Şriftin ölçüsü:
05.10.2011 02:18 | Oxunma sayı: 698
Dünən Azərbaycan Dövlət Neft Akademiyasında dövlət müstəqilliyinin bərpa edilməsinin 20 illiyi ilə bağlı "Azərbaycanın dövlət müstəqilliyi: elm və təhsilin inkişafı" mövzusunda tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan akademiyanın rektoru, akademik Siyavuş Qarayev tədbir iştirakçılarını Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi münasibətilə təbrik etdi, onlara gənc nəslin təlim-tərbiyəsi işində uğurlar arzuladı.
Siyavuş Qarayev Azərbaycanın dövlət müstəqilliyni bərpa etdiyi son 20 ildə ictimai-siyasi həyatın bütün sahələrində böyük uğurlar qazandığı, bu uğurların elm və təhsil sahəsini də əhatə etdiyini qeyd etdi. Onun sözlərinə görə, Azərbaycan neft ölkəsidir və respublikanın müstəqillik illərində neft sahəsində qazandığı nəhəng nailiyyətlərdə müəyyən dərəcədə Dövlət Neft Akademiyasının da payı var. Ümummilli liderimiz Heydər Əliyevin işləyib hazırladığı və onun layiqli davamçısı, Prezident İlham Əliyevin ləyaqətlə həyata keçirdiyi neft strategiyasının əfsanədən reallığa çevrilməsi Azərbaycanı qüdrətli dövlət səviyyəsinə yüksəltmiş və ölkəmizi Avropanın yanacaq-enerji təhlükəsizliyinin təminatçısına çevirmişdir. Müstəqil Azərbaycanın son illərdə qazandığı tərəqqi və yüksəliş ulu öndər, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin milli inkişaf prioritetlərini müəyyən edərkən elm və təhsilin rolunu zərgər dəqiqliyi ilə düzgün təyin etməsi ilə bağlı olmuşdur. Ümummilli lider 1998-ci ilin martında Azərbaycanın təhsil sistemində islahatlar keçirilməsi ilə bağlı sərəncam imzalamış və tezliklə islahatlar proqramı hazırlanmışdı. Proqramda təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, eyni zamanda, milli təhsil ənənələrinə sədaqətin və varisliyin qorunub saxlanması nəzərdə tutulurdu.
Rektor bildirdi ki, müstəqillik illərində təhsil sahəsində aparılmış islahatlardan biri də dövlət başçısının 13 iyun 2000-ci il tarixli fərmanı ilə bir sıra aparıcı ali təhsil ocaqlarına - Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Tibb Universiteti və Kənd Təsərrüfatı Akademiyasına maliyyə müstəqilliyi, bəzi ali məktəblərə isə universitet statusu verilməsi olmuşdur. Müstəqilliyin ilk illərindən etibarən Neft Akademiyası da ölkənin yanacaq-energetika kompleksini yüksək ixtisaslı mühəndis və elmi kadrlarla təmin etmək üçün köklü islahatlar aparmışdır. Müstəqillik illərində ölkənin əksər ali məktəblərinin, o cümlədən Neft Akademiyasının beynəlxalq əlaqələri lazımınca inkişaf etmişdir. Hazırda dünyanın 40-a yaxın ölkəsində 160 ixtisas üzrə 3000-dən çox azərbaycanlı gənc təhsil alır, Azərbaycanın ali təhsil müəssisələrində isə 50-yə qədər xarici ölkədən 2000-dən çox tələbə bakalavr və magistr təhsili almaqdadır. "Əsrin müqaviləsi" ilə başlayan neft sazişləri imzalandıqdan sonra Neft Akademiyasının beynəlxalq əlaqələri daha da genişlənmişdir. Təhsil ocağında beynəlxalq proqramlar üzrə ABŞ-ın Corciya Dövlət Universiteti, Almaniyanın Zigen Universiteti, Fransanın Nitsa Universiteti, Paris Neft və Mühərriklər İnstitutu, İtaliyanın Genuya Universiteti ilə birgə mütəxəssislər hazırlanmasına başlanmışdır və bu işlər davam etdirilir.
Tədbirdə çıxış edən millət vəkili, Milli Məclisin komissiya sədri, iqtisad elmləri doktoru Eldar İbrahimov bildirdi ki, Azərbaycanın dövlət müstəqilliyini ikinci dəfə bərpa etməsi və son illərdə ulu öndər Heydər Əliyevin uzaqgörən daxili və xarici siyasəti nəticəsində onun lazımınca möhkəmləndirilməsi böyük bir tarixi hadisədir. Azərbaycanın müstəqilliyi ümummilli lider üçün həmişə böyük önəm daşımışdır. O, hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən 1990-cı ildə, Kommunist Partiyasının fəaliyyət göstərdiyi bir dövrdə Azərbaycanın üçrəngli bayrağını ucaltmışdır. 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəldikdən sonra ilk növbədə ölkənin müstəqilliyini təhdid edən Ermənistanın hərbi təcavüzünü dayandırmaq üçün gərgin fəaliyyət göstərmiş, nəhayət, 1994-cü ilin mayında atəşkəsə nail olmuş, 1994-cü il sentyabrın 20-də isə dünyanın aparıcı neft şirkətlərinin iştirakı ilə "Əsrin müqaviləsi"ni imzalamışdır. Azərbaycanın neft strategiyasının həyata keçirilməsində hazırkı Prezident, o zaman Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti İlham Əliyevin dəyərli xidmətləri olmuşdur.
Millət vəkili qeyd etdi ki, müstəqilliyinin cəmi 20 illiyini qeyd edən Azərbaycan bu gün dünyanın, eləcə də Avropanın inkişaf etmiş ölkələri sırasında özünə layiqli yer tutmuşdur. Ölkəmiz aritıq Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayır. Məhz Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir ki, Azərbaycan dünyanı bürümüş maliyyə və iqtisadi böhrandan kənarda qalmışdır.
Azərbaycanın iqtisadi tərəqqisində neft sektorunun özünəməxsus rol oynadığını qeyd edən millət vəkili bildirdi ki, artıq qeyri-neft sektorunun inkişafı da dövlətin diqqət mərkəzindədir. Artıq rayon mərkəzlərinin, kəndlərin sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları həyata keçirilir. Ölkədə tikinti, sənaye, aqrar və s. sahələr də uğurla inkişaf etdirilir. Bütün bu uğurların əsasında isə Azərbaycanın get-gedə möhkəmlənməkdə olan dövlət müstəqilliyi dayanır.
{nl}
Paşa ƏMİRCANOV, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.