Salyanda akademik Həsən Əliyevin anadan olmasının 104-cü ildönümünə həsr edilmiş "Təbiətə bağlı ömür" mövzusunda elmi-praktiki konfrans keçirilmişdir

Salyan şəhərində akademik Həsən Əliyevin anadan olmasının 104-cü ildönümünə həsr edilmiş "Təbiətə bağlı ömür" mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.
Salyan rayonunda fəaliyyət göstərən "Ana Kür" ekoloji problemlərin öyrənilməsinə kömək İctimai Birliyinin (İB) təşkilatçılığı ilə keçirilən tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, ictimaiyyətin nümayəndələri, akademikin vaxtilə dərs dediyi tələbələr, QHT-lərin və KİV-lərin təmsilçiləri, təhsil işçiləri, ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri iştirak etmişlər.
İB-nin sədri Rüstəm Məlikov bildirmişdir ki, akademik Həsən Əliyevin rəhbərliyi və iştirakı ilə Azərbaycan təbiətinin tədqiqi və mühafizəsi istiqamətində böyük işlər görülmüşdür. Onun təbiətşünaslıq sahəsində dəyərli tədqiqatları xarici ölkələrin elm xadimləri tərəfindən yüksək qiymətləndirilmişdir.
BDU-nun coğrafiya fakültəsində təhsil alarkən akademik Həsən Əliyevin tələbəsi olmuş, sonralar Elmi-Tədqiqat Coğrafiya İnstitutunda görkəmli alimin rəhbərliyi altında işləmiş Salyan şəhər 8 nömrəli tam orta məktəbin müəllimi Nadir Rüstəmov akademikin zəngin və mənalı ömür yolundan söhbət açmışdır. Bildirmişdir ki, Həsən Əliyev böyük iradəsi, qeyri-adi istedadı, çalışqanlığı hesabına mükəmməl təhsil almış, aspiranturanı bitirmiş, namizədlik, doktorluq dissertasiyası müdafiə etmiş, AMEA-nın Torpaqşünaslıq, Aqrokimya və Botanika institutlarının yaradılmasında mühüm rol oynamışdır.
Görkəmli alim 1968-ci ildən ömrünün sonunadək AMEA-nın Coğrafiya İnstitutunun direktoru kimi Azərbaycanda ekologiya və ətraf mühiti mühafizə elminin yaradıcısı olmaqla həmin sahənin tədqiqi məsələlərinə də böyük əmək sərf etmişdir.
N.Rüstəmov akademikin yüksək insani keyfiyyətləri, gənc kadrlara göstərdiyi tükənməz diqqət və qayğı ilə bağlı xatirələrini söyləmişdir.
Salyan Ekoloji Tərbiyə və Təcrübəçilik Məktəbinin direktoru Tofiq Kərimov vurğulamışdır ki, akademik Həsən Əliyev ali və orta ixtisas məktəblərində ekoloq və ətraf mühiti mühafizə üzrə ixtisaslaşmış kadrların hazırlanmasına xüsusi diqqət yetirirdi. O, respublikada ekoloji durumu yaxşılaşdırmaq istiqamətində xeyli işlər görmüş, ekoloji cəhətdən zərərli olan bir sıra istehsalat sahələrinin yenidən qurulmasına nail olmuş, zərərli sahələrin bağlanmasında və ya başqa yerlərə köçürülməsində əməli fəaliyyət göstərmişdir.
Elmi-praktiki konfransda bildirilmişdir ki, bu gün respublikada ekologiya və ətraf mühitin mühafizəsi sahəsində görülən işlər, həyata keçirilən tədbirlər akademik Həsən Əliyevin arzu və istəklərinin səmərəli və elmi əsaslarla həyata keçirilməsinin davamıdır.
Konfrans iştirakçılarına "Ana Kür" ekoloji problemlərin öyrənilməsinə kömək İctimai Birliyinin akademik haqqında hazırladığı bukletlər təqdim olunmuşdur.
Tədbir iştirakçıları Şirvan Milli Parkında aparılan işlərlə tanış olmuş, buradakı zəngin flora və faunanı seyr etmişlər.

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında