Təhsil davamlı inkişafın mühüm şərtidir

Ölkənin pedaqoji kollektivləri builki dərs ilinə dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümü ərəfəsində başlamışlar. Ötən 20 ildə həyatın bütün sahələrində olduğu kimi, milli təhsildə də ciddi uğurlar qazanılmışdır. Müstəqil ölkəmiz üçün yüksək bilikli, bacarıqlı, əxlaqlı və vətənpərvər nəsil hazırlamaq üçün zəruri tədbirlər həyata keçirilmiş, təhsilin bütün pillələrində əsaslı islahatlar həyata keçirilmişdir. 
Bu gün Azərbaycan dövləti ölkənin daha yüksək inkişafa nail olması kimi strateji məramın məktəblərin nümunəvi fəaliyyətilə sıx bağlı olduğunu elan etmişdir. Yeni dərs ili ərəfəsində rayon təhsil şöbələri və ayrı-ayrı pedaqoji kollektivlər öz fəaliyyətlərinə bu məsul vəzifə baxımından qiymət vermiş, qarşıda duran hədəflərə çatmaq üçün yeni qüvvə və səylə işə başlamışlar. Goranboy və Tərtər rayonlarında da təhsil quruculuğu uğurla davam etdirilir, dərs ilini yeni nailiyyətlərlə başa vurmaq üçün ilk gündən yaxşı başlanğıc götürülmüşdür.
Goranboy
İlham Hüseynov, Goranboy Rayonu Təhsil Şöbəsinin müdiri:
- 2003-cü ilin oktyabrından respublikada start götürən məktəb tikintisi və mövcud məktəblərin əsaslı şəkildə yenidən qurulması ölkə təhsilinin inkişafına heç zaman görünməyən bir təkan vermişdir. Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi də məktəb tikintisini daha da sürətləndirmişdir. Bu illər ərzində regionların sosial-iqtisadi inkişafına dair birinci və ikinci dövlət proqramları çərçivəsində ölkədə 2000-dən çox məktəb tikilmiş, əsaslı şəkildə yenidən qurulmuşdur. Bu göstərici respublika üzrə ümumtəhsil məktəblərinin 50 faizi deməkdir.
Strateji sahə olan təhsilin inkişafına göstərdiyi çox yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və bu inkişafa təkan verən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya rayonumuzun bütün pedaqoji ictimaiyyəti adından dərin minnətdarlığımızı bildirir, görülən bu işləri ölkəmizin iqtisadi qüdrətinin göstəricisi kimi qiymətləndiririk.
Son 8 il ərzində rayonumuzda da təhsil sisteminin maddi bazasının yaxşılaşdırılması istiqamətində mühüm işlər görülmüşdür. 4780 yerlik 25 məktəb binası, 1220 yerlik əlavə tədris korpusları tikilmiş, 12 məktəbdə əsaslı yenidənqurma işləri aparılmışdır. Rayon rəhbərliyinin ardıcıl səyləri, təşəbbüsləri və yaxından köməkliyi ilə ötən dərs ilində 3 yeni məktəb və bir əlavə tədris korpusu tikilmişdirsə, 2011-ci ildə 6 yeni məktəbin və şahmat məktəbinin tikintisinə nail olunmuşdur. Tatarlı, Səmədabad və Şadılı kənd orta məktəbləri üçün tikilmiş yeni binalar "Bilik günü"ndə müəllim və şagirdlərə hədiyyə olundu.
Hazırda Goranboy şəhər 3 saylı orta məktəbdə tikinti işləri başa çatmaq üzrədir. Qızılhacılı qəsəbə 2 saylı və Nərimanlı kənd orta məktəblərinin tikintisi davam edir, yaxın vaxtda isə Fəxralı kənd orta məktəbinin inşasına başlanılacaqdır. Neft Şirkəti Tap- qaraqoyunlu kənd orta məktəbini əsaslı təmir edir. Təhsil Nazirliyi isə Hazırməmmədli kənd orta məktəbinin əsaslı təmirinə başlamışdır. İlin sonunadək işlər başa çatdırılacaqdır. Yerli büdcə vəsaiti hesabına Nizami kənd orta, Həmənli kənd ibtidai və Goran qəsəbə ümumi orta məktəblərində əsaslı təmir aparılmışdır. Yeni dərs ilinə hazırlıqla bağlı bütün məktəblərdə kosmetik təmir işləri görülmüş, səliqə-sahman yaradılmışdır.
Təhsil müəssisələrinin inventar və avadanlıqlarla təminatı da xeyli yaxşılaşdırılmışdır. Ötən dərs ilində 2084 ədəd şagird partası, 203 ədəd müəllim masası, 571 ədəd stul, 279 ədəd yazı lövhəsi, 104 ədəd kitab şkafı alınaraq ehtiyacı olan məktəblərə verilmişdi, hazırda bu iş davam edir. Yeni dərs ili ərəfəsində 51 adda 33.000 nüsxə dərslik gətirilərək ümumtəhsil məktəblərinə paylanılmışdır.
Ümumtəhsil məktəblərində informasiya texnologiyaları ilə təminat və ondan istifadənin həcmi xeyli genişləndirilmişdir. Yeni təhsil konsepsiyasının tətbiqi kompyuter texnologiyalarından istifadəni ön plana çəkir. Rayonun ümumtəhsil məktəblərində 463 ədəd kompyuter şagirdlərin istifadəsindədir ki, bu da hər 33 şagirdə bir kompyuter deməkdir. Təhsil şöbəsi və 10 məktəb internet şəbəkəsinə qoşulmuşdur. Hazırda 12 məktəbdə şagirdlər internet xidmətlərindən istifadə edir ki, bu da dünya təhsil və informasiya məkanına inteqrasiyaya geniş imkanlar yaratmışdır. İKT-nin təhsil sisteminə tətbiqi ilə əlaqədar ötən dərs ili ərzində 410 nəfər fənn müəllimi üçün treninq xidmətləri göstərilmişdir.
"Təhsil haqqında" Qanunun tələblərinə uyğun olaraq təhsilin yeniləşdirilməsi istiqamətində məqsədli tədbirlər həyata keçirilmişdir. Xüsusilə milli kurrikulumun tətbiqi ilə əlaqədar ibtidai sinif müəllimlərinin qarşısında duran vəzifələrin öyrədilməsi üçün aylıq seminarlar təşkil edilmişdir. Bundan əlavə, yeni fənn kurrikulumunun tətbiqi ilə bağlı 269 nəfər ibtidai siniflərdə dərs deyəcək müəllimlər üçün Təhsil Nazirliyinin xətti ilə Azərbaycan Müəllimlər Birliyi tərəfindən rayon üzrə 2 mərkəzdə treninqlər təşkil edilmiş, yekunda onlara sertifikatlar verilmişdir. Kurrikulum islahatı ilə bağlı dayaq məntəqələri yerləşən Goranboy şəhər 2 saylı, Borsunlu kənd 1 saylı və Dəliməmmədli şəhər tam orta məktəblərində müxtəlif mövzularda fənn müəllimlərinin iştirakı ilə seminar-müşavirələr keçirilmişdir.
Təhsilin maddi bazasının möhkəmləndirilməsi istiqamətində görülən genişmiqyaslı işlər, təhsilin yeniləşdirilməsi və keyfiyyətinin yaxşılaşdırılması üçün keçirilən tədbirlər müsbət səmərəsini göstərir. Hər il IX-XI sinif şagirdləri arasında sınaq testlərin keçirilməsi, ali məktəblərə yüksək balla daxil olanlarla görüşlər, respublika fənn olimpiadası və müsabiqələrində fərqlənənlərə qiymətli hədiyyələrin verilməsi əldə olunan nəticələrə güclü təkan verir.
Bu il məktəbə qəbulun nəticələrini uğurlu hesab etmək olar. 2010-2011-ci dərs ilində orta məktəbi bitirərək imtahana buraxılan 1231 nəfər XI sinif şagirdlərinin 936 nəfəri, yəni 76 faizi attestat almışdır. Bu da əvvəlki illə müqayisədə 5 faiz çoxdur. Sevindirici haldır ki, respublika üzrə orta məktəbi qızıl medalla bitirən 37 məzundan 2 nəfəri rayonumuzun yetirmələridir. 339 nəfər (48 faizi) ali və orta ixtisas məktəblərinə daxil olmuşdur. Fərəhləndirici haldır ki, bu ilki məzunlardan 9 nəfəri 600 baldan yuxarı, 36 nəfəri isə 500-600 bal toplamışdır. 6 məzun Ali Hərbi Məktəbə, 3 məzun Polis Akademiyasına, 3 məzun Fövqəladə Hallar Akademiyasına, 2 məzun Milli Aviasiya Akademiyasına, 14 məzun isə Naxçıvanski adına hərbi liseyə daxil olmuşdur.
Bu il Səfikürd kənd orta məktəbin əməkdar müəllimi İsgəndər Səklikov "İlin ən yaxşı müəllimi" müsabiqəsinin qalibi olmuşdur.
Yeni dərs ilində qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün bütün pedaqoji kollektivlər səfərbər edilmşdir. Bu dərs ilini də yüksək nailiyyətlərlə başa vurmaq üçün nə lazımdırsa edəcəyik.
Tərtər
Tərtər Rayon Təhsil Şöbəsinin müdiri Aydın Qarayev:
- Təhsili müstəqil Azərbaycanın davamlı inkişafının əsas amillərindən biri sayan Prezident İlham Əliyev bu sahənin dünyanın qabaqcıl ölkələrinin səviyyəsinə çatmasına çox böyük diqqət və qayğı göstərir. Bunun nəticəsidir ki, son illər ölkəmizdə təhsillə bağlı 20-dən çox dövlət proqramı qəbul edilərək uğurla həyata keçirilmişdir.
Dövlət başçısının 11 iyul 2011-ci il tarixli sərəncamına əsasən, "2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya"nın hazırlanması ilə bağlı Dövlət Komissiyasının yaradılması yeni dərs ili ərəfəsində ölkəmizin həyatında ən mühüm hadisə olmuşdur. Bu, təhsilin inkişafının prioritet istiqamət kimi nəzərdə tutulmasının daha bir əyani sübutdur.
Məktəblərin infrastrukturunun yeniləşməsi sahəsində Heydər Əliyev Fondunun təşəbbüsilə reallaşdırılan "Yeniləşən Azərbaycana yeni məktəb" və "Uşaq evləri və internat məktəbləri" proqramı çərçivəsində son illər ölkəmizdə 300-dən çox yeni məktəb tikilmiş, 50-yə qədər məktəb, 10-dan çox uşaq bağçası əsaslı təmir olunaraq müasir avadanlıqlarla təmin edilmişdir. Fondun hesabına rayonumuzda 2 məktəb binası tikilib istifadəyə verilmişdir.
İlham Əliyevin qayğısı nəticəsində bu il rayonumuzda 220 yerlik Seydimli məktəbinin tikintisi başa çatmaq üzrədir. 960 yerlik şəhər 1 saylı və 80 yerlik Balakəngərli kənd məktəblərinin tikintisi davam edir. Kəngərli kəndində yeni məktəbin tikintisinə isə yaxın vaxtlarda başlanacaq. Seydimli kənd uşaq bağçası əsaslı təmir edilir.
Məktəblərin təmiri və avadanlıqlarla təmin edilməsilə əlaqədər yerli büdcə vəsaiti hesabına da xeyli iş görülmüşdür. Xoruzlu və Qazyan kənd məktəbləri əsaslı, Söylən, Poladlı, Kovdadıq məktəbləri isə cari təmir edilmişdir. 2011-ci ilin I - III rüblərində ümumi dəyəri 83797 manat olan avadanlıq alınaraq məktəblərə paylanmışdır.
Bu il təhsil şöbəsi şəhər 1, 2, 3, 5, 6 saylı, Qaradağlı, Hacıqərvənd, Ələsgərli, Qarağacı, 2 saylı Sarcalı kənd məktəbləri internet şəbəkəsinə qoşulmuşdur. Göründüyü kimi, məktəblərin maddi bazası xeyli yaxşılaşmış, yaxşı təhsil vermək üçün zəmin yaranmışdır. İndi əsas vəzifəmiz bu imkandan səmərəli istifadə etməklə yaxşı nəticəyə nail olmaqdan ibarətdir.
Rayonumuzun 48 ümumtəhsil məktəbində 10 minədək şagirdin təlim-tərbiyəsi ilə 1555 nəfər müəllim məşğul olur. 4 nəfəri əməkdar müəllimdir, 4 nəfər "Tərəqqi" medalı almış, 4 nəfər isə respublikanın qabaqcıl təhsil işçisidir. Əsas diqqət tədrisin keyfiyyətinin yaxşılaşdırılmasına, kurrikulum tətbiqinə, fəal və interaktiv təlim metodlarından istifadəyə və nizam-intizamın möhkəmləndirilməsinə verilir. Metodkabinet müxtəlif mövzularda seminarlar, dəyirmi masalar təşkil edir. Nəticələri zəif olan məktəblərdə ayrı-ayrı fənlərin tədrisi vəziyyəti öyrənilir, müəllimlərə və məktəb rəhbərlərinə köməklik göstərilir. I siniflərdə dərs deyəcək müəllimlər üçün Təhsil Nazirliyi tərəfindən 10 günlük kurs keçirilmişdir. İKT ilə bağlı "Mədət" təşkilatı 1000 müəllimi kurslardan keçirmişdir.
XI siniflər üzrə imtahana buraxılan 776 nəfər şagirddən 557 nəfəri (73 faiz) attestat almışdır. Bu əvvəlki illərdən 3 faiz çoxdur. Bu il 395 nəfər ali məktəblərə sənəd vermiş və 112 nəfər tələbə adı qazanmışdır. Bunlardan 2 nəfəri 600-dən yuxarı, 17 nəfəri isə 500-dən çox bal toplamışdır. Builki qəbul əvvəlki ildən 10 nəfər çoxdur. Bundan əlavə, 15 nəfər əvvəlki illərin məzunları da bu il ali məktəblərə qəbul olmuşlar.
"Xüsusi istedada malik olan uşaqların yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı"nın icrası ilə bağlı ardıcıl iş aparılır. Bunun nəticəsidir ki, şagirdlərimiz respublika səviyyəli tədbirlərdə yaxından iştirak edirlər.
Fəaliyyətimizin səmərəliliyini artırmaq üçün yeni dərs ilində aşağıdakı məsələlər bir vəzifə olaraq qarşımızda durur. Yeni pedaqoji texnologiyaların müəllimlər tərəfindən tədris prosesində tətbiqini genişləndirməklə təlimin keyfiyyətini yaxşılaşdırmağa çalışırıq.
Şagird kontingentinin sabit saxlanılmasını təmin etmək və dərsə davamiyyəti yaxşılaşdırmaq üçün ardıcıl iş aparılır. Pedaqoji kollektivlə yanaşı, valideyn komitələrinin imkanlarından da istifadə edilir. Şagird nailiyyətlərinin monitorinqi və qiymətləndirilməsi məsələsinə xüsusi diqqət veririk.
Yeni dərs ilinin başlanmasından 1 ay vaxt keçir. Biz təhsil işçiləri Prezident İlham Əliyevin təhsilimizə göstərdiyi qayğıya cavab olaraq bu dərs ilində də əlimizdən gələni əsirgəməyəcəyik.

{nl}

Ziyəddin SULTANOV, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında