Şriftin ölçüsü:
29.10.2011 10:26 | Oxunma sayı: 860
Oktyabrın 28-də Azərbaycan Müəllimlər İnstitutunda "Müəllim hazırlığının müasir problemləri" mövzusunda beynəlxalq elmi konfrans keçirilir.
Konfransdan əvvəl iştirakçılar AMİ-də yaradılmış Heydər Əliyev Mərkəzində olmuş, ümummilli liderin büstü önünə gül dəstələri düzmüşlər.
Konfransı giriş sözü ilə açan Azərbaycan Müəllimlər İnstitutunun rektoru professor Aqiyə Naxçıvanlı qeyd etmişdir ki, hazırda postsovet ölkələrinin təhsil sistemləri keçid dövrünü yaşayır. Bu dövrdə innovasiyaların mənimsənilməsi böyük önəm kəsb edir. Rektor demişdir: "Bir tərəfdən sovet təhsil sisteminin köhnəlmiş prinsiplərindən əl çəkmək, digər tərəfdən, ümummilli lider Heydər Əliyevin göstərdiyi kimi, o sistemin müsbət cəhətlərini qoruyub saxlamaq və inkişaf etdirmək müasir təhsil sisteminin qarşısında duran ən mühüm vəzifələrdən biridir".
Təhsil sisteminin qarşısında duran vəzifələrdən danışan A.Naxçıvanlı demişdir ki, Azərbaycanın təhsil sistemi dünya təhsil məkanına sürətlə inteqrasiya edir. Azərbaycan Bolonya prosesinə qoşularaq və digər ölkələrin təcrübəsindən bəhrələnərək təhsil sistemində formalaşmış ənənələri, bu sistemin hərəkətverici amilləri olan milli-mənəvi dəyərləri ön sıraya çəkir.
Pedaqoji təhsil müəssisələrində təhsil və tərbiyə məsələlərinin vahid şəkildə həll olunmasının əhəmiyyətini vurğulayan A.Naxçıvanlı demişdir: "Burada ulu öndər Heydər Əliyevin bir fikrini xatırlatmaq yerinə düşərdi. Ümummilli liderimiz tərbiyə sistemində milli və ümumbəşəri dəyərlərin sintezinin yaradılmasının vacibliyini vurğulayaraq prioriteti milli-mənəvi dəyərlərə verirdi".
Rektor, həmçinin Azərbaycan Müəllimlər İnstitutunun yaranma tarixindən də danışaraq hazırda burada 10 min tələbənin, 150 magistrın təhsil aldığını, 700 nəfərdən artıq professor-müəllim heyətinin fəaliyyət göstərdiyini qeyd etmişdir.
Təhsil naziri Misir Mərdanov çıxış edərək demişdir ki, hazırda Azərbaycanda müəllimlərin təkmilləşməsinə, ixtisasının artırılmasına böyük ehtiyac vardır. Müəllim hazırlığında vacib işlərdən biri də "Təhsilin əsasları" adlı dərs vəsaitinin hazırlanmasıdır. Nazir demişdir: "Bu elektron vəsait özündə təhsilin iqtisadiyyatını, fəlsəfəsini, psixologiyasını, metodikasını birləşdirir. Bu vəsait 4 il ərzində sınaqdan keçirilmiş və hazırda ekspertlər tərəfindən qiymətləndirilir. Gələn tədris ilinin əvvəlindən bu vəsait istifadəyə veriləcəkdir".
Azərbaycan Prezidenti İlham Əliyevin təhsilin inkişafına böyük önəm verdiyini bildirən nazir bir neçə il ərzində dövlətimizin başçısının sərəncamı ilə 2500-ə yaxın müəllimin müxtəlif mükafatlara layiq görüldüyünü qeyd etmişdir. M.Mərdanov belə bir halın Azərbaycan təhsil tarixində ilk dəfə qeydə alındığını və bunun dövlətin müəllimlərə böyük qayğısının təzahürü olduğunu demişdir.
M.Mərdanov pedaqoji təhsil sistemində mövcud problemləri üzə çıxarmaq və onları həll etmək üçün yeni elmi araşdırmalara ehtiyac olduğunu önə çəkmişdir. Hazırda müəllimlərin öz ixtisası ilə yanaşı, əlavə biliklərə sahib olan bir mütəxəssis olmalarının vacibliyini bildirən nazir demişdir: "Müəllim ilk növbədə hazırlıqlı olmalı, müasir təlim texnologiyalarını mənimsəyə bilməli, şagirdlər və tələbələrlə səmərəli əməkdaşlıq qurmağı bacarmalıdır".
Moskva Açıq Avrasiya Universitetinin professoru Aleksandr Morozov müasir təhsil sisteminin inkişafında yeni tip müəllimin formalaşmasının vacibliyindən danışaraq bildirmişdir ki, müasir dövrdə müəllimlər tədris prosesinə yanaşmanı dəyişməli, bu işdə daha innovativ üsulların tətbiqinə meyilli olmalıdırlar. A.Morozov qeyd etmişdir ki, müəllim yalnız fənni tədris etməli deyil, həm də şagirdlərə müasir cəmiyyətdə yaşamaq, sərbəst düşüncə tərzinə yiyələnmək bacarıqları aşılamalıdır.
Konfransın bölmə iclaslarında fransalı alim Pyer Meynard, Gürcüstan Texniki Universitetinin professoru Boris İmnadze, Ukrayna Bioresurslar və Təbiətdən İstifadə Milli Universitetinin professoru Nina Tverezovskaya, Moldovadan Aleksandr Kirdyakin, Misirdən Məhəmməd Salam Abdel Vahed, Belarusdan Yuri Şestakov, həmçinin azərbaycanlı alimlər müəllim hazırlığının etik problemləri, təhsilin inkişafında dövlət proqramlarının rolu, müəllim hazırlığında innovasiyalar və texnologiyaların tətbiqi, təhsilin idarə edilməsində menecment və marketinq elmlərinin rolu mövzularında məruzələr etmiş və müzakirələr aparmışlar.
Konfrans oktyabrın 29-da öz işini davam etdirəcəkdir.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.