Alimi elminin çoxluğu ilə yox, əməllərinin faydalılığı, əxlaqının saflığı və xeyirxahlığı ilə sınaqdan keçir, - demişdir böyük filosof Platon (Əflatun). Üç il bundan əvvəl dünyasını dəyişmiş Əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor, "Şöhrət" ordenli Əbülfəz Cəbrayıl oğlu Qasımov (Bərəkət) belə xeyirxah əməllər, saf əxlaq sahibi olan alimlərimizdən idi.
Əbülfəz Qasımov 1931-ci ildə anadan olmuşdur. O, 1946-cı ildə Ordubad Pedaqoji Texnikumunu, 1953-cü ildə isə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun plan-iqtisad fakültəsini bitirmişdir. 1957-ci ildə Moskvada SSRİ Elmlər Akademiyasının İqtisad İnstitutunun Elmi Şurasında namizədlik dissertasiyasını müdafiə etmiş və Azərbaycana qayıdaraq Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda elmi işçi vəzifəsində çalışmışdır. 1959-cu ildən əmək fəaliyyətini Bakı Ali Partiya Məktəbində davam etdirəm Əbülfəz Qasımov 1992-ci ilədək, yəni 33 il ərzində orada baş müəllim, dosent, professor, kafedra müdiri vəzifələrində çalışmışdır. 1972-ci ildə Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1993-cü ildən ömrünün sonunadək (10 iyun 2008-ci il) həyatını Azərbaycan Dövlət İqtisad Universiteti ilə bağlamış, əvvəlcə professor, 1995-ci ildən isə "Aqrar sənaye müəssisələrinin iqtisadiyyatı və idarə edilməsi" kafedrasının müdiri vəzifələrində işləmişdir.
Əbülfəz müəllim yüksək vətəndaşlıq qayəsi ilə səciyyələnən zəngin, mənalı və şərəfli ömür yolu keçmiş, dərin peşəkarlığı, tükənməz enerjisi və zəhmətsevərliyi sayəsində görkəmli alim səviyyəsinə yüksəlmiş, iqtisad elminin zirvələrini fəth etmişdir. Onun elmi-tədqiqat işləri sahəsində 560 çap vərəqi həcmində monoqrafiya, kitablar, dərslik, dərs vəsaitləri və elmi məqalələri bir sıra ölkələrdə və müxtəlif dillərdə çap olunmuşdur.
Əbülfəz Qasımovun çoxcəhətli elmi fəaliyyətində respublika regionlarının,ələlxüsus kənd təsərrüfatının inkişafının aktual problemlərinin tədqiqi mühüm yer tutur. O, Azərbaycan rayonlarının iqtisadi və sosial inkişafında müşahidə olunan bir sıra nöqsanların aradan qaldırılması, mövcud ehtiyatlarından səmərəli istifadə olunması üçün kompleks elmi təhlillər əsasında zəruriliyini elmi cəhətdən əsaslandırılmış tövsiyələr hazırlamış və bu sahənin inkişafına sanballı töhvələr vermişdir.
Professor Ə. Qasımovun elmi axtarışlarının bəhrəsi olan və müxtəlif illərdə çapdan çıxan "Heyvandarlığın iqtisadiyyatı", "Ərzaq proqramının aktual problemləri", "Azərbaycanın sosial iqtisadi inkişafında islahatların rolu", "Demokratikləşmə-milli iqtisadiyyatımızın əsasıdır", "Milli iqtisadiyyatımızın aktual problemləri", "Azərbaycanın ərzaq təhlükəsizliyi", "Müstəqil Azərbaycan iqtisadiyyatının aktual problemləri", "İpək yolunun bərpası bəşəriyyətin tərəqqi yoludur", "Bələdiyyələrə elmi-metodik kömək", "Qəbələdə regional siyasətin bəhrələri və inkişaf istiqamətləri" kimi elmi tədqiqat əsərləri, "Naxçıvan Muxtar Respublikası-nailiyyətlər və problemlər" adlı 2 cildlik ensiklopedik əsər elmi ictimaiyyət tərəfindən böyük rəğbət və maraqla qarşılanmışdır. O, elmi kadrların hazırlanmasında əzmlə çalışırdı. Əbülfəz müəllimin rəhbərliyi altında 22 elmlər namizədi və 4 elmlər doktoru yetişdirilmişdir.
Əbülfəz Qasımov özündən çox başqaları haqqında düşünən, xeyirxah, səbirli, intizamlı, diqqətli, öz üzərində müntəzəm çalışan, daima yeniliyə, həyatın tələbatına uyğun fəailiyyət göstərən, həmişə mütaliə edən ziyalı idi. Gənclərimizin yüksək peşəkar iqtisadçı-mütəxəssis kimi hazırlanması və formalaşmasında, vətəndaş kimi tərbiyə olunmasında onun danılmaz xidmətləri vardı.
Əbülfəz müəllim mənalı ömrünün son 15 ilində respublikamızın aparıcı təhsil ocaqlarından biri olan Azərbaycan Dövlət İqtisad Universitetinin "aqrar sənaye müəssisələrinin iqtisadiyyatı və idarə edilməsi" kafedrasına rəhbərlik etmişdir. O, qayğıkeş müəllim və tərbiyəçi idi. Qədim bir hind məsəlində deyilir: "Kim ki daim oxuyur, o yaxşı yatır, özü-özünün həkimi olur. Məqsəd uğrunda mübariz olmaq, insani kamilliyə yiyələnmək oxuyub öyrənməklə bağlıdır". Əbülfəz müəllim məhz belə yüksək insani keyfiyyətlərə malik idi.
O, həyat pillələrini addım-addım qalxaraq onun zirvəsinə yüksələn, insani ləyaqətini hər şeydən uca tutan görkəmli iqtisadçı, ziyalı idi. Respublikamızın ictimai siyasi həyatında fəal iştirak edirdi. Bacarıqlı təşkilati, müasir mütərəqqi ideyaların daşıyıcısı və təbliğatçısı kimi ölkə ictimaiyyəti arasında böyük hörmət sahibi idi.
Professor Əbülfəz Qasımov bir neçə ixtisaslaşmış elmi və müdafiə şuralarının üzvü idi. Bir sıra beynəlxalq konfrans və simpoziumlarında iştirak etmiş, dərin məzmunlu məruzə və çıxışları ilə Azərbaycan iqtisad elminə yüksək nüfuz qazandırmışdır. Əbülfəz Qasımovu başqa iqtisadçı alimlərdən fərqləndirən əsas cəhət bu idi ki, o, milli iqtisadiyyatımızın aktual problemlərini tədqiq etməklə yanaşı, bədii-publisistik yaradıcılıq fəaliyyəti ilə də ardıcıl məşğul olurdu. "Əbülfəz Bərəkət" imzası çoxdan respublikamızda və onun hüdudlarından kənarda oxucuların dərin rəğbətini qazanmışdır. Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətlər göstərmiş Əbülfəz Qasımov çörək mövzusunu bədii yaradıcılığının şah damarı hesab edərək "Mənim çörəkli dünyam" kitabını yazmışdır. Həmin kitabın materialları əsasında Moskva, Bakı və Naxçıvanda filmlər çəkilmişdir.
Onun milli mənəvi dəyərlərimizi özündə əks etdirən, mədəniyyətimizi, ədəbiyyatımızı zənginləşdirən "Anamın gəlinlik paltarı" adlı əsəri 2002-ci ildə Azərbaycan Dövlət Gənclər Teatrında, "Tufanda yanan çıraq" adlı pyesi isə 2003-cü ildə İrəvan Dövlət Teatrında səhnəyə qoyulmuş və tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanmışdır.
Əbülfəz Qasımovun "Dəyirmana gedən yollar" bədii-publisistik oçerki dünya şöhrətli müğənni Lyudmila Zıkinanın müşayiəti ilə radiokompozisiya kimi vallara yazdırılaraq "Russki yazık za rubejom" (Moskva) jurnalı redaksiyasının təşəbbüsü ilə dünyanın 80 ölkəsində səsləndirilmişdir. İndi həmin vallar əsasında bir sıra xarici ölkələrin məktəblərində şagirdlərə Azərbaycan xalqının adət-ənənələri, qonaqpərvərliyi, insanpərvərliyi barədə sinifdənkənar məşğələlər keçirilir. Həmin oçerk unudulmaz müğənnimiz Rəşid Behbudovun da ecazkar ifasının müşayiəti ilə səsləndirilmiş və rəğbətlə qarşılanmışdır. Professor Əbülfəz Qasımovun böyük zəhməti sayəsindən ötən əsrin 80-cı illərinin əvvəllərində Ağdamda yaradılmış "Çörək muzeyi"nin şöhrəti bütün dünyaya yayılmışdı. Müqəddəs nemətə sonsuz ehtiramın rəmzi olan "Çörək muzeyi" dünyada bu tipli yeganə mədəniyyət abidəsi idi: muzeyin zəngin ədəbiyyat fondu vardı, burada dəyirman işləyirdi, üyüdülmüş undan təndirə yapılan milli çörəklər bişəndən sonra dequstasiya zalında muzeyə gələn qonaqların süfrəsini bəzəyirdi.
Erməni qəsbkarları Qarabağı işğal edərkən bu nadir məbədgaha tuşlanan düşmən mərmiləri vətənpərvər alimi sarsıtmış, hiddətləndirmiş və onun qəlbində baş qaldıran qəzəbli nidalar yeni bir povestin yazılmasına səbəb olmuşdur. İlk dəfə Azərbaycan radiosu ilə səsləndirilən, sonra isə respublika mətbuatının səhifələrində dərc edilən "Xan qızı Natavan bəşəriyyəti haraylayır" adlı əsər böyük marağa səbəb olmuş, dinləyici və oxucular arasında geniş əks-səda doğurmuşdur.
Əbülfəz Bərəkətin son vaxtlar oxuculara təqdim etdiyi "Sevən ürək, isti çörək" əsəri daha bir ağrılı mövzuya-müdhiş 20 Yanvar hadisələrinə həsr edilmişdir. Əsərdə şəhidlərimizin nakam və saf məhəbbətindən, ülvi hisslərindən söhbət açılır, onların ruhu əzizlənir, xatirələri yad olunur. Ümumiyyətlə, Əbülfəz Bərəkətin əsərlərindəki məşəqqətli ziyalı həyatı, həkimlik peşəsinin müqəddəsliyi, jurnalist məharəti, acılı-şirinli tələbəlik illəri istər-istəməz oxucunu düşündürür, ülviləşdirir, mətinləşdirir. Elə ilk sətirlərdən bu əsərlər oxucunu ovsunlayır, və onların bəxş etdiyi mənəvi zənginlik, gözəllik dünyasının əxlaqi keyfiyyətləri qəlbə ömürlük hakim kəsilir.
Professor Əbülfəz Qasımovun son əsəri - "İki liderin siyasi portreti" ulu öndərimiz Heydər Əliyev və respublikamızın prezidenti İlham Əliyevin titanik əmək fəaliyyətlərindən, qloballaşma dövründə dövlətçiliyimizin stabil inkişafı istiqamətində aparılan sosial-iqtisadi islahatlardan bəhs edir.
Professor Əbülfəz Qasımov belə hesab edirdi ki, istər riyaziyyat elmi olsun, istərsə də iqtisadiyyat-fərqi yoxdur, bədiiliyin, poeziyanın fövqünə qalxdıqca, oxucu zəkasına daha tez yol tapır, onun yaddaşında əbədi həkk olunur.
Beləliklə, professor Əbülfəz Qasımovun iqtisadi təfəkkürü ilə bədii təfəkkürü arasında yaranmış vəhdət ona həm elmi axtarışlarında, həm də sənətdə böyük uğurlar qazandırmışdır.
Əbülfəz müəllim gözəl ailə başçısı idi. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti dövlət və hökumətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O, "Əməkdar elm xadimi", "Əməkdar təbliğatçı" fəxri adlarına, "Qızıl qələm" mükafatına layiq görülmüş, 2001-ci ildə ulu öndərimiz Heydər Əliyevin fərmanı ilə "Şöhrət" ordeni ilə təltif olunmuşdur. Görkəmli iqtisadçı alim, elm fədaisi, gözəl pedoqoq, müdrik insan Əbülfəz Qasımovun xatirəsi Azərbaycan xalqının ziyalı, müəllim və tələbə ordusunun, onu tanıyanların qəlbində əbədi yaşayacaqdır.
{nl}
Şəmsəddin HACIYEV, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor, Milli Məclisin deputatı, Asəf Nadirov, akademik
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.