Dövlət Pedaqoji Universitetində qış imtahan sessiyasına hazırlıq işləri görülür

Azərbaycanın ən qocaman ali təhsil müəssisələrindən sayılan, ölkə məktəbləri üçün müəllim kadrlarının hazırlanmasında müstəsna yeri olan Dövlət Pedaqoji Universitetində son illər tədris prosesinin təkmilləşdirilməsi, imtahanların gedişində obyektivliyin və şəffaflığın təmin edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Hazırda universitetin əyani şöbəsində 25 ixtisas üzrə 10 fakültə fəaliyyət göstərir.
Bundan əlavə, burada əcnəbi tələbələrin işi üzrə xüsusi dekanlıq yaradılmışdır. Universitetin əyani şöbəsində 5429 tələbə təhsil alır ki, bunlardan da 80 nəfəri əcnəbi vətəndaşlardır. Qiyabi şöbədə isə 9 ixtisas üzrə 2526 tələbə təhsil alır. Son illər universitetdə təhsilin magistratura pilləsinə də maraq getdikcə artır. Hazırda əyani şöbədə təhsilin bu yüksək pilləsində 11 istiqamət və 39 ixtisas üzrə 412 nəfər magistr təhsil alır. Qiyabi şöbədə 8 istiqamət və 23 ixtisas üzrə təhsil alan magistrlərin sayı isə 390 nəfər təşkil edir.
Ölkəmizin pedaqoji kadrlara olan tələbatının ödənilməsində müstəsna rol oynayan Dövlət Pedaqoji Universiteti Azərbaycanda Boloniya təhsil sisteminə qoşulan ilk ali təhsil müəssisələrindəndir. Artıq beş ilə yaxındır ki, universitetin əyani şöbəsində tələbələr kredit sistemi əsasında təhsil alırlar. Xatırladaq ki, yeni sistem tələbələrin hərtərəfli hazırlığının yoxlanılmasında və biliklərinin düzgün şəkildə qiymətləndirilməsində obyektivliyi və şəffaflığı tam təmin etməyə imkan yaradır. Ötən tədris ilindən etibarən isə qiyabi şöbədə də imtahanların test üsulu ilə aparılmasına başlanılmışdır. Qiyabi şöbənin üç, dörd və beşinci kurslarında təhsil alan tələbələr üçün isə imtahanlar çoxballı və ənənəvi sistemlə aparılır. Onu da qeyd etmək lazımdır ki, kredit sistemi artıq özünü tam doğrultmuş və imtahanların test üsulu ilə aparılması tələbələrin dərin razılığına səbəb olmuşdur.
Hazırda öz zəngin elmi-pedaqoji potensialına görə ölkəmizin qabaqcıl ali təhsil müəssisələrindən biri olan Azərbaycan Dövlət Pedaqoji Universitetində 2011-2012-ci tədris ilinin qış imtahan sessiyasına ciddi hazırlıq görülür. Universitetin tədris-metodika şöbəsinin müdiri Namiq Hacıyev bildirdi ki, bir neçə ildir, ADPU-da tələbələrin biliklərinin düzgün qiymətləndirilməsində obyektivliyin və şəffaflığın təmin edilməsi məqsədilə semestr və buraxılış imtahanları yeni üsulla, informasiya-kommunikasiya texnologiyalarından istifadə olunmaqla keçirilir. Bu məqsədlə universitetdə beş kompyuter imtahan zalı yaradılmışdır. Həmin zallarda yerləşdirilmiş 180 kompyuter vasitəsilə gün ərzində 1500 nəfər tələbə imtahan verə bilir. Onu da deyək ki, imtahanlara nəzarəti gücləndirmək məqsədilə həmin zallarda xüsusi kameralar quraşdırılmışdır. Hər bir imtahan zalının qarşısında isə şikayət və təkliflər qutusu qoyulmuşdur. Qutulara atılan ərizələrin məxfiliyi təmin olunmaqla birbaşa rektorluq tərəfindən araşdırılır. Nəzarətçilər qeyri-ixtisas fənləri sahəsində fəaliyyət göstərən müəllimlərin arasından seçilir ki, bu da imtahanlara mümkün müdaxilə hallarının qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə, hər bir fakültə üzrə münaqişə komissiyası, universitet üzrə isə "qaynar xətt" yaradılmışdır. Professor Süleyman Məmmədovun rəhbərlik etdiyi "qaynar xətt"ə daxil olan bütün şikayətlər dərhal obyektiv şəkildə araşdırılır.
İmtahanqabağı hazırlanmış test sualları təsadüfi qayda əsasında qruplaşdırılaraq ümumi bazaya yerləşdirilir. Xatırladaq ki, hər bir imtahan fənni üzrə 700 sual tərtib olunur. Hər bir sualın isə beş cavab variantı verilir. Tələbə imtahan prosesi üçün ayrılmış 40 dəqiqə ərzində düzgün cavabları seçir. O, seçdiyi cavabları bir daha nəzərdən keçirərək düzgünlüyünə əmin olduqdan sonra "təsdiq edirəm" düyməsini basır və imtahanda topladığı balı dərhal bilir. Yeri gəlmişkən, kompyuter vasitəsilə imtahan verən hər bir tələbəyə xüsusi kod verilir ki, bu da əlavə müdaxilələrin qarşısını alır. Bu ildən etibarən imtahan prosesi zamanı daha bir yeniliyin tətbiqinə başlanılmışdır. Belə ki, imtahan verməyə hazırlaşan tələbə kodunu yığdıqdan dərhal sonra monitorda şəkli, adı və soyadı əks olunur.
Hazırda ADPU-da qış imtahan sessiyasına hazırlıq məqsədi daşıyan kollokviumların (aralıq imtahanları) qızğın cağıdır. Xatırladaq ki, dekabr ayının 1-dən 15-dək keçirilən kollokvium zamanı hər bir tələbəyə ayrı-ayrı imtahan fənləri üzrə 10 sual təqdim olunur. Həmin sualları cavablandırmaq üçün tələbələrə humanitar və dəqiq fənlər üzrə müvafiq olaraq 15 və 20 dəqiqə vaxt verilir. Bu zaman tələbənin biliyi hər bir düzgün cavaba görə 3 balla qiymətləndirilir. Kollokviumlarda 6-dan yuxarı bal toplamış tələbə digər göstəricilər də nəzərə alınmaqla semestr imtahanlarına buraxılır.
Universitetin qiyabi şöbəsinin üç, dörd və beşinci kurslarında təhsil alan tələbələr üçün isə semestr və buraxılış imtanları ənənəvi üsulla keçirilir. Bu zaman tələbə çəkdiyi biletə düşən sualları yazılı şəkildə cavablandırır. Tələbənin yazılı cavabı kodlaşdırılaraq məxfilik gözlənilməklə yoxlanılmaq üçün təqdim olunur. Bir sözlə, son illər ADPU-da imtahanların keçirilməsində tətbiq olunan bütün yeniliklər tələbələr və onların valideyinləri tərəfindən rəğbətlə qarşılanır.
Yeri gəlmişkən, bu il zəngin elm və təhsil ənənələrinə malik olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin yaranmasının 90 ili tamam olur. Yeni dərs ilinə və yubeliyə hazırlıqla əlaqədar olaraq universitetin bütün tədris korpuslarında yüksək səviyyəli təmir-tikinti və abadlıq işləri həyata keçirilmiş, bu qocaman elm məbədinin maddi-texniki bazasının gücləndirilməsi və müasir informasiya-kommunikasiya texnologiyaları ilə təminatının daha da yaxşılaşdırılması üçün müvafiq işlər görülmüşdür. Bütün bunlar isə, heç şübhəsiz, univesitetdə əmək, təhsil və tədris şəraitinin daha da yaxşılaşdırılmasına ciddi təsir göstərəcəkdir. Yubiley ərəfəsində universitetin bir neçə əməkdaşı ilə söhbət etdik, rəylərini öyrəndik.
Himalay Qasımov, ADPU-nun Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, professor: - Azərbaycan Dövlət Pedaqoji Universiteti ölkəmizin zəngin ənənələri olan ali məktəblərindəndir. Son illər universitetimiz yeni yüksəliş dövrünü yaşayır, bütün sahələrdə uğurlarımız artır. Xatırladım ki, AMEA-nın müxbir üzvü, professor Yusif Məmmədovun 2006-cı ilin aprel ayında universitetimizə rektor təyin edilməsindən sonra mənəvi-psixoloji iqlim tamamilə dəyişdi, ictimaiyyətdə təhsilimizin gələcəyinə inam xeyli artdı. Belə ki, universitetimizdə əvvəlki illərdə müşahidə olunan neqativ halların tamamilə aradan qaldırıldığını görən tələbələr də anladılar ki, artıq burada yeganə meyar bilikdir. Uzun illər burada çalışan bir pedaqoq kimi heç zaman müşahidə etməmişdim ki, tələbə imtahandan əvvəl universitetin dəhlizində belə kitab oxusun, mütaliə ilə məşğul olsun. Test imtahanları zamanı tələbələrimiz yüksək hazırlıq nümayiş etdirirlər. Bu cür hallar isə kollektivimizin hər bir üzvündə xüsusi rəğbət doğurur. Çünki gələcəyimiz olan gənclərin elmə, təhsilə belə yüksək maraq göstərmələri böyük ümidlər yaradır.
İndi qış imtahan sessiyasına hazırlıq məqsədi daşıyan kollokviumların qızğın çağıdır. Kollokviumları uğurla yerinə yetirən tələbələrdə belə bir inam formalaşmışdır ki, semestr imtahanları zamanı da bilikləri obyektiv qiymətləndiriləcək. Onlarda bu inamı möhkəmləndirən ən başlıca amil isə, heç şübhəsiz, universitetimizdə yaradılmış sağlam mühitdir, obyektivliyin və şəffaflığın təmin olunmasıdır.
Ədalət Fərəcov, universitetin insan və heyvan fiziologiyası kafedrasının müdiri, Prezident təqaüdçüsü: - Son beş ildə universitetimizin həm təhsil, həm də elm sahələrində yüksək nailiyyətlər əldə etməsində biologiya fakültəsi və onun nəzdində fəaliyyət göstərən beş kafedranın da mühüm rolu olmuşdur. Belə ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə əlaqədar olaraq ana dilimizdə ixtisaslar üzrə dərsliklərin, dərs vəsaitlərinin və onların proqramlarının müasir tələblərə, beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində mühüm nailiyyətlər qazanılmışdır.
Son illər rektorumuz Yusif Məmmədovun təşəbbüsü ilə universitetimizdə "İlin alimi" və "İlin müəllimi" müsabiqələrinin keçirilməsi ənənə halını almışdır. Xatırladım ki, dəqiq və humanitar elmlər üzrə keçirilən belə müsabiqələr universitetimizin elmi və pedaqoji əməkdaşlarının öz bilik və bacarıqlarını səfərbər etmək üçün əlavə stimul yaradır.
Son zamanlar biologiya fakültəsində həm bakalavr, həm də magistr pillələrində tələbə elmi cəmiyyətlərinin işinin təşkilinə də xüsusi diqqət yetirilir. Uğurlu işlərin nəticələri tezis və ya məqalə şəklində nəşr olunur. Bu il noyabr ayının 29-da Təhsil Nazirliyinin keçirdiyi 22-ci elmi konfransda fakültəmizin üç nəfər magistrantı da iştirak etmiş və onlar sertifikatla təltif olunmuşlar. Həmin magistrlərin məqalələri çap olunmaq üçün nazirliyin elm şöbəsi tərəfindən qəbul edilmişdir.
Elman Quliyev, universitetin Türk araşdırmaları elmi-tədqiqat mərkəzinin rəhbəri, filologiya elmləri doktoru, professor: - Universitetimizdə 2006-cı ildən etibarən aparılan islahatlar öz bəhrəsini verməkdədir. Qeyd etmək istəyirəm ki, ayrı-ayrı fənn elm sahələrinin yaradılması universitetimizin təkcə respublika ali məktəbləri arasında deyil, həm də beynəlxalq nüfuzunun xeyli artmasına səbəb olmuşdur. Bu gün Azərbaycan Dövlət Pedaqoji Universiteti Avropa və Şərq ölkələrinin aparıcı elmi təşkilat və universitetləri ilə qarşılıqlı elmi mübadilə və əməkdaşlığı davam etdirir, bir sıra uğurlu nəticələrə imza atır. Bununla yanaşı, universitetimizdə gənc kadrların seçilməsinə, onların elmi sahələrə istiqamətləndirilməsinə də xüsusi diqqət və qayğı göstərilir. Əminliklə söyləmək olar ki, hazırda universitetimizdə bilik yeganə meyar kimi götürülür, imtahanların keçirilməsində neqativ hallara qətiyyən yol verilmir. Bütün bunlar isə, heç şübhəsiz, universitetimizin rektoru, AMEA-nın müxbir üzvü, professor Yusif Məmmədovun gərgin və məqsədyönlü fəaliyyətinin nəticəsidir.

{nl}

Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında