Bakı Dövlət Universitetində keçirilən bölmə iclasında "Dünyanı dəyişən müasir texnologiyalar" mövzusu geniş şərh edilmişdir

"XXI əsr: ümidlər və çağırışlar" devizi ilə keçirilən Beynəlxalq Humanitar Forumunun "Dünyanı dəyişən müasir texnologiyalar" mövzusunda bölmə iclası Bakı Dövlət Universitetində (BDU) keçirilmişdir.
Üç paneldən ibarət olan iclasda qonaqları salamlayan BDU-nun rektoru, akademik Abel Məhərrəmov Bakıda keçirilən beynəlxalq tədbirin əhəmiyyətindən danışmışdır.
Rektor XX əsrin sonu və XXI əsrin ilk onilliyində informasiya və kommunikasiya texnologiyalarının cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrildiyini bildirmişdir.
Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçi "Müasir texnologiyalar və qlobal fəlakətlər" mövzusunda məruzə ilə çıxış etmişdir. Rusiyalı alim artıq qloballaşmaqda olan fəlakət mənbələrinin müəyyənləşdirilməsinin müasir səviyyədə təşkilindən danışmışdır. O, bu sahədə bir çox təcrübələrdən yararlanmaq və qabaqcıl texnologiyalardan istifadə etməklə müasir sivilizasiyanın fəlakətlərlə bağlı ən vacib qlobal problemlərini müəyyənləşdirmək və onların mümkün həlli yollarını tapmaq məsələləri barədə fikirlərini bölüşmüşdür.
"Qloballaşma dövründə elm və təhsilin inteqrasiya proseslərində müasir texnologiyaların rolu" adlı ikinci paneldə Bakı Dövlət Universitetinin rektoru, akademik A.Məhərrəmov "İntensiv texnologiyaların sürətli artımı şəraitində elm və təhsilin balanslı inkişafı" mövzusunda məruzə etmişdir. Universitetin rektoru sürətli texnologiya, kompyuter və texnikanın inkişafının təkcə insan düşüncəsinə, psixologiyasına deyil, elm və təhsilə də təsir etdiyini vurğulamışdır.
A.Məhərrəmov ölkədə elm və təhsilin inkişafına göstərilən dövlət qayğısından danışmış, təhsil sisteminin beynəlxalq aləmə inteqrasiyası sahəsində həyata keçirilən tədbirlər barədə məlumat vermişdir. O, ali məktəblərdə innovasiyaların, nanotexnologiyaların tətbiqi, texnoparkların yaradılması üçün irəli sürülən təşəbbüslər barədə də danışmışdır.
Rumıniyadakı Qaradəniz Universitetlər Şəbəkəsinin ümumi katibi, texnika elmləri doktoru, professor Mahmut Eden Azərbaycana təkrar səfərindən məmnunluq ifadə etmişdir. O, Bakı Beynəlxalq Humanitar Forumunun Azərbaycan və Rusiya Prezidentlərinin təşəbbüsü ilə həyata keçirdiyini xatırlatmış və buna görə də onlara təşəkkürünü bildirmişdir.
M.Eden elmin, təhsilin, texnologiyanın və texnikanın insan həyatının, yaşam tərzinin asanlaşmasına xidmət etməsi üçün bütün elm adamlarının bir araya gəlməsinin vacibliyini vurğulamışdır. O, Qobustan Milli Tarix-Bədii Qoruğuna səfərindən təsirləndiyini bildirmişdir.
Rumıniyalı qonaq bu qoruğun Azərbaycan tarixinin qədimliyini, ilkin insan məskənlərinin məhz planetin bu bölgəsində olduğunu sübut etdiyini bildirmişdir. M.Eden vurğulamışdır ki, qaya üzərindəki rəsmlər insanların çətinliklərə qarşı birgə mübarizə apardıqlarını sübut edir. Bugünkü ekoloji fəlakətlərə və bir çox problemlərə qarşı da məhz klassik ənənələrə sadiq qalaraq birlikdə mübarizə aparmaq vacibdir.
İclasın "Müasir texnologiyalar və davamlı inkişaf" adlı üçüncü panelini giriş sözü ilə açan Türkiyənin Bilkənd Universitetinin idarə heyətinin rəhbəri Əli Doğramacı humanitar məsələlərin müzakirə olunduğu Forumun yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirmişdir. Müasir dünyada informasiya-kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyini deyən natiq, bunun üçün yüksək peşəkarlığa sahib olan mütəxəssislərin hazırlanmasının əhəmiyyətini vurğulamışdır. O, müasir texnologiyaların elmə gətirdiyi yeniliklərdən, bu texnologiyaların insan həyatındakı davamlı inkişafından danışmışdır. Ə.Doğramacı müasir elmin və texnologiyanın, informasiya cəmiyyətinin bərqərar olması nəticəsində ortaya çıxan çoxsaylı humanitar problemlərin kompleks şəklində araşdırılmasının zəruriliyini söyləmişdir.
AMEA-nın müxbir üzvü Rasim Əliquliyev rəhbərlik etdiyi İnformasiya Texnologiyaları İnstitutunun elmi-tədqiqat, tədris-innovasiya fəaliyyəti, eyni zamanda, internet və kompyuterin insan həyatındakı rolu haqqında ətraflı məlumat vermişdir.
Direktor xarici ölkələrin informasiya-kommunikasiya texnologiyaları (İKT) üzrə nüfuzlu universitetləri ilə aparılan bilik və təcrübə mübadiləsindən söhbət açmışdır.
İKT biliklərinin cəmiyyətə inteqrasiyasının günün tələbi olduğunu vurğulayan alim, Bakı Beynəlxalq Humanitar Forumunun innovativ biliklər əldə etməsinə xidmət etdiyini diqqətə çatdırmışdır.
Türkiyənin Bilkənd Universitetinin Nanotexnoloji Araşdırmaları Mərkəzinin professoru Volkon Dəmir Hilmi alternativ enerji sahəsindəki təcrübələrdən və ixtiralardan danışmışdır. Bildirmişdir ki, bu gün geniş işlədilən enerji növlərinin tükənəcəyi artıq bütün dünyanın alimlərini narahat edən bir məsələdir. Volkon Dəmir Hilmi təmsil etdiyi universitetin bir qrup gənc aliminin bu sahədəki araşdırması barədə ətraflı məlumat vermişdir.
İclas Azərbaycan, Türkiyə, ABŞ və Rusiya alimlərinin mövzu ilə bağlı məruzələri ətrafında maraqlı diskussiyalarla başa çatmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında