Noyabrın 29-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin binasında tanınmış ədəbiyyatşünas alim, tənqidçi, mətnşünas, əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Abbas Zamanovun 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir.
AzərTAc xəbər verir ki, AMEA və Təhsil Nazirliyinin birgə təşkil etdiyi tədbirdə görkəmli alimin həyat və yaradıcılığından, çoxşaxəli elmi fəaliyyətindən söz açılmışdır.
Tədbir iştirakçıları əvvəlcə AMEA Mərkəzi Elmi Kitabxanasının foyedə təşkil etdiyi "Abbas Zamanov-100" mövzusunda sərgi ilə tanış olmuşlar.
AMEA-nın prezidenti, akademik Mahmud Kərimov A.Zamanovun mənalı ömür yolundan, zəngin elmi yaradıcılığından, qazandığı nailiyyətlərdən danışmışdır. Bildirmişdir ki, o, müxtəlif təşkilatlarla yanaşı, AMEA-da səmərəli fəaliyyət göstərmiş, bir müddət Nizami adına Ədəbiyyat Muzeyinə rəhbərlik etmişdir. A.Zamanov AMEA-nın müxbir üzvü kimi akademiya elminin inkişafına böyük töhfələr vermişdir. Dünyanın bir çox universitet və kitabxanalarında A.Zamanovun imzası ilə təmsil olunan yüzlərlə ədəbiyyat vardır. Həmkarları haqlı olaraq, onun sovet rejimi dövründə ədəbi irsimizin dünyada tanınması istiqamətində cəsarətli fəaliyyətini yüksək qiymətləndirmişlər. Təhsil naziri Misir Mərdanov xalqımızın bədii-ictimai fikir tarixinin tədqiqi, eləcə də mədəni irsimizin və mənəvi sərvətlərimizin təbliği işinə mühüm töhfələr vermiş Abbas Zamanovun 100 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 2011-ci il tarixli Sərəncamını xatırlatmışdır. Nazir bu sənədə əsasən ölkəmizdə silsilə tədbirlərin həyata keçirildiyini, görkəmli elm xadimlərimizi tanımaqda belə tədbirlərin əhəmiyyətini diqqətə çatdırmışdır. Bildirilmişdir ki, özünün zəngin elmi fəaliyyəti ilə A.Zamanov milli ədəbiyyatşünaslığın bir məktəb kimi formalaşdırılması və inkişaf etdirilməsi sahəsində təqdirəlayiq xidmətlər göstərmişdir. Ölkəmizdəki yüksək ixtisaslı kadrların azərbaycançılıq məfkurəsinə sədaqət ruhunda hazırlanmasında onun böyük əməyi vardır.
Tədbirdə "Görkəmli alim və elm təşkilatçısı" mövzusunda məruzə dinlənilmişdir.
Bildirilmişdir ki, Abbas Zamanov 1911-ci il oktyabrın 10-da Naxçıvan Muxtar Respublikasındakı Şərur rayonunun Maxta kəndində anadan olmuşdur. O, 1939-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsini bitirmişdir.
A.Zamanov Böyük Vətən müharibəsi illərində ordu sıralarında xidmət etmişdir. Tərxis olunduqdan sonra Azərbaycan Dövlət Universitetinin (ADU) filologiya fakültəsində baş müəllim, Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat Muzeyinin direktoru, ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri vəzifələrində işləmişdir.
Görkəmli ədəbiyyatşünas alim elmi yaradıcılığa 1937-ci ildə çap etdirdiyi publisist və elmi-kütləvi məqalələrlə başlamışdır. Həmin vaxtdan ölkəmizdə və onun hüdudlarından uzaqlarda XX əsr Azərbaycan ədəbiyyatına dair elmi əsərləri müntəzəm dərc olunmuşdur. Bolqarıstan, İran, Türkiyə, İraq, Avstriya və digər ölkələrdə məqalələri işıq üzü görmüşdür. Abbas Zamanova 1974-cü ildə professor elmi adı verilmiş, o, Türk Dil Qurumunun üzvü, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü (1983) seçilmişdir.
Alimin nəşr etdirdiyi "Sabir və müasirləri" (1973), "Sabir bu gün" (1985) və digər kitabları elmi ictimaiyyət tərəfindən böyük maraqla qarşılanmışdır. O, "Klassik hekayə ustası" (S.Hüseyn haqqında), "Canlı müasirimiz" (C.Cabbarlı barədə), "Azərbaycan, Azərbaycan" (S.Vurğun haqqında), "Əsrimizin yaşıdı" (S.Rəhimov barədə) və digər sanballı məqalələrin müəllifidir.
Mətnşünaslıq sahəsində səmərəli fəaliyyət göstərən alim C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, N.Nərimanov, S.S.Axundov, S.Hüseyn, S.Ə.Şirvani, S.M.Qənizadə və digər ədiblərin əsərlərini rus və Azərbaycan dillərində tərtib və nəşr etdirmişdir. Məruzədə professor A.Zamanovun elmi irsinin daha dərindən araşdırılması və tədqiq edilməsinin vacibliyi vurğulanmışdır.
Əməkdar müəllim, professor Pənah Xəlilov, Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev, AMEA-nın müxbir üzvləri, Milli Məclisin deputatı Nizami Cəfərov, Vəli Əliyev, Naxçıvan Dövlət Universitetinin dekanı İman Cəfərov və başqaları professor A.Zamanovun yüksək insani keyfiyyətlərindən, elmə verdiyi dəyərli töhfələrdən, ədəbiyyatımızın inkişafında unudulmaz xidmətlərindən, elmi irsinin əhəmiyyətindən bəhs etmiş, alimlə bağlı xatirələrini bölüşmüşlər.
Tədbirdə görkəmli alimə həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.
Sonda alimin nəvəsi Gülgün Əliyeva babasının xatirəsinə göstərilən yüksək hörmət və ehtirama görə ailəsi adından Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirmişdir.
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.