Kəngərli rayonunun Qabıllı kəndində yeni sosial obyektlər istifadəyə verilmişdir

Oktyabrın 7-də Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Qabıllı kəndində yeni sosial obyektlər istifadəyə verilmişdir.
Naxçıvan-Sədərək magistralından Qabıllı kənd tam orta məktəbinə qədər olan 3 kilometrlik avtomobil yolunun açılışı olmuşdur.
AzərTAc xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov yolun açılışını bildirən lenti kəsmişdir.
Yolda əsaslı təmir işləri aparılmış, yol yatağı 7 metrədək genişləndirilmiş, suötürücülər qoyulmuş, asfalt örtük salınmış, avtomobillərin iki zolaq üzrə hərəkəti təmin edilmişdir. Yolun yaşayış ərazilərindən keçən hissəsində hər iki tərəfə ümumilikdə 1520 metr hasar çəkilmişdir.
Qabıllı kənd tam orta məktəbinin binası müəllim və şagirdlərin ixtiyarına verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.
Tədbirdə Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəfərov çıxış edərək rayonda həyata keçirilən quruculuq işlərindən danışmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə kənd sakinlərini, müəllim və şagirdləri təbrik etmiş, ulu öndər Heydər Əliyevin "Hər bir xalq öz ziyalıları, öz mədəniyyəti, elmi və təhsili ilə tanınır" kəlamını xatırladaraq demişdir: "Bu gün biz Qabıllı kəndinin timsalında ulu öndər tərəfindən əsası qoyulan sosial-iqtisadi inkişaf strategiyasının sədaqətlə yerinə yetirildiyinin şahidi oluruq. Bütün bunlar bir kəndin simasında Azərbaycanda həyata keçirilən işlərin göstəricisidir. Kəndlərimizin abadlaşması, müasirləşməsi həm də Azərbaycanımızın abadlaşması, gözəlləşməsi deməkdir. Kəndlər təkcə tikilənlərlə müasirləşdirilmir. Eyni zamanda, müasir telekommunikasiya sistemləri qurulur, xidmət sahələri yaradılır ki, bu da insanların rahatlığına xidmət edir. Müasir avadanlıqlarla təmin olunan, elektron lövhəli sinif, kompyuter otağı, kitabxana, idman zalı, açıq idman qurğuları yerləşən yeni məktəb binasının istifadəyə verilməsi Qabıllı kəndinin timsalında dövlətimizin elm və təhsilin inkişafına göstərdiyi qayğını əks etdirir".
Ali Məclisin sədri demişdir: təhsilli, vətənpərvər gənclər Azərbaycanın inkişafı, gələcəyidir. Buna görə də ölkəmizdə bu sahənin inkişafına xüsusi diqqət göstərilir. Məktəbdə təhsil alan hər bir gənc gələcəkdə ölkəmizin inkişafı, müstəqilliyimizin möhkəmlənməsi üçün fədakarlıq göstərməli, üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidir, deyən Ali Məclisin sədri qeyd etmişdir ki, məktəbin builki nailiyyətləri keyfiyyət baxımından qənaətləndiricidir. Pedaqoji kollektivin əməyinin nəticəsində ötən tədris ilində məktəbin 20 məzunundan 5-i ali məktəblərə, 2-si orta ixtisas məktəblərinə qəbul olunmuşdur. Şagirdlərdə hərbi-vətənpərvərlik hisslərinin yüksək olmasının nəticəsidir ki, 2 şagird Heydər Əliyev adına Hərbi Liseyə daxil olmuşdur. Pedaqoji kollektiv yaradılan yüksək tədris şəraitindən istifadə edərək bundan sonra nailiyyətləri daha da artırmalı, keyfiyyət amilinə xüsusi diqqət yetirilməlidir. Məktəblərdə yüksək intellektli, vətənpərvər, milli mənəvi dəyərlərə malik təhsilli gənclər yetişdirilməlidir. Qabıllı kənd tam orta məktəbində deyilənlərə əməl olunması üçün bütün şərait vardır. Pedaqoji kollektiv bu şəraitdən düzgün istifadə etməlidir ki, əməkləri kəmiyyət və keyfiyyət baxımından nəticəli olsun".
Ali Məclisin sədri kənddə yeni istifadəyə verilən sosial obyektlərin mühüm əhəmiyyətə malik olduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, dövlətimiz bu tədbirləri insanların kəndlərdə rahat yaşamaları üçün həyata keçirir. Artıq Qabıllıda şagirdlər müasir şəraitdə təhsil alacaq, sakinlər rahat yoldan istifadə edəcək, gündəlik tələbatları ödəniləcəkdir.
Ali Məclisin sədri Vasif Talıbov şagirdlərin yüksək təhsil almasının, müasir tədris vəsaitlərindən səmərəli istifadə olunmasının, kənd sakinlərinin tikilənləri, qurulanları qoruyub saxlamasının, kəndin abadlaşmasında fəal iştirak etmələrinin vacibliyini vurğulamış, bu işdə onlara uğurlar arzulamışdır.
Ali Məclisin sədri açılışı bildirən lenti kəsmiş, binaya baxış olmuşdur.
Məlumat verilmişdir ki, 234 şagird yerlik məktəb binası zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarətdir. Burada 13 sinif otağı, kimya-biologiya, fizika və hərbi kabinələr, 2 elektron lövhəli sinif, kompyuter və müəllimlər otağı, kitabxana, bufet, idman zalı və açıq idman qurğuları vardır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında