"Adın tarixi-tarixin adı"

Adlar fərqli, rəngarəng olduqları kimi yaşları da müxtəlifdir. Elə adlar var ki, yaşı minilliklərin, əsrlərin, qərinələrin yaşı ilə ölçülür, əbədiyaşarlıq qazanır. Elə adlar da var ki, yaşı elə təxminən insan ömrü kimi qısa, ötəri olur, az müddətdə tarixin yaddaşına köçür, unudulur. Bütün bunlara baxmayaraq, bəşər övladının təxəyyülünün məhsulu olan hər bir ad tarixi öyrənmək baxımından müəyyən ictimai və siyasi əhəmiyyət kəsb edir. Məhz buna görə də bütün onomastik vahidlərin xüsusi araşdırmaya, tədqiqata ehtiyacı var.
Filologiya elmləri doktoru, professor Nəbi Əsgərovun"Adın tarixi, tarixin adı-Paleotoponimlər" adlı dərs vəsaiti bu baxımdan diqqəti cəlb edir. Elə kitabın giriş hissəsindən də geniş araşdırmaların nəticəsi olan bu qiymətli dərs vəsaitinin hansı zərurətdən ərsəyə gəldiyini təxmin etmək olar. Girişdə bu barədə belə deyilir:" ... Tarixi adlandırma cəmiyyətlə, insan zəkası ilə bağlı olub. İstər adın tarixi olsun, istərsə də tarixin adı-hamısı insan amili ilə, insan təfəkkürü ilə bağlıdır. İndi adın tarixi də, tarixin adı da öyrənilir, çoxqütblü dünyada tarixin belə qatlarının öyrənilməsi elm üçün nə qədər əhəmiyyətlidirsə, siyasi baxımdan da o qədər böyük önəm daşıyır. Tarixdə elə adlar var ki, yaşı min illərlə hesablandığından indi bizim üçün tanınmaz örtüyə bürünüb. Bu örtük götürülməli, araşdırmalar aparılmalı, adların tarixi yenidən gələcəyə ötürülməlidir".
Xatırladaq ki, dərs vəsaiti Azərbaycan xalqının dövlətçilik tarixində müstəsna rol oynamış xoronimlərə (yunanca "dövlət", "ölkə", "vilayət", "rayon" və s. deməkdir) həsr edilmişdir. Kitabda ən qədim yer-yurd adları ilk dəfə olaraq sistemli şəkildə təhlil olunur. Burada Azərbaycan dövlətçiliyi tarixində müstəsna rol oynamış Atropatena//Azərbaycan, Ağvan//Alban, Arran//Aran, Qardman//Girdman, Atabəylər/Eldəgizlər/Eldənizlər kimi xoronimlər tarixi-linqvistik müstəvidə tədqiqata cəlb edilmiş, Girdman, Atabəy və Eldəniz kimi onomastik vahidlər ilk dəfə geniş araşdırma predmeti olmuşdur. Dərs vəsaitində paleotoponimlər, əsasən, tarixi istiqamətdə araşdırılmış, xoronimlərə həsr edilmiş tarix və digər başqa səpkili elmi mənbələrdən məqsədyönlü şəkildə istifadə edilmişdir.
Müəllif kitabın "Azərbaycan xoronimləri" adlandırılan birinci fəslində qədim dövlət adları ilə bağlı əvvəlki tədqiqatçıların etimoloji araşdırmalarını geniş təhlil edərək bu istiqamətdə aparılmış tarixi tədqiqatları bir qədər də zənginləşdirməyə müvəffəq olmuşdur.
Kitabda ölkəmizin ərazisindəki ən böyük düz adlarının ayrıca təqdim olunması da xüsusi maraq doğurur. Bu adlar isə toponimikanın bir növü olan "Oronim" başlığı altında verilmişdir. "Azərbaycan oronimləri" adlandırılan ikinci fəsildə Qarabağ, Mil, Muğan, Şirvan düz adlarının hər biri tarixi-linqvistik istiqamətdə araşdırılmış, həmin ərazilərin tarixi sərhədləri faktiki materiallarla göstərilmişdir. Bu oronimlərin etimologiyası ilə bağlı söylənilən fikirlərə yenidən münasibət bildirən N. Əsgərov bir sıra tutarlı arqumentlər əsasında maraqlı nəticələr əldə etmişdir.
Dərs vəsaitində Azərbaycan ərazisində vaxtilə mövcud olmuş xanlıq, sultanlıq və qəza adlarına ayrıca bir fəsil həsr olunmuşdur. Bu fəsildə bütün qəza adları deyil, yalnız Cavad, Cavanşir və Ərəş onomastik vahidləri geniş araşdırılmış, onların coğrafi sərhədləri və bura daxil olan yaşayış məntəqələrinin siyahısı verilmişdir. Qeyd edək ki, bu fəsildə Şəmsəddinli toponimi sultanlıq kimi təhlil olunmuşdur. Müəllif burada haqqında söhbət açdığı toponimlərin mənşəyi, formalaşması ilə bağlı mülahizələrini konkret tarixi faktlarla əsaslandırmışdır.
"Adın tarixi, tarixin adı -Paleotoponimlər" adlı dərs vəsaitinin son fəsli isə "Paleooykonimlər məqalələrdə" adlanır. Bu fəsildə "Kəpənəkçi", "Əhmədli", "Baytallı", "Gorarxı" və s. oykonimlər arxaik apelyativli onomastik vahidlər müstəvisində təhlil edilmişdir. Belə oykonimlərin Cənubi Qafqaz, Orta Asiya və başqa ərazilərdəki arealları geniş şəkildə araşdırılmışdır.
Azərbaycan Dövlət Pedaqoji Universiteti Azərbaycan dilçiliyi kafedrasının professoru Nəbi Əsgərovun "Adın tarixi, tarixin adı-Paleotoponimlər" adlı bu sanballı dərs vəsaitindən tələbələr və magistrlərlə yanaşı, onomalogiya ilə məşğul olan tədqiqatçılar da faydalana biləcəklər.

{nl}

M. YAQUBZADƏ, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında