Heydər Əliyev milli təhsil sisteminin qurucusudur

Azərbaycanın təhsil sahəsində keçdiyi yolu təhlil edərkən onun nə qədər çətin, lakin şərəfli olduğu bir daha özünü büruzə verir. Milli təhsilimizin inkişafı, Avropa standartlarına inteqrasiyası məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin Vətən qarşısında misilsiz xidmətlərindən biri də milli təhsil sisteminin qurucusu olmasıdır. İstər ötən əsrin 70-80-ci illərində, istərsə də müstəqillik dövründə ümummilli lider xalqımızın təkcə bugününü deyil, həm də gələcəyini düşünərək bu sahənin inkişafına xüsusi diqqət və qayğı göstərib.
Xüsusən də Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonrakı illərdə milli təhsilimizi Qərb standartları səviyyəsinə yüksəltmək, milli-mənəvi dəyərlərə həssas münasibət böyük tarixi şəxsiyyətin yürütdüyü siyasətin prioritet istiqamətini təşkil edib. Ulu öndər hələ sovet hakimiyyəti dövründə də milli mənəvi dəyərlərimizin qorunub saxlanılmasında və inkişafında çox cəsarətli, qətiyyətli tədbirlər həyata keçirib.
1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayan Heydər Əliyev milli mənafelərə xidmət göstərmək məqsədilə totalitar rejimin qanunları altında Azərbaycanda milli mənəvi dəyərləri qorumaqla tərəqqiyə, elm və təhsilin yüksəldilməsinə nail olmaq üçün düşünülmüş elmi siyasət yeritmişdir. Respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illərdə ulu öndərin diqqət mərkəzində saxladığı ən zəruri vəzifələrdən biri elmin və təhsilin inkişafına qayğını artırması olmuşdur. Kommunist Partiyasının hakimiyyətdə olduğu bir dövrdə Heydər Əliyev təhsilin inkişafına milli varlığın və dövlətçiliyin təməl məsələsi kimi yanaşmış, bu sahədə uğurlar qazanmaq üçün ciddi səylər göstərmişdir.
Müdrik rəhbər Heydər Əliyev öyrədirdi ki, savadlı və dərin elmli xalqların qurduğu dövlət uzunömürlü, ədalətli və cəlbedici olur. Ona görə də ulu öndər Azərbaycan xalqının maariflənməsinə, savadlanmasına xüsusi diqqət yetirirdi. Təhsilin inkişafı ilə əlaqədar bir-birinin ardınca qərarlar qəbul edilirdi. Təhsil sahəsində həyata keçirilən tədbirlər Heydər Əliyevin böyük maarifçi olmasından xəbər verirdi. Müdrik şəxsiyyət ilk növbədə təhsil sahəsində kadrların milliləşdirilməsinə başladı. Azərbaycanlı təhsil işçilərinin işə qəbulu gücləndirildi və bu sahədə çalışan qeyri azərbaycanlılar tutduqları vəzifədən kənarlaşdırıldı. Bir faktı diqqətə çatdırmaq istərdim. Azərbaycan KP MK-nın 1970-ci il 13 mart tarixli büro iclasında maarif nazirinin müavini R.A.Balayanın düzgün olmayan hərəkətləri müzakirə olunmuş və o, tutduğu vəzifəsindən azad edilmişdi.
Heydər Əliyevin Azərbaycan maarifini, milli təhsilimizi inkişaf etdirmək sahəsində fəaliyyətinin başlıca istiqamətlərindən biri yeni məktəb binalarının tikintisi, məktəb yaşlı uşaqların təhsilə cəlb edilməsi,təhsilin kütləviləşdirilməsi idi. 1969-cu ildən 1982-ci ilədək olan dövrə nəzər salsaq, görərik ki, respublikada yeni məktəb binalarının tikilməsi və uşaqların məktəbə cəlb edilməsində böyük irəliləyiş olub. Məktəb yaşlı uşaqların təhsilə cəlb olunması üçün ciddi tədbirlər həyata keçirilir. Məktəb şəbəkəsi sürətlə genişləndirildi.
Azərbaycanlı qızların məktəbə cəlb edilməsi məsələsinə xüsusi diqqət verilməsi nəticəsində təhsilli qadınların sayı sürətlə artırdı. Artıq 1978-ci ildə Azərbaycanda 770 min nəfər ali və orta təhsilli qadın var idi. Bu isə qısa müddətdə Azərbaycan cəmiyyətində qadının rolunun artırılması sahəsində böyük uğur qazanılmasından xəbər verirdi. Azərbaycan tədricən savadlılar diyarına çevrilirdi. 1979-cu ildə Heydər Əliyevin respublikaya rəhbərliyindən 10 il sonra əhalinin siyahıyaalınmasına görə şəhər əhalisinin savadlılığı 100 faiz, kənd əhalisinin savadlılığı isə 99 faiz təşkil edirdi. 1980-ci ilin statistik məlumatlarına görə respublikada fəaliyyət göstərən ümumtəhsil məktəblərində 1 milyon 400 min şagird təhsil alırdı. Bu, Azərbaycanın bütün tarixi ərzində görünməmiş bir uğur idi.
