Şriftin ölçüsü:
16.09.2011 11:35 | Oxunma sayı: 3373
Dünən Bakının yüzlərlə məktəbində olduğu kimi, Azərbaycanın Milli Qəhrəmanı Rövşən Əliyevin adını daşıyan Xətai rayon 254 saylı orta məktəbində də ilk zəng çalındı. İlk zəngin "çağırışına" toplaşan şagirdlərin də, müəllim kollektivinin də, elə valideynlərin də sevinci yerə-göyə sığmırdı. Buna səbəb isə təkcə növbəti tədris ilinin başlanması deyildi. 1972-ci ildə inşa edilmiş 850 yerlik bu məktb düz 39 ildən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində tam əsaslı təmirdən sonra qapılarını şagird və müəllim kollektivinin üzünə açırdı.
Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Milli Məclisin deputatları Gülər Əhmədova və professor Səməd Seyidov da iştirak edirdilər. Toplantı iştirakçılarını salamlayan 254 saylı məktəbin direktoru Feyruz Həmzəyev görülmüş işlər haqqında məlumat verərək bildirdi ki, tədris müəssisəsinin əsaslı təmirini Bakı Şəhər İcra Hakimiyyətinin sifarişi ilə "Azəraqrotikinti" ASC-nin Bakı Tikinti Mexanikləşdirmə filialı həyata keçirmiş, 3500 kvadratmetr sahəsi olan məktəb binası tam yeni və müasir standartlar səviyyəsinə gətirilmişdir. Layihə çərçivəsində aparılan yenidənqurma işləri tam başa çatdırılmış, yeni müasir istilik sistemi quraşdırılmış, işıqlandırma və sanitar qovşaqları tam yenisi ilə əvəz edilmiş, dam örtüyü dəyişdirilmişdir.
Toplantıda çıxış edən millət vəkilləri Gülər Əhmədova və Səməd Seyidov təkcə Bakıda deyil, respublikamızın bütün regionlarında orta ümumtəhsil müəssisələrinin ən müasir standartlar səviyyəsində qurulması və onların maddi-texniki bazalarının yüksək səviyyədə təmin olunması sahəsində həyata keçirilən genişmiqyaslı işləri dövlət siyasətinin ən böyük uğuru kimi dəyərləndirdilər. Natiqlər Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi inkişaf strategiyasında təhsilin prioritet sahə kimi daim diqqətdə saxlandığını, bu strategiyanın Azərbaycanın uzaq gələcəyinə hesablandığını xüsusi vurğuladılar və bu işdə Heydər Əliyev Fondunun, onun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın yaxından iştirakını yüksək qiymətləndirdilər.
Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov da öz növbəsində məktəbdə aparılan əsaslı təmir işlərinin yüksək səviyyədə həyata keçirildiyini məmnunluqla dilə gətirdi və bildirdi ki, bu gün görülən hər bir iş, atılan hər bir addım möhtərəm Prezidentimiz cənab İlham Əliyevin strateji planlarının vaxtında və uğurla həyata keçməsinə xidmət etməlidir. Natiq Xətai rayon təhsil müəssisələrinin bu il qazandığı uğurlardan, onların tələbə qəbulunun nəticələrinə görə nəinki paytaxtda, hətta respublikada birinci yerə çıxmasından, rayonun 9 müəlliminin "İlin ən yaxşı müəllimi" və bir məktəbin "İlin ən yaxşı məktəbi" adını qazanmalarından danışaraq, əmin olduğunu bildirdi ki, belə müasir məktəblərin sayı artdıqca bu uğurların sayı da artacaq.
Təhsilə diqqət və qayğının ulu öndər Heydər Əliyev irsindən qaynaqlandığını vurğulayan Razim Məmmədov bildirdi ki, bu siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən necə böyük diqqət və dinamika ilə həyata keçirildiyinin hamımız şahidiyik. İldən-ilə sosial-iqtisadi inkişafa uyğun olaraq məktəb və məktəbəqədər tərbiyə müəssisələrinin, poliklinika və xəstəxanaların tikintisi və əsaslı təmiri artır. Təkcə bizim Xətai rayonunda Dövlət Proqramı çərçivəsində 2011-2013-cü illərdə 26 məktəb binasının, 28 körpələr evi və uşaq bağçasının, 8 tibb müəssisəsinin əsaslı təmiri nəzərdə tutulmuşdur. Belə məktəblərdən biri də məhz bu gün qonağı olduğumuz 254 saylı bu məktəbdir ki, artıq bu gün istifadəyə tam hazırdır.
Tədbirin rəsmi hissəsi məktəbə ilk qədəm basan birincilərin soylədikləri şeirlərdən sonra başa çatdı. Sonra qonaqlar və valideynlərin bir qrupu məktəbdə aparılmış təmir və yenidənqurma işləri ilə tanış oldular. R.Məmmədov gördüklərinə heyranlıqla baxan valideynlərə tövsiyə etdi ki, uşaqlara dövlətin qayğısı göz qabağındadır. İndi qalır valideynlərin layiqli vətəndaş tərbiyə etmək borcu. Çalışın, siz də o borcu şərəflə yerinə yetirəsiniz.
Rayon icra hakimiyyətinin başçısı və qonaqlar elə həmin gün 47 saylı orta ümumtəhsil məktəbində də oldular, şagird və müəllim kollektivini yeni tədris ilinin başlanması münasibəti ilə təbrik etdilər.
{nl}
İlqar RÜSTƏMOV, Rafiq SALMANOV (foto), "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.