Azərbaycan milli sənətşünaslıq məktəbinin formalaşmasında görkəmli alim Kərim Kərimovun böyük xidmətləri olmuşdur

Sentyabrın 30-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti, AMEA Humanitar və İctimai Elmlər Bölməsi və AMEA Memarlıq və İncəsənət İnstitutunun təşkilatçılığı ilə AMEA-nın müxbir üzvü, sənətşünaslıq doktoru Kərim Kərimovun anadan olmasının 90 illiyi münasibətilə yubiley tədbiri keçirilmiş və alimin elmi fəaliyyətini əks etdirən sərgi təşkil edilmişdir.
AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov Azərbaycan milli sənətşünaslıq məktəbinin banilərindən biri olan Kərim Kərimovun həyat və yaradıcılığından söhbət açmışdır. Bildirilmişdir ki, K.Kərimovun elmi fəaliyyəti Azərbaycan təsviri sənət tarixinin yaradılması, orta əsr miniatür sənətinin araşdırılması, Azərbaycanın bir çox sənət əsərlərinin və sənətkarlarının aşkar ediməsi və ilkin tədqiqi işinə həsr olunmuşdur. Təbriz və Qəzvin miniatür məktəblərinin kəşfi və elmi əsaslandırılması, onların Yaxın və Orta Şərq incəsənətinə təsirinin öyrənilməsi K.Kərimovun adı ilə bağlıdır. Onun 110-dan çox elmi əsərin, o cümlədən 12 monoqrafiyanın müəllifi olduğunu deyən vitse-prezident Kərim Kərimovun "Soltan Məhəmməd və onun məktəbi", "Azərbaycan miniatürləri", "Miniatür" , "Divarüstü boyakarlıq" , "Azərbaycan incəsənəti" ,"Bəhruz Kəngərli", "Sadiq bəy Əfşar" və başqa əsərlərinin sənətşünaslıq elminə böyük töhfə olduğunu söyləmişdir.
K.Kərimovun pedaqoji və ictimai fəaliyyətindən danışan A.Həşimov demişdir ki, 1966-cı ildən etibarən o, Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) dərs demiş, bir çox doktorluq və namizədlik dissertasiyalarının elmi rəhbəri olmuşdur.1958-ci ildən etibarən Azərbaycan Rəssamlar İttifaqının üzvü olan K.Kərimov 1982-1992-ci illərdə İttifaqın katibi vəzifəsində çalışmışdır.
K.Kərimovun fəaliyyətinin dövlət və cəmiyyət tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdıran A.Həşimov 1993-cü ildə onun Beynəlxalq Gözəl Sənətlər Akademiyasının həqiqi üzvü seçildiyini bildirmişdir. K.Kərimov Mədəniyyət Abidələrinin Qorunması və Bərpası Metodiki Şurasının, Mətbuat Komitəsinin bədii şurasının və s. təşkilat və komissiyaların üzvü olmuşdur. Kərim Kərimov "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir.
Yubiley mərasimində sənətşünaslıq doktoru, professor Ərtegin Salamzadənin "K.Kərimovun tədqiqatlarında ikonoqrafiya problemi", fəlsəfə doktoru Tahir Bayramovun "Miniatürün görkəmli tədqiqatçısı", fəlsəfə doktoru İmaş Hacıyevin "K.Kərimovun yaradıcılığında miniatür sənəti tədqiqinin nəzəri-metodoloji əsasları" mövzularında məruzələri dinlənilmişdir.
Akademik Bəkir Nəbiyev, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov, AMEA humanitar və ictimai elmlər bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Kamal Abdullayev, sənətşünaslıq doktoru Zemfira Səfərova və başqaları K.Kərimovla bağlı xatirələrini bölüşmüşlər.
Sonda Kərim Kərimovun oğlu, AMEA-nın prezidenti, akademik Mahmud Kərimov ailələri adından yubileyin təşkilatçılarına təşəkkürünü bildirmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında