1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev öz zəngin dövlətçilik təcrübəsi, uzaqgörənliyi, qətiyyəti və cəsarəti ilə Azərbaycanın müstəqilliyini məhv olmaq təhlükəsindən xilas etdi. Böyük səylər bahasına hüquqi, demokratik dövlət quruculuğuna başlayan ulu öndərin qarşıya qoyduğu əsas vəzifələrdən biri də müstəqil Azərbaycanın mövcud reallıqların tələblərinə cavab verə biləcək etibarlı milli təhlükəsizlik sisteminin formalaşdırılması idi.
Bu məqsədlə milli təhlükəsizlik orqanlarının fəaliyyətini daim diqqət mərkəzində saxlayan ümummilli liderimiz təhlükəsizlik sisteminin hüquqi bazasını yaradaraq, xüsusi xidmət orqanlarının milli maraqlara əsaslanan fəaliyyət istiqamətlərini və vəzifələrini müəyyənləşdirmişdir. Hələ sovetlər dönəmində dahi şəxsiyyət respublikamızın təhlükəsizlik orqanları üçün milli kadrların hazırlanması işinə öz qayğısını əsirgəməmiş, gənc əməkdaşların SSRİ-nin müxtəlif bölgələrində fəaliyyət göstərən xüsusi məktəblərdə təhsil almalarını təmin etmişdir. Ulu öndər çox gözəl bilirdi ki, Azərbaycanı qüdrətli və sarsılmaz dövlətə çevirmək, onun müstəqilliyini əbədiləşdirmək və təhlükəsizliyini etibarlı şəkildə təmin etmək üçün təxirə salınmadan xalqımıza və dövlətçiliyimizə son dərəcə sədaqətli, vətənpərvər, yüksək mənəvi-əxlaqi keyfiyyətlərə, geniş əməliyyat təfəkkürünə və dünyagörüşünə malik milli kadrların yetişdirilməsi taleyüklü məsələdir.
Zəngin və mənalı həyat yolunun 25 ilini milli təhlükəsizlik orqanlarında xidmətə həsr etmiş ulu öndər Heydər Əliyev 1998-ci il martın 28-də milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı gününün təsis edilməsinə həsr olunmuş yığıncaqda çıxış edərkən bu orqanlarda xidmət edən kadrların milli maraqlarımızın qorunmasındakı rolundan, qarşıya qoyulan tələblərdən və onları səciyyələndirən xüsusiyyətlərdən danışmış, yüksək ixtisaslı, peşəkar kadrların hazırlanması məqsədilə MTN-in Akademiyasının yaradılmasının zəruri olduğunu qeyd etmişdir: "Xüsusi xidmət orqanları üçün peşəkar kadrların hazırlanması milli təhlükəsizliyin təmin edilməsində ən başlıca məsələlərdən biridir, çünki bundan yalnız milli təhlükəsizlik orqanlarının effektivliyi deyil, həmçinin bütün ölkənin və xalqın təhlükəsizliyi asılıdır".
Ümummilli lider 1 dekabr 1998-ci ildə Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasının təsis edilməsi haqqında sərəncam imzalayaraq, Azərbaycanda ilk dəfə xüsusi xidmət orqanları üçün milli kadrların hazırlanması işinin təməlini qoymuşdur. 28 iyun 1999-cu il tarixli digər sərəncamla isə general-leytenant Ziya Məmmədiyyə oğlu Yusifzadəni akademiyaya rəis təyin etmişdir.
Ulu öndərin MTN-in Akademiyasının yaradılması ilə bağlı imzaladığı tarixi sərəncamdan artıq 13 il ötür. Bu müddət ərzində akademiyamızda böyük tikinti və quruculuq işləri görülmüş, maddi-texniki bazanın və tədris prosesinin təkmilləşdirilməsi istiqamətində önəmli tədbirlər həyata keçirilmişdir. Həyatının əsrin dörddə birinə bərabər hissəsini xüsusi xidmət orqanlarında xalqına, Vətəninə ləyaqətlə xidmətə həsr etmiş və onun xoşbəxt gələcəyinin təminatçısı olan, milli kadr korpusunun hazırlanmasına əzmkarlıqla səy göstərmiş ulu öndər Heydər Əliyevin adının akademiyamıza verilməsi bizim üçün əlavə məsuliyyət yaratmışdır. Ümummilli liderin bizlərə əmanət qoyduğu irsinin dərindən öyrənilməsi gənc nəslin azərbaycançılıq, Heydər Əliyev ideyaları ruhunda tərbiyə olunması baxımından akademiyada milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudovun təşəbbüsü və bilavasitə rəhbərliyi ilə inşa edilmiş "Şöhrət" Muzeyinin də rolu böyükdür. Xalqımızın sevimli oğlu Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən "Şöhrət" Muzeyi yüksək memarlıq və bədii-estetik səviyyədə qurulmuşdur. Muzeyin qarşısında ulu öndərin möhtəşəm abidəsi ucaldılmışdır. "Şöhrət" Muzeyində dahi şəxsiyyətin zəngin ömür yolunu əks etdirən dəyərli ekspozisiyalar şərti olaraq 4 mərhələyə bölünür. Bu dövrlər ulu öndərin uşaqlıq və gənclik dövrünü, Azərbaycanın təhlükəsizlik orqanlarında işlədiyi dövrü, ölkəyə rəhbərlik etdiyi və SSRİ kimi nəhəng bir dövlətin siyasi olimpində təmsil olunduğu dövrü, həmçinin müstəqil Azərbaycanın memarı kimi fəaliyyət dövrünü əhatə edir. Muzeydəki eksponat və stendlərdə dahi şəxsiyyətin xalqımızın tarixində və taleyində oynadığı misilsiz rolu özündə ehtiva edən və indiyədək heç bir məkanda nümayiş etdirilməyən fotostendlər, unikal sənədlər, həyatının 25 ilini həsr etdiyi təhlükəsizlik orqanlarındakı fəaliyyətini əks etdirən arxiv materialları və şəxsən özünün rəhbərlik edərək həyata keçirdiyi "Duel", "Alagöz", "Naturalist" və sair bu kimi əməliyyatlar haqqında məlumatlar vardır. Akademiyamızda təhsil alan kursant və dinləyicilər, həmçinin respublikada fəaliyyət göstərən digər dövlət qurumlarının, ictimai təşkilatların və təhsil müəssisələrinin nümayəndələri mütəmadi olaraq muzeyi ziyarət edirlər. Onlar ulu öndərin milli təhlükəsizliyimizin etibarlı təmin olunması və dövlət quruculuğu sahəsində gördüyü işlərlə burada nümayiş etdirilən eksponatlar vasitəsilə əyani olaraq tanış olurlar.
Onu da qeyd etmək yerinə düşər ki, "Şöhrət" Muzeyində hər il akademiyanı fərqlənmə diplomu ilə bitirən məzunlar milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov tərəfindən mükafatlarla təltif olunurlar. Bu təqdirəlayiq ənənə gələcəkdə təhlükəsizlik orqanlarının müxtəlif strukturlarında işləyəcək gənc əməkdaşların ümummilli lider Heydər Əliyev ideyalarının davamçısı olmalarının rəmzi mənasını bildirir.
Akademiyanın professor-müəllim heyətinin gərgin elmi fəaliyyəti nəticəsində əməliyyat işinin sirlərinin öyrənilməsini təmin edən xüsusi fənlər üzrə 100-dən çox dərslik, dərs vəsaitləri, monoqrafiyalar, metodiki tədris vəsaitləri və təlimatlar işlənilərək kursant və dinləyicilərin istifadəsinə verilmişdir. Biz dinləyicilər nəzəri biliklərimizin və peşə hazırlığımızın artırılmasında müəllimlərimizin əməyindən yetərincə yararlanırıq. Tədris prosesinin praktiki əməliyyat fəaliyyəti ilə əlaqəsini təmin etmək məqsədiylə aktual mövzular üzrə mühazirələr oxumaq və əməli məşğələlər aparmaq üçün MTN-in mərkəzi aparatının rəhbər işçiləri və mütəxəssisləri də cəlb olunmuşlar.
Görülən işlər bizə rəqiblə mübarizədə əməliyyat şəraitini tez bir zamanda təhlil edərək qarşıda duran vəzifələri dəqiq müəyyənləşdirməyi, həvalə olunmuş sahədə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini düzgün təşkil etməyi, həmçinin MTN-in digər struktur bölmələri, dövlət təsisatları və ictimai təşkilatlarla qarşılıqlı əlaqədə fəaliyyət göstərməyi öyrətmişdir.
MTN-in Heydər Əliyev adına Akademiyasında mütəmadi olaraq müxtəlif tədbirlər və elmi-praktiki konfranslar keçirilir. Bu elmi-praktiki konfranslarda akademiya rəhbərliyi, professor-müəllim heyəti, eləcə də dinləyici və kursantlar ulu öndər və onun layiqli siyasi davamçısı olan möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə respublikamızın qüdrətlənməsi naminə fəaliyyətlərini əks etdirən məruzələrlə çıxış edirlər.
Akademiyada idman yarışlarının da keçirilməsi mütəmadi xarakter almışdır. İstər nazirlik, istərsə də respublika miqyaslı yarışlarda kursant və dinləyicilərimiz daim mükafatçılar sırasında olmuşlar. Qazanılan nailiyyətlər, eləcə də gündəlik hazırlıqlar bizi əməliyyat-xidməti fəaliyyətimizdə uzunmüddətli fiziki və psixoloji gərginliyə tab gətirməyimizə, eləcə də döyüş və xüsusi tapşırıqların yerinə yetirilməsi zamanı qətiyyətli hərəkət etməyə istiqamətləndirir. Akademiyanın ərazisində milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudovun təşəbbüsü ilə yaradılmış və müxtəlif səviyyəli idman yarışlarının keçirildiyi İdman Sağlamlıq Mərkəzi də fəaliyyət göstərir.
Akademiyamız digər sahələrdə olduğu kimi respublikanın əlaqədar nazirlikləri, komitələri, ali təhsil müəssisələri, habelə bir sıra beynəlxalq təşkilatlarla işgüzar əlaqələrin qurulmasında da böyük uğurlar qazanmışdır.
Bu gün ulu öndərin şərəfli ömür yolu hər bir vətənpərvər azərbaycanlı, xüsusilə xalqımızın gələcəyi olan gənclər üçün əsl həyat məktəbidir. Ümummilli liderin ideya və amallarını dönmədən davam etdirmək biz gənclərin milli, vətəndaşlıq və xidməti borcudur. Xüsusi təyinatlı akademiyanın rəhbərliyi, professor-müəllim heyəti xalqımızın sevimli oğlu, Ali Baş Komandan İlham Əliyev və milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudovun akademiya qarşısında qoyduğu mühüm dövlət vəzifələrini dərindən dərk edir və gənc nəslin azərbaycançılıq, Heydər Əliyev ideyaları əsasında tərbiyə edilməsində rəhbər tuturlar. İftixarla söyləyə bilərik ki, akademiyanın şəxsi heyəti ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasi kursu inamla dəstəkləyir, eləcə də müasir dövrdə gündən-günə qüdrətlənən, inkişaf edən, müstəqilliyinin bərpa olunmasının 20 illiyini yenicə qeyd etdiyimiz dövlətimizin milli maraqlarının və təhlükəsizliyinin etibarlı təmin olunmasına öz töhfələrini vermək üçün əzmlə çalışırlar.
{nl}
Paşa ZİYADOV, leytenant, MTN-in Heydər Əliyev adına Akademiyasının Ali kurslarının dinləyicisi
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.