Şriftin ölçüsü:
24.09.2011 11:00 | Oxunma sayı: 975
Sentyabrın 23-də Naxçıvan Dövlət Universitetinin magistratura fakültəsinin binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov binanın açılış mərasimində iştirak etmişdir.
Universitetin rektoru, akademik İsa Həbibbəyli bildirmişdir ki, son 15 ildə muxtar respublikada ali təhsilin inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü işlər öz bəhrəsini vermiş, 108 hektarlıq ərazini əhatə edən, hər cür şəraitə və infrastruktura malik olan universitet şəhərciyi yaradılmışdır. Aparılan quruculuq işləri nəticəsində yeni tədris korpusları tikilmiş, informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunmuş auditoriyalar müəllim və tələbələrin istifadəsinə verilmişdir. 1967-ci ildə 3 fakültə ilə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi fəaliyyətə başlayan Naxçıvan Dövlət Universiteti bu gün 11 fakültədə 47 ixtisas üzrə ali təhsilli kadrlar hazırlayır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov universitetin magistratura fakültəsinin binasının istifadəyə verilməsi münasibətilə müəllim və tələbələri təbrik etmiş, ölkənin gələcəyinin təhsillə bağlı olduğunu bəyan edən ümummilli liderimiz Heydər Əliyevin "Təhsil millətin gələcəyidir" kəlamını xatırlatmışdır. Bildirmişdir ki, bu gün ölkəmizdə ulu öndərin müəyyənləşdirdiyi təhsil strategiyasını uğurla həyata keçirən Prezident İlham Əliyev Azərbaycanın "qara qızıl"ını "insan qızıl"ına çevirmək, ölkənin elmi potensialını artırmaq yolunda yorulmadan fəaliyyət göstərir.
Müstəqilliyimizin 20 illiyini qeyd etdiyimiz bir dövrdə təhsil sahəsində qazanılan uğurlara nəzər salsaq görərik ki, qısa müddət ərzində əsrə bərabər işlər görülmüşdür, - deyən Ali Məclisin sədri bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası da təhsilə göstərilən diqqət və qayğıdan kənarda qalmamışdır. Son illər yeni təhsil ocaqları yaradılmış, müasir şəraiti olan tədris korpusları tikilərək istifadəyə verilmişdir. Hazırda muxtar respublikada Naxçıvan Dövlət Universiteti, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi, Müəllimlər İnstitutu, Özəl Universitet, 3 kollec fəaliyyət göstərir.
Ali və orta ixtisas təhsili ocaqlarını elmi kadrlarla təmin etmək məqsədi ilə 1997-ci ildə Naxçıvan Dövlət Universitetində magistratura fakültəsi yaradılmışdır. Zərurətdən yaranan bu fakültə ilk vaxtlar 9 ixtisas üzrə elmi kadrlar hazırlayırdı. 24 tələbə ilə fəaliyyətə başlayan fakültəyə 2010-2011-ci tədris ilində 38 ixtisas üzrə 119 tələbə qəbul edilmişdir. Hazırda fakültədə 276 tələbə təhsil alır ki, onlardan da 35-i xarici ölkə vətəndaşlarıdır. Bu günədək fakültəni 67-si xarici ölkə vətəndaşı olmaqla 812 məzun bitirmişdir. Sevindirici haldır ki, fakültənin məzunları muxtar respublikamızda müxtəlif sahələr üzrə elmi-tədqiqat və elmi-pedaqoji fəaliyyətlə məşğuldurlar.
Ali Məclisin sədri demişdir:
- 40 ildən çox yaşı olan Naxçıvan Dövlət Universiteti müstəqillik illərində uğurlu inkişaf yolu keçmişdir. Sovetlər dövründə Pedaqoji İnstitut kimi fəaliyyət göstərən ali təhsil ocağında hər zaman kadr çatışmazlığı hiss olunmuş, elmi dərəcəli müəllimlər azlıq təşkil etmişdir. Lakin bu gün universitetdə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvləri, elmlər doktorları, elmlər namizədləri və dosentlər fəaliyyət göstərir. Onların da sayı 200-dən artıqdır. Elmi kadrların hazırlanmasında universitetin magistratura fakültəsinin mühüm rolu olmuşdur. Magistratura fakültəsi bakalavr təhsili olan şəxslərə elmi-tədqiqat və elmi-pedaqoji fəaliyyət göstərmək imkanı verir.
Təhsilə göstərilən qayğını ölkənin gələcəyinə göstərilən qayğı kimi dəyərləndirən Ali Məclisin sədri müdriklərin "planın bir illikdirsə taxıl ək, on illikdirsə ağac ək, yüz illikdirsə məktəb tikdir", - kəlamını xatırlatmış və bildirmişdir ki, ölkənin gələcəyi təhsilli gənclərin əlindədir. Gənclərin qarşısında isə çox böyük vəzifələr durur. Bu vəzifə ölkəmizi daha da inkişaf etdirmək, gələcəyini qurmaqdan ibarətdir. Ona görə də hər bir universitet tələbəsi yaradılmış şəraitdən düzgün istifadə etməli, yaxşı təhsil almalı, elmi-tədqiqat işləri aparmalı, bir sözlə, intellektli gənc kimi yetişməlidir.
Ali Məclisin sədri tələbə və müəllimlərə təhsildə uğurlar arzulamış, açılışı bildirən lenti kəsmişdir. 1908-ci ildə tikilən qədim bina əsaslı şəkildə yenidən qurulmuşdur. Burada 7 auditoriya, böyük mühazirə otağı, "Tələbə turizm assosiasiyası", "Azərbaycanşünaslıq mərkəzi" üçün otaqlar, kitabxana, dekanlıq, kompyuter otağı yerləşir.
Tədbir iştirakçıları tələbə və müəllimlərin müxtəlif mövzularda çəkdikləri rəsm əsərlərindən ibarət sərgiyə baxmışlar.
Binada yerləşən 88 yerlik zalda ictimai-mədəni tədbirlərin keçirilməsi üçün hər cür şərait vardır. Burada səhnə yaradılmış, proyektor quraşdırılmışdır. Tədbir iştirakçıları, müəllim və tələbələr Naxçıvan Dövlət Universitetinin yaranması və keçdiyi inkişaf yolundan, magistratura fakültəsinin fəaliyyətindən bəhs edən "Böyük elmin ilk pilləsi" filminə baxmışlar. Universitetin incəsənət fakültəsinin tələbələri xalq rəqslərimizi ifa etmişlər.
Ali Məclisin sədri Naxçıvan Dövlət Universitetinin müəllimləri və magistratura fakültəsinin tələbələri ilə xatirə şəkli çəkdirmişdir.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.