Məktəb zamanı gəldi...

Azərbaycanın bütün təhsil ocaqlarında yeni dərs ili başlandı. Səhərin gözü açılar-açılmaz Bakı şəhərinin küçələrində məktəbli forması geymiş uşaqlar dərsə tələsirdilər. Onlar arasında yuxarı sinif şagirdləri ilə yanaşı, birinci sinifə gedən balacalar da var idi. İlk dəfə məktəbə valideynləri ilə birgə gələn bu fidanların keçirdikləri hissləri başa düşmək o qədər də çətin deyil.
Bakının Binəqədi rayonunun 7-ci mikrorayon yaşayış məntəqəsində yerləşən 244 nömrəli orta məktəbə tələsənlər arasında 143 uşaq ilk dəfə məktəbə ayaq basırdı. Məktəbin geniş həyətində toplaşmış uşaqlar ilk zəngin çalınacağını gözləyirdilər.
Tribunada məktəbin direktoru, fəlsəfə elmləri üzrə fəlsəfə doktoru Yəhya Abbasov, tədbirin təşkilatçısı, direktor müavini Ləman Sadıqova, Binəqədi Rayon İcra Hakimiyyəti nümayəndəsi və digər qonaqlar dayanmışlar.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Yəhya Abbasov açdı. O, ilkin olaraq milli təhsilimizin inkişafından danışdı. Bildirdi ki, son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qayğısı sayəsində ölkədə təhsil islahatları uğurla həyata keçirilir. 2003-cü ildən sonra Azərbaycanda təhsillə bağlı 16-dan çox Dövlət Proqramı qəbul olunmuşdur ki, onların da əksəriyyəti ümumi təhsilin inkişafı ilə bağlıdır. Söz yox ki, bu inkişaf ilk növbədə ulu öndər Heydər Əliyevin başladığı islahatların real nəticəsidir.
Təhsildə baş verənlər göz önündədir. Ölkənin hansı regionunu götürsək, görəcəyik ki, orada yeni məktəblər tikilir. Kəndlərimizin əksəriyyətində bu gün abad, yaraşıqlı məktəblər, eyni zamanda, mövcud məktəblər üçün əlavə korpuslar inşa edilir. Təkcə ötən tədris ilində respublikamızda 9380 şagird yerlik 26 məktəb istifadəyə verilmiş, 12 məktəb və 6 uşaq bağçası əsaslı təmir edilmişdir. 50-dən artıq rayonun ümumtəhsil məktəblərinə 27414 parta, 2315 yazı lövhəsi, 4313 müəllim stolu, 7662 müəllim stulu göndərilmişdir.
Yeni dərs ilini 12180 nəfər şagird yeni inşa edilmiş 47 məktəbdə qarşılayır.
Ölkə başçısının sərəncamı ilə təsdiq edilmiş "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən 2011-ci ildə 4 yeni məktəb binasının, 2 məktəbə əlavə korpusun, 20 məktəb üçün əlavə sinif otaqlarının tikintisinin, 44 məktəbin, 51 uşaq bağçasının əsaslı təmirinin, 6 məktəbdə bərpa işlərinin başa çatdırılması nəzərdə tutulur.
Göründüyü kimi, Azərbaycanda məktəb tikintisi prioritet sahəyə çevrilmişdir. Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə inşa edilmiş məktəbləri də əlavə etsək, onun miqyasının necə geniş olduğu aydın görünər.
Natiq təhsildə informasiya texnologiyalarının tətbiqi barədə də danışdı. O bildirdi ki, artıq ölkədə bu sahənin inkişafı üçün ikinci Dövlət Proqramı həyata keçirilməkdədir. "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"na uyğun olaraq, keçən dərs ilində 27 min nəfər İKT-nin tətbiqi üzrə müxtəlif təlim kurslarından keçirilmiş, 180 ümumtəhsil məktəbinə 1733 ədəd kompyuter, 148 məktəbə 402 noutbuk, 14 məktəbə 150 noutbuk, 155 məktəbə 403 projektor, 23 məktəbə 30 printer verilmiş, Azərbaycan təhsil şəbəkəsinə qoşulmuş ümumi təhsil müəssisələrinin sayı 503-dən 1100-ə çatdırılmışdır. Bu rəqəmlər ilbəil artmaqdadır və yaxın gələcəkdə yəqin ki, bu sahədə daha uğurlu nəticələr əldə olunacaq.
Y.Abbasov son illər dərslik siyasətinin həyata keçirilməsindəki nailiyyətlərdən də danışdı. O, şagirdlərə müraciətlə dedi ki, sizin bu gün heç bir dərslik probleminiz yoxdur. Çünki hər il dərsliklər yenilənir və pulsuz olaraq dövlət hesabına məktəblərə verilir. 2011-2012-ci dərs ili ərəfəsində ümumtəhsil məktəbləri üçün 102 adda 3463170 nüsxə dərslik çap olunmuşdur. Onlardan 45 adda 1179750 nüsxə yeni fənn proqramları (kurikulumları) ilə işləyən ibtidai siniflər üçün nəzərdə tutulub. Yuxarı sinif şagirdləri yaxşı bilirlər ki, indi artıq bir neçə fənn üzrə elektron dərsliklər də hazırlanmışdır. Dərsliklərin keyfiyyəti isə ilbəil yüksəlir.
Natiq təhsilin keyfiyyəti barədə də fikirlərini bildirdi. O qeyd etdi ki, artıq bir neçə ildir cənab Prezidentin sərəncamı ilə təhsilin keyfiyyətini yüksəltmək məqsədilə "Ən yaxşı müəllim", "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqələri keçirilir. Bizim məktəb "Ən yaxşı ümumtəhsil məktəbi" nominasiyasında qalib olmuşdur. Bir neçə müəllimimiz isə "Ən yaxşı müəllim" müsabiqəsində qələbə qazanmışdır. Bunlar təhsilin keyfiyyətinə müsbət təsir göstərən amillərdir. Biz bunu öz təcrübəmizdə gördük.
Direktor bir məsələni də diqqətə çatdırdı: - Bu il müstəqil Azərbaycanın təhsil tarixində ilk dəfə qızıl medala layiq görülən 37 nəfər, gümüş medalla təltif olunan 16 nəfər məzundan 49 nəfəri respublikanın, 4 nəfəri isə xarici ölkələrin ali məktəblərinə yüksək balla qəbul olunmuşdur. Onu da deyim ki, bizim məktəbin builki məzunlarından 92 nəfəri Azərbaycanın nüfuzlu ali məktəblərinə daxil olmuşdur. Onlardan 6 nəfəri 600-dən yuxarı bal toplamışdır. 8 nəfər məzunumuz isə Rusiya Federasiyasının ali məktəblərində təhsil alırlar.
Biz çalışırıq ki, siz şagirdlərə daha keyfiyyətli təhsil verək. Bunun üçün məktəbimizdə hər cür şərait vardır. Sağlam, bilikli və təcrübəli pedaqoji kollektivimiz formalaşıb. Məktəbimizin maddi-texniki bazası ildən-ilə gücləndirilir. Bu il daxili imkanlar hesabına məktəbdə xeyli cari təmir işləri görə bildik. 3 kompyuter otağımız, idman zalı, kitabxanamız var. Yəni, demək istəyirəm ki, sizin üçün hər cür imkan yaradılıb ki, yaxşı oxuyasınız.
O, müəllimləri və şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik etdi, onlara uğurlar arzuladı.
Sonra ilk zəng çalındı və uşaqlar yeni dərs ilinə başladılar.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında