Avropa Şurasında ali təhsilin gələcək inkişafına dair modelləri Azərbaycan tərəfi təqdim edir

Parisdə Avropa Şurası Parlament Assambleyası (AŞPA) mədəniyyət, elm və təhsil komitəsinin qış sessiyası ərəfəsindəki son iclası keçirilmişdir. 
İclasda "Hər bir nəfərin mədəni həyatda iştirak etmək hüququ", "İnternetdə ifadə və informasiya azadlığı", "İdmanda düzgün idarəetmə və etika", "Avropa Şurası muzeylər prizi" və s. mövzularda məruzələr dinlənilərək müzakirələr aparılmışdır.
İclasın gündəliyindəki mühüm məruzələrdən birinin müəllifi AŞPA-dakı Azərbaycan daimi nümayəndə heyətinin üzvü Rafael Hüseynov olmuşdur. Onun hazırladığı "Avropada ali təhsil məkanının coğrafi birliyi və beynəlxalq açıqlığı" adlı məruzənin müzakirəsindəki fəallıq komitə üzvlərinin bu mövzuya nə qədər əhəmiyyət verməsi və diqqət göstərməsinin əyani sübutu olmuşdur. Azərbaycanlı deputat məruzənin mətni və qətnamə layihəsi üzərində işini başa çatdırmış və avropalı deputatların komitə toplantısındakı müzakirələrdə qeyd etdikləri kimi nəticə etibarilə kifayət qədər sanballı bir araşdırma alınmışdır. Məruzənin komitə iclasındakı təqdimatı zamanı R.Hüseynov mövzunun əsas hədəfləri ilə bağlı bildirmişdir: "Bu gün adına tək Vətənində deyil bütün dünyada 2000-dən artıq küçə olan böyük fransız alimi Lui Pasterin məşhur "Elmin vətəni yoxdur, amma alimin vətəni var" fikri çoxdan aforizmə çevrilmişdir. Bu düşüncəni təhsilə tətbiq etsək deyə bilərik ki, təhsil alan hər kəsin öz dili, öz milliyyəti, öz vətəni varsa da, fəlsəfi mənada əlbəttə ki, təhsilin də vətəni yoxdur. Müasir dünyada gedən inteqrasiya prosesləri, qloballaşma tədricən yer kürəsini sanki kiçildir, bir çox həyati cəhətdən vacib olan məsələlərə, o cümlədən təhsilə vahid müstəvidə nəzər yetirməyi tələb edir. Avropa ölkələrinin bir-birinə daha artıq yaxınlaşmasını, vahid Avropa evinin yaranmasını təmin etməyin ən optimal yollarından biri təhsildən keçir. Ali təhsil sahəsində Avropa əməkdaşlığı əslində XX əsrin 50-ci illərində Avropa Şurasının Parisdə qəbul etdiyi üç sənəddən başlanır. 1953-cü il dekabrın 11-də qəbul edilmiş Universitet diplomların ekvivalentliyi haqqında Avropa Konvensiyası, 1956-cı il dekabrın 15-də qəbul edilmiş Universitet təhsili mərhələlərinin ekvivalentliyi haqqında Avropa Konvensiyası, 1959-cu il dekabrın 14-də qəbul edilmiş Universitet ixtisaslarının akademik tanınması haqqında Avropa Konvensiyası əslində bu gün getdikcə qüvvətlənən bir cərəyana, qayıdışsız prosesə çevrilmiş müştərək ali təhsil məkanı ideyasının təməl kərpicləri sayılmalıdır. Əvvəlcə Bolonya prosesi kimi tanınmış, hazırda "Avropa ali təhsil məkanı" adlandırılan proses belə bir zərurətin dərkindən yaranmışdır ki, qitənin ayrı-ayrı ölkələrində ali təhsil sistemlərində fərqlər, müxtəlifliklər olsa da, onların qarşılaşdığı problemlər əsasən oxşardır. Bənzər problemlərin həllinə müştərək səylərlə həll yolları tapmaq istəyi öz növbəsində fərqli təhsil sistemləri arasında ortaq məqamlar müəyyənləşdirərək onları bir-birinə yaxınlaşdırmaq ehtiyacını yaratdı. Bolonya prosesinə qoşulmuş ölkələrin sayı müşahidəçi statusu ilə prosesdə iştirak edən 23 ölkəni də əlavə etsək 70-ə çatmışdır. Təkcə bu faktın özü Avropa ali təhsil məkanının ortaq prinsiplər üzrə inkişafının getdikcə daha geniş miqyaslar əhatə etməsini göstərməklə yanaşı, prosesin vaxtın sınağından uğurla çıxmasını da təsdiqləməkdədir. Avropa ali təhsil məkanı ideyasını cəlbedici edən və yaşadan ilk növbədə onun qarşılıqlı təsir və qarşılıqlı zənginləşmə üçün münbit zəmin yaratmasıdır. Bizim bu vacib problemlə bağlı məruzə hazırlamağımız təsadüfi deyildir. Avropa Şurası həmin prosesdə UNESCO-nun Ali Təhsil üçün Avropa Mərkəzi, Avropa Universitet Assosiasiyası, Ali Təhsil üzrə Təsisatların Avropa Assosiasiyası, Avropa Tələbələr İttifaqı, Ali Təhsil Sahəsində Keyfiyyətə Zəmanət üçün Avropa Assosiasiyası kimi qurumlarla yanaşı məşvərətçi üzv olaraq iştirak edir".
Məruzəçi Avropada ali təhsil sahəsində mövcud olan problemlərinə də toxunaraq onların həlli üçün bir sıra təklifləri irəli sürmüşdür: "Avropa ali təhsil məkanında müşahidə edilən bütün müsbət təmayüllərlə yanaşı prosesin gedişi bir sıra problemləri də üzə çıxarmış və çıxarmaqdadır. Əlbəttə ki, bunlar təbiidir və çoxlu ölkələri minlərlə tələbəni, təhsil sisteminin saysız-hesabsız incəliklərini əhatə edən bir gedişatda bunlar olmalıdır. Lakin işin gələcək səmərəliliyi üçün mühüm şərt ortaya çıxan nöqsanların, çətinliklərin, maneələrin vaxtında müəyyənləşdirilməsi, onların aradan götürülməsi üçün təkliflərin hazırlanmasıdır. Avropa ali təhsil məkanı ideyasının daha mütəşəkkil, daha sürətli prosesə çevrilməsi üçün bizim nöqteyi-nəzərimizdən əhəmiyyətli sayılan aspektlər müəyyənləşdirilərək müvafiq təhlillər aparılmışdır. Bizim qənaətimizcə, arzu olunan inkişafa nail olmaq üçün əsas amillərdən biri ölkələrarası əməkdaşlığın artırılması, bu sahəyə siyasi dəstəyin, o cümlədən milli parlamentlərin dəstəyinin geniş ölçüdə həyata keçirilməsi, həmin proseslərə təhsil müəssisələrinin, təhsil işçilərinin, tələbələrin fəal surətdə cəlb edilməsidir. Prosesə qoşulmuş və bu niyyətdə olan ölkələrdə ali təhsil müəssisələri arasında ölkə daxilində və xaricdə genişmiqyaslı yarışların keçirilməsi üçün proqramların hazırlanması və reallaşdırılması da çox önəmlidir. Lissabon Tanıma Konvensiyasında kifayət qədər hüquqi əsaslar mövcuddur ki, qeyri-Avropa ölkələri də prosesə qoşulmaq, bu proseslərdə səmərəli şəkildə iştirak etmək imkanı qazansınlar. Böyük ölçüdə Avropa ali təhsil məkanı ideyasının hədəfi elə mütərəqqi dünya üçün ortaq olan bir təlim, tədris, bilik fəzasını formalaşdırmaqdır. Ali təhsil məkanının coğrafi genişlənməsi anlayışı mahiyyəti etibarilə həm də bu coğrafiya içərisindəki ölkələri bir-birinə yaxınlaşdırmaq, ortaq prinsiplərə yönəltməklə coğrafiyanı müəyyən mənada kiçiltmiş, yığcamlaşdırmış olur. Avropadan kənar ölkələrlə də tələbə mübadiləsinə hüquqi baza verən yeganə beynəlxalq sənəd olan Lissabon Tanıma Konvensiyasını artıq Avstraliya, ABŞ, Kanada, İsrail, Qazaxıstan, Yeni Zelandiya və digər ölkələrin imzalaması bu çərçivənin gələcəkdə daha da genişlənəcəyinə inam oyatmaqdadır".
Qeyd edək ki, 2012-ci ilin mayında Bakıda Avropa təhsil nazirlərinin zirvə toplantısı keçiriləcəkdir. Azərbaycan isə yeni ildən Avropa ali təhsil məkanı prosesinin həmsədri olacaqdır.
R.Hüseynovun hazırladığı məruzənin tam mətni və qətnaməsinin məhz həmin toplantıda yekun səsverməyə qoyularaq qəbul edilməsi nəzərdə tutulmuşdur.
Azərbaycanlı deputatın "Avropada ali təhsil məkanının coğrafi birliyi və beynəlxalq açıqlığı" adlı məruzəsi AŞPA-nın 2012-ci il payız sessiyasında plenar iclasda Assambleyanın müzakirəsinə çıxarılacaqdır.

{nl}

Əsgər ƏLİYEV, AzərTAcın xüsusi müxbiri
Paris

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında