Şriftin ölçüsü:
04.10.2011 09:53 | Oxunma sayı: 1435
Oktyabrın 3-də - ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin ildönümündə Şərur rayonunun Yuxarı Daşarx kəndində yeni sosial obyektlər istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılış tədbirlərində iştirak etmişdir.
Yuxarı Daşarx kənd tam orta məktəbinin yeni binasının açılış mərasimində Şərur Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədov çıxış edərək bildirmişdir ki, son illər Naxçıvan Muxtar Respublikasının bütün rayonlarında olduğu kimi, Şərurda da tikinti-quruculuq və abadlıq işlərinin miqyası genişlənmişdir. Aparılan tikinti-quruculuq işləri sırasında yüksək zövqlə, müasir memarlıq üslubu ilə inşa edilən məktəb binaları özünəməxsus yer tutur. Müstəqillik illərində Şərur rayonunda 30-dan artıq məktəb binası inşa edilərək müəllim və şagirdlərin istifadəsinə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə məktəbin kollektivini, kənd sakinlərini təbrik etmiş, ulu öndər Heydər Əliyevin "Elmə, təhsilə qoyulan sərmayə xalqın intellektual sabahına xidmət edir", - kəlamını xatırlatmışdır. Qeyd olunmuşdur ki, ulu öndərin tövsiyələrinə uyğun olaraq bu gün ölkəmizdə dövlət başçısı tərəfindən elmə, təhsilə xüsusi diqqət və qayğı göstərilir, məktəb binalarının tikintisi geniş vüsət alır. Hər il ölkəmizdə yeni məktəb binaları istifadəyə verilir, elm, təhsil sahəsində çalışanlar üçün hərtərəfli şərait yaradılır.
Məktəb binasının əlamətdar bir gündə istifadəyə verildiyini bildirən Ali Məclisin sədri qeyd etmişdir ki, 1993-cü il oktyabrın 3-də ümummilli liderimiz Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Həmin gün xalqımız haqqa, ədalətə, ölkənin gələcəyinə və inkişafa səs vermişdir. Həmin tarixdən başlanan inkişaf və tərəqqi bu gün Azərbaycanın hər bir guşəsində hiss olunmaqdadır.
Qeyd edilmişdir ki, respublikamızın şəhərlərində, rayon mərkəzlərində və kəndlərdə geniş quruculuq işləri aparılır, yollar çəkilir, məktəb binaları tikilir, şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün bütün imkanlar yaradılır. Yuxarı Daşarx kəndində istifadəyə verilən yeni məktəb binası da aparılan quruculuq işlərinin nəticəsində mümkün olmuşdur. Təhsilli gənc ölkənin milli sərvətidir, deyən Ali Məclisin sədri yaradılan şəraitin müqabilində müəllimlər qarşısında mühüm vəzifələrin qoyulduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, müəllimlər təhsil verməklə bərabər, gənclərimizə milli mənəvi dəyərlərimizi də aşılamalı, onları ölkənin yararlı vətəndaşlarına çevirməlidirlər. Bunun üçün ölkəmizdə hər cür şərait vardır. Artıq məktəblərimiz pulsuz dərsliklərlə təmin olunmuş, kompyuterləşdirilmiş, elektron lövhəli siniflər yaradılmışdır.
Ali Məclisin sədri məktəbin nailiyyətlərinin qənaətləndirici olduğunu bildirərək demişdir: Məktəbdə 118 şagird təhsil alır ki, onların da təlim-tərbiyəsi ilə 31 müəllim məşğul olur. 2010-2011-ci tədris ilində məktəbi bitirən 18 məzundan 4-ü ali məktəbə, 1-i isə orta ixtisas məktəbinə qəbul olunmuşdur.
Bildirilmişdir ki, müasir tələblərə cavab verən məktəb binası zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarətdir. Burada 16 sinif otağı, kimya-biologiya, fizika və hərbi kabinələr, 2 elektron lövhəli sinif, kompyuter otağı, kitabxana və idman zalı müəllim və şagirdlərin istifadəsinə verilir.
Ali Məclisin sədri demişdir: Yaradılan şəraitin müqabilində məktəbin kollektivi uğurlarını daha da artırmalı, vətənpərvər və intellektli gənclər hazırlamalı, onları müxtəlif peşələrə istiqamətləndirməli, maraqlarına uyğun ixtisaslara yönəltməlidirlər. Azərbaycan dövlətinin başçısının müəyyənləşdirdiyi "Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik" prinsipinə əməl olunmalıdır.
Vasif Talıbov qarşıdan gələn 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə məktəbin pedaqoji kollektivini və onların timsalında muxtar respublikanın bütün müəllimlərini təbrik etmiş, onlara ulu öndərimiz Heydər Əliyevin siyasi kursuna sadiq vətənpərvər, intellektli gənclər yetişdirmək yolunda uğurlar arzulamışdır.
Açılışı bildirən lent kəsildikdən sonra Ali Məclisin sədri təhsil ocağında yaradılan şəraitlə tanış olmuş, siniflərdə dərs prosesi ilə maraqlanmışdır.
{nl}
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.