Azərbaycan xalqı öz dövlət müstəqilliyinin 20-ci ildönümü ərəfəsindədir. Bu möhtəşəm yubileyi bizə ulu öndər Heydər Əliyevin siyasi müdrikliyi bəxş etmişdir. Ümummilli liderimiz ölkə həyatının bütün sahələrinin inkişaf etdirilməsini vacib sayır, dövlətin qüdrətli olması üçün mühüm əhəmiyyət kəsb edən istiqamətləri göstərirdi. Həmin istiqamətlərdən biri də təhsil islahatlarının dərinləşdirilməsi, ölkə təhsilinin dünya standartları səviyyəsinə qaldırılması idi. O, elə bir il olmazdı ki, yeni dərs ilinin başlanması münasibətilə məktəblərdən hansınasa getməsin və ya ali məktəbə yeni qəbul olunmuş gənclərlə görüşməsin. Onun məktəbə münasibətinin özü bir məktəb idi. Bizim xalqın xoşbəxtliyidir ki, ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də öz siyasi uzaqgörənliyini və dövlətçilik təcrübəsini məhz ulu öndərin məktəbindən öyrənmişdir.
2011-2012-ci dərs ilinin başlanmasının ərəfəsində dövlət başçımız onlarca orta məktəbə getdi və dərsə hazırlığın vəziyyəti ilə tanış oldu. Prezident İlham Əliyevin ölkənin təhsil sektorunu inkişaf etdirmək üçün imzaladığı 16 Dövlət Proqramının hamısı uğurla icra edilir və öz müsbət nəticələrini verir.
Bütün bunları görən və öz əməli fəaliyyətində əsas götürən Qax rayon təhsil ictimaiyyəti də yubiley ilində özünəməxsus uğurlara imza atmışdır. Ötən il qəbul edilmiş Təhsil Qanununun tələblərindən irəli gələn vəzifələrin hamısı Qaxda da uğurla yerinə yetirilir. Bu vəzifələr elə bir vətəndaş və şəxsiyyət yetişdirməkdən ibarətdir ki, o, Vətən və ölkə qarşısında öz məsuliyyətini dərk etsin, xalqın milli adət-ənənələrinə və demokratik prinsiplərə hörmət etsin, əsas insan hüquq və azadlıqlarının qorunması məsələsinə ehtiramla yanaşsın, vətənpərvərlik və Azərbaycançılıq ideyalarına sadiq olsun, müstəqil və yaradıcı düşünə bilsin və müstəqil dövlətimizin bayrağını uca tutmağı bacarsın. Bu tezislərdən göründüyü kimi, indi təhsil ictimaiyyətinin qarşısında duran vəzifələr çox böyükdür. Bütün bunlara nail olmaq üçün təhsilin keyfiyyətinin yüksəldilməsi, biliyin qiymətləndirilməsinin təkmilləşdirilməsi, təhsilin idarə edilməsinin demokratikləşdirilməsi və yeni dərslik siyasətinin yeridilməsi kimi mühüm prinsiplərə əməl etməliyik. Bəri başdan deyə bilərəm ki, bu gün Qax rayonunun təhsil ictimaiyyəti həmin vəzifələrin hamısının öhdəsindən layiqincə gəlir. Elə əldə etdiyimiz nailiyyətlərin təməlində də məhz həmin məsuliyyətimiz dayanır. Bəs uğurlarımız, nailiyyətlərimiz nədən ibarətdir? Bu yazıda həmin suala cavab vermək istəyirik.
2010-2011-ci dərs ilində rayonda 57 ümumtəhsil məktəbi fəaliyyət göstərib. Dərs ilində 7786 şagirdimiz və onların təlim-tərbiyəsi ilə məşğul olan 1307 müəllimimiz olub. Rayon məktəblərinin 48-də təlim Azərbaycan dilində, 6-da gürcü, 2-də rus, birində isə hər üç dildə aparılır. "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi əsasında 2003-2011-ci illər ərzində rayonda 12 yeni məktəb tikilmiş, bir məktəb isə əsaslı şəkildə təmir olunmuşdur. 4 məktəbin yanında 14 əlavə sinif otağı tikilib istifadəyə verilmişdir ki, bu da 3614 yeni şagird yeri deməkdir. Hazırda qaxlı şagirdlərin 46 faizi yeni inşa edilmiş məktəblərdə təhsil alır. Bu isə təhsilin göstəricilərinin yaxşılaşmasına öz təsirini göstərir. Belə ki, ötən dərs ilində şagirdlərimizin 32 faizi 4 və 5 qiymətlərlə, 15 faizi isə əla qiymətlərlə oxumuşdur. Dərs ilinin sonunda Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən mərkəzləşdirilmiş test buraxılış imtahanlarında 11 məktəbimiz 100 faizli göstərici əldə etmiş, rayon üzrə bu göstərici 92,8 fatz olmuşdur. Bu isə əvvəlki ilə nisbətən 3,8 faiz çoxdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə keçirilən "İlin ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim"" müsabiqələri təhsil prosesinə öz müsbət təsirini göstərməkdədir. Bu müsabiqələr ümumi təhsil sistemində pedaqoji innovasiyaların, beynəlxalq təcrübənin sınaqdan çıxmış metodlarının geniş yayıldığını və uğurla tətbiq olunduğunu bir daha sübut etmişdir. Həmin müsabiqədə Qax şəhər 1 nömrəli tam orta məktəbi, eləcə də şəhər 2 nömrəli məktəb-liseyin ibtidai sinif müəllimi Ayna Asafova, Azərbaycan dili və ədəbiyyatı müəllimi Nazlı İsmayılova və şəhər 4 nömrəli orta məktəbin coğrafiya müəllimi Məmləkət Hüseynova təmsil etmişdir. Müsabiqənin nəticələrinə əsasən, Dilarə Əliyeva adına şəhər 1 nömrəli orta məktəb "Ən yaxşı ümumtəhsil məktəbi", 2 nömrəli orta məktəb-liseyin Azərbaycan dili və ədəbiyyatı müəllimi Nazlı İsmayılova isə "İlin müəllimi" respublika müsabiqəsinin qalibi olmuşdur.
Bununla yanaşı, məktəblərin və müəllimlərin fəaliyyətini stimullaşdırmaq məqsədilə rayon təhsil şöbəsi səviyyəsində də müəyyən tədbirlər həyata keçiririk. Məsələn, ötən təhsil ilində, "Təhsil sahəsində müasir yanaşmaların təşəkkülü ili"nin davamı ilə əlaqədar olaraq rayon çərçivəsində "İlin ən yaxşı məktəbi", "İlin ən yaxşı müəllimi", "İlin ən yaxşı pedaqoji mühazirəçisi", "İlin ən yaxşı şagirdi", "İlin ən yaxşı fənn kabineti" və digər müsabiqələr keçirilmişdir.
Ölkənin hər yerində olduğu kimi, Qaxda da birinci sinifdə dərs deyəcək ibtidai sinif müəllimlərinin pedaqoji səviyyəsi daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə həmin müəllimlər üçün kurikulum proqramı üzrə öyrədici kurslar təşkil edilmiş, kurslarda 200 müəllimin iştirakı təmin olunmuşdur. Müəllimlər orada fənn kurikulumları əsasında təlimin planlaşdırılması, yeni qiymətləndirmə mexanizminin tətbiqi, yeni dərsliklərlə işin xüsusiyyətləri və başqa məsələlər üzrə bilik və bacarıqlara yiyələnmişlər.
"2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi və "Mədəd" təşkilatı ilə birlikdə rayonun ümumtəhsil məktəblərinin pedaqoji heyəti üçün təşkil olunmuş təlim kursları davam etdirilmişdir. Bu proqrama uyğun olaraq 10 məktəbimiz və rayon təhsil şöbəsi sürətli internet şəbəkəsinə qoşulmuşdur. Hazırda məktəblilərimizin istifadəsində 250 ədəd müasir tipli kompyuter, 27 ədəd noutbuk, 20 ədəd proyektor və 3000-dən artıq elektron dərslik vardır. Müəllimlərimiz və şagirdlərimiz bu avadanlıqlardan tədris prosesində müvəffəqiyyətlə istifadə edirlər.
Sadaladığımız bu faktlar özünü məktəblərin fəaliyyətinin son göstəricisi olan ali məktəblərə qəbulun nəticələrində də biruzə verir. Belə ki, bu il ali məktəblərə qəbul olan məzunlarımızın sayı artdığı kimi - bu rəqəm ötənilki göstəricimiz olan 134-dən 156-ya qədər artmışdır - qazanılan ümumi orta bal da sevindiricidir. Ötən il rayon üzrə ümumi orta bal 246,8 idisə, bu il həmin göstərici 268 olmuşdur. 16 məzunumuz 600-dən çox (ötən il 11 nəfər idi) bal toplamışdır ki, bu göstərici Qax miqyaslı rayonların əksəriyyətinə nisbətən yüksəkdir. Rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyevin təşəbbüsü və köməkliyi ilə 600-dən çox bal toplayan və ali məktəblərə qəbul olunan məzunlarla ümumrayon tədbiri keçirilmiş, onlara fəxri fərmanlar və qiymətli hədiyyələr verilmişdir. Şəhər 5 nömrəli orta məktəbin qəbul imtahanı verən məzunlarının 67,7 faizi, Qaxbaş kənd 2 nömrəli orta məktəbin məzunlarının isə 66,6 faizi ali məktəbə qəbul olunub. 60 faizdən çox göstərici əldə edən digər məktəblərimiz də var. Ancaq mən bu iki məktəbi ona görə xüsusi vurğuladım ki, onların biri şəhər məktəbidir, digəri kənd. Bizdə 5 şəhər məktəbi var və kənd məktəbi onlara nümunə göstərilirsə, bu nümunə alqışlanmalıdır.
Həmin göstəriciləri yada salarkən bu uğurun qazanılmasında xüsusi xidmətləri olmuş müəllimlərin əməyini də qeyd etməliyik. Biz rayon miqyaslı tədbirlərdə öz peşəkarlığı ilə seçilən müəllimlərimizin adını çəkirik. Onlar istənilən qədərdir. Bu yazıda isə ümumi rəqəmlərlə kifayətlənməyi məqsədəuyğun hesab edirik. Belə ki, bu gün Qax müəllimlərindən 5 nəfəri əməkdar müəllim fəxri adına layiq görülüb, 3 nəfəri "Tərəqqi" medalı ilə təltif olunub, 14 müəllimimizə isə Təhsil Nazirliyi tərəfindən "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı verilib.
Artıq biz yeni dərs ilinə başlamışıq. Məktəblərdə ilk zəng çalınana qədər isə bütün kollektivlərimiz böyük hazırlıq prosesindən keçmişdir. Yuxarıda qeyd etdiyim kimi, şagirdlərimizin 46 faizi dərsləri yeni məktəblərdə keçir. Ancaq buna baxmayaraq, yeni dərs ilinə hazırlıq prosesi həmişə məsuliyyətli və ciddi bir dövr kimi qəbul edilir. Ən başlıcası isə odur ki, bütün hazırlıq işləri yüksək səviyyədə yerinə yetirilib. İndi əsas məsələ yaxşı öyrətməkdən və yaxşı öyrənməkdən ibarətdir. Yeri gəlmişkən, həm məktəblərin yeni dərs ilinə hazırlanmasında, həm də tədris müəssisələrinin qışa hazırlıq işlərinin başa çatdırılmasında rayon icra hakimiyyətinin, icra başçısının kənd və qəsəbələr üzrə nümayəndələrinin, eləcə də bələdiyyə sədrlərinin yaxından köməyini hiss etmişik. Məktəb işi ümumxalq işi olduğuna görə hamı çalışır ki, rayon təhsili zamanın tələbləri və dövlətin qarşıya qoyduğu standartlar səviyyəsində qurulsun.
Sonda həm Təhsil Nazirliyini, həm də Qax rayon rəhbərliyini əmin etmək istəyirəm ki, rayonumuzun təhsil işçiləri 2011-2012-ci dərs ilində Təhsil İslahatı Proqramının, Təhsil Qanununun tələblərinə uyğun olaraq, ölkə və rayon rəhbərliyinin qarşıya qoyduğu vəzifələrin icrasına daha böyük məsuliyyətlə yanaşaraq öz fəaliyyətlərini daha da genişləndirəcəklər. Əminəm ki, müəllimlərimiz şagirdlərin təlim-tərbiyəsinin yüksəldilməsində bütün imkanlarından maksimum istifadə edəcəklər. Bu əminlik müəllimlərimizin peşəkarlığına olan inamdan irəli gəlir.
Bu yazı qəzetdə veriləndə bəlkə sentyabr ayının son günləri, bəlkə də bilavasitə müstəqilliyimihin 20 illik yubileyini qeyd edəcəyimiz oktyabrın ilk günləri olacaq. Hər halda o böyük bayramın ərəfəsindəyik və mən hörmətli "Xalq qəzeti"nin verdiyi imkandan bəhrələnərək dövlətimizi və bütün xalqımızı, öncə isə ulu öndər Heydər Əliyevin böyük önəm verdiyi Azərbaycan müəllimlərini həmin bayram münasibətiylə təbrik etmək istəyirəm. Hörmətli Prezidentimiz İlham Əliyev Bakıdakı 6 nömrəli məktəbin təmirdən sonra yenidən açılması mərasiminə gedərkən öncə öz müəllimlərinə ehtiram göstərdi və onlarla görüşdü. Bu, Azərbaycan müəlliminə verilən ən ali qiymətin nümunəsi idi. Əminik ki, Azərbaycan müəllimləri daha böyük nailiyyətlərə imza atacaq və daha böyük hörmətə, ehtirama layiq olacaqlar.
{nl}
Məmməd XASİYEV, Qax Rayon Təhsil Şöbəsinin müdiri
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.