AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu da bu prosesə sanballı töhfələr verir
{nl}
Uzun əsrlər boyu azadlığa qovuşmaq, müstəqil dövlət qurmaq uğrunda davamlı mübarizə aparan Azərbaycan xalqı yalnız ötən əsrin sonlarında bu müqəddəs arzusuna qovuşmaq imkanı qazanmışdır. Xalqın qəlbində əsrlər boyu silinməz iz buraxmış, onu mübariz ruhda kökləmiş milli dövlətçilik idealının gerçəkliyə qovuşması isə, ilk növbədə, milli lider amili ilə şərtlənmişdir. XX əsr tariximizin fenomen şəxsiyyəti olan Heydər Əliyev müdrik lider kimi xalqı tarixən can atdığı müstəqillik idealına qovuşdurmuş, mütərəqqi tarixi ənənə əsasında yeni dövlətçilik konsepsiyasını irəli sürmüşdür.
Ulu öndər Heydər Əliyevin elmi əsaslara söykənən siyasəti qısa zamanda respublikada elmi-intellektual yüksəlişi də uğurla təmin etmişdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 21 yanvar 2011-ci il tarixli "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" sərəncamında da qeyd edilir ki, informasiya-kommunikasiya texnologiyaları sahəsində əldə olunan nailiyyətlər bu gün informasiya cəmiyyətinin qurulması üçün möhkəm zəmin yaradır. Xüsusi olaraq vurğulanır ki, təhsil, səhiyyə, mədəniyyət və sosial həyatda qazanılan müvəffəqiyyətlərin miqyasının parlaq göstəricisi tikilən yüzlərlə məktəb, yaranan tibb müəssisələri, yeniləşən mədəniyyət ocaqları, muzeylər, parklar, qurulan idman kompleksləri və olimpiya mərkəzləridir. Hələ sovet Azərbaycanına rəhbərliyi dövründə xalqın nicat və tərəqqi yolunu yüksək elmi biliklərə yiyələnməkdə, müasir texnoloji yenilikləri dərindən mənimsəməkdə görən ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın Prezidenti olduğu illərdə də bu prinsipə sadiq qalmışdır. 1993-cü ilin iyununda xalqın təkidi ilə hakımiyyətə qayıtdıqdan az sonra - sentyabr ayının 21-də ictimaiyyətlə ilk görüş yeri kimi məhz Milli Elmlər Akademiyasını seçmiş, intellektual potensialın daşıyıcıları olan elm xadimlərinin, ziyalıların cəmiyyətdəki roluna böyük önəm verdiyini bir daha nümayiş etdirmişdir. Ümummilli lider Heydər Əliyev cəmiyyətin mənəvi-ideoloji cəhətdən yetkinləşməsində, ictimai şüurun yeniləşməsində humanitar elmlərin, iqtisadi sistemin tənəzzüldən qurtulmasında, milli iqtisadi inkişaf modelinin düzgün müəyyənləşdirilməsində, elmlə istehsalın üzvi vəhdətinin təmin olunmasında fundamental elmlərin rolunu xüsusi vurğulamışdır.
Həmin tarixi görüşdən sonra elm xadimlərinə davamlı qayğı göstərən ulu öndər onların problemlərinin həlli, habelə AMEA-nın elmi-tədqiqat institutlarının maddi-texniki bazasının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirmişdir. Eyni zamanda, yeni ictimai-iqtisadi formasiyada elm xadimlərinin üzərinə düşən vəzifələri düzgün müəyyənləşdirərək, təxirəsalınmaz problemlərin həlli yönümündə qətiyyətli addımlar atmışdır.
Ümummilli lider Heydər Əliyevin 1997-ci il yanvarın 31-də AMEA-da alimlərlə növbəti görüşü xüsusilə unudulmaz hadisəyə çevrildi. Həmin görüşdə ulu öndər Azərbaycan elminin inkişaf strategiyası ilə bağlı prioritet vəzifələrin nədən ibarət olduğunu müdrikliklə açıqladı. Heydər Əliyev alimlərlə görüşündə diqqəti ictimai və humanitar elm sahələrində yeni dövrün tələblərinə uyğun yeniləşmənin, eləcə də Sovetlər Birliyi dövründən qalmış, köhnəlmiş stereotiplərdən, səmərəsiz tədqiqat metodlarından uzaqlaşmağın vacibliyinə yönəltdi.
Ulu öndərin elmi-intellektual potensialın gücləndirilməsi sahəsindəki siyasətini ötən 8 ildə inamla davam etdirən dövlət başçısı İlham Əliyev bu sahədə ardıcıl islahatlar həyata keçirir. "İqtısadi inkişaf sürətinə görə Azərbaycan qabaqcıl ölkələr sırasındadır. Biz bu maddi dəyərləri, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik. Çünki insanın savadı, biliyi onun gələcək həyatını müəyyən edir, ölkənin hərtərəfli inkişafına xidmət edir və beləliklə, ölkənin intellektual potensialı da möhkəmlənir. Bu gün vaxt gəlibdir ki, biz məhz bu sahəyə sərmayələr qoyaq", - deyən cənab İlham Əliyev neftdən əldən olunan gəlirlərin insan kapıtalına çevrilməsi istıqamətində məqsədyönlü siyasət həyata keçirir. Elmdə islahatlar prosesınin son illərdə daha geniş vüsət alması isə təsadüfi olmayıb ölkənin iqtisadi sahədə ciddi uğurlara imza atması ilə şərtlənir. Büdcə gəlirlərinin ildən-ilə artımı ölkə rəhbərliyinə bu sahənin inkişaf strategiyasını dəqiq müəyyənləşdirməyə, mövcud problemlərin həlli istiqamətində qətiyyətli addımlar atmağa imkan verir.
Gənclərin intellektual yüksəlişinə sərmayə qoyulması, onların fərdi keyfiyyət və qabiliyyətlərinin inkişafı, nanotexnologiyaları dərindən mənimsəmiş yeni menecerlər sinfinin yaradılması, intellektin milli inkişafda prioritet amili kimi müəyyənləşdirilməsi də hazırda milli elm qarşısında dayanan əsas vəzifələrdən biridir. Cənab İlham Əliyev də çıxışlarında daim vurğulayır ki, iqtisadi resursların insan kapitalının inkişafına yönəldilməsi yolu ilə formalaşan yeni təfəkkürlü intellektual elita ölkənin perspektiv inkişafının əsas lokomotivi - aparıcı qüvvəsi kimi çıxış edəcəkdir. Məhz bu hədəfin reallaşdırılması məqsədilə son illərdə gənclərin xarici ölkələrdə ali təhsil almasına imkan yaradan mühüm dövlət proqramları, sərəncamlar imzalamışdır. 2011-ci il aprelin 21-də AMEA-da alimlərlə görüşən Prezident İlham Əliyev demişdir ki, ölkədə mühüm siyasi qərarların qəbulu mərhələsində elmi postulatlara, proqnozlara, təhlillərə istinad olunması son dərəcə vacib məsələ kimi qarşıda durur: "Biz uzunmüddətli inkişaf strategiyamızı müəyyən edərkən mütləq güclü elmi bazaya arxalanmalıyıq. Biz iqtisadi inkişafımızın gələcək istıqamətlərini müəyyən edərkən güclü elmi əsaslara söykənməliyik. Burada düzgün proqnozlar verilməlidir. Biz nəinki beşillik proqramı icra edərkən bu məsələlərlə məşğul olmalıyıq, uzaq gələcəyə baxmalıyıq - 20 ildən, 30 ildən sonra Azərbaycan hansı imkanlar hesabına inkişaf edəcəkdir?! Azərbaycanda elə güclü potensial yaradılmalıdır ki, ölkəmizin inkişafı uzunmüddətli, uğurlu və dayanıqlı olsun".
Xüsusi vurğulamaq istərdim ki, müstəqillik illərində AMEA-nın aparıcı elmi-tədqiqat mərkəzlərindən olan Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu da dinamik inkişaf etmiş, qarşıya qoyduğu fundamental məqsədləri inamla reallaşdırmış, Azərbaycan elminə öz sanballı töhfələrini vermişdir. Ötən illərdə institut ölkə rəhbərliyinin elm sahəsində müəyyənləşdirdiyi strateji istiqamətlərin uğurla reallaşdırılması, elmi-tədqiqat işlərinin yeni ictimai-iqtisadi formasiyanın tələblərinə uyğunlaşdırılması, fəlsəfə, hüquq, sosiologiya sahəsində sanballı tədqiqatların aparılması, çoxlu sayda gənc alimin yetişdirilməsi, aktual elmi kitabların, monoqrafiyaların nəşri, eləcə də beynəlxalq əməkdaşlıq sahəsində mühüm nailiyyətlər əldə etmişdir.
Müstəqillik illərində institutda yeni dövrün aktual mövzularının tədqiqinə diqqət artırılmış, fəlsəfədə yeni istiqamətlər - qloballaşma, Qərbləşmə, milli elita, milli ideya, ideologiya, milli mentalitet, gender problemləri, habelə elmi idrakın inkışaf xüsusiyyətləri, tarixi təkamül aspekti ilə müasir dövrdə yeni paradiqmaların formalaşmasının fəlsəfi-metodoloji problemləri, əxlaqi, milli-mədəni, dini dəyərlərin cəmiyyətdə rolu, milli şüur və onun formalaşmasının dinamikası kimi məsələlər sanballı təhlilə cəlb edilmişdir. Aparılan tədqiqatlarda, həmçinin, Azərbaycan cəmiyyətinin inkişafında mühüm rol oynayan konsolidasiyanın sosial-fəlsəfi mahiyyəti izah edilmiş, onun səciyyəvi xüsusiyyətlərinə diqqət yetirilmişdir. Milli özünüdərk və milli identikləşmə prosesləri kontekstində Azərbaycan xalqının milli şüurunun oyanışı məsələləri də xüsusi diqqət mərkəzində olmuşdur. Bu istiqamətdə "etnos", "xalq", "millət" anlayışlarının məna və məzmunu araşdırılmış, millətin formalaşması üçün vətəndaş cəmiyyətinin və hüquqi dövlətin bərqərar olmasının vacibliyi ideyası bir şərt kimi irəli sürülmüşdür.
Tədqiqatlarda, eyni zamanda, stabilləşmədən modernləşməyə transformasiya şəraitində cəmiyyətin demokratik yolla inkişaf etdirilməsi üçün sosial təsisatların təkmilləşdirilməsinin zəruriliyi qeyd edilmişdir. Habelə, yeni dövrlə bağlı olaraq informasiya cəmiyyətinin formalaşması, bu sahədə ortaya çıxa biləcək problemlərin proqnozlaşdırılması, yeniləşən dünyada ölkəmizin yeri və mövqeyi kimi məsələlər ciddi araşdırılmışdır. Ümumiyyətlə, yalnız 2010-cu ildə Azərbaycanın və dünyanın fəlsəfə tarixi, ictimai-siyasi fikir, sosial-mənəvi inkişafın, elmi-idrakın və qlobalistikanın fəlsəfi məsələləri; keçid dövrünün sosioloji problemləri, fəlsəfənin yeni istiqamətləri və gender tədqiqatları istiqaməti üzrə 14 kitab (o cümlədən biri xaricdə), 7 toplu, 10 dərslik və metodiki vəsait, 279 məqalə (o cümlədən 77-si xaricdə) dərc olunmuşdur.
Azərbaycan Respublikasının keçid dövründə dövlət və hüquq quruculuğu problemləri də institutda aparılan fundamental elmi tədqiqatların əsas istiqamətlərindən biridir. Son illərdə institutun alimləri tərəfindən respublikada hüquqi dövlət, demokratiya, vətəndaş cəmiyyətinin qurulması, vətəndaşların əmək hüquqlarının həyata keçirilməsinin maddi, prosedur və prosessual təminatları təhlil edilmiş, yerli özünüidarəetmənin təşkilinin və fəaliyyətinin təkmilləşdirilməsi problemləri araşdırılmışdır. Bununla yanaşı, cinayət və cinayət-prosessual qanunvericiliyinin təkmilləşdirilməsi probleminin müxtəlif aspektləri hərtərəfli tədqiq edilmişdir. 2010-cu ildə bu istiqamətlərdə 4 kitab (o cümlədən biri xaricdə), 2 toplu, 69 məqalə (o cümlədən 13-ü xaricdə) çap olunmuşdur.
Azərbaycanın beynəlxalq münasibətlərinin və ölkədaxili siyasi proseslərin təhlilini institutun elmi fəaliyyətində üçüncü əsas istiqamətlərdən biri kimi qeyd etmək istərdik. Bu istiqamət üzrə təqdim edilən işlərdə geosiyasət və respublikanın beynəlxalq münasibətlər sistemində xarici siyasət strategiyası, ölkədaxili siyasi proseslər, tarixi politologiya, milli təhlükəsizlik və siyasi strategiya, dünya və regional siyasət kimi məsələlər hərtərəfli təhlil edilərək elmi təkliflər verilmişdir. Konkret olaraq həmin işlərdə müasir Azərbaycan cəmiyyətinin inkişafı, dövlətçilik, milli müstəqillik, milli həmrəylik, ərazi bütövlüyünün möhkəmləndirilməsi, çoxmillətli dövlətlərdə milli siyasət konsepsiyasının mühüm tərkib hissəsi sayılan mədəni muxtariyyat ideyası ilə bağlı maraqlı fikirlər irəli sürülmüşdür. Eyni zamanda, "Azərbaycanda milli dövlətçiliyin inkişafında Heydər Əliyev mərhələsi" adlı iş tamamlanmışdır. Burada ümummilli lider Heydər Əliyevin zəngin ideya-siyasi irsi müfəssəl şərh edilmiş, xalqın həyatında onun nəzəri və praktik fəaliyyətinin əhəmiyyəti göstərilmişdir. Ümumilikdə, 2010-cu ildə bu istiqamətdə 9 kitab, 1 toplu, 52 məqalə (o cümlədən 22-si xaricdə) çap olunmuşdur.
Ümumilikdə, yalnız 2010-cu ildə institut əməkdaşlarının fərdi elmi-tədqiqat iş planlarına uyğun 47 adda monoqrafiya, toplu, dərslik, 400-ə yaxın məqalə (o cümlədən 112-si xaricdə), o cümlədən 2 kitab, 3 toplu çap olunmuşdur.
Təcrübə göstərir ki, müasir dünyada gedən elmi prosesləri öyrənmədən, dünya elm məkanına səmərəli inteqrasiya kursu həyata keçirmədən, ikitərəfli və çoxtərəfli əlaqələri genişləndirmədən bu strateji əhəmiyyətli sahədə yüksək nəticələr əldə etmək mümkün deyildir. Bu reallığı, eyni zamanda, dövlətin elm siyasətinin əsas prinsiplərini, "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkışafı üzrə Milli Strategiyanın həyata keçırilməsi ilə bağlı Dövlət Proqramı"nı əsas tutan Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu dövlətlərlərarası elmi əməkdaşlığın təşkilində fəal iştirak etmiş, dünya elminin nailiyyətlərini öyrənmək, xarici ölkələrdə təhsil və təcrübə yolu ilə yüksək ixtisaslı kadrlar hazırlamaq, müxtəlif beynəlxalq fondların vəsaitlərini elmi tədbirlərin maliyyələşməsinə cəlb etmək istiqamətində uğurlu nəticələr qazanmışdır.
Əgər ötən əsrin 90-cı illərinin əvvəlində bu beynəlxalq əlaqələr yalnız əməkdaşlarımızın xarici ölkələrdə keçirilən tədbirlərdə iştirakı ilə məhdudlaşırdısa, artıq 2000-ci ildən başlayaraq institutun özünün beynəlxalq tədbirlər keçirməsi təcrübəsi formalaşmışdır. Məsələn, 2006-cı ildə Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu Rusiya Elmlər Akademiyasının Ural bölməsi ilə birgə elmi əməkdaşlıq etmək barədə təklif almış, bu təklif əsasında sosiologiya, sosial psixologiya və etika sahəsində birgə elmi-tədqiqat işləri aparılmışdır. Bununla yanaşı, 2009-2010-cu illərdə Ukrayna, Belarus, Əlcəzair və Qazaxıstanın müvafiq qurumları ilə elmi əməkdaşlıq haqqında müqavilələr imzalanmışdır.
2007-ci ildə institutun təşəbbüsü və təşkilati dəstəyi ilə İran İslam Respublikasının Payəminur Universiteti ilə birgə "Gənc tədqiqatçıların I Beynəlxalq simpoziumu" keçirilmişdir. Bu tədbirdə İran İslam Respublikası, Rusiya, Qazaxıstan, Türkiyə və Ukraynadan dəvət olunmuş gənc tədqiqatçılar iştirak etmişlər.
2008-ci ildən institutun beynəlxalq əlaqələri daha da inkişaf edərək yeni müstəviyə keçmişdir. 2008-ci ildə institutun "Fəlsəfə" Araşdırmalar Mərkəzi və "Şərq fəlsəfəsi problemləri" jurnalının redaksiyasının təqdim etdikləri "Dünya fəlsəfəsi kontekstində fəlsəfə tarixinin tədqiqi və tədrisi problemləri" adlı layihəyə YUNESKO tərəfindən qrant ayrılmışdır. Həmin layihənin reallaşdırılması istiqamətində bir sıra ölkələrin,o cümlədən İran İslam Respublikası, Rusiya, Türkiyə, Fransa, Kanada, ABŞ və başqa ölkələrin iştirakı ilə beynəlxalq konfrans keçirilmişdir.
Son illər regionların, dünya elm və mədəniyyət təşkilatlarının, beynəlxalq fondların yardımı ilə keçirilən tədbirlər artıq ənənə şəklini almışdır. Bunlardan 2009-cu ilin mart ayında Heydər Əliyev Fondu, Azərbaycan Mədəniyyətinin Dostları Fondu, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin, habelə Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun təşkilatçılığı ilə "Muğam aləmi" adlı beynəlxalq festival çərçivəsində elmi simpoziumu; 2009-cu ilin iyun ayında Moskva şəhərində Rusiya Elmlər Akademiyasının Fəlsəfə İnstitutu, Rusiya Fəlsəfə Cəmiyyəti, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi, habelə AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu ilə birlikdə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Qloballaşma şəraitində mədəniyyətlərin qarşılıqlı əlaqəsi" mövzusunda beynəlxalq elmi-praktik konfransı (Moskva Forumu); 2009-cu ilin iyul ayında Bakıda və Qubada "STMEQİ" Beynəlxalq Fondu (Rusiya), Rusiya Elmlər Akademiyasının Avropa, habelə "Etnologiya və antropologiya", AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun birgə təşkilatçılığı ilə "İntellektual elitalar və onların milli-mədəni identikliyin formalaşmasında rolu" mövzusunda beynəlxalq simpoziumu; 2009-cu ilin oktyabr ayında Heydər Əliyev Fondu və AMEA-nın dəstəyi ilə görkəmli şərqşünas alim, professor Aida xanım İmanquliyevanın 70 illiyinə həsr olunmuş "Beynəlxalq İbn-Ərəbi simpoziumu. Şərq-Qərb: ortaq mənəvi dəyərlər, elmi-mədəni əlaqələr" mövzusunda keçirilmiş simpoziumu göstərmək olar.
Bundan başqa, 2010-cu ildə institut kollektivinin fəal iştirakı və təşkilatçılığı ilə "Fəlsəfə və sənətşünaslıq: fənlərarası qarşılıqlı əlaqənin metodologiyası", "Qloballaşma şəraitində mədəniyyətlərin qarşılıqlı əlaqəsi", "Modernləşməyə doğru: Rusiya ilə Azərbaycanın akademik institutları arasında beynəlxalq elmi əməkdaşlıq", "Dünya fəlsəfəsi kontekstində İslam regionu fəlsəfə tarixinin tədqiqi və tədrisi problemləri", 2011-ci ildə isə "Müasir dünyada mədəniyyətlərin müxtəlifliyi və dialoq fəlsəfəsi", "Hüquq elminin, təhsilinin aktual problemləri və onların həlli yolları" mövzusunda simpozium və elmi-praktik konfranslar keçirilmişdir.
Hazırda institutda müasir dövrdə xüsusi əhəmiyyət kəsb edən İslam aləmi xalqlarının çoxcildli fəlsəfə tarixinin tədqiqi və nəşrə hazırlanması istiqamətində iş gedir. Həmin layihə Yaxın və Orta Şərq xalqları ilə yanaşı, tarixən İslamla bağlı postsovet arealına daxil olan xalqların da fəlsəfi və ictimai fikrinin tədqiqini nəzərdə tutur.
Bundan başqa, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu 2010-cu ildən Avropa və Asiya ölkələrinin fəlsəfə institutlarının beynəlxalq assosiasiyalarının üzvlüyünə qəbul edilmişdir. Elmi əməkdaşlıq birgə elmi-tədqiqat işləri ilə yanaşı, eyni zamanda yüksək ixtisaslı kadr hazırlığını da nəzərdə tutur. Müstəqillik illərində institut əməkdaşlarından 2 nəfər Almaniyada, 3 nəfər Rusiya Federasiyasında stajartırma kursları keçmişdir. Eyni zamanda, AMEA-nın İran İslam Respublikasının müvafiq qurumları ilə əməkdaşlıq müqaviləsi əsasında indiyədək 100-ə yaxın İran İslam Respublikası vətəndaşı institutda dissertantura yolu ilə təhsil almış, onların bir çoxu müdafiə edərək alimlik adına layiq görülmüşdür.
Sonda vurğulamaq istərdik ki, dövlət müstəqilliyinin bərpasının 20 illiyini qeyd edən Azərbaycan inkişaf yolunu müəyyənləşdirərkən məhz elmi-intellektual potensiala söykənir. Milli inkişaf strategiyasını düzgün müəyyənləşdirən dövlət başçısı İlham Əliyev ölkənin gələcək tərəqqisi prosesində elmin rolunu yüksək dəyərləndirdiyi üçün bu sahəyə daim diqqət və qayğı göstərir. Son aylarda AMEA-nın elmi-tədqiqat institutlarında çalışan işçilərin məvaciblərinin artırılmasını, akademiyanın ayrı-ayrı elmi-tədqiqat institutlarının maddi-texniki təminatının gücləndirilməsini, qeyri-akademik qurumların "Akademiya şəhərciyi"ndən çıxarılmasını nəzərdə tutan bir sıra mühüm sərəncamların imzalanması buna əyani sübutdur. Ölkəmizin getdikcə artan iqtisadi imkanları isə respublikanın bu sahədə daha böyük uğurlara imza atacağına şübhə yeri qoymur.
{nl}
İlham MƏMMƏDZADƏ, AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.