Azərbaycanın dövlətçilik tarixində keçdiyi böyük və kəşməkəşli yolda xanlıqlar dövrünün özünəməxsus yeri vardır. Amma bu dövr çox ziddiyyətli və qarışıq olduğundan onun öyrənilməsinə, olduqca həssaslıqla araşdırılmasına həmişə böyük ehtiyac duyulur. Qeyd edək ki, müəyyən ziddiyyətlərinə baxmayaraq bu, həm də şərəfli bir dövrdür. Bu xanlıqların çox güclü qonşuları olduğundan uzun müddət müstəqil yaşamaq uğrunda yadelli işğalçılara qarşı qəhrəmancasına mübarizə aparmışlar.
1747-ci ildə yaranmış Naxçıvan xanlığının mübarizə tarixinin öyrənilməsi də bu baxımdan çox vacibdir. Çünki bu gün erməni işğalçılarına, həmçinin onların havadarlarına qarşı kəskin mübarizəmiz davam edir. Ölkəmizin müstəqillik əldə etməsi Naxçıvan xanlığının tarixinin öyrənilməsində çox mühüm rol oynayır. Əgər sovet hakimiyyəti illərində bu tarix ənənəvi rus imperiya siyasətinə uyğun araşdırılırdısa, indi həmin cərəyandan uzaqlaşaraq tarixi hadisələrə obyektiv yönümdən yanaşmalıyıq. Buna bu gün hər cür imkanımız var. Əvvəllər tədqiqatçılar məcburən Rusiyanı mərhəmətli bir dövlət, xanlıqların hamisi kimi qiymətləndirirdilərsə, indiki araşdırmalar göstərir ki, Rusiya da İran kimi Naxçıvan xanlığına qarşı təcavüzkar siyasət yeridib. Xalqa belə təlqin edirdilər ki, bütün xanlıqlar könüllü olaraq Rusiyaya birləşib. Müxtəlif ölkələrin arxivlərindəki qapalı fondlarda saxlanılan sənədlər sübut edir ki, bütün Azərbaycan xanlıqları, o cümlədən Naxçıvan xanlığı Rusiyanın işğalçılıq siyasətinə qarşı mübarizə aparmış, coğrafi mövqeyinə və təbii sərvətlərinə görə diqqət mərkəzində olmuşdur. İran hökmdarları Naxçıvana həmişə öz mülkləri kimi baxmış və onun müstəqilliyi ilə heç zaman barışmamışlar.
Kalbalı xan 1787-ci ildə hakimiyyətə gəldi. Xalq arasında böyük nüfuza malik olan sərkərdə Kalbalı xan haqqında məlumatlar az və dağınıqdır. Elə buna görə də ötən yüzillikdə onun fəaliyyətinə ziddiyyətli yanaşmalar olub. Çox təəssüf ki, öz həyatını Naxçıvan xanlığının müstəqilliyinə qurban verən, onun yaşaması üçün böyük diplomatik manevrlər edən Kalbalı xan öz layiqli qiymətini almamışdır. Onun Naxçıvan xanlığında apardığı ordu quruculuğu, abadlıq-tikinti işləri, maarifçilik, xanlıq əhalisinin yaxşı yaşaması üçün gördüyü tədbirlər çox böyük əhəmiyyət kəsb edir.
Naxçıvan xanlığı təzə yarandığından hərbi gücü zəif idi. Ona görə də Kalbalı xan gah İranla, gah da Rusiya ilə münasibətlər quraraq hər iki dövlət arasında diplomatik manevrlərlə Naxçıvan xanlığının müstəqilliyini qorumaq üçün bütün imkanlarından istifadə etmişdir.O həm də qonşu xanlıqlarla çox yaxın münasibətlər yaratmış, hətta uzaq Kartli-Kaxetiya çarlığı və Dağıstan xanlıqları ilə dostluq münasibətləri qurmağa çalışmışdır. Kalbalı xanın bütün fəaliyyəti dinc yaşamaq prinsipinə əsaslanıb desək, heç də səhv etmərik.
Kartli-Kaxetiya çarlığının Rusiya himayəsinə keçməsi haqqında 1783-cü il Georgiyevski müqaviləsindən sonra Rusiyanın Cənubi Qafqazda nüfuzu gücləndi. Öz müstəqilliyini qorumaq üçün xanlar daha güclü hesab etdikləri Rusiyaya meyl etməyə başladılar. Naxçıvan xanlığında üç dövlətin marağının olması və Türkiyənin Cənubi Qafqaza təsiri azaldığından Rusiya öz təcavüzkar siyasətini gücləndirdi. Buna görə də Naxçıvan xanlığı xarici siyasətdə çoxlu çətinliklərlə üzləşdi.
1795-ci ildə Ağa Məhəmməd şah Qacarın Qafqaza yürüşü başlandığından Kalbalı xan diplomatik manevrləri bir daha gücləndirir. Naxçıvan əhalisinin məhv olmaması üçün məcburən Qacarın Tiflisə yürüş edən qoşunlarının bir hissəsinə sərkərdəlik edir.1972-ci ildə Teymuraz Baqrationun yazdığı "David Baqrationun tarixi" kitabında belə bir fikir diqqəti cəlb edir: "İranlılar Gürcüstanın qədim paytaxtı Msxetaya yaxınlaşdıqda Ağa Məhəmməd xanın qoşununun bir hissəsinin sərkərdəsi Naxçıvan xanı Kalbalı xan Kəngərli şəhərin dağıdılmasına icazə vermədi; burada ibadətgah və padşahların məqbərələri var idi". Doğrudan da burada Vaxtanq Qorqasalinin və digərlərinin məqbərələri yerləşirdi. Msxeta isə qədimdən abidələr şəhəridir. Bizcə, bu gün gürcü xalqı bunun üçün Kalbalı xana minnətdar olmalıdır. Ancaq çox təəssüf ki, sovet hakimiyyəti illərində gürcü tarixçilərindən bəziləri Kalbalı xanın bu xeyirxah və riskli hərbi əmrini təhqir etmək istəmişlər. Məsələn, G.Kikodze "II İrakli" kitabında bunun əksini təsvir etmişdir. Lakin tarixi fakt həmişə öz qüvvəsini saxlayır.
Yəqin ki, Kalbalı xana və misilsiz hünərinə paxıllıq edənlər onun möhüründəki yazını bilmirdilər. O, bütün həyatı boyu möhürünə yazdığı andına sadiq qaldı: "Allahdan başqa Allah yoxdur. Sədaqətdə çox etibarlı Kalbalı xan". Bəli, bu idi Kalbalı xanın iradəsinin əsası; hər şeyi Allaha və onun qüdrətinə söykənərək etmək. Elə həmin iman və inam işığında tarixin böyük bir hissəsini qoruyub saxlayan qədim Msxeta şəhəri dağıdılmadı. Bəlkə də bu məsələ qədim qıpçaq türk mədəniyyəti ilə bağlıdır?
Gürcüstan Milli Arxivində saxlanılan bir sənəddə deyilir ki, Azərbaycan xanlarının əksəriyyəti, xüsusilə Rusiyanın təzyiqini hiss edən İrəvanlı Məhəmməd xan və Naxçıvanlı Kalbalı xan heç cür razılaşa bilmirdilər ki, müsəlmanlar xristianların himayəsi altına düşsünlər. Kalbalı xanın belə yüksək mövqeyi onun keçmişindən, ailəsindən qaynaqlanıb. Bütün işğalçı dövlətlərin ehtiyat etdiyi Kalbalı xanın soykökü həmişə oxucuları çox maraqlandırıb. Bizə gəlib çatan mənbələrdə onun yüksək keyfiyyətləri haqqında maraqlı faktlar var. Onunla bağlı materialları öyrənərkən aydın olur ki, o, bir vaxtlar Naxçıvanın hakimi olmuş Murad xanın varislərindəndir. Onun atasının adının Ehsan xan olması haqda sənədi Gürcüstan arxivində tapdıq.
1787-ci ildən başlayaraq 25 il xanlıq edib (arada bir neçə il fasilə olub). Doğum tarixini və ölüm tarixini hələlik dəqiqləşdirmək mümkün olmayıb. Araşdırıcıların bəziləri onun 1820-ci ildə, digərləri isə 1823-cü ildə vəfat etdiyini yazırlar. Araşdırmalar göstərir ki, 1823-cü il həqiqətə daha çox uyğun gəlir. Çünki Fətəli şahın vəziri Mənuçöhr xanın qohumu İ.K.Yenikolopov uzun illər ikinci Rus-İran müharibəsini tədqiq edənlərdən olub. O, söykəndiyi mənbələrə əsasən Kalbalı xanın 1823-cü ildə Təbrizdə vəfat etdiyini yazır. Bu tarixin dəqiqləşdirilməsi istiqamətində axtarışlar davam edir.
Kalbalı xan 1787-1795-ci illərdə Naxçıvanı müstəqil idarə edib. Onun hərtərəfli inkişafına ciddi fikir verib. Bunu həmin illərə aid salnamələr də xəbər verir. Kalbalı xan mahir bir süvari qoşun sərkərdəsi olmaqla bərabər, həm də bacarıqlı diplomat idi. O, həm Rusiyanın, həm də İranın işğalçılıq siyasətinə qarşı diplomatik addımlar atıb. Bəzi məsələlər indiyədək qaranlıq qaldığından, bu gün də elələri tapılır ki, Kalbalı xanı buna görə günahlandırırlar. Amma əslində belə deyil. Bu hərbi fenomenin bütün həyat və fəaliyyəti tarixi bir nümunədir.
Yenə də tarixi faktlara müraciət edək. O illərin hərbi yazıçılarından P.Q.Butkov yazırdı: "Onun (Ağa Məhəmməd şah nəzərdə tutulur) məqsədi Şuşalı İbrahim xanı əzdikdən sonra əsas qüvvəsi ilə Gürcüstana tərəf hərəkət etmək, sonra isə vaxtilə böyük şah Abbasın etdiyi kimi, şamaxılıları, talışları, gürcüləri və başqalarını öz vilayətlərinə - Mazandaran və Astrabada köçürmək idi". P.Q.Butkov bununla bağlı daha sonra qeyd edir ki, Naxçıvana göndərdiyi süvari dəstəsinə şah konkret əmr vermişdi: xanlığı darmadağın edib, əhalisini İranın ucqarlarına köçürsün. Bu dəfə Ağa Məhəmməd şahın daha hazırlıqlı qoşunlarına müqavimət göstərə bilməyəcəyinə əmin olan Naxçıvan xanlığının hakimi Kalbalı xan yurdunu, özünü və əhalisini gözlənilən cəzadan qurtarmaq üçün qiymətli hədiyyələrlə Ərdəbilə gəlib şahdan imdad dilədi.
Ağa Məhəmməd şah hədiyyələri alandan sonra 1796-cı ildə rus qoşunları Azərbaycanda olarkən onlarla əlaqə saxladığına görə xanın gözlərini çıxartdırıb həbs etdi və Tehrana göndərdi. Nədənsə, bu hadisəni hər bir tədqiqatçı özünəuyğun şəkildə izah edib. Yuxarıda qeyd etdik ki, Kalbalı xan Ehsanxan oğlu xanlıq etdiyi illərdə qonşu xanlıqlarla, Kartli-Kaxetiya çarlığı ilə, hətta uzaq Dağıstan xanlıqları ilə də dostluq münasibətləri saxlamışdır. Amma çox təəssüf ki, o, bəzən bunun əksini görmüşdür. Yaxın qohumları olan Qarabağ hakimi İbrahim xan, xoylu Əhməd xan, Kartli-Kaxetiya çarı II İrakli, İrəvan xanları Naxçıvana hücumlar etmişlər və hər dəfə də məğlub olmuşlar. Məsələn, Ermənistanın Matenadaran Əlyazmalar İnstitutunda saxlanılan bir sənəddə deyilir ki, Ağa Məhəmməd şah Qacar II İraklini şirnikləndirmək üçün hətta bütün Azərbaycanı fəth edib onun tabeçiliyinə verəcəyinə and içmişdi. Amma bütün bu xəyanətlərin qarşısında daxilən kövrək, zahirən sərt görünən Kalbalı xan əzəmətlə dayanır və Naxçıvanın müstəqilliyini qoruyurdu.
Tarixi mənbələrə əsasən, demək olar ki, o, xanlığı dövründə bir neçə dəfə hərbi yürüş edib. Birinci dəfə Xoy xanlığına hücum edib. Ancaq məqsəd özgə xanlığın ərazisini tutmaq olmayıb, sadəcə Naxçıvandan keçmiş xanların vaxtında apardıqları qiymətli əşyaları geri qaytarmaq məqsədi güdüb. Kalbalı xanın ikinci yürüşü İrəvana olub, sabit olmayan qohumlarını cəzalandırıb. Onu da deyək ki, Xoy xanı onun bacanağı, İrəvan xanı isə qaynı idi. Naxçıvan hakiminin üçüncü yürüşü isə ikiüzlü adamların paşalıq etdiyi bölgəyə ünvanlanıb, lakin ruslar bu yürüşü dayandırıblar. Ona görə də Kalbalı xanın fəaliyyətini doğru-dürüst tədqiq etsək, onun rus məmurlarına yazdığı məktublara aldığı cavabın müqayisəli təhlili bizə çox gizli mətləbləri açıqlayar.
Kalbalı xanın xanlıq etdiyi illərdə Naxçıvan xanlığının digər xanlıqlarla və dövlətlərlə münasibətlərinin hərtərəfli öyrənilməsi bəzi qaranlıq səhifələri işıqlandırar. Başqa xanlıqlara nisbətən Naxçıvan xanlığının tarixi az öyrənilmişdir. Buna əsas səbəb materialın azlığı, sənədlərin də yad məmləkətlərdə və dağınıq olmasıdır. Kalbalı xan öz müttəfiqləri Qarabağ xanı İbrahim xanın, Xoylu Cəfərqulu xanın və İrəvan xanı Məhəmməd xanın təşəbbüsü ilə ruslarla danışıqlar aparmışdır. Kalbalı xanın əldə etdiyimiz bir neçə məktubu sübut edir ki, danışıqlar çox ciddi və illər boyu davam etmişdir. Onun Zubovla, Qudoviçlə, Sisyanovla, Nesvyatevlə yazışmaları vardır. Sovet hakimiyyəti illərində bu məktublar və onların tərcümələri "tamamilə məxfidir" qrifi ilə bağlı arxiv fondlarında saxlanılıb. O dövrün araşdırıcıları isə bütün sənədləri imperiyanın siyasətinə uyğun işləmişlər. Bunda məqsəd, guya, Rusiyanın Qafqaza sülh, əmin-amanlıq gətirməsinə inam yaratmaq olub.
Son illərin ciddi araşdırmaları göstərir ki, Azərbaycanın bütün xanlıqları kimi, Naxçıvan xanlığı da rus təbəəliyini könüllü qəbul etməmişdir. Buna qarşı hələ 1800-cü ildən güclü müqavimət olub. Aşkardır ki, Naxçıvan xanlığı öz müstəqilliyini İran şahı qoşunlarının tapdağından qorumaq üçün müttəfiqlər aramalı idi. Bu, tamamilə təbiidir. Rus məmurları uzun illər Kalbalı xana inanmadıqları kimi, o da ruslara etibar etməmişdir. Məşhur İrəvan döyüşü (1804-cü il) buna ən yaxşı misaldır. Mirzə Camal Cavanşir "Qarabağ tarixi"ndə yazır: "Bir tərəfdən Fətəli şah, digər tərəfdən naibüssəltənətin qoşunu və başqa tərəfdən sərdarla bağladıqları əhdi pozub, qalanı ona təslim etməyən Məhəmməd və Kalbalı xan Rusiya qoşununu dörd tərəfdən halqaya alıb, hətta Rusiya qoşununun azuqə yollarını kəsdilər. Bu qədər zəhmətə baxmayaraq, Rusiya qoşununa qalib gələ bilmədilər (söhbət İran ordusundan gedir). Hər iki tərəfə çoxlu ziyan dəydi. Nəhayət, sərdar Sisyanov Tiflisə qayıtmağı məsləhət bilib köçüb getdi. Fətəli şah da Azərbaycana və oradan da Tehrana getdi".
Bu qanlı döyüş 1804-cü il iyul ayının 2-də İrəvan qalası ətrafında olub. Qeyd edək ki, artıq həmin vaxt Kalbalı xan dünya işığına həsrət idi. Fətəli şah ona Naxçıvanda yaşamağa icazə vermədiyindən həyat yoldaşı Tükəzban xanımın qardaşı Məhəmməd xanın yanında yaşayırdı. Məhəmməd xan çox gənc olduğundan İrəvan xanlığını Kalbalı xan idarə edirdi. Bu zaman Kalbalı xanın yanında 12 min Kəngərli süvarisi var idi. O, Pəmbək və Şuragöl uğrunda da qəhrəmanlıqla döyüşürdü. Bütün bunlar rus generallarının Qafqazdakı Rusiya qoşunlarının baş komandanına olan raportlarında və məxfi məktublarında öz əksini tapıb.
Rusiya generalları Kalbalı xanın paxıllığını çəkən bəzi paşalarla (həmin məktublar da durur) əlaqəyə girərək, daha doğrusu, onların xahişi ilə Kalbalı xanı İrəvandan uzaqlaşdırmaq məqsədilə onun yenidən Naxçıvana xan təyin olunması üçün Fətəli şahın oğlu Abbas Mirzədən razılıq alırlar. Naxçıvana qayıdan Kalbalı xan yenə də bu diyarın əvvəlki görkəminə qayıtmasına çalışır. Artıq Naxçıvan təhlükədə idi. Çünki Azərbaycanın şimal xanlıqları, o cümlədən Qarabağ xanlığı da Rusiyanın tərkibinə daxil olmuş və müstəqilliklərini itirmişdilər. Bütün bunları Kalbalı xan iti ağlı ilə duyur və yenə də diplomatik danışıqlar aparırdı. Rus tarixinin özündə qaniçən adlandırılan general Yermolovu Naxçıvanda səmimi qarşılamışdı ki, Naxçıvan ziyan çəkməsin.
Yermolovun Gürcüstan Milli Arxivində bir jurnalı saxlanılır. Orada onun Kalbalı xanla görüşü haqqında məlumat verilir. Kalbalı xanın ona dediklərindən: "...Vaxtilə Araz çayı vadisinin gözəlliyi və zənginliyinə heyrətlə baxırdım, gözəl bağları və meşəlikləri olan vadini çoxsaylı əhali canlandırırdı. İndi mənə deyilir ki, vadi boş səhralığa çevrilib, keçmiş zənginliyindən əsər belə qalmayıb. Yaxşı ki, tale mənim gözlərimi bağladı, vadinin belə bədbəxt gününü və tar-mar olmasını görmürəm. Bu vadini üç əsr mənim nəslim idarə etmişdir. Ara müharibələri və şahın ordusu bu bədbəxt torpağı boşluğa çevirdi, işğalçıların hər bir addımı xalqın bədbəxtliyinə səbəb oldu..."
Kalbalı xanın bu dedikləri Rusiya qoşunlarına da aid idi. O, üç il sonra Naxçıvana gəlib İranla danışıqlara gedən A.S. Qriboyedovu qəbul etmədi. Rus diplomatı bu haqda 11-13 sentyabr 1819-cu il tarixli raportunda (Əlincə mahalı, Qazançı kəndi) öz ağası Mazaroviçə məlumat verib. Kalbalı xan uzaqgörənliyi ilə bu eynəkli dilpomatın Azərbaycan üçün çox təhlükəli olduğunu hiss etdiyindən onu Naxçıvanda iki gün gözlətsə də, görüşməkdən imtina etdi və bildirdi ki, onun təhlükəsizliyinə də cavabdeh deyil.
Təbriz hakimi Abbas Mirzə Kalbalı xana məsləhət görürdü ki, Məkkə ziyarətinə getsin, xanlığı isə oğlanlarına tapşırsın. Bütün bu təzyiqlər altında o, Məkkə ziyarətinə gedir və ziyarətdən gələrkən Təbrizdə dayanmalı olur. Bəzi mənbələrə görə, Fətəli şahın əmri ilə hamamdan çıxandan sonra içdiyi şərbətə zəhər qatırlar. Kalbalı xan Təbrizdə vəfat edir.
Əlimizdə olan məlumatlara görə, onun Tükəzban xanımdan 6 oğlu və bir qızı olub. Qızını Makulu Əli xana verib. Oğlanları isə çar Rusiyası ordusunun məşhur hərbçiləri olublar: Nəzərəli xan, Ehsan xan, Şeyxəli bəy, Fərəc ağa, Mehdiqulu xan, İsgəndər xan və Gülşən bəyim. Bəzi rus tədqiqatçıları Tükəzban xanımın anasının gürcü qızı olduğunu yazırlar. Ancaq belə deyil. İrəvan xanlarının məktublarında yazılıb ki, Məhəmməd xanın və onun iki doğma bacısının anası Şadılı tayfasındandır. Məhəmməd xanın o biri bacısı Səltənət xanım Xoy xanı Əhməd xanın, sonra isə məşhur general, Xoy və Şəki xanı Cəfərqulu xanın arvadı olub.
Kalbalı xanın məktublarını və qonşu xanlıqlarla apardığı diplomatik danışıqları, həmçinin rus ordusunun komandanları ilə olan gizli yazışmalarını araşdırırıq. Onları tamamilə öyrənib, təhlil edib oxuculara çatdıracağıq.
Kalbalı xan Ehsan xan oğlu Azərbaycanın və onun ayrılmaz hissəsi olan Naxçıvanın hərb və dövlətçilik tarixində elə şərəfli iz qoyub ki, onun hünərindən, qəhrəmanlığından həmişə ürək dolusu, qürurla danışmaq mümkün olacaq. Kalbalı xan Kəngərli bu gün haqqında filmlər çəkilən, epopeyalar yazılan II İraklidən çox-çox ucada dayanır. Şübhəsiz, xalqımız bu qeyrətli dövlət və hərb xadiminin tariximizdəki yerini və rolunu layiqincə təsbit edəcək, onun şərəfli bioqrafiyasını qədərincə öyrənib əbədiləşdirəcək.
{nl}
Musa QULİYEV, AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşı
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.