Nailiyyətlərlə başa vurmağa hazırlaşdığımız 2011-ci il müstəqil Azərbaycan dövlətinin ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatında, təhsil, səhiyyə, idman və digər sahələrində köklü dəyişikliklər və dinamik inkişafla, zəngin tarixi hadisələrlə yadda qaldı. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yürüdülən məqsədyönlü siyasətin, aparılan genişmiqyaslı islahatların və həyata keçirilən qlobal dövlət proqramlarının məntiqi nəticəsi olaraq Azərbaycan bu il də böyük uğurlar əldə etməyə, ölkənin siyasi və iqtisadi qüdrətini daha da artırmağa, dünyadakı mövqelərini möhkəmləndirməyə, əsası isə xalqımızın həyat səviyyəsini daha da yaxşılaşdırmağa nail oldu.
Bunu son günlərdə dövlət başçısının sərəncamları ilə ölkənin təhsil, səhiyyə və elmi işçilərinin məvaciblərinin növbəti dəfə qaldırılması da bir daha təsdiqlədi. Ulu öndərin müəllimə və onun əməyinə verdiyi yüksək qiyməti əməli işlərlə davam etdirən Prezident İlham Əliyev milli təhsilimizin mötəbər hamisi kimi bu sahənin inkişafını daim himayə edir.
Müstəqil Azərbaycan dövləti bu gün dünyada sürətlə inkişaf edən, yüksələn bir ölkədir. Bunu dünyanın ən nüfuzlu iqtisadçıları, beynəlxalq təşkilatların, o cümlədən maliyyə qurumlarının ekspertləri də təsdiqləyirlər. Sözsüz ki, bu məqsədyönlü şəkildə aparılan siyasi və iqtisadi islahatlarla iqtisadi potensialın möhkəmlənməsi, qəbul olunan qərarların düzgün icrası ilə bağlıdır. İftixar hissi ilə qeyd edə bilərik ki, Azərbaycanda ümummilli liderimiz Heydər Əliyev tərəfindən başlanmış iqtisadi islahatlar bu gün çox uğurla davam etdirilir. Ölkəmizdə günbəgün, aybaay, ilbəil artan tərəqqi, yüksələn rifah fikirlərimizi bir daha təsdiqləyir. Quruculuq-abadlıq işləri, infrastruktur layihələrinin həyata keçirilməsi, sosial sahəyə, xüsusən, milli təhsilə qayğı və diqqət bugünkü Azərbaycanın həqiqətləridir. Son illərdə 2 mindən artıq yeni məktəbin tikilməsi, əksər təhsil ocaqlarının təmir edilib yeniləşdirilməsi, təhsil sahəsində 20-dək mühüm dövlət proqramının həyata keçirilməsi müstəqil dövlətin yaxın gələcəkdə intellektual tərəqqisi üçün möhkəm əsaslar yaratmaqdadır.
Bu gün Azərbaycan dövlətinin yürütdüyü iqtisadi siyasətdə sosial sahə prioritet təşkil edir. Yəni bütün iqtisadi layihələr, regionların sosial-iqtisadi inkişaf proqramı, digər iqtisadi təşəbbüslər məhz sosial sahədə mühüm irəliləyişlərin əldə edilməsinə yönəldilib. Bütün bunlar insanların həyat şəraitinin maksimum yüksəldilməsinə xidmət edir. Yeni iş yerlərinin açılması, müasir infrastrukturun yaranması əhalinin yeni tipli məşğulluğuna, cəmiyyətdə ahəngdarlıq yaranmasına xidmət edir. Sosial məsələlərin həlli, insanların güzəranının yaxşılaşması Prezident İlham Əliyevin gündəlik siyasətinin əsas proiritetləridir.
Prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişaf Dövlət Proqramının icra vəziyyətinə şəxsən özü nəzarət edir, bölgələrə səfərlərə gedir, işlərin gedişi ilə maraqlanır və yeni istehsal sahələrinin açılış mərasimlərində iştirak edir. Bölgələrə səfərləri zamanı dövlət başçısı görülən işlərin gedişi ilə tanış olur, ictimaiyyət nümayəndələri ilə görüşür, yaranmış problemlərin aradan qaldırılması ilə bağlı öz tövsiyyə və tapşırıqlarını verir. Bütün bunlar ölkə ziyalılarında böyük razılıq doğurur, öz nəticələri ilə biz müəllimlərin də həyatına rahatlıq, məmnunluq gətirir.
Prezidentimiz İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi ilk günlərdən elm-təhsil sahəsində böyük yüksəlişin təmin olunmasını başlıca proiritetlərdən biri kimi müəyyənləşdirmişdir. Elmin, təhsilin inkişafı üçün büdcə vəsaitlərinin ildən-ilə artırılması, müəllimlərin əmək haqlarında, tələbə, magistr və aspirantların təqaüdlərində özünü göstərən əsaslı artımlar, yeni qrafikalı ədəbiyyat nəşrinin təşkili, habelə məktəblərin dərsliklərlə pulsuz təminatı dövlət başçısının bu əhəmiyyətli sahəyə diqqət və qayğısının bariz ifadəsidir. Eyni zamanda, təhsil sferasında investisiya xərcləri üçün ayrılmış vəsaitlərin həcmi son illərdə kifayət qədər artırılmış, məktəblərin təmiri və yenidənqurulmasının, habelə yenilərinin inşasının güclü maliyyə təminatı yaradılmışdır. Bu isə təhsilin keyfiyyətcə müasirləşdirilməsi, bu sahədə infrastrukturun yeniləşdirilməsi baxımından geniş imkanlar yaradır.
2004-cü il avqustun 24-də ümumtəhsil məktəblərinin (2005-2007-ci illərdə) informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramını təsdiq edən Prezident İlham Əliyev gənclərin müasir bilikləri və informasiya texnologiyalarını dərindən mənimsəməsinə elmi-texniki zəmin yaratmışdır. Məktəblərin kompyuterləşdirilməsi, gənc vətəndaşlarımızın virtual dünyaya çıxışının təmin edilməsi onların informasiya texnologiyaları ilə işləmək vərdişlərinə yiyələnmələri üçün atılan məqsədyönlü addımlardır. Dövlət başçısının qərarı ilə 2007-ci ildən ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi təhsil sahəsində yeni uğurlar qazanılmasını, təşəbbüskar fəaliyyəti stimullaşdırır.
Respublikanın iqtisadi imkanlarının genişlənməsi müqabilində təhsilə diqqətin daha da artması günün ürəkaçan reallığıdır. Bu günlərdə dövlət başçısının təhsil işçilərinin əmək haqlarının 10 faiz artırılması haqqında sərəncamı da bir daha deməyə əsas verir ki, müəllimlərin həyat şəraiti bir az da yaxşılaşacaq, milli təhsilimizin keyfiyyəti daha da yüksələcəkdir.
Dövlət başçısı kimi xalqa məramnaməsini açıqlayarkən hər bir Azərbaycan vətəndaşının prezidenti olacağını söyləyən cənab İlham Əliyev bildirmişdi ki, mən öz fəaliyyətimdə xalqa güvənirəm, xalqdan güc alıram və sizin dəstəyiniz məni daha da əzmkar edir, güclü edir. Xalqına arxalanan Prezident İlham Əliyev Azərbaycanı inamla tərəqqi və inkişaf yolu ilə daha da irəli aparır. Azərbaycanın təhsil işçiləri bu tarixi marafonda bundan sonra da dövlətimizə və onun qadir rəhbərinə sadiq qalacaqlar.
{nl}
Məmməd QƏMBƏROV, qabaqcıl maarif xadimi, Sabir MƏMİŞOV, əməkdar müəllim, Bakı şəhəri
{nl}
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.