Azərbaycan 2011-ci il oktyabrın 24-də 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə BMT-yə üzv olan 193 dövlətdən 155-nin dəstəyini qazanaraq bu quruma üzv seçilib. Azərbaycan qarşıdakı iki il müddətində 2012-ci ilin mayında və 2013-cü ilin sentyabrında növbə ilə bir ay ərzində TŞ-nin sədri funksiyasını yerinə yetirəcəkdir. Bu hadisə Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir.
Ölkəmiz dünya dövlətləri ilə ikitərəfli və çoxtərəfli əlaqələr quraraq bunu dövlətlərarası sivil münasibətlər müstəvisində inkişaf etdirir. Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda BMT TŞ-yə üzv seçilən ilk ölkədir. BMT TŞ 5 daimi üzvdən - ABŞ, Rusiya, Böyük Britaniya, Fransa və Çindən, eləcə də iki ildən bir seçilən 10 qeyri-daimi üzvdən ibarətdir. Müstəqilliyimizin 20 illiyini bayram etdiyimiz bir vaxtda beynəlxalq səviyyədə aparılan uğurlu siyasətin nəticəsi kimi ölkəmizin möhtəşəm bir qurumun - BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi Azərbaycan Prezidentinin, xarici diplomatiyasının böyük qələbələrindən biri hesab oluna bilər. Bu qələbəyə gedən yolun təməlini ulu öndərimiz Heydər Əliyev qoymuşdur. BMT səviyyəsində keçirilən tədbirlərdə ölkəmizin və bütövlükdə dünyanın taleyi ilə bağlı ulu öndərimizin məzmunlu çıxışları dünya dövlətlərinin diqqətinin Azərbaycana yönəlməsinin başlanğıcı olmuşdur. Yüksək tribunadan Azərbaycanın problemləri ilə bağlı söylənən fikirlərin arxasında yalnız bir xalqın - Azərbaycan xalqının taleyi deyil, bütün dünya xalqlarının taleyi ilə bağlı narahatlıq dayanırdı, bu isə ölkəmizə hörmətin yaranmasının ilk qığılcımları idi. Məhz Heydər Əliyev diplomatiyasının uğurları sayəsində dünya dövlətləri başçılarının ölkəmizə səfərlərinin başlanması, aparılan uğurlu danışıqlar, bağlanan sərfəli müqavilələr nəticəsində bizim dünyaya inteqrasiyamız başlandı. "Əsrin müqaviləsi" ilə əsası qoyulan inteqrasiyamız ölkə başçısının uğurlu xarici siyasəti ilə zirvələrə doğru yüksəlməyə başladı.
Müxtəlif beynəlxalq səviyyəli tədbirlərdəki çıxışlar, dünya səviyyəsində yaranan münasibətlərlə bağlı narahatlıq, yalnız siyasətə deyil, həm də ağıllı məsləhətə əsaslanan çıxışlar, ölkəmizin sağlam mühit üzərində köklənən siyasəti dünyanın aparıcı dövlətlərinin bizə olan məhəbbətini daha da artırmışdır.
Bəşəriyyət XXI əsrə müxtəlif problemlərlə, qlobal təhlükələrlə daxil oldu. Azərbaycan diplomatiyası əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, sağlam düşüncələrə əsaslanan siyasəti Prezident İlham Əliyevin simasında davam etdirməyə başladı. Azərbaycan bəşəriyyətin taleyi ilə bağlı məsələlərin həll olunduğu bütün tədbirlərdə iştirak edir. Sevindirici odur ki, bu, sadəcə müşahidə xarakterli olmayıb, konstruktiv təkliflərə əsaslanan iştirakdır. Qəbul edilən bir çox qərarlarda Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı dünya dövlətlərinin ölkəmizə qarşı hörmətinin bariz nümunəsidir. Gərgin iş rejimi və ölkə daxilində aparılan böyük işlərin çoxluğuna baxmayaraq dövlət başçısının xarici siyasətə həmişə önəm verməsi, Azərbaycana işgüzar səfərlərin çoxalması, aparıcı dövlətlərin rəhbərləri ilə görüşlər indi ölkəmizə verilən yüksək qiymətə gedən yoldakı fəaliyyətimiz hesab oluna bilər. Məhz cənab Prezidentimizin təşəbbüsü ilə Azərbaycanda keçirilən beynəlxalq səviyyəli siyasi, mədəni, idman tədbirləri ölkəmizin beynəlxalq aləmdə tanınmasında mühüm rol oynamışdır. Dünya bu gün Azərbaycanı çoxşaxəli islahatlar aparan, vətəndaş cəmiyyətinin yaradılması yolunda iri layihələr həyata keçirən və böyük uğurlara imza atan dövlət kimi tanıyır. Azərbaycanın xarici siyasətində dünyanın istənilən ölkəsi və bütün beynəlxalq təşkilatlarla müxtəlif formatlı əməkdaşlıq öz bəhrəsini verməkdədir. Ölkəmiz qlobal və regional təşkilatların işində fəal iştirak edir, beynəlxalq sülh, təhlükəsizlik və əməkdaşlığın təminatında ən nüfuzlu təşkilat olan BMT ilə yüksək əməkdaşlıq münasibətlərinin səmərəli irəliləyişinə nail olmuşdur. Ölkə Prezidenti İlham Əliyev 2010-cu ildə 16 dəfə xarici səfərdə olmuş, bir sıra ölkələrin dövlət başçıları ilə Bakıda, 50-dən artıq dövlət və hökumət başçıları ilə beynəlxalq təşkilatların sammit və toplantılarında görüşmüşdür.
Dünyanın qloballaşma şəraitində yaşadığı indiki dövrdə ölkəmizin dünyaya inamlı inteqrasiyası Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsidir. Dünya xalqlarının mədəni irsimizi tanıması sayəsində Heydər Əliyev Fondunun, onun prezidenti Mehriban xanım Əliyevanın apardığı işlər də bu gün ali qurumda təmsil olunmağımıza təkan vermişdir. Haqq işimizi dünyaya çatdırmaq sahəsində aparılan işlər, Heydər Əliyev Fondunun müxtəlif ölkələrdə keçirdiyi tədbirlər dünya xalqlarında ölkəmiz haqqında müsbət fikirlərin formalaşmasında mühüm rol oynamışdır.
Biz bu yeri gərgin mübarizə hesabına əldə etdik və bu yerə iddialı olan bir sıra dövlətlərə qalib gələrək layiq olduğumuz qələbənin sevincini yaşadıq. Bu, Azərbaycan Prezidentinin, Azərbaycan diplomatiyasının, Azərbaycan xalqının qələbəsi idi. Neçə illərdir ağrılı bir dərdlə - Qarabağ dərdi ilə yaşayan xalqımızın bu sevinci yaşamağa tam haqqı var.
Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsini Dövlət Neft Akademiyasının professor-müəllim, tələbə heyəti də böyük sevinclə qarşılamışdır. Ölkə Prezidentinin ADNA-nın 90 illik yubileyində iştirakı, buradakı çıxışı, xüsusən beynəlxalq durumla bağlı fikirləri aparılan xarici siyasətdə Azərbaycanın düzgün yol tutduğunu göstərmişdir. Biz Prezidentimizin uğurlu siyasətinin məhz bu qələbəyə apardığına inanırdıq. Prezident İlham Əliyev bizim qarşımızda duran məsələlərlə bağlı fikir söyləməklə kifayətlənməmiş, Azərbaycanın beynəlxalq siyasəti ilə bağlı, qloballaşma ilə bağlı fikirlərini bildirərək belə vəziyyətdə gənclərin qarşısında dayanan vəzifələri göstərmişdir.
Bu sahələrdə Bakıda keçirilən beynəlxalq humanitar forum, dünyanın əksər dövlətlərinin yüksək səviyyəli nümayəndələrinin bu forumda iştirakı, burada irəli sürülən təkliflər, qəbul olunan qərarlar ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun göstəricisidir. Bu gün bütün dünyada bizimlə hesablaşırlar, bizim təkliflərə qulaq asırlar, sözümüzü dəyərləndirirlər. İnanıram ki, Azərbaycanın beynəlxalq aləmdəki qələbələr sevincini hələ çox yaşayacağıq. Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət bunu deməyə əsas verir.
Prezident İlham Əliyev əldə edilən bu uğuru tarixi nailiyyət kimi qiymətləndirərək demişdir: "Biz 20 il ərzində müstəqil ölkə kimi özümüzü dünyada təsdiq edə bilmişik. Biz sübut edə bilmişik ki, Azərbaycan etibarlı tərəfdaşdır, Azərbaycan dost ölkədir və dostlarının sayının artması bizim siyasətimizin təntənəsidir. Bu səsvermə müstəqilliyimizin 20 illiyinə təsadüf edir. Bu, çox zəruri məna daşıyan bir hadisədir. Bu göstərir ki, 20 il ərzində Azərbaycan müstəqil dövlət, dünyada böyük şöhrətə malik olan ölkə kimi özünü göstərir. Bu qələbə Azərbaycan xalqının qələbəsidir. Bu qələbə Azərbaycan dövlətinin qələbəsidir, siyasətimizin təntənəsidir."
{nl}
Siyavuş QARAYEV, ADNA-nın rektoru, əməkdar elm xadimi, akademik
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.