Ölkədə müəllim hazırlığına, kənd məktəblərinin ixtisaslı müəllim kadrları ilə təmin edilməsinə xüsusi yer verilirdi. Kənd yerlərində işləməyə gedən gənc mütəxəssislərə və əvvəlki illərdən fərqli olaraq, orada çalışan müəllimlərə xüsusi qayğı göstərməklə Azərbaycan maarifinin coğrafiyasını genişləndirir, təhsilin keyfiyyətinin yüksəldilməsinə nail olurdu.
Ulu öndər Heydər Əliyevin maarifə göstərdiyi qayğının daha bir nümunəsi "Xalq maarifi haqqında" qanun layihəsinin ümumxalq müzakirəsinə verilməsi və qəbul edilməsi oldu. Bu qanunun qəbulu və həyata keçirilməsi Azərbaycan məktəbinin inkişafında əsaslı rol oynadı. Bu və digər tədbirlərin həyata keçirilməsi müəllimlərin nüfuzunu daha da yüksəldirdi. Ümumiyyətlə, ulu öndər hakimiyyətdə olduğu illərdə müəllimlik peşəsini həmişə yüksək qiymətləndirib. Müdrik şəxsiyyət deyirdi: "Müəllim sənəti şərəfli və gözəl sənətdir. Qədimdən xalqımızın içərisində ən mötəbər və ləyaqətli adamları "müəllim" deyə çağırmışlar".
Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə gərgin və yorulmaz fəaliyyəti nəticəsində respublika savadlılar diyarına çevrildi. Ulu öndər bu barədə deyirdi: "Azərbaycanda ən böyük nailiyyət ondan ibarətdir ki, bizdə savadsız adam yoxdur. Ölkəmizdə hansı bir kəndə, hətta hansı bir dağ kəndinə getsəniz, orada savadsız adam tapa bilməzsiniz. Azərbaycanda xalqın ümumi təhsil səviyyəsinin, mədəni səviyyəsinin yüksəlməsi XX əsrdə özünü çox bariz şəkildə göstərmişdir".
Ulu öndər Heydər Əliyevin 1969-1982-ci illərdə yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan təhsili, yetişdirilmiş ixtisaslı milli kadrlar və inkişaf etmiş elm gələcək müstəqillik üçün bir təməl rolu oynayırdı. Məhz ümummilli lider Heydər Əliyevin qətiyyəti, qayğısı nəticəsində müxtəlif sahələr üzrə neçə-neçə gənc yüksək səviyyəli mütəxəssis kimi hazırlanmış, Azərbaycanda sosial-iqtisadi və siyasi idarəetmə sahələrində milli kadr potensialı formalaşmışdır. Bu potensial Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkə üçün son dərəcə böyük əhəmiyyət kəsb etmişdir. Çünki hər bir ölkənin inkişafı üçün onun hazırlıqlı kadr potensialının olması vacib şərtlərdən biridir. Heydər Əliyev hələ o zaman gələcəkdə Azərbaycanın müstəqil bir dövlət olacağını düşünürdü və sonralar bunu açıq şəkildə ifadə etmişdi: "Bəli, mən bu işləri görərkən həm də gələcək müstəqil Azərbaycan üçün fəaliyyət göstərirdim və gələcək müstəqil Azərbaycan dövlətinin əsaslarını yaradırdım". 1969-1982-ci illərdə yaradılan əsaslar müstəqil Azərbaycanın dövlət quruculuğu prosesində öz rolunu oynamışdı.
1993-cü ildə xalqın təkidli xahişi ilə yenidən ölkəyə rəhbərlik edən ümummilli lider Heydər Əliyev təhsilin inkişafını, müasir təfəkkürlü, düşüncəli, hərtərəfli biliyə malik savadlı, bilikli gənclərin yetişdirilməsini prioritet vəzifə kimi qarşıya qoydu. Müstəqil Azərbaycana rəhbərliyinin ilk vaxtlarında 1994-cü ildə "Ümumtəhsil məktəblərinin nümunəvi Əsasnaməsi"nin yaradılması məsələsi qaldırıldı. Respublikanın iqtisadi vəziyyətinin hələ ağır olduğu bir vaxtda heç olmasa, ibtidai siniflər üçün dərsliklərin pulsuz verilməsi barədə qərar qəbul edildi. Ulu öndər 1998-ci ilin martında "Təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyasının yaradılması haqqında" sərəncam imzalamaqla təhsil sistemində əsaslı dönüş yaradılmasına nail oldu.
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra təhsil sahəsində ən ciddi problemlərdən biri də məktəb tikintisi, ümumtəhsil məktəblərin təmiri və lazımi avadanlıqlarla təchizatı idi. Heydər Əliyev 2000-ci il iyunun 13-də "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" fərman imzalamaqla bu problemi aradan qaldırdı. Bu fərman təhsil sisteminin əsaslı şəkildə təkmilləşdirilməsinə, idarəetmənin müasir prinsiplər üzrə təşkilinə, təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmasına və dünya təhsil sisteminə inteqrasiyasına zəmin yaratdı. Bunun ardınca imzalanan "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında" sərəncam məktəblərdə tədris-təlim şəraitinin yaxşılaşdırılmasında yeni mərhələnin əsasını qoydu.
Böyük tarixi şəxsiyyət Heydər Əliyevin təhsilə verdiyi böyük qiymət Azərbaycanda demokratiyanın yaranması, formalaşması və çiçəklənməsi dövrünün inkişafında ən mühüm hadisəyə çevrildi. Elm və təhsilə böyük önəm verilməsi, bir-birinin ardınca yeni proqram və layihələrin, təhsil islahatlarının həyata keçirilməsi ölkənin elmi, mədəni və sosial-iqtisadi həyatında böyük dönüş yaratdı. Heydər Əliyev cəmiyyətin inkişafında təhsilin rolunu çox yüksək qiymətləndirərək demişdi: "Bu təhsil sisteminin nə qədər dəyərli olduğunu onda görmək olar ki, Azərbaycanda yüksək savada, biliyə, ixtisasa, yüksək elmə malik insanlar var və onlar cəmiyyətin çox hissəsini təşkil edir. Əgər bunlar olmasaydı, Azərbaycan iqtisadiyyatı belə güclü inkişaf edə bilməzdi. Bunlar olmasaydı, biz indi Azərbaycanı müstəqil dövlət kimi idarə edə bilməzdik. Onları qiymətləndirmək lazımdır və o illərdə əldə etdiyimiz nailiyyəti heç vaxt unutmamalıyıq".
Heydər Əliyev müstəqil Azərbaycan milli təhsilinin quruculuğu sahəsindəki islahatların həqiqi meyarı idi. Bu böyük şəxsiyyətin yenidən hakimiyyətə xilaskar missiyalı qayıdışı Azərbaycanın sosial-iqtisadi, siyasi və mədəni həyatının bütün sahələrində olduğu kimi, təhsil sahəsində də tənəzzülün qarşısını almağa imkan verdi. Milli təhsilimiz sürətli inkişaf yoluna qədəm qoydu. Müstəqillik illərində milli təhsilimizi Qərb standartları səviyyəsinə yüksəltmək, milli-mənəvi dəyərlərə həssas münasibət ümummilli liderimizin həyata keçirdiyi siyasətin prioritet istiqamətini təşkil edib.
Ulu öndərin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev digər sahələrlə yanaşı milli təhsilimizin inkişafı, beynəlxalq aləmə inteqrasiyasını daha da sürətləndirmək istiqamətində həyata keçirdiyi tədbirlər artıq öz bəhrəsini verir.
Azərbaycanın təhsil sisteminin normativ-hüquqi bazasının yaradılması, təhsilin məzmununun yeniləşdirilməsi və təkmilləşdirilməsi, təhsilin idarə olunmasının demokratikləşdirilməsi, təhsil sahəsində beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində çox böyük işlər görülüb. Məhz bunun nəticəsidir ki, bu gün biz təhsilin keyfiyyətinin inkişaf etmiş ölkələrin səviyyəsinə yüksəldilməsi ilə bağlı qürur hissi keçiririk. Bütün bunlar Prezident İlham Əliyevin təhsilə, təhsil işçilərinə göstərdiyi yüksək diqqət və qayğısı, səmərəli fəaliyyət üçün yaratdığı əlverişli şərait və imkanlar sayəsində mümkün olub. "Təhsil haqqında" Qanunun qəbul edilməsi, təhsil sistemində əsaslı islahatların daha sürətlə davam etdirilməsi, ən mütərəqqi texnologiyaların tətbiqi, müəllimlərin əmək haqlarının mütəmadi olaraq artırılması, onların pedaqoji biliyinin, təcrübəsinin yüksəldilməsi və bu sahənin dünya səviyyəsinə yüksəldilməsinə imkan verib.
Ulu öndər Heydər Əliyev tərəfindən milli təhsilimizə olan qayğının davamı olaraq Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xidmətləri danılmazdır. Bu gün respublikamızın müxtəlif rayonlarında 200-dən artıq məktəbin inşa edilməsi və ən müasir avadanlıqlarla təchiz olunması məhz onun təşəbbüsü ilə həyata keçirilmişdir. Çoxlu sayda məktəblərin əsaslı təmir olunması, hər il birinci sinifə yeni qədəm qoymuş bütün şagirdlərə məktəbli ləvazimatlarının pulsuz verilməsi də Mehriban xanımın təşəbbüsüdür.
Azərbaycanın həm Avropaya, həm də dünya birliyinə sürətli inteqrasiyası bir daha təsdiqləyir ki, bu gün Heydər Əliyev siyasi kursunun alternativi yoxdur. Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasi xətt Azərbaycanın adını daha yüksək zirvələrə qaldıracaq.

{nl}

Şamil NURƏLİYEV, Saatlı Rayon Təhsil Şöbəsinin müdiri

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında