TÜRKSOY seriyasından olan yeni kitablar

Son dövrlər türk xalqları ədəbiyyatının Azərbaycanda öyrənilməsi, ayrı-ayrı xalqların klassiklərinin yaradıcılığından nümunələrin ölkəmizdə nəşri türk dünyası ədəbi mühitinin daha da inkişafına və əlaqələrin möhkəmlənməsinə xidmət edir. Yarandığı gündən ortaq mədəni irsimizi tanıtmağa çalışan TÜRKSOY-un bu baxımdan fəaliyyəti göz önündədir. TÜRKSOY seriyasından olan kitabların Azərbaycanda işıq üzü görməsi digər türksoylu xalqların ədəbiyyatı ilə tanışlığa imkan yaradır.
Bu il isə bu seriyadan Türkmənistan ədəbiyyatına aid "Abdulla Şahbəndənin seçilmiş əsərləri" və "Türkmən müəmmaları, deyişmələri və vücudnamələri" kitabları Azərbaycan türkcəsində işıq üzü görüb. AMEA Folklor İnstitutu Elmi Şurasının qərarı ilə nəşr edilən kitablardaki əsərləri türkməncədən dilimizə uyğunlaşdıran və ön sözün müəllifi professor Ramiz Əskər, redaktoru AMEA-nın müxbir üzvü, professor Tofiq Hacıyev, məsləhətçi professor Annaqurban Aşırovdur.
Birinci kitabda klassik türkmən ədəbiyyatının tanınmış şairi Abdulla Şahbəndənin bir sıra şeirləri, "Şah Bəhram" və "Gül və bülbül" dastanları yer alıb.
1720-ci ildə Türkmənistanın Vas şəhərində anadan olan A.Şahbəndə dövrünün yaxşı təhsil almış, mütərəqqi ziyalılarından olub.
Şairin yaradıcılığında müəmma janrı mühüm yer tutur. Poetik irsinin bir hissəsi itsə də, çox əsəri dövrümüzə gəlib çatıb. Xeyirxahlığı, yaxşılığı, dürüstlük və mərdliyi aşılayan şairin şeirlərində tərbiyəvi motivlər güclüdür. Şeirlərdəki fikir və məzmun oxucunu düşündürür. A.Şahbəndə doğma dilində-türkcə yazmağa üstünlük vermiş, yaradıcılığında dilin zənginliyi və şirinliyindən bəhrələnməyə çalışmışdır. Şair həmkarlarına da bunu məsləhət görür, yad sözlərdən, ərəb və fars ifadələrindən uzaq olmağa çağırır.
Kitabda şairin müəmma janrında yazdığı ədəbi nümunələr mühüm yer tutur.
"Bəhram Şah" dastanının motivi hind mifologiyasının savaş, ovçuluq və zəfər tanrısı Varaxra ilə bağlıdır. Dastanda Bəhramın qulan ovuna çıxması onun həyatında dönüş yaradır. Qulan cildinə girmiş Dev Səidlə tanışlığı, eyş işrətə qurşanması, Balahüsn adlı pəri qızını sevməsi dastanı maraqlı süjetlərlə zənginləşdirir.
Dastanda qoşma, gəraylı, qəzəl, müxəmməs janrında şeirlər onun məzmununun daha da zdolğunlaşmasında mühüm rol oynayır.
Şairin " Gül və Bülbül" dastanı da mifik səhnə və obrazlarla zəngindir. Müəllifin düşüncəsinə görə əsər mifik obrazlarla daha romantik, daha sehrli olur. A.Şahbəndənin "Xocamverdixan" dastanı, "Səyahətnamə" əsəri də var.
Onun şeir və dastanlarının yüzdən artıq əlyazması Türkmənistan Elmlər Akademiyası Əlyazmalar İnstitutunda saxlanılır.
"Türkmən müəmmaları, deyişmələri və vücudnamələri" adlı ikinci kitabda A.Şahbəndə ilə yanaşı, Məxdumqulu Fəraqi, Anaqılınc Möhtaci, Miskin Qılınc, Dostməmməd, Molla Nəfəs kimi türkmən şairlərinin yaradıcılığından seçmələr nəşr edilib.
Şeirlər məzmunla yanaşı, dilinin səlisliyi, anlaşıqlığı, ahəngdarlığı ilə də fərqlənir.
Kitab ədəbiyyatsevərlər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

{nl}

Əfsanə BAYRAMQIZI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında