Yeni kitablar. "XAN QIZI..."

Bu günlərdə "Şur" nəşriyyatında Cəmil Tağıyevin işıq üzü görən yeni kitabı belə adlanır. Kitabda XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Xurşidbanu Natəvanın həyat və yaradıcılığına bir daha nəzər salınır.
Kitabın "Giriş"ində müəllif yazır: "Azərbaycan ədəbiyyatı insanlığa böyük dahilər bəxş etmişdir. Digər dünya xalqlarının yaratdığı ədəbiyyatla, yetirdiyi sənətkarlarla müqayisədə Azərbaycan ədəbiyyatının hamımızın öyünə biləcəyimiz bir nöqtədə dayandığını görür və bununla fəxr edirik. Sadəcə, bir faktı ürək ağrısı ilə qeyd etmək lazımdır ki, bizim ədəbi irsimizə, ədəbi korifeylərimizin yaradıcılığına, yaşantısına və düşüncələrinə Şekspir, Puşkin, Düma, Balzak və başqa dünya klassikləri qədər işıq salınmayıb. Hansı səbəbdən olmasından asılı olmayaraq, bu biganəliyin içində biz öz mənəvi təpərimizi layiq olduğu ucalığa daşıya bilməmişik. Bunun da bir səbəbi, bəlkə də, həmin sənətkarların həyat və yaradıcılığını özümüzün tam araşdıra bilməməyimizdir. Çox vaxt haqqında ağızdolusu danışdıqlarımızın adlarını icmallarda çəkməklə kifayətlənmişik. Kimisə günahlandırmaq fikrindən uzağıq. Amma ədəbiyyat tarixi ilə bağlı mənbələrdə haqqı özünə qaytarılmayan, adları ümumi sıralanmalarda çəkilən o qədər böyük sənətkarlarımız var ki... Görünür zaman-zaman yazılanlar bizim mədəni sərvətlərimizin bolluğu fonunda hələ çox azdır.
Məsələn, XIX əsrin ikinci yarısında Qarabağın böyük Cavanşirlər nəslindən olan Xurşidbanu Natəvan yaşayıb-yaradıb və həm insanlığı, həm düşüncələri, həm də özünəməxsus dərdləri ilə xalqın yaddaşında əbədiləşib. İnsan qəlbinin zərif və mürəkkəb hisslərini qəzəllərində dolğunluqla əks etdirən Natəvanı olduğu kimi tədqiq edə bilməsək də, keçən yüzilliklərdən gözəl Natəvanın səsi, nəfəsi duyulur. O, ən çox sevilən, ən çox mübahisələrə səbəb olan, lakin həyat və yaradıcılığının öyrənilməsi vacib sayılan sənətkarlardan biridir. Xurşidbanu Natəvan XIX əsrdə öz adı, soyadı, yaxın qohumları ilə fəxr edən bir şairə xanım olmuşdur və onun həm şəxsiyyəti, həm poetik irsi öyrənilməlidir. Bütün yaradıcılığı küll halında gəlib zəmanəmizə çatmasa da, əlimizdə olanlar onun böyük yaradıcılıq yolu keçdiyini göstərir".
C.Tağıyev kitabda Cavanşirlər nəslinin yadigarlarından olan, ötən əsrin ortalarında dünyasını dəyişən Xan qızı Natəvanın ata tərəfdən əmisi nəticəsi Geysu xanım Cavadbəy qızı ilə zamanında apardığı söhbətlərdən, Geysu xanımın Xan qızı haqqında dediklərindən bəhs edir. Geysu xanımın Natəvan haqqında söylədikləri arasında araşdırılması vacib olan məqamlar da var. Müəllif yazır: "Geysu xanım Cavadbəy qızı Xurşidbanu Natəvanın həyatı və yaradıcılığı haqqında çox danışardı. O vaxtlar yazılı qeydlər aparmadığımdan, sadəcə yaddaşımın saxlaya bildiklərini oxucularla bölüşmək istəyirəm. Onun danışdıqları arasında elm aləmində mübahisə yarada biləcək məqamlar da var idi".
Bir oğlunun vaxtsız dünyadan köçməsi, digərinin ondan ayrı düşməsi, ana bir ata ayrı övladların mal, mülk üstündə bir-birinə düşmən kəsilməsi, həyata keçirmək istədiklərini başa çatdıra bilməməsi Xan qızının taleyində bir natamamlıq çevrəsi yaratmışdı. Bu çevrədə ürəyi yaratmaq eşqi ilə döyünən bir qadının bütün arzularının yarımçıq qalması qəzəllərində öz əksini tapırdı:

{nl}

Varıdı sinədə dərdü
qəmi-nihan, ölürəm,
Fəda olum sənə,
gəl eylə imtahan, ölürəm.
Fəraqdan gecələr yatmaram
səbahə kimi,
Xəyali-zülfünə bağlı
gedibdi can, ölürəm.

"Xan qızı..." kitabının "Cavanşir nəslinin söz adamları" bölmələrində X.Natəvanın şair qohumları haqqında danışılır və X.Natəvanın böyük tədqiqatçılarından olan Bəylər Məmmədovun kitablarından mənbə kimi istifadə olunur. Müəllif bu haqda yazır: "Latın qrafikalı Azərbaycan əlifbasına keçəndən sonra dövlət səviyyəsində mədəniyyət tariximizə öz möhürünü vuran sənətkarların əsərləri yenidən nəşr olunmağa başlandı. Ancaq bunlar hələ çox azdır. Yeni nəslin tariximizin və ədəbiyyatımızın bu məqamları ilə bağlı bilgilərini daha da artırmaq üçün dühalarımızın həyat və yaradıcılığına bacardığımız qədər yenidən ayna tutmalıyıq. Bir çox şair və yazıçılarımız kimi, X.Natəvanın həyatına yenidən nəzər salmağa da çox ehtiyac var".
"Son söz əvəzi"ndə isə Xurşidbanu Natəvanın əmisi nəticəsi Geysu xanımın həyatı haqqında geniş məlumat, onun əmisi oğlu Vahid Cavanşirovun və nəvəsi Azər Tağıyevin xatirələri yer alıb.
Məlumat üçün bildirək ki, kitabın müəllifi Cəmil Tağıyev 1931-ci ildə Zəngilan rayonunun Aşağı Gəyəli kəndində anadan olub. Orta təhsilini rayon mərkəzindəki 1 saylı məktəbdə tamamlayıb. 1948-50-ci illərdə Naxçıvan Dövlət Müəllimlər İnstitutunu, sonra Azərbaycan Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsini (qiyabi) bitirib.
Müəllimlik fəaliyyətinə rayonun Şayıflı kənd məktəbində başlayıb. 58 illik pedaqoji fəaliyyətinin xeyli hissəsini direktor müavini və direktor vəzifəsində çalışıb.
1993-cü ildə Zəngilan erməni silahlı birləşmələri tərəfindən işğal edildikdən sonra Bakı şəhərinin Nəsimi rayonunda məskunlaşıb. Bu rayondakı 46 saylı orta ümumtəhsil məktəbinin rus bölmələrində Azərbaycan dili müəllimi işləyib.
"Təlimi rus dilində olan orta ümumtəhsil məktəblərində Azərbaycan dilinin tədrisi məsələləri" adlı dərs vəsaitinin və on doqquzuncu əsrin ikinci yarısında Cəbrayıl qəzasının Şərikan kəndində (indiki Zəngilan rayonu) yaşayıb-yaradan aşıq Məhəmməd Bağbanın həyat və yaradıcığından bəhs edən "Yaddaşlardan yığılan kitab"dan sonra bu, Cəmil Tağıyevin oxucularla üçüncü görüşüdür.

{nl}

Vasif SÜLEYMAN

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında