Quzey Kıprısda folklor simpoziumu

2010-cu ildə AMEA Folklor İnstitutu və Quzey Kıprıs Türk Cümhuriyyətinin Doğu Akdeniz Universiteti ilə birgə keçirdiyi VI Uluslararası "Ortaq türk keçmişindən ortaq türk gələcəyinə" Folklor Simpozimunda Kıprısdan gələnlərlə yaxından tanış oldum. "Türk epik ənənəsində dastan" adıyla keçirilən simpoziumda qərara alındı ki, toplantının yeddincisi Kıprısda keçirilsin. Bu qərar mənim ürəyimcə oldu. Qətiləşdirdim ki, həm simpoziumda iştirak edim, həm də oradakı elm adamları ilə görüşərək onların kitablarını əldə edim. İstəyim bu ilin dekabrında reallaşdı.
VII "Ortaq türk keçmişindən ortaq türk gələcəyinə" adlı beynəlxalq simpozium Quzey Kıprıs Türk Cümhuriyyətinin Qazimağusa şəhərində - Doğu Akdeniz Universitetində keçirilirdi. Simpoziumda iştirak edəcək heyət noyabr ayının 30-da Heydər Əliyev adına hava limanından yola düşdü, iki saat yarımdan sonra İstanbul Atatürk hava limanında yerə endi. Heyətimiz bir neçə saat İstanbulda dayandıqdan sonra Kıprısa yola düşdü və axşamüstü Ercan hava limanına çatdıq. Hava limanından otelə qədərki yola baxdıqca buraların Azərbaycana nə qədər bənzədiyini düşünürdüm. Yolustü lövhələrə yazılmış ərazi adları da doğma idi: Nərgizli, Mutluqaya...
Bizi "Venus" otelində yerləşdirdilər. Axşam çox yorğun olduğumuz üçün tez yatdıq. Səhər otağımızın pərdəsini çəkdiyimiz zaman gördüyümüz gözəllik bizi çaşdırdı. Sən demə, otel Aralıq dənizin sahilində yerləşirmiş. Üfüqdən təzə boylanan günəşin şüaları dənizin sularında əks olunaraq qeyri-adi mənzərə yaratmışdı.
Beləcə, xoş əhval-ruhiyyə ilə Doğu Akdeniz Universitetinə yola düşdük. Simpozium universitetin Mavi Salonunda keçirilirdi. Milli marşlarla başlayan simpoziuma nəinki elm adamları, həm də ictimai-siyasi xadimlər qatılmışdı. Əvvəlcə Doğu Akdeniz Universitetinin türkcə təhsil bölümünün mudiri, professor Vüqar Sultanzadə toplantı iştirakçılarını salamladı, sonra universitetin tarixi, burada təhsil alan xarici tələbələr, təhsilin keyfiyyəti haqqında məlumat verdi və simpoziumun rolundan danışdı. O qeyd etdi ki, son iki ildə Azərbaycandan gələn tələbələrin sayı ötən 10 ildə gələn tələbə sayından 4-5 dəfə çox olmuşdur.
Sonra söz AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Muxtar İmanova verildi. Muxtar müəllim simpoziuma ev sahibliyi etdiyi üçün Doğu Akdeniz Universitetinin rəhbərliyinə təşəkkür edərək, folklorun mədəniyyətdəki rolundan, öyrənilməsinin əhəmiyyətindən danışdı. Muxtar müəllimin çıxışı zamanı H.Cavidin "İblis" əsərindən sitat gətirdiyi "Turana qılıncdan daha kəskin, ulu qüvvət, Mədəniyyət, mədəniyyət, yalnız mədəniyyət" misralarından simpoziumu işıqlandıran TRT kanalı da sloqan kimi istifadə etdi. Yeri gəlmişkən qeyd edək ki, bu simpozium barədə Quzey Kıprıs Türk Cümhuriyyətinin qəzetləri də informasiya verdilər. Sonra Doğu Akdeniz Universitetinin rektor köməkçısı professor Osman Yılmaz çıxış etdi. O, Doğu Akdeniz Universiteti haqqında geniş məlumat verdi. Qeyd etdi ki, universitet 1979-cu ildə yaradılıb. 14 min tələbəsi var. Burada Azərbaycandan da 500 nəfərə qədər tələbə oxuyur. Doğu Akdeniz Universitetində təhsilin keyfiyyəti olduqca yüksəkdir. Bu universitetin digər bir üstünlüyü də orada 160 güvenlik kamerasının olmasıdır. Doğu Akdeniz Universitetindən professor Necdet Osam, millət vəkili Ekler Aslanbaba və başqaları da ürək sözlərini söylədilər. Simpoziumda Quzey Kıprıs Türk Cümhuriyyəti, Türkiyə, Qazaxıstan alimləri ilə yanaşı, AMEA Dilçilik İnstitutunun "Dil əlaqələri" şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Roza Eyvazova ("Orta çağ ədəbi dil ilişkilərinin Kişvəri əsərlərində təzahürü"), AMEA Dilçilik İnstitutunun digər əməkdaşı filologiya üzrə fəlsəfə doktoru Baba Məhərrəmli ("Azərbaycan nağıllarında rastlanan əski türk kəlmələri"), Bakı Dövlət Universitetinin "Azərbaycan dilçiliyi" kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Sənubər Abdullayeva ("Nağıl dilində bəzi onomastik vahidlər"), "Azərnəşr"in əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru İslam Sadıq ("Azərbaycan nağıllarında Şumer motivləri") məruzə etdilər. AMEA Folklor İnstitutundan isə simpoziumda filologiya elmləri doktoru Muxtar İmanovun ("Nağıllarda yalançı qəhrəman"), filologiya üzrə fəlsəfə doktoru Adil Cəmilin ("Türk mədəniyyətini və dəyərlərini yaşadan nağıllar"), filologiya üzrə fəlsəfə doktoru Ləman Süleymanovanın ("Azərbaycan nağıllarında Naxış obrazı"), Nizami Məmmədovun ("Azərbaycan xalq şairi Məmməd Arazın əsərlərində nağıl motivləri"), Vəfa İsgəndərovanın ("Azərbaycan və Türkiyə nağıllarında ənənəvi formullar"), Nailə Əbilovanın ("Bahadırlıq nağıllarında qəhrəman və sehrli güclər") məruzələri dinlənildi.
Dekabr ayının 3-də Azərbaycandan olan simpozium iştirakçıları üçün gəzinti təşkil olundu. Quzey Kıprıs Türk Cümhuriyyətinin ərazisi böyük olmasa da bir tərəfindən o biri tərəfinə getmək üçün ən azı bir neçə gün lazım olur. Çünki öz tarixi abidələri, gözəlliyi, insanlarının qonaqpərvərlik və mehribanlığı adamı mütləq dayanmağa və bu Yavru Vətəni daha yaxından tanımağa "məcbur" edir.
Quzey Kıprıs Türk Cümhuriyyəti quzeydə Dipkarpaz, qərbdə Gözəlyurd, güneydə Akınçılara doğru yayılır. Quzey Kıprıs Türk Cümhuriyyəti ilə Kıprısın rum (yunan) kəsiminin torpaqları arasında Birləşmiş Millətlər Təşkilatının (BMT) nəzarətində neytral zona vardır. Cümhuriyyətin ən önəmli yaşayış yerləri, paytaxt Lefkoşa ilə yanaşı Girnə, Qazimağusa və Gözəlyurddur. Lefkoşa,Qazimağusa, Girnə, Gözəlyurd, İskələ olmaq üzrə 5 bölgəyə ayrılmışdır. Ərazisi 9251 kvadratkilometrdir. Quzey Kıprıs Türk Cümhuriyyətinin rəsmi dili türkcə (Türkiyə türkcəsi), əlifbası Latın qrafikli əlifbadır. Xalqın Azərbaycan türkcəsinə çox yaxın olan Türkiyə türkcəsinə Kıprıs ləhcəsi danışığa ayrı bir gözəllik qatır. Kıprıs türk insanı o qədər mehriban, o qədər istiqanlıdır ki, burada insan özünü kilometrlərlə uzaqda deyil, öz ölkəsində, öz evinin içində hiss edir. Kıprıs adası boyu Girne və Karpaz dağ silsiləsi uzanır. Adanın mərkəz və güneyinə doğru uzanan sahədə isə Torodos massivi yerləşir. İqlimi subtropikdir. Qışın oğlan çağı sayılan yanvarda orta temperatur müsbət 10-15 dərəcə olur.
Biz əvvəlcə Qazimağusa şəhərindəki Namiq Kamal meydanına, Lala Paşa məscidinə tamaşa edəndən sonra Kıprısın ən mənzərəli və tarixi rayonuna- Girnəyə yola düşdük. Yolda rastlaşdığımız dağ bütün heyətin diqqətini cəlb etdi. Bu dağ Bakı-Quba yolunun üstündəki Beşbarmaq dağına bənzəyirdi. Məlum oldu ki, o da Beşbarmaq dağı adlanır. Oranın da ziyarətgah olub-olmaması ilə maraqlandıq. Dedilər ki, ətəyində bir türbə var, amma bizdəki kimi böyük ziyarətgah deyil.
Girnənin bələdiyyə parkında bir az gəzişəndən sonra Lefkoşa şəhərinə gəldik. Lefkoşa şəhəri türklər və yunanlar arasında iki yerə bölünüb. Lefkoşanın bələdiyyə parkından baxanda xeyli uzaqda görünən dağda Quzey Kıprıs Türk Cümhuriyyəti və Türkiyənin bayraqlarının həkk olunduğunu gördük. Bu bayraqlar türk dünyasının böyük ictimai-siyasi xadimlərindən biri, Quzey Kıprıs türklərinin lideri, KKTC-nin ilk prezidenti Rauf Denktaşın dövrundə duzənlənib və sonralar gecə işıqları ilə bəzədilib. Əvvəllər yalnız gündüzlər görünən bayraqlar, indi gecələr də çox aydın görünür və hər bir turk insanında qurur dogurur.
Simpoziumda iştirak etdiyimiz, çıxışları dinlədiyimiz zaman bir daha əmin olduq ki, müxtəlif ictimai-siyasi səbəblər üzündən bir-birindən aralı düşən türk xalqlarının düşüncə tərzi və kökü birdir.

{nl}

Ləman SÜLEYMANOVA, AMEA Folklor İnstitutunun "Qorqudşünaslıq" şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında