Neft Akademiyasında birinci kurs tələbələri ilə görüş keçirildi

Dünən Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) 15 sentyabr - Bilik günü münasibətilə tədbir keçirildi. Əvvəlcə akademiyanın müəllim və tələbə kollektivi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ulu öndərin adını daşıyan sarayın qarşısındakı heykəlini ziyarət etdi və abidənin önünə gül-çiçək dəstələri qoydu. 
Sonra ADNA-nın binasında bu il akademiyaya daxil olmuş birinci kurs tələbələrinə qiymət kitabçaları və tələbə vəsiqələrinin təqdim edilməsi mərasimi keçirildi. Tələbələr qarşısında çıxış edən ADNA-nın rektoru, akademik Siyavuş Qarayev birinci kurs tələbələrini bu qocaman və dünya şöhrətli ali təhsil ocağına daxil olmaları münasibətilə təbrik edərək bildirdi ki, bu il Azərbaycanın ali məktəblərinə qəbul imtahanlarında iştirak etmiş 110 min abituriyentdən 29332 nəfəri tələbə adını qazanmış, onlardan 1656 nəfəri bilik yarışında qalib gələrək Azərbaycan Dövlət Neft Akademiyasına daxil olmuşdur. İyirmi birinci əsrin BMT tərəfindən "Təhsil əsri" elan edildiyini, yüksək intellekt, dərin təfəkkür, mənəvi zənginlik və informasiya texnologiyaları əsri olduğunu qeyd edən akademik ADNA-ya qəbul olunan tələbələrin düzgün seçim etdiklərini vurğuladı.
Onun sözlərinə görə, zəngin neft-qaz ölkəsi olan Azərbaycanın dünya dövlətlərinin strateji maraqlarının mərkəzində olması, ümummilli liderimiz Heydər Əliyevin işləyib hazırladığı və onun layiqli davamçısı Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi neft strategiyasının əfsanədən reallığa çevrilməsi, Xəzərin neft-qaz ehtiyatlarının dünya bazarına nəql edilməsi ilə Azərbaycanın Avropanın ən zəngin və inkişaf etmiş ölkələrindən birinə çevrilməsi gənclərin seçiminin doğru olduğunu bir daha təsdiq edir. Eyni zamanda, Neft Akademiyasının qədim və şanlı tarixi ənənələri vardır və ümummilli liderimiz Heydər Əliyev də burada təhsil almışdır. Otuz ilə qədər keçmiş SSRİ-nin neft sənayesinə və Dövlət Plan Komitəsinə rəhbərlik etmiş həmyerlimiz Nikolay Baybakov, SSRİ qaz sənayesi naziri, Sosialist Əməyi Qəhrəmanı Sabit Orucov, Rusiyanın bir çox rayonlarında neft-qaz qaz yataqlarını kəşf etmiş Sosialist Əməyi Qəhrəmanı Fərman Salmanov, Hindistan neftinin atası sayılan, üç dəfə SSRİ Dövlət Mükafatı laureatı Əyyub Tağıyev, kosmonavt Vitali Jolobov, Anqolanın Prezidenti Duş Santuş, "LUKoyl" şirkətinin prezidenti Vahid Ələkbərov, Sosialist Əməyi Qəhrəmanı Kərim Kərimov və yüzlərlə digər görkəmli dövlət və ictimai xadim, alim məhz Neft Akademiyasında təhsil almışdır.
Akademik Siyavuş Qarayev bu il gənclərin çoxunun ADNA-ya yüksək ballarla qəbul olunduğunu qeyd edərək bildirdi ki, bu, onların neftçi peşəsinə marağından və intellektual səviyyələrindən irəli gəlir. Eyni zamanda, Azərbaycan dövləti son illərdə gənclərin inkişafına böyük qayğı göstərir. Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan gəncliyi Dövlət Proqramı" gənclərin hərtərəfli inkişafının sürətləndirilməsi və onların ictimai-siyasi fəallığının artırılması istiqamətində geniş imkanlar yaratmışdır. Bundan əlavə, dövlət başçısının şəxsi göstərişi ilə Neft Akademiyasının maddi-texniki bazası ildən-ilə möhkəmləndirilir, tələbələrin yüksək səviyyədə təhsil almaları üçün əlverişli şərait yaradılır. Rektor əmin olduğunu bildirdi ki, bu il ADNA-ya daxil olmuş tələbələr qarşıdakı təhsil illərində də yüksək əzmkarlıq göstərəcək, biliklərə dərindən yiyələnmək və peşəkar mühəndis kimi yetişmək üçün qətiyyətlə çalışacaq, müstəqil Azərbaycanın gələcəyi üçün layiqli kadrlar olacaqlar.
Sonra rektor Siyavuş Qarayev birinci kurs tələbələrinə tələbə vəsiqələrini və qiymət kitabçalarını təqdim etdi.
Akademiyaya yüksək balla qəbul olunmuş tələbələr çıxış etdilər. Geoloji kəşfiyyat fakültəsinə 624 balla daxil olmuş birinci kurs tələbəsi Aslan Əşrəfli bu il tələbə adını qazanmış bütün gəncləri yeni tədris ilinin başlanması münasibətilə təbrik etdi, ADNA kimi nüfuzlu bir ali təhsil ocağının tələbəsi olmaqdan qürur duyduğunu bildirdi. Qeyd etdi ki, ulu öndər Heydər Əliyevin neft strategiyası Azərbaycan xalqının rifahının yaxşılaşmasında mühüm rol oynamış, ölkənin dinamik inkişafını təmin etmişdir. Özü də gələcəkdə ixtisaslı mühəndis kimi yetişərək Azərbaycanın çiçəklənməsinə töhfələrini vermək niyyətindədir.
Qaz-neft mədən fakültəsinə 695 balla daxil olmuş Nicat Məmmədli, kimya-texnologiya fakültəsinə 522 balla qəbul olunmuş Ləman Hüseynova, neft-mexanika fakültəsinə 517 balla daxil olmuş Nadir Əfəndi, energetika fakültəsinə 607 balla daxil olmuş Asiman Orucov, istesalat proseslərinin avtomatlaşdırılması fakültəsinə 642 balla qəbul edilmiş Məhsəti Xəlilli, iqtisadiyyat, beynəlxalq iqtisadi münasibətlər və menecent fakültəsinə 642 balla daxil olmuş Albina Adinayeva və başqaları çıxış edərək tələbə adını qazandıqları üçün özlərini xoşbəxt hiss etdiklərini, Vətənə layiqli övladlar kimi yetişmək üçün təhsil illərində də əzmlə çalışacaqlarını bildirdilər.
Birinci kurs tələbələrinin valideynlərindən ADNA məzunu, "Azəriqaz" İstehsalat Birliyinin mühəndisi Eldar Ələkbərov və ADNA məzunu, həmin birliyin Nəqliyyat İdarəsinin baş mühəndisi İlham Adıgözəlzadə tələbələri Bilik günü münasibətilə təbrik etdilər, akademiyanın rəhbərliyinə və müəllim kollektivinə ölkəmiz üçün peşəkar kadrlar hazırlanması işində uğurlar arzuladılar.

{nl}

Paşa ƏMİRCANOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında