Qubadlı məcburi köçkünlərinin təhsillə bağlı problemlərinin həlli istiqamətində davamlı tədbirlər həyata keçirilməkdədir

Son illər Azərbaycan təhsilində aparılan islahatlar ölkəmizdə bu sahənin inkişafına güclü təsir göstərmiş, milli təhsilimiz Avropaya inteqrasiya yolunda əsaslı nailiyyətlər qazanmışdır. Bir neçə faktı oxucuların diqqətinə çatdırmaq istəyirəm.
Ulu öndərin əsasını qoyduğu təhsil islahatı son illər hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən ardıcıl olaraq həyata keçirilir. 2003-cü ildən sonra təhsilə dair 16-dan çox Dövlət Proqramı qəbul olunmuşdur ki, onların da əksəriyyəti orta ümumtəhsil məktəblərinin inkişafı ilə bağlıdır. Bu dövr ərzində Azərbaycanda 2000-dən artıq yeni məktəb tikilmiş, məktəblərimizə informasiya texnologiyaları gətirilmiş, ölkənin əksər məktəbləri yeni, müasir avadanlıqlarla təmin olunmuş, birnövbəli təhsilə keçilməsi üçün məktəblərdə əlavə korpuslar inşa edilmiş, yeni dərslik siyasəti ardıcıl olaraq həyata keçirilmiş, təhsilin keyfiyyətinin yaxşılaşması üçün davamlı işlər aparılmışdır. Cənab Prezidentin sərəncamı ilə hər il keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi", "Ən yaxşı müəllim" müsabiqələri təhsilimizdə keyfiyyətin yüksəlməsinə xidmət edir.
Əlbəttə, bütün bunlar orta ümumtəhsil məktəblərimizdə islahatların nəticəsində yaranan yeniliklərdir.
Bu gün Azərbaycanın ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində yurd-yuvalarından didərgin salınmış əhalinin təhsillə bağlı problemlərinin həlli də dövlətimizin və cənab Prezidentin daim diqqət mərkəzindədir. Qubadlı rayon təhsil sistemində də biz bu qayğını mütəmadi olaraq hiss edirik. 2004-cü ildə qəbul olunmuş "Qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na 31 oktyabr 2007-ci il tarixli Prezident sərəncamı ilə edilmiş əlavələrə Qubadlı rayon Qara İlyasov adına 1 saylı orta məktəbin 125 illiyinin keçirilməsi ilə bağlı xüsusi bənd salınmışdı. Məktəbin yubileyi böyük təntənə ilə keçdi və Sumqayıtda vaqonlarda yerləşən həmin məktəb üçün müasir tipli yeni məktəb inşa edildi. Son illər qubadlılar üçün neçə belə yeni məktəb inşa edilmiş, təhsilin maddi-texniki bazası xeyli möhkəmləndirilmişdir.
Ötən tədris ili rayonda təhsilin uğurlu inkişafı təmin edilmiş, təhsilin keyfiyyətinin artırılması üçün əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. 2010-2011-ci tədris ilində Qubadlı rayonunda 32 ümumtəhsil məktəbi, 4 məktəbdənkənar müəssisə fəaliyyət göstərmişdir ki, onlardan da 31-i tam orta, 1-i isə ümumi orta məktəb olmuşdur. Məlumat üçün bildirim ki, bu məktəblərdə 6627 şagird təhsil almış, onların təlim-tərbiyəsi ilə 976 nəfər pedaqoji işçi məşğul olmuşdur.
Əsas diqqəti təhsilin keyfiyyətini gücləndirməyə yönəltmişik. Fəal təlim metodlarından istifadənin səmərəliliyinin artırılması, müəllim-şagird-valideyn münasibətlərinin təkmilləşməsi, şagird nailiyyətlərinin düzgün qiymətləndirilməsi və s. məsələlər diqqət mərkəzində olmuşdur. Keçirdiyimiz monitorinqlər məktəblərdə təhsilin keyfiyyətinə müsbət təsir göstərmişdir. Belə ki, şagirdlərin mərkəzləşdirilmiş imtahanlarda iştirakı, onların daha geniş tərzdə maarifləndirilməsi, əldə olunan biliyin keyfiyyətinin öyrənilməsi məqsədilə cari ilin fevral və mart aylarında məktəblərin IX və XI siniflərində səkkiz aparıcı fənn üzrə monitorinqlər keçirilmiş və onların nəticələri həm şöbədə, həm də məktəblərin pedaqoji kollektivlərində təhlil edilmişdir. İlk sınaq imtahanında rayon üzrə mənimsəmə IX siniflərdə 80%, XI siniflərdə isə 76 faiz müəyyənləşdirilmişdir. Biz bu göstəricini qənaətbəxş hesab etmirik. Daha yüksək nəticələrin əldə olunmasını təmin etmək məqsədilə hər bir məktəbdə nəticəsi zəif olan fənn müəllimlərinin toplantısı keçirilmiş, onlara konkret vəzifələr tapşırılmışdır. İstedadllı şagirdlərlə aparılan işlərin yeni texnologiyalar əsasında qurulması məqsədilə il ərzində müntəzəm olaraq iş aparılmışdır. Müəyyən olunmuş qaydaya əsasən məktəblərin VIII-XI sinif şagirdləri arasında ədəbiyyat, tarix, coğrafiya fənləri üzrə intellekt (bilik) yarışları təşkil olunmuşdur.
Gənc müəllimlər beynəlxalq layihələrə, müasir təlim və tədrisə yardım mərkəzlərinə cəlb edilmiş, müasir təlim metodları ilə tanış olmaqla açıq dərslərin iştirakçıları, özləri də belə dərslərin təşkilatçıları olmuşlar. Eləcə də müqavilə əsasında il ərzində tələb olunan vaxtlarda 178 nəfər müəllim ixtisasartırma kurslarından keçmişlər.
Məktəblərdə təlim işi ilə yanaşı şagirdlərin bir şəxsiyyət, kimi formalaşmasına da ciddi önəm verildiyi üçün tədris ili ərzində tələb olunan vaxtlarda məktəbdənkənar tədbirlərin təşkilinə də xüsusi diqqət yetirilmişdir. Rayonun İşıqlı kənd məktəbində 20 Yanvar, Mahmudlu məktəbində Xocalı faciəsinin ildönümünə, Aşağı Mollu məktəbində Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı tədbirlər öz əlamətdarlığı ilə daha yaddaqalan olmuşdur. Qubadlının işğal günü kədərlə anılmışdır.
Şagirdlərə hərbi vətənpərvərlik tərbiyəsinin aşılanması istiqamətində aparılan tədbirlər də maraqlı olmuşdur. "Cəsurlar" hərbi idman oyununda Aşağı Mollu kənd tam orta məktəbinin komandası zona birinciliyində 4-cü, "Şahin" hərbi idman oyununda isə şəhər 2 saylı məktəbin komandası Abşeron, Quba, Xaçmaz, Şabran və nəhayət, Sumqayıt kimi iri bir şəhərin komandalarının iştirak etdiyi yarışda birinci yeri tutmuşdur. Uşaq Gənclər İdman Məktəbinin nümayəndələri rayon və respublka yarışlarında mütəşəkkil iştirak etmiş, yüksək nəticələr göstərmişlər.
Rayon məktəblərinin iş şəraitinin yaxşılaşdırılmasına, maddi-texniki bazasının gücləndirilməsinə xüsusi diqqət və qayğı göstərən Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov eyni zamanda, təhsilin keyfiyyət göstəricilərinin yüksəldilməsinə də olduqca tələbkardır. Rayon icra hakimiyyəti nümayəndələri vaxtaşırı olaraq məktəblərə gəlir, hər bir problemlə yerində tanış olur, pedaqoji kollektivlərlə görüşlər keçirirlər.
Qubadlı rayon məktəbləri yeni dərs ilini yüksək əhval-ruhiyyə ilə qarşılamışdır. Bu münasibətlə keçirdiyimiz konfransda biz ötən ilin uğurlarından və problemlərindən danışdıq, yeni dərs ilində qarşıda duran vəzifələri müzakirə etdik.
Bu il ali məktəblərə qəbulda da uğurlarımız olmuşdur. Məzunlarımızdan 20 nəfəri 500-700 arası bal toplayaraq ölkənin nüfuzlu ali məktəblərinə qəbul olunmuşlar. Xələc kənd məktəbinin məzunu Qüdrət Cavadov 681 bal toplayaraq Tibb Universitetinin tələbəsi adını qazanmışdır.
Azərbaycan təhsilinin bugünkü sürətli və əhatəli inkişaf tempi ümid etməyə əsas verir ki, çox yaxın gələcəkdə təhsildə böyük uğurlar qazanılacaq, möhtərəm Prezidentimizin neft kapitalını insan kapitalına çevirmək siyasəti özünü tələb olunan səviyyədə doğruldacaqdır. Burada ölkə Prezidentinin daha bir fikrini diqqətinizə çatdırmaq istərdim: "Oxumaq hamıya lazımdır. Azərbaycanda təhsilin səviyyəsi artır və biz buna çox sevinirik. Biz istəyirik ki, gənc nəsil bilikli, savadlı olsun, eyni zamanda, vətənpərvərlik ruhunda tərbiyə alsın. Gələcəkdə həm özlərini təmin etsinlər, cəmiyyətdə özlərinin yerini tutsunlar, həm də ölkəmizin ümumi inkişafına öz töhfələrini versinlər."

{nl}

Afət ALLAHVERDİYEVA, Qubadlı rayon təhsil şöbəsinin müdiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında