı il yanvarın 20-də şəhid olmuş üç tələbəsinin valideynləri ilə görüş keçirildi. Tədbirdə əvvəlcə Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda həlak olmuş 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 
ADNA-nın rektoru, akademik Siyavuş Qarayev bildirdi ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ prezidenti Mixail Qorbaçovun göstərişi ilə sovet ordusunun hissələri quru və dənizdən Bakı şəhərinə həmlə edərək 100-dən artıq günahsız insanı qətlə yetirib. Sovet hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Rektorun sözlərinə görə, 20 yanvar hadisələri zamanı Neft Akademiyasının üç tələbəsi - Rahim Babayev, Ağabəy Novruzbəyli və Canpolad Orucov da şəhidlik zirvəsinə ucalıblar. Sovet ordu hissələrinin Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edilib. Həmin vaxt Azərbaycan, eyni zamanda, qonşu Ermənistanın da təcavüzü ilə üzləşib. Belə bir şəraitdə Sovet rəhbərliyi nəinki münaqişənin qarşısını almaq üçün qəti tədbirlər görməyib, əksinə, Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitləri, sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlar da daxil edilib. Bəzi məlumatlara görə, qoşunlardakı şəxsi heyətin ümumi sayı 60 min nəfərə çatıb.
"Mixail Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda "rus və erməni kartından" məharətlə istifadə etdi. Guya Bakıya qoşun onları, hərbi qulluqçuların ailələrini qorumaq, "millətçi ekstremistlər" tərəfindən hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi. Əslində isə bu açıq riyakarlıq, ağ yalan idi. Çünki Bakıya təpədən-dırnağadək silahlandırılmış qoşun göndərməyə ehtiyac yox idi. Həmin vaxt burada daxili qoşunların 11,5 min əsgəri, Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun çoxsaylı hərbi hissələri, hava hücumundan müdafiə qüvvələri var idi. 4-cü ordunun komandanlığı da Bakıda yerləşirdi", - deyə rektor qeyd etdi.
Siyavuş Qarayevin sözlərinə görə, 1990-cı il yanvarın 19-da Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzalayib. Lakin SSRİ DTK-nın "Alfa" qrupu yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji blokunu partlatmış, respublikada televiziya verilişləri dayandırılmışdı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil olmuş, əhaliyə divan tutmağa başlamışdı. Qorbaçovun fərmanı qüvvəyə minənədək - 20 yanvar saat 00-dək artıq 9 nəfər öldürülmüşdü. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Həmin vaxt öldürülənlərin sayı 100 nəfərə çatmışdı. Halbuki, Qorbaçovun Azərbaycana ezam etdiyi yüksək vəzifəli emissarlar həyasızcasına bəyan edirdilər ki, Bakıda fövqəladə vəziyyət elan olunmayacaq. Bax, əli yüzlərlə insanın qanına batmış, sonralar Nobel sülh mükafatı almış Mixail Qorbaçov başda olmaqla sovet imperiyası rəhbərliyinin rəzil siması bu idi. Nəticədə tanklar və BTR-lər Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzib, insanlar nəinki küçələrdə, hətta avtobuslarda, öz mənzillərində gülləbaran edilib. Yaralılara köməyə gələn "təcili yardım" maşınları və tibb işçiləri də atəşə tutulub. Bir neçə gün ərzində 137 nəfər öldürülüb, 700-dək insan yaralanıb, 800-dən çoxu qanunsuz həbs edilib.
Rektor bildirdi ki, 20 Yanvar və Azərbaycan tarixində ondan əvvəlki faciəli hadisələr iyirminci əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş qanlı siyasətin növbəti təzahürü idi. 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilməyib. Həmin gecə həlak olanlar Azərbaycanın tarixinə parlaq səhifə yazıb, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açıblar. "Ulu öndərimiz Heydər Əliyev xalqımızın müstəqilliyi və azadlığı uğrunda mübarizədə həyatlarını qurban verən övladlarımızın xatirəsini həmişə uca tutmuş, onların ailə üzvlərinə daim diqqət və qayğı göstərmişdir. Ulu öndərimizin layiqli davamçısı Prezident İlham Əliyevin şəhidlərimizə, onların valideynlərinə göstərdiyi diqqət və qayğı da minnətdarlıq hissi doğurur. Xalqımız öz qəhrəman övladlarının fədakarlığını yüksək qiymətləndirir və onların xatirəsini ehtiramla yad edir. Öz fədakarlıqları ilə həmyaşıdlarına nümunə olan şəhid tələbələrimiz - Ağabəy, Canpolad və Rahimin xatirəsi də təhsil ocağımızda daim uca tutulur", - Siyavuş Qarayev dedi.
Şəhid tələbə Ağabəy Novruzbəylinin təhsil aldığı kimya-texnologiya fakültəsinin dekanı, dosent Elxan Axundov, şəhidlər Canpolad Orucov və Rahim Babayevin təhsil aldıqları energetika fakültəsinin dekanı, dosent Yusif Cəbiyev, ADNA Həmkarlar İttifaqı Komitəsinin sədri Məzahir Babayev çıxış edərək 20 Yanvar şəhidlərinin xalqımızın azadlıq və müstəqillik əldə etməsində müstəsna rol oynadıqlarını, onların xatirəsinin ürəklərdə daim yaşayacağını qeyd etdilər.
Şəhid atası Oqtay Novruzbəyli şəhid tələbələrin xatirəsini əziz tutduqları üçün rektor Siyavuş Qarayevə və ADNA kollektivinə minnətdarlığını bildirdi.
Görüşə yekun vuran rektor qeyd etdi ki, qanlı yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət yalnız 1994-cü ildə, ümummilli lider Heydər Əliyev tərəfindən verilib. Prezident İlham Əliyev isə 20 Yanvar şəhidlərinin heç zaman unudulmayacağını və xalqımızın tarixində əbədi qalacağını bəyan edib. "Nəsillər dəyişəcək, lakin sadiq Vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşayacaqdır".
Sonda rektor Siyavuş Qarayev şəhidlərin valideynlərinə maddi yardım etdi və ehsan süfrəsi açıldı.
Paşa ƏMİRCANOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında