Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Rusiyanın ali məktəblərinin birinci kursunda təhsil alan azərbaycanlı tələbələrlə görüşmüşdür

Dekabrın 7-də Moskvadakı Beynəlxalq Ticarət Mərkəzində Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri Leyla xanım Əliyeva Rusiyanın ali məktəblərinin birinci kursunda təhsil alan azərbaycanlı tələbələrlə görüşmüşdür. Görüşdə Moskvadan və Rusiyanın regionlarından olan 500-dən çox tələbə iştirak etmişdir.
Əvvəlcə RAGT-nin fəaliyyəti və onun keçirdiyi tədbirlər haqqında videoçarx nümayiş etdirilmişdir.
RAGT-nin sədri Leyla Əliyeva tələbələri ali məktəblərə qəbul olunmaları münasibətilə təbrik edərək, bu təşkilatın mövcud olduğu dörd il ərzində onun gördüyü işlər barədə məlumat vermişdir. Leyla xanım Əliyeva demişdir: "Bu gün cəsarətlə demək olar ki, bu müddətdə biz böyük uğurlar və yüksək nəticələr qazanmışıq". O, qeyd etmişdir ki, bu gün Rusiyanın 60 regionunda RAGT-nin regional bölmələri mövcuddur. Bu bölmələr fəal iş aparır və təşkilatın üzvlərinin sayı daim artmaqdadır. Leyla xanım Əliyeva vurğulamışdır: "RAGT həm Azərbaycan gənclərini birləşdirməyə, həm də onların Rusiya cəmiyyətinə inteqrasiyasına, Vətəndən uzaqlarda özlərini rahat hiss etmələrinə kömək göstərməyə çalışır. Sizin hər birinizin Azərbaycanın böyük mədəniyyətini, onun tarixini, ənənələrini irəlilətmək üçün çox iş görə biləcəyinizi başa düşməyiniz, hər birinizin Rusiyada öz vətəninizi ləyaqətlə təmsil etmək məsuliyyətini hiss etməyiniz çox vacibdir".
Gənclər hərəkatının lideri onu da qeyd etmişdir ki, 2011-ci ilin iyun ayında Sankt-Peterburqda RAGT-nin üçüncü konfransı keçirilmiş, təşkilatın gələcək planları, təşəbbüsləri və layihələri müzakirə edilmişdir.
Leyla Əliyeva RAGT-nin Heydər Əliyev Fondu ilə birlikdə həyata keçirdiyi ən başlıca aksiyalardan biri - 1992-ci ilin fevral ayında baş vermiş və dinc insanların həyatına son qoymuş faciə haqqında həqiqəti dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə keçirilən "Xocalıya ədalət" beynəlxalq kampaniyası haqqında söz açmışdır. RAGT-nin sədri demişdir: "RAGT səhiyyəyə, sağlam həyat tərzinin təbliğinə də böyük diqqət yetirir. Bizim "Qanın milləti yoxdur" devizi altında keçirdiyimiz təmənnasız qanvermə, habelə "Sağlam olduğunu yəqin et, xəstəliyə "yox" de" aksiyaları ilə yəqin ki, siz hamınız tanışsınız. Bu aksiyalar çərçivəsində xəstələr pulsuz müayinə və müalicə oluna bilərlər. Biz QİÇS, narkomaniya, alkoqolizm və siqaret çəkməyə qarşı mübarizə kampaniyasına da başlamışıq. Bizim fəallar müxtəlif ali və ümumtəhsil məktəblərində olur, mühazirələr oxuyur, təqdimatlar keçirir, gənclərin zərərli vərdişlərin mənfi nəticələrindən xəbər tutmasına, sağlam həyat tərzi keçirməsinə kömək edirlər. Əlbəttə, RAGT gənclərin idmanla əlaqədar bütün təşəbbüslərini dəstəkləyir. Hər il Heydər Əliyev Kuboku uğrunda mini-futbol turniri keçirilir və bu yarışların iştirakçılarının sayının artması bizi sevindirir. Biz "Şən və Hazırcavablar Klubu" və "Nə? Harada? Nə vaxt?" intellektual oyunlarını da dəstəkləyirik. Əgər kim isə hələlik bu oyunlarda iştirak etmirsə, bizə qoşulsun, çox şad olarıq".
Leyla xanım Əliyeva bu ilin oktyabr ayında start götürmüş yeni kampaniya - Ətraf mühitin qorunması kampaniyası - İDEA barədə söhbət açaraq bildirmişdir ki, bu aksiyanın məqsədi ictimaiyyətin diqqətini mövcud ekoloji problemlərə cəlb etmək, ətraf mühiti, heyvanları müdafiə etmək, ağac əkməkdir. Təşkilatın rəhbəri vurğulamışdır: "Bu kampaniyada ən başlıca məqam ondan ibarətdir ki, biz gördüyümüz hər işə kreativ yanaşma tapmağa çalışırıq. Buna görə həmin kampaniyada gənclərin iştirak etməsi zəruridir. Bizim şüarımız belədir: "Bir Yer - bir gələcək". Mən sizin hamınızı bu kampaniyaya qoşulmağa çağırıram. Biz birlikdə planetimizi xilas etmək üçün mümkün olan hər şeyi edəcəyik".
RAGT-nin nəşr etdiyi jurnal barədə də danışan Leyla Əliyeva bildirmişdir ki, bu jurnalda Azərbaycanın qədim tarixi və zəngin mədəniyyəti, xalq ənənələri, böyük şairləri, yazıçıları, bəstəkarları haqqında söhbət açılır, gəncləri maraqlandıran müxtəlif məsələlər qaldırılır. O, qeyd etmişdir ki, jurnalın üçüncü nömrəsi artıq çapdan çıxmışdır. RAGT-nin saytı fəal işləyir. Bu saytda gənclərimiz ünsiyyət saxlaya, bir-birini tanıya və lazımlı informasiya əldə edə bilərlər.
RAGT sədri bildirmişdir ki, Heydər Əliyev Fondu bu yaxınlarda Moskvadakı Xarici Ədəbiyyat Kitabxanasında Azərbaycan Mədəniyyət Mərkəzi açmışdır. Bu Mərkəzdə Azərbaycan dili, tarixi və ədəbiyyatı dərsləri, çoxlu müxtəlif tədbirlər keçiriləcəkdir. Leyla Əliyeva demişdir: "Biz orada təkcə azərbaycanlıları deyil, ölkəmizlə, ənənələrimizlə, mədəniyyətimizlə maraqlanan hər kəsi görməyə şad olacağıq. Srağagün biz Moskva Dövlət Universitetinin Asiya və Afrika Ölkələri İnstitutunda olduq, orada Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş tədbir keçirilirdi. Tələbələrin Azərbaycan dilini yaxşı bilməsi məni heyrətləndirdi. Bu, həqiqətən çox böyük hədiyyə oldu".
Leyla xanım Əliyeva sonda vurğulamışdır ki, RAGT yaxşı nəticələr və uğurlar qazanmışdır. Bunlar gənclərin ümumi xidmətidir. O, gəncləri quruculuğa və yaradıcılığa çağıraraq demişdir: "Sözün düzü, RAGT yaradılan vaxt mən heç bilmirdim ki, bizim gənclər bu qədər fəaldır və öz ölkələrini bu qədər sevirlər. Demək olar ki, hər həftə müxtəlif ali məktəblərdə hansısa tədbir - Azərbaycan Mədəniyyəti Günləri, seminarlar, bayramlar keçirmək barədə təşəbbüslər irəli sürülür. Bu, bizim hamımızı sevindirir və ruhlandırır". Leyla Əliyeva RAGT adından tələbələrə vəd etmişdir ki, onlara kömək etmək, onları dəstəkləmək üçün mümkün olan hər şey ediləcəkdir.
Sonra Leyla Əliyeva qeyd etmişdir ki, 2009-cu ildə RAGT əlaçı mükafatı, bir il sonra isə aztəminatlı ailələrdən olan tələbələr üçün təqaüd təsis etmişdir. O demişdir: "Bu il biz təqaüd alan tələbələrin sayını artıracağıq. Ümid edirəm ki, əlaçıların da sayı artacaqdır".
Azərbaycanın RF-dəki səfiri Polad Bülbüloğlu qeyd etmişdir ki, Leyla Əliyeva artıq üçüncü ildir ki, birinci kurs tələbələri ilə görüşlər keçirir və bu, yaxşı bir ənənəyə çevrilmişdir. O, RAGT-nin apardığı böyük və xeyirxah işlərə görə təşkilatın rəhbərinə təşəkkür edərək vurğulamışdır ki, bu təşkilat yaradılandan sonra çox şey dəyişmiş və Azərbaycan gəncləri onun lideri Leyla Əliyevanın ətrafında sıx birləşmişlər. Səfir tələbələri yaxşı oxumağa və Vətənimizə layiq olmağa çağırmışdır.
Rusiya Dövlət Humanitar Universitetinin rektoru, Rusiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Yefim Pivovar demişdir ki, Rusiyada təhsil alan azərbaycanlı tələbələr ölkələrimiz arasında dinamik inkişaf edən ikitərəfli əlaqələrin, o cümlədən təhsil sistemlərinin əməkdaşlığının möhkəmlənməsində mühüm rol oynayırlar. O, qeyd etmişdir ki, Rusiya burada yaxşı təhsil almağa çalışan Azərbaycan gənclərini qəbul etməyə və onları qayğı ilə əhatə etməyə həmişə hazırdır.
Moskva Sosial-Humanitar İnstitutunun rektoru Vaqif Bayramov Leyla Əliyevaya fiziki imkanları məhdud olan insanların təhsil aldığı bu ali məktəbə daimi diqqətinə görə təşəkkür etmişdir. O, xüsusi qeyd etmişdir ki, RAGT-nin yaradılması Azərbaycan gənclərini sıx birləşdirmişdir.
Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) baş katibinin müavini Nemət Nağdəliyev ÜAK-ın gənclər siyasəti barədə məlumat vermiş, gəncləri Konqresin həyatında daha fəal iştirak etməyə çağırmışdır. O, xüsusi vurğulamışdır ki, ÜAK-ın yaradılmasının və azərbaycanlı tələbələrin xaricdə təhsil alması siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur və Prezident İlham Əliyev həmvətənlərimizi dəstəkləyən bu siyasəti davam etdirir. O demişdir: "Heydər Əliyev Fondu və şəxsən vitse-prezident Leyla Əliyeva bu işə sanballı töhfə verir".
Sonra tələbələrin nümayəndələri çıxış edərək, Rusiyadakı Azərbaycan gənclərini dəstəklədiyinə görə Leyla xanım Əliyevaya təşəkkür etmişlər. Onlar qeyd etmişlər ki, RAGT-nin bütün tədbirlərində iştirak etməyə və gənclər təşkilatının sıralarını genişləndirməyə həmişə şaddırlar.
Tədbirin rəsmi hissəsindən sonra Leyla Əliyeva 34 tələbəyə "RAGT əlaçısı" sertifikatlarını və mükafatlarını təqdim etmişdir.

{nl}

Asya HACIZADƏ AzərTAc-ın xüsusi müxbiri
Moskva

{nl}

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında