Sentyabrın 21-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin binasında "Müstəqil Azərbaycanın 20 il ərzində keçdiyi tarixi yol" mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.
Akademiyada ayrı-ayrı elm bölmələrində əldə olunmuş elmi nailiyyətləri əks etdirən kitab sərgisi açılmışdır.
AMEA və Təhsil Nazirliyi tərəfindən təşkil olunmuş tədbirdə tanınmış alim və mütəxəssislər, təhsil işçiləri iştirak etmişlər.
Konfransda AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov ümummilli lider Heydər Əliyevin elm və təhsilin inkişafına daim böyük önəm verdiyini, ulu öndərin siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir.
Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" 21 yanvar 2011-ci il tarixli Sərəncamının əhəmiyyətini vurğulayan akademik A.Həşimov qeyd etmişdir ki, Azərbaycan Milli Elmlər Akademiyası və Təhsil Nazirliyi birgə dövlət müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş mühüm tədbirlər keçirmişdir. Bu konfrans həmin silsilədən olan növbəti bir tədbirdir. Konfrans elm və təhsilimizin son iyirmi ildəki inkişafına, bu sahədə əldə olunan uğurlara həsr edilmişdir.
Təhsil naziri Misir Mərdanov "Müstəqil Azərbaycan Respublikasında yeni təhsil sisteminin formalaşması və inkişafı" mövzusunda məruzə edərək bildirmişdir ki, 1993-cü ildə xalqın tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı təhsil sahəsində islahatların aparılmasına şərait yaratmışdır. Milli təhsil quruculuğu sahəsində əhəmiyyətli addımlar atılmış, ölkədə milli təhsil sistemi yaradılmağa başlanmışdır.
Nazir 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edildiyini və Konstitusiyanın 42-ci maddəsində vətəndaşların təhsil hüququnun təsbit olunduğunu xatırlatmışdır. Qeyd etmişdir ki, ümumi təhsil sistemində tətbiq edilən bütün dərsliklər, yəni 400 adda dərslik milli mənəvi dəyərlər baxımından məzmunca tam yeniləşdirilmişdir. Son illərdə ümumilikdə 50 milyon nüsxə dərslik çap edilmiş və şagirdlərə pulsuz verilmişdir.
M.Mərdanov diqqətə çatdırmışdır ki, məktəb kitabxanaları uşaq ensiklopediyaları, Azərbaycan və xarici ölkə yazıçılarının əsərləri ilə təmin olunmuş, Heydər Əliyev Fondunun köməyi ilə ayrı-ayrı fənlər üzrə 140 adda 1,4 milyon nüsxə tədris-əyani vəsait hazırlanaraq məktəblərə verilmişdir. Həmçinin, məktəblər 19 adda 351 min nüsxə xəritə ilə təmin edilmişdir.
Nazir ümumtəhsil məktəbləri məzunlarının ali məktəblərə qəbul imtahanlarında göstərdikləri nəticələrin ilbəil yaxşılaşdığını söyləmişdir. Qeyd olunmuşdur ki, 2011-ci ildə 600-dən çox bal toplayan məzunların sayı ötən ilə nisbətən 400 nəfər artaraq 1414 nəfərə çatmışdır. Aparılan islahatların nəticəsidir ki, son illərdə dünya və beynəlxalq fənn olimpiadalarında Azərbaycan məktəbliləri 11 qızıl, 28 gümüş, 60 bürünc olmaqla, ümumilikdə 99 medal qazanmışlar.
M.Mərdanov müstəqillik illərində təhsilə ayrılan büdcənin 10 dəfədən çox artırılaraq 2011-ci ildə 1,3 milyard manat təşkil etdiyini söyləmişdir. Bildirilmişdir ki, təhsil tariximizdə ilk dəfə 16 dövlət proqramı təsdiq olunmuş və uğurla həyata keçirilir. Son illərdə ölkə üzrə 31 yeni uşaq bağçası tikilib istifadəyə verilmiş, 37 məktəbəqədər təhsil müəssisəsi əsaslı təmir edilmiş, 200 müəssisə müasir avadanlıqla təchiz olunmuşdur.
Cari dərs ilində ölkədə 4 min 522 ümumtəhsil məktəbinin fəaliyyət göstərdiyini, həmin təhsil müəssisələrində 1,3 milyon şagirdin təhsil aldığını xatırladan nazir diqqətə çatdırmışdır ki, təhsil müəssisələrinin infrastrukturunun yeniləşdirilməsi sahəsində Heydər Əliyev Fondunun müstəsna xidmətləri olmuş, Fondun təşəbbüsü ilə 300-dən çox yeni məktəb, uşaq bağçası, uşaq evi, internat məktəbinin binası tikilib istifadəyə verilmiş, əsaslı təmir və bərpa olunmuş, müasir avadanlıqla təchiz edilmişdir. Nəticədə ümumilikdə ölkə üzrə 1 milyondan çox şagirdin, yəni bütün şagirdlərin 80 faizinin təlim şəraiti yaxşılaşdırılmışdır. İnformasiya-kommunikasiya texnologiyalarının təhsildə tətbiqi sahəsində əhəmiyyətli nailiyyətlər əldə edilmiş, 20 şagirdə 1 kompyuter nisbətinə nail olunmuşdur.
Azərbaycanda 36 dövlət, 15 özəl ali təhsil müəssisəsinin fəaliyyət göstərdiyini deyən M.Mərdanov vurğulamışdır ki, müstəqillik illərində ali təhsil müəssisələrinin sayı 27-dən 51-ə çatmışdır. Ali təhsilin inkişafı sahəsində bir sıra nailiyyətlər əldə olunmuş, Azərbaycan Bolonya prosesinə qoşulmuş, Avropa təhsil məkanına inteqrasiya istiqamətində əhəmiyyətli addımlar atılmışdır.
Sonra AMEA-nın birinci vitse-prezidenti, akademik A.Həşimov "Azərbaycanda təbiət elmləri son 20 ildə: mövcud elmi potensial və inkişaf perspektivləri" mövzusunda məruzə etmişdir. O, qeyd etmişdir ki, dövlət müstəqilliyimizin ilk illərində ölkəmiz parçalanmaq təhlükəsi ilə üzləşsə də, 1993-cü ildə xalqın tələbi ilə ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bu təhlükə sovuşmuş, bütün sahələrdə, o cümlədən elm sahəsində də davamlı inkişafın əsası qoyulmuşdur.
Bildirilmişdir ki, müstəqillik illərində ölkəmizdə elmi-texniki potensialı qorumaq və inkişaf etdirmək, Azərbaycan dilində elmi tədqiqatları genişləndirmək, mədəniyyəti zənginləşdirmək, iqtisadiyyatı gücləndirmək istiqamətlərində Akademiyanın fəaliyyət dairəsi xeyli genişlənmişdir.
Azərbaycanda elm siyasətində təbiət elmlərinin inkişafı ilə bağlı həyata keçirilən proqramların mühüm yer tutduğunu vurğulayan natiq diqqətə çatdırmışdır ki, müvafiq elmlər sahəsində edilən kəşflərin, ixtiraların, yeni texnologiyaların cəmiyyətə tətbiqi olduqca operativ xarakter almışdır. Hazırda bütün dünyada kimya, biologiya, fizika, tibb, riyaziyyat və digər elm sahələri üçün ortaq olan kompleks xarakterli problemlərin tədqiqi yeni səviyyəyə yüksəlir. Elmi tədqiqatın xarakteri yeniləşir.
Akademik A.Həşimov qeyd etmişdir ki, Azərbaycanda təbiət elmlərinin mövcud potensialı genişləndikcə ondan səmərəli istifadə məsələsi daha da aktuallaşır. Elm sahəsində əldə edilən nəticələrin daha qısa zamanda praktikaya tətbiqi məsələsi XXI əsrdə respublikamızda təbiət elmlərinin inkişafının əsas istiqamətlərindən biri olacaqdır.
Diqqətə çatdırılmışdır ki, Azərbaycanda təbiət elmləri sahəsində aparılan tədqiqatların böyük əksəriyyəti fizika-riyaziyyat və texnika elmləri sahəsindədir. Fizika, riyaziyyat, neftmaşınqayırma, energetika, informatika, kibernetika sahələrində dünya səviyyəsində nəticələri olan elmi məktəblər yaranmışdır. Müstəqillik illərində AMEA-da qeyd edilən elmlər sahəsində 500-dən artıq iş istehsalata və təsərrüfatın müxtəlif sahələrinə tətbiq edilmişdir.
Akademik A.Həşimov kimya, biologiya, yer elmləri sahələrində və digər elm sahələrində aparılan geniş elmi tədqiqatlar, qazanılan nailiyyətlər barədə də ətraflı məlumat vermiş, qarşıda duran vəzifələrdən danışmışdır.
AMEA-nın vitse- prezidenti, akademik Nailə Vəlixanlı "Müstəqillik illərində Azərbaycanda ictimai-humanitar elmlər", Bakı Dövlət Universitetinin prorektoru İradə Əliyeva "Müstəqillik illərində Azərbaycanın ali təhsil müəssisələrində elmi tədqiqatların inkişaf yolu", AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev "Müstəqillik illərində Naxçıvan Muxtar Respublikasında akademik elmin inkişafı" mövzularında məruzələr etmişlər.
Məruzəçilər elm və təhsilimizin inkişafına göstərilən dövlət qayğısından, bu sahələrdə qazanılan nailiyyətlərdən danışmışlar.
Konfransda "Elm məbədi müstəqillik illərində" filmi nümayiş etdirilmişdir.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.