Şriftin ölçüsü:
23.12.2011 12:00 | Oxunma sayı: 658
{nl}
Son illərdə Azərbaycan Dövlət Neft Akademiyası ilə Qazaxıstanın Ş.Esenov adına Kaspiysk Dövlət Texnologiya və Mühəndislik Universiteti arasında sıx əməkdaşlıq formalaşıb. Artıq bir neçə ildir ki, qazax tələbələri ADNA-da magistratura təcrübəsi keçir, neft və qaz sahəsində dünya şöhrətli ali təhsil ocağı olan Azərbaycan Dövlət Neft Akademiyasının təcrübəli professor-müəllim heyətindən lazımi bilikləri əxz edirlər. ADNA-nın tələbə və müəllim kollektivi isə hər il qazaxıstanlı qonaqları böyük hörmət və məhəbbətlə qarşılayır, onların müvafiq sahələrdə bilik və təcrübələrini artırmaları üçün əllərindən gələni edirlər.
Bütün bunlar barəsində dünən Neft Akademiyasında qazaxıstanlı magistrantlara sertifikatların təqdim edilməsi mərasimində söhbət açıldı. Yığıncaqda çıxış edən ADNA-nın rektoru, akademik, Heydər Əliyev adına Qazaxıstan-Azərbaycan Dostluq Cəmiyyətinin vitse-prezidenti Siyavuş Qarayev bildirdi ki, qazax və Azərbaycan xalqları arasında qardaşlıq və dostluq münasibətlərinin çox qədim tarixi kökləri var. Hər iki xalqı tarixi dostluq telləri bağlayır. Təsadüfi deyildir ki, Bakı şəhərində məşhur qazax şairi və mütəfəkkiri Abay Kunanbayevin adına küçə verilib, barelyefi vurulub. Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycanın dövlət başçısı İlham Əliyevlə görüşündə xüsusi olaraq qeyd edib ki, ölkəsində neft yataqlarının kəşfi və işlənməsində Azərbaycan alimlərinin böyük xidmətləri olmuşdur. Ölkələrimiz müsitəqillik əldə etdikdən sonra isə bütün sahələrdə, eləcə də iqtisadiyyat, elm və mədəniyyət sahəsində əməkdaşlıq daha da güclənib.
Rektorun sözlərinə görə, son illərdə iki respublika arasında neft-qaz sənayesi sahəsində əməkdaşlıq xüsusi xarakter alıb. Hər iki ölkədə neft hasilatı yüksək səviyyəyə qalxıb. Artıq Qazaxıstan nefti Xəzər dənizi vasitəsilə daşınaraq Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə nəql edilir. 3 oktyabr 2009-cu ildə ADNA ilə Kaspiysk Dövlət Universiteti arasında elmi-texniki əməkdaşlıq haqqında saziş imzalanıb və burada tələbə mübadiləsi nəzərdə tutulub. Müqavilə əsasında qazax tələbələri hər il ADNA-da müxtəlif ixtisaslar üzrə təcrübə keçirlər. Həmin il Qazaxıstandan gəlmiş 10 nəfər ADNA-da 8 ixtisas üzrə təcrübə keçib. 2010-cu ildə 16 magistrant 7 ixtisas üzrə təcrübə mübadiləsində iştirak edib. Bu il isə təcrübə keçmək üçün 9 magistrant ADNA-da qonaq olub. Artıq onlar 5 ixtisas üzrə təcrübələrini müvəffəqiyyətlə başa vurublar. Akademik Siyavuş Qarayev onları ürəkdən təbrik etdi və gələcək fəaliyyətlərində uğurlar arzuladı.
Sonra rektor qazaxıstanlı magistrantlara sertifikatlar təqdim etdi. Tələbələr isə çıxış edərək Azərbaycan Dövlət Neft Akademiyasında yüksək qayğı və diqqətlə qarşılandıqlarını, professor-müəllim heyətindən müvafiq biliklər aldıqlarını bildirdilər və akademiya kollektivinə hədsiz minnətdarlıqlarını çatdırdılar. Erlan Bekbolatoviç Satkanbayev Bakıda olduqları müddətdə neft-qaz sahəsində geniş biliklər qazandıqlarını və öyrəndiklərini öz ölkələrində tətbiq edəcəklərini bildirdi.
Magistrant Baktıqul Akbedıyevna Salıkbayeva təcrübədə olduqları müddətdə Neft Akademiyasında onlar üçün hər cür şərait yaradıldığını, müəllimlərin məşğələlərə ayrıca vaxt ayırdıqlarını, tələbələrin isə Bakının gəzməli, görmələri yerləri ilə tanış olmaqda kömək etdiklərini qeyd etdi və bütün müəllim-tələbə kollektivinə minnətdarlığını bildirdi.
Julduz Bekitovna Medinayeva ADNA-da gördükləri yüksək qayğı və diqqətə görə rektora və müəllim-tələbə kollektivinə təşəkkürünü çatdırdı, qazax və Azərbaycan xalqlarının daim qardaş olduqlarını, bu qardaşlığın bundan sonra da möhkəmlənəcəyini bildirdi. Azərbaycanın yüksək sürətlə inkişaf etdiyini qeyd edən tələbə ölkəmizə gələcəkdə də böyük uğurlar arzuladı.
ADNA-nın kimya-texnologiya fakültəsinin dekanı Elxan Axundov təcrübələrini müvəffəqiyyətlə başa vurmuş tələbələri sertifikat almaları münasibətilə təbrik etdi.
{nl}
Paşa ƏMİRCANOV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.