Latın Amerikası ölkələri üçün mütəxəssis hazırlığı bərpa olunur

Oktyabrın 20-də Latın Amerikasının inkişaf etmiş ölkələrindən biri - Ekvador Respublikasının xarici işlər, ticarət və inteqrasiya naziri Rikardo Armando Patinyo Arokanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuş və ən yüksək səviyyədə görüşlər keçirmişdir. Səfərin gərgin qrafikinə baxmayaraq, qonaqlar Azərbaycan Dövlət Neft Akademiyasına gəlməyi də unutmamışlar.
Bu seçim, ilk növbədə Azərbaycanın tanınmış təhsil ocağının yaxın keçmişdə 102 ekvadorlu oğlan və qıza həyat vəsiqəsi verməsilə izah olunur. Onların arasında, Azərbaycan Dövlət Neft Akademiyasının rektoru, akademik Siyavuş Qarayevin elmi rəhbərliyi altında 1982-ci ildə namizədlik dissertasiyası müdafiə etmiş Yanes Kintana Qido Rafael də vardır.
Sovet İttifaqının dağılmasından sonra, təəssüf ki, respublikada yaranmış ağır vəziyyətlə əlaqədar xarici ölkələr üçün mütəxəssis hazırlığı da kəskin azalmışdı. Neft strategiyasının uğurla həyata keçirilməsi nəticəsində son illərdə ölkəmizin əldə etdiyi yüksək iqtisadi inkişaf Azərbaycanın təhsil ocaqlarına, xüsusən də Neft Akademiyasına əcnəbi tələbələrin axınını gücləndirdi. Hətta neft profilli təhsil ocağı ilə Çin və Vyetnam tərəfləri arasında bu ölkələr üçün ixtisaslı kadrların hazırlanması barədə uzunmüddətli müqavilələr bağlandı. Azərbaycandan uzaq məsafədə olması səbəbindən, Latın Amerikası ölkələri əməkdaşlıq prosesinə cəlb edilməsələr də, bu əlaqələrə maraq və tələbat qalırdı.
Qeyd olunan fikri oktyabrın 20-də Azərbaycan Dövlət Neft Akademiyasının rektoru ilə görüşü zamanı cənab Rikardo Armando Patinyo Aroka da təsdiq etdi. Görüşdə iştirak edən Ekvador Respublikasının Rusiyadakı səfiri Patrisiyo Alberto Çaves Savada da ölkəsinin neft sənayesi üçün kadr hazırlığı məsələsində prioritetin ADNA-ya verildiyini söylədi. Hal-hazırda Ekvadorda digər neft yönümlü ixtisaslarla yanaşı, neft emalı üzrə mütəxəssislərə böyük ehtiyacın olması xüsusi qeyd edildi. Mütəxəssislərimizin elmi potensialını yüksək qiymətləndirən nazir ölkəsində qəbul olunmuş "Promotey" proqramı çərçivəsində təşkilatlarda məsləhətlər vermək və universitetlərdə mühazirələr oxumaq üçün ADNA-nın aparıcı alimlərini Ekvadora dəvət etmək arzusunu da bildirdi.
ADNA-nın rektoru akademik Siyavuş Qarayev təhsil ocağının kadr hazırlığı üzrə böyük təcrübəsi və şərəfli ənənələrinə istinad edərək, Latın Amerikası ölkəsinə köməklik göstərməyə tam hazır olduqlarını bəyan etdi.
Neft Akademiyasının muzeyləri, elmi və tədris laboratoriyaları, dərs otaqları ilə tanış olan qonaqlar, əcnəbi tələbə hazırlığı ənənələrinin davam etdiyinin şahidi oldular. Görüş zamanı nazirin tələbələrlə apardığı söhbətlər göstərdi ki, bizim gənclər də ekvadorlu həmkarlarını Bakıda məmnuniyyətlə qarşılamağa, onlar vasitəsi ilə uzaq ölkə barədə məlumatlar əldə etməyə, tələbəlik həyatının sevincini və çətinliklərini bölüşməyə hazırdırlar.

{nl}

İ.RÜSTƏMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında