ADU-da akademik Mirzə İbrahimovun 100 illik yubileyinə həsr olunmuş respublika konfransı keçirilmişdir

Dekabrın 19-da Azərbaycan Dillər Universitetində xalq yazıçısı, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı, akademik Mirzə İbrahimovun 100 illik yubileyinə həsr olunmuş respublika elm-praktiki konfransı keçirilmişdir.  
Tədbir Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Yazıçılar Birliyi (AYB) tərəfindən təşkil edilmişdir.
Təhsil naziri Misir Mərdanov Prezident İlham Əliyevin xalq yazıçısı Mirzə İbrahimovun 100 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncamı xatırlatmış, bununla əlaqədar respublikamızda, o cümlədən ali təhsil müəssisələrində bir sıra tədbirlərin həyata keçirildiyini bildirmişdir. Tanınmış şəxslərin, elm və mədəniyyət xadimlərinin yubileylərinin qeyd olunmasının ölkəmizdə bir ənənəyə çevrildiyini vurğulayan nazir bunu Azərbaycan ədəbiyyatına, elmi-ictimai fikrinə verilən yüksək qiymət kimi dəyərləndirmişdir.
M.Mərdanov görkəmli dövlət xadimi və ədəbiyyatşünas, AMEA-nın ilk həqiqi üzvlərindən biri olmuş M.İbrahimovun zəngin ədəbi irsindən, çoxşaxəli fəaliyyətindən, müasir Azərbaycan ədəbiyyatının inkişafında misilsiz xidmətlərindən söz açmış, onun ictimai, bədii və elmi fəaliyyətinin gənc nəslə tanıdılmasının vacibliyini vurğulamışdır.
M.Mərdanov yazıçının XX əsr Azərbaycan və çoxmillətli sovet ədəbiyyatının parlaq nümayəndəsi kimi milli ideologiyamızın formalaşması uğrunda apardığı mübarizədən də danışmışdır. Görkəmli ədib keçmiş sovetlər dövründə də, milli müstəqillik hərəkatı dövründə də azərbaycançılıq ideologiyası və milli azadlıq uğrunda fəal mübarizə aparmışdır. Məhz bu səbəbdən də, milli mənəvi dəyərləri qoruyan və təbliğ edən Mirzə İbrahimov özü də mənəvi repressiyalara məruz qalmışdır.
Universitetin kafedra müdiri, dosent Fəridə Səfiyeva "Mirzə İbrahimovun ədəbi-bədii yaradıcılığı" mövzusunda məruzəsində Azərbaycan ədəbi və fəlsəfi fikir tarixində böyük rolu olmuş ədibin bu günədək müasirliyini qoruyub saxlayan yaradıcılığı haqqında geniş məlumat verilmişdir. Bildirilmişdir ki, ədəbiyyatımızı bir-birindən maraqlı əsərlərlə zənginləşdirmiş xalq yazıçısı Mirzə İbrahimovun kitabları müxtəlif dillərə tərcümə edilmiş, əsərləri əsasında bədii və sənədli filmlər çəkilmişdir. Çoxşaxəli fəaliyyəti dövründə xalqına ləyaqətlə xidmət etmiş, ana dilimizin saflığı uğrunda mübarizə aparmış qüdrətli qələm sahibi həm də bir çox xarici müəlliflərin əsərlərini Azərbaycan dilinə tərcümə etmişdir. Yaradıcı nəslin formalaşmasında böyük rolu olan M.İbrahimov gənc yazarlara həmişə xüsusi diqqət və qayğı ilə yanaşmışdır.
AYB-in sədri, xalq yazıçısı Anar, mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Milli Məclisin deputatları - xalq şairi Sabir Rüstəmxanlı, ADU-nun rektoru Səməd Seyidov akademik M.İbrahimovun ictimai-siyasi, elmi və ədəbi fəaliyyətindən, onun bütün həyatının gənc nəslə örnək olmasından danışmışlar. Natiqlər xalq yazıçısının ədəbi-ictimai fəaliyyəti ilə doğma ana dilinin qorunması, təbliği uğrunda fədakar mübarizə apardığını xüsusi qeyd etmişlər.
Tədbirdə M.İbrahimovun həyat və fəaliyyətini əks etdirən videogörüntülər nümayiş olunmuşdur.
Sonda yazıçının qızı, xalq artisti, bəstəkar Sevda İbrahimova atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə ailə üzvləri adından tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.
AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında