İlk dünyəvi qız məktəbinin yaradılmasından 110 il ötür

Şərq ölkələri içərisində Azərbaycan mədəniyyətə, elmə, musiqiyə xüsusi önəm vermiş, eləcə də müsəlman türk qadınının maariflənməsi, cəmiyyətdə və ailədə layiqli mövqeyə sahib olması üçün bir sıra işlərdə öncüllük etmişdir. Bu işlər arasında qadınların təhsil alması xüsusi yer tutur. Tanınmış xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü və maliyyə dəstəyi ilə müsəlman Şərqində yaradılmış ilk dünyəvi qız məktəbinin 1901-ci il oktyabrın 7-də Bakıda açılması böyük bir tarixi hadisə idi. 
Bu təhsil ocağının qadınların savadlanması və bilik alması sahəsində gördüyü işlər illər keçsə də, xatırlanır. Bu günlərdə məktəbin yaradılmasının 110 illik yubileyi münasibətilə keçirilən beynəlxalq elmi simpozium bu baxımdan önəmli tədbirlər sırasında idi. Qadınlarımızın dünyagörüşünün formalaşmasında bu məktəbin rolu danılmazdır. Bu fikirlər məktəbin yaradılmasının 110 illik yubileyi münasibətilə AMEA Milli Azərbaycan Tarixi Muzeyində keçirilmiş beynəlxalq elmi simpoziumda səsləndirildi.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı tarixən Azərbaycan ziyalılarının qadınların maariflənməsində mühüm rol oynadıqlarını bildirdi. Qeyd etdi ki, H.Z. Tağıyevin təşəbbüsü ilə Bakıda açılan ilk dünyəvi qız məktəbi də bu sahədə mühüm işlər görmüşdür. Onun sözlərinə görə, məktəbin yaradılmasının 110 illiyi münasibətilə keçirilən beynəlxalq elmi simpoziumun məqsədi bu tarixi ənənələri yada salmaq və müasir dövrdə qadınlarımızın cəmiyyətdə rolunu müzakirə etmək və fikir mübadiləsi aparmaqdır.
Ailə, Qadın və Uşaq problemləri Üzrə Dövlət Komitəsinin rəhbəri Hicran Hüseynova Azərbaycan dövlətinin qadınların hərtərəfli fəaliyyəti üçün lazımi şəraitin olduğunu vurğuladı və qeyd etdi ki, MDB-də ilk dəfə olaraq qadın problemləri ilə məşğul olan qurum məhz ölkəmizdə yaradılıb. O, qadınlarımızın keçdiyi tarixi inkişaf yolunu yüksək dəyərləndirərək dövlətin qadın siyasətini uğurla həyata keçirdiyini söylədi. Azərbaycan qadınının daim öz milli dəyərlərinə, tarixi ənənələrinə sadiqliyini yüksək qiymətləndirən komitə sədri ölkəmizin birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu baxımdan örnək olduğunu vurğuladı.
Daha sonra Türkiyədən qonaq gəlmiş siyasi elmlər doktoru, yazıçı Mina Tansel çıxış etdi. Hacı Zeynalabdin Tağıyevin qohumu olduğunu bildirən iştirakçı bir zamanlar xeyriyyəçinin şəxsi mülkü olan Azərbaycan Tarixi Muzeyi ilə tanışlığına görə hədsiz sevinc duyduğunu bildirdi və Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra mühacir həyatı yaşamağa məcbur olan soydaşlarımızın Türkiyədəki taleyindən söz açdı. Bildirdi ki, Hacı Zeynalabdin Tağıyevin qadınlar, ümumilikdə, xalq üçün bu qədər faydalı işlər görməsi yaxşı nümunədir. Qonaq çıxışının sonunda Azərbaycandan Türkiyəyə pənah aparmış atası İbrahim Heydərovun xəncərini muzeyə hədiyyə olaraq təqdim etdi. Mina xanımın və digər iştirakçıların çıxışı istər-istəməz qonaqları o dövrə - köhnə və qədim Bakının dövrünə apardı.
"Anası savadsız olan xalq kordur" - deyən xeyriyyəçi H.Z.Tağıyev millətin tərəqqisində qadının rolunu düzgün qiymətləndirmiş, türk-islam aləmində ilk dünyəvi qadın təhsili ocağının əsasını qoymaqla maariflənmə işinə böyük töhfə vermişdir.
Əslində, məktəb binasının yerində Cümə Məscidi tikilməli imiş, amma müəyyən səbəblər üzündən bu baş vermir. Beləliklə, məscidin yeri 5 noyabr 1896-cı ildə rəsmi olaraq qızlar məktəbinə verilir. 1898-1901-ci illərdə tikilmiş binanın layihəsi Bakının baş memarı olmuş I.V. Qoslavskıya məxsusdur. O zaman belə bir məktəb nəinki Rusiyada, Bakıda, hətta bütün İslam aləmində yox imiş. Məhz 5 ildən sonra, 1906-cı ildə Tiflisdə ilk belə müsəlman qızlar üçün məktəb açılır. Tağıyev bu məktəbin tikintisinə 300 min rubldan çox pul xərcləyibmiş.
Hacı eyni zamanda Bakıda fəaliyyət göstərən rus qadın məktəblərindən olan Mariya Qadın Gimnaziyası binasının (indiki İncəsənət Muzeyi) tikilməsinə də çoxlu vəsait xərcləmiş, həmin məktəbin fəxri qəyyumlarından biri olmuş, eləcə də "Müqəddəs Nina" Qadın Məktəbinə də (indiki 132 və 134 saylı məktəblərin binası) müntəzəm olaraq yardımlar göstərmişdi. Ancaq müsəlman türk qızlarının oxuya biləcəyi ayrıca məktəbə olan ehtiyac H.Z. Tağıyevi təhsil ocağının tikintisinə vadar edir. Ancaq məktəbin tikintisinə çar hökümətindən razılıq almaq elə də asan başa gəlmir.
Azərbaycan tarixinə "Tağıyevin Qız Məktəbi" kimi daxil olan bu məktəbin açılması uğrunda Hacı uzun illər mübarizə aparmış, bir neçə dəfə rədd cavabı alsa da, ruhdan düşməmişdi. Nəhayət, 1896-cı ildə II Nikolayın tacqoyma mərasimində Hacı çarın arvadı Aleksandra Fyodorovnaya bir senator vasitəsilə çox qiymətli hədiyyələr göndərmiş, Bakıda açılacaq rus-müsəlman məktəbinə onun adının veriləcəyini bildirərək imperatordan icazə alınmasını xahiş etmişdi. Beləliklə, böyük istək yerinə yetirilmişdi.
Məktəbin binasının tikintisinə 1898-ci ildən başlanıldı və 1901-ci ildə başa çatdırıldı. Böyük hazırlıqlardan sonra 1901-ci il oktyabrın 7-də keçmiş Nikolayevski (hazırkı İstiqlaliyyət küçəsi, Azərbaycan MEA Əlyazmalar İnstitutunun binası) küçəsində yerləşən, rəsmi adı "Bakı Aleksandrinskaya Rus-Müsəlman Qadın Məktəbi" olan, lakin xalqın yaddaşında "Tağıyevin Qız Məktəbi" kimi əbədiləşən təhsil müəssisəsinin təntənəli açılışı oldu.
Böyük ədib Ömər Faiq Nemanzadə isə Qız Məktəbinin açılmasını böyük hadisə hesab edərək yazırdı: "Burada Tağıyevin açdığı Qız Məktəbini görməsəydim, Bakının türk maarifi üzərinə qara bir cizgi çəkəcəkdim... Bakıda, doğrudan da, bir möcüzə sayılan bu maarif ocağından başqa üz ağardacaq bir şey yox idi...". İlk qız məktəbinin açılmasında böyük maarifçi Həsən bəy Zərdabi də müstəsna səylər göstərmiş və onun xanımı Hənifə Məlikova - Abayeva bu təhsil ocağının ilk müdirəsi olmuşdu.
İlk vaxtlarda 50 şagirdin qəbulu nəzərdə tutulurdu ki, onlardan 20 kasıb qız H.Z.Tağıyevin ianələri hesabına, 30 qız isə öz hesablarına oxuyub və məktəbin pansionunda qalıblar. Lakin ödənişsiz təhsil almaq istəyənlərin sayının çoxluğu nəzərə alınaraq Hamilər Şurası H.Z.Tağıyevin təklifi ilə əlavə 13 kasıb qızın qəbul olunmasına qərar verib. Qız məktəbinin açılışı ərəfəsində pulsuz oxuyan şagirdlərin sayı 35 nəfərədək artıb, cəmi qəbul olunanların sayı isə 58-ə çatıb.
1913-cü ildən Qız Məktəbi seminariyaya çevrildi, orada müəllimlər hazırlayan ikiillik kurslar da açıldı. 1918-ci il mart qırğınları zamanı məktəb bağlandı. Cümhuriyyət dövründə də onu bərpa etmək mümkün olmadı. Lakin ötən əsrin əvvəllərində yetişən Azərbaycan ziyalı qadınlarının böyük əksəriyyətini bu məktəbin məzunları təşkil etmişdi.
"H.Z.Tağıyevin məktəbi" kimi tanınan bu təhsil ocağının ənənələri illər keçsə də, bundan sonra da xatırlanacaq və araşdırılacaq.
Məktəbin yubileyi münasibətilə təşkil olunmuş elmi simpoziuma Türkiyə, Gürcüstan, Ukrayna və digər ölkələrdən ziyalılar qatıldı. Tədbirdə "ictimai-siyasi və mədəni həyatda qadınların rolu", "tarix və müasir vəziyyət", "qadın təhsilinin tarixi", "Şərq və Qərb təcrübəsi" elmi istiqamətləri üzrə müxtəlif məruzələr dinlənildi. Qeyd edildi ki, bu cür tədbirlərin keçirilməsi, ziyalı qadınların bir araya gəlməsi yeni ideyaların başlanğıcını qoya bilər.

{nl}

Əfsanə BAYRAMQIZI, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